Elektron ədəbiyyat və sənət portalı

Qrimm qardaşları - “Rapunzelin nağılı”

Bölmə: Uşaq yazıçıları 21.06.2018

Körpə yaşlarından başlayaraq bütün uşaqlar nağıl dinləməyi sevir, bir növ həmin nağıllarla böyüyür, oradakı sevimli qəhrəman obrazlarına oxşamağa çalışırlar. Böyüdükcə uşaqlar kitablarda maraqlı nağıl və rəvayətlər, eləcə də digər folklor nümunələri ilə tanış olurlar. Nağıllar şifahi xalq ədəbiyyatının bir növü kimi zaman-zaman nəsildən-nəsilə ötürülmüş, onun dəqiq müəllifi unudulmuş və bütöv bir xalq nağılın yaradıcısı kimi yaddaşlara həkk olunmuşdur.

Azərbaycan xalq nağıllarındakı Məlikməmməd, Cırtdan, Ağ atlı oğlanın ağıllı və mərd hərəkətlərinə valeh olmusan, böyüyəndə onlar kimi davranmaq istəmisən. Bəs həmin nağılları günümüzə qədər gəlib çatmasında zəhməti olan insanlardan xəbərimiz varmı?

Azərbaycan ədəbiyyatında nağıl və digər folklor nümunələrinin toplanması, onların kitab halında tərtib edilməsində Hənəfi Zeynallı, Məmmədhüseyn Təhmasib, Firudin bəy Köçərli, Yusif Vəzif Çəmənzəminli ilk addımları atmış, şifahi xalq ədəbiyyatımızın inkişafına böyük töhfə vermişlər.

Dünya xalqlarının ədəbiyyatında da bu cür şəxsiyyətlər vardır. Sözsüz ki, „Bremen musiqiçiləri“, „Qırmızı papaq“, „Çəkməli pişik“, „Hansel və Qrethel“, „Canavar və yeddi çəpiş“, „Yatmış gözəl“, „Ağbəniz və yeddi cırtdan“, nağılları, onların əsasında çəkilmiş cizgi və bədii filmləri, teatr tamaşaları çoxlarına məlumdur. 

İki qardaş - Vilhelm və Yakob Qrimm kənd-kənd, şəhər-şəhər gəzib sadə xalqın dilindən həmin nağılları dinləyib yazıya almasaydı, bəlkə də bu gözəl nağılların çoxu günümüzə qədər gəlib çatmayacaqdı. 

Təhsili başa vurduqdan sonra qardaşlar kargüzar, kitabxanaçı, auditor və s. sahələrdə işləyir, bununla yanaşı ciddi şəkildə öz elmi araşdırmalarını aparır, qədim və orta əsr alman ədəbiyyatına dair məqalələr və kitablar çap etdirirlər.   

Qrimm qardaşları 1806-cı ildə nağıl və rəvayət toplusu üzərində işə başlayırlar. Vilhelm və Yakob heç zaman nağıl yazmasalar da, müxtəlif şəxslərin nəql etdiyi nağılları toplayaraq yazıya köçürmüş, onları müqayisəli təhlil etmiş, fikir və ifadələri müasir dilə uyğunlaşdırmış, nağıllar üzərində redaktə işi aparmışlar. Onların topladığı nağıllar ilk dəfə 1812-ci ildə „Uşaq və ailə nağılları“-nın birinci cildində işıq üzü görür. Almandilli məkanda qardaşları məşhurlaşdıran „Uşaq və ailə nağılları“nın yeddi nəşri və ixtisarlı variantın on nəşri hələ onların sağlığında çap olunaraq yayılır. Vilhelm Qrimmin apardığı sistematik araşdırmalar sayəsində nağılların tədqiqi və təsnifatlaşdırılması ayrıca bir elm sahəsi kimi təşəkkül tapır.

1830-cu ildə Yakob, 1835-ci ildə Vilhelm Qöttinqen Universiteti tərəfindən professor elmi dərəcəsinə layiq görülürlər. Yenidən Kassel şəhərinə qayıdan qardaşlar 1838-ci ildə „Alman dilinin izahlı lüğəti“ üzərində işləməyə başlayırlar. Qardaşların sağlığında lüğətin „A“dan „F“dək olan hissəsi ərsəyə gətirilir, 16 cildlik lüğəti tam yekunlaşdırmaq isə yalnız 1960-cı ildə mümkün olur. Bu lüğət Avropa dilçilik elminin ən böyük nailiyyətlərindən biri kimi dəyərləndirilir.

1859-cu ildə Vilhelm, 1863-cü ildə isə Yakob dünyasını dəyişir. Bütün həyatlarını bir yerdə keçirən qardaşlar hətta Vilhelm ailə qurduqdan sonra ayrılmamış, bir evdə yaşamış və elmi yaradıcılıqla məşğul olmuşlar. Vəfat etdikdən sonra da ayrılmaz qardaşların Berlın qəbiristanlarından birində yerləşən məzarları yanaşıdır.

 

Rapunzelin nağılı

 

Biri var idi, biri yox idi. Uzun müddətdir övladları olmayan bir ailə var idi. Günlərin bir günü onların arzusu gerçəkləşdi və övladları olacağını öyrəndilər.

Onların evlərinin pəncərəsindən yan evin bağçası görünər, övladını gözləyən ana tez-tez o bağçaya baxardı. O bağda dadlı kahılar yetişirdi. Ancaq bağ bir cadugərə aid olduğu üçün heç kəs ora girməyə cəsarət etməzdi. 

Zaman keçsə də, qadın kahılardan dadmaq arzusu ilə günü-gündən zəifləyib xəstə düşdü. Qadının vəziyyətini görən həyat yoldaşı gecə gizlicə bağa girib kahılardan götürdü. Qadın bütün kahıları yesə də, kifayətlənmədi və daha çox istəməyə başladı. Əlacsız qalan həyat yoldaşı yenidən bağa getdi, amma bu dəfə cadugər onu gördü və qışqıraraq "bağıma girməyə necə cəsarət edirsən?" - dedi.

Qorxuya düşmüş adam həyat yoldaşının vəziyyətindən cadugərə danışdı. 

Cadugər dedi:
– "Bağdakı bütün kahıları götür, əvəzində uşağını mənə verməlisən". 

Adam başqa əlacı olmadığını gördü və cadugərin təklifi ilə razılaşdı.

Tezliklə gözəl bir qız uşağı dünyaya gəldi, cadugər onu öz himayəsinə götürdü, adını da Rapunzel qoydu. Rapunzelin böyüdüncə gözəlləşdiyini görən cadugər onu heç kim görməsin deyə gətirib meşədə bir qalaya həbs etdi. 

Qala çox hündür idi və qapısı yox idi. Rapunzel oradan qaça bilmirdi. Cadugər qalaya gələndə "Rapunzel, Rapunzel saçlarını burax"- deyər, qız hörüklərini pəncərədən aşağı buraxar, cadugər də bu formada qalaya çıxardı. 

Rapunzel qalada tək darıxdığı üçün mahnı oxuyar, özünü əyləndirərmiş. Günlərin bir günü bir şahzadə meşədə gəzərkən  Rapunzelin səsini eşitdi və onu tapmağa qərar verdi. Bir müddət sonra  Rapunzelin yaşadığı qalanı tapsa da, oraya çıxmağa yol tapa bilmirdi. Bir gün cadugərin "Rapunzel, Rapunzel saçlarını burax" deməsini eşitdi. O da belə etmək qərarına gəldi.

Cadugər qaladan uzaqlaşdıqdan sonra şahzadə gəldi. Rapunzel ilk öncə qorxsa da, daha sonra o da şahzadəni sevməyə başladı.

Şahzadə qaladan xilas olmağı üçün hər gəlişində Rapunzelə ip gətirməyi söz verdi. Rapunzel bu iplərdən nərdivan hörərək qaladan qaçmağın yolunu tapmışdı.

Günlərin bir günü cadugərin şahzadə ilə Rapunzelin görüşündən xəbəri oldu və onun saçlarını kəsdi. Rapunzelə cadu edərək onu uzaq bir ölkəyə göndərdi. 

Şahzadəyə isə tələ quraraq onun gözlərinin kor olmasına səbəb oldu. 

Günlər sonra şahzadə Rapunzeli səsindən tanıyıb yanına getdi. Sevincindən ağlayan qızın göz yaşları şahzadənin gözlərinə düşdü və bir möcüzə baş verdi. Şahzadə artıq görə bilirdi. 

Beləcə Rapunzel və şahzadə krallığa qayıtdı, evləndilər və çox  xoşbəxt yaşadılar.