Elektron ədəbiyyat və sənət portalı

Sur papaq

Bölmə: Azad ərazi 29.06.2018

SƏNƏDLİ  OÇERK

(Babam Abdullanın əziz xatirəsinə)

“- Kimi axtarırsan, a bala?”

Səsə diksindim. Elə bilirdim, bu köhnə qəbiristanlıqda məndən başqa heç kim olmaz. Demə, varmış. Üzü dərin qırışlarla örtülmüş, başında araqçın, əlində susəpən tutmuş bu qocanın hardan qarşımda peyda olduğunu bilmədim.

- Süleyman kişinin qəbrini axtarırdım...

- Papaqçı Süleymanın? O de... Xal-xal gümbəzin yanında.

Sağollaşıb getmək istədim. Qoca əlindəki susəpəni yerə qoydu.

- Nəyisən kişinin, a bala?

Duruxdum. Desəydim ki, müştərisi olmuşam, yaxşı düşməzdi. Qohum da deyildik ki, birtəhər vəziyyətdən çıxım.

- Heç nəyi, tanışı.

- Hə...??- Susəpəni yerdən qaldırıb ağır-ağır irəlilədi. - Başdaşına adını yazmayıblar. Bir iynə, bir qayçı şəkli var. Rəhmətlik sağlığında özü belə istəyib...

...Məni Maştağadakı bu köhnə məzarlığa uşaqlıq xatirələri gətirmişdi. Yaşımın üstünə yaş gəldikcə, hansı səbəbdənsə, uşaqlıq xatirələrim daha dolğun canlanır, sanki keçmişə açılan qapıdan daxil olub ötən illərin əhvalatlarının canlı iştirakçısına çevrilirəm.

...Bakının elə bir vaxtları idi ki, bütün tramvay relsləri Sabunçu vağzalında kəsişirdi. Buralar daim qələbəlik olurdu. Hətta şəhərin o biri başından vağzal qarşısına isti peraşki, qutab, nanəli konfet, “xoruzlu şüşə” konfeti almağa gəlir, burda görüş təyin eləyirdilər.

 Elektrik qatarları 5-10 dəqiqədən bir yola düşdüyündən perronlar sərnişinlə dolu olurdu. Mən də atamla Maştağaya gedən elektrik qatarına mindim. Stansiyadan qəsəbənin mərkəzindəki məşhur bazara piyada gəldik, buranı xeyli dolaşdıq. Bu bazarda nələr yox idi? Sovet dönəmi mağazalarındakı qıtlıqdan fərqli olaraq, burda quş südü də tapardın. Qəribədir, bazarda, tanış olan da, olmayan da bir-biri ilə salamlaşır, hal-əhval tuturdu. Atam bir-iki nəfərdən gedəcəyimiz ünvanı soruşdu. Göstərdikləri yolu tapdıq və tezliklə bir papaqçı dükanına gəldik. Bura evimizdəki mətbəx kimi darısqal idi. Burada mənə tanış olmayan bir qoxu duydum (sonralar bildim ki, dəri və yapışqan qoxusu imiş). Şüşələri toz basmış pəncərənin qarşısındakı “Zinger” markalı köhnə tikiş maşınının arxasında qoca bir kişi oturmuşdu. Nəsə tikirdi. Qarşı tərəfdə isə cavan bir oğlan əlindəki qara papağa ağzı ilə su püskürdərək şotka ilə təmizləyirdi.

 Divar boyu irili-xırdalı papaqlar düzülmüşdü, qəribə bucaqları vardı. Qocanın başının üstündən asılmış saralmış fotolardan yalnız Stalini tanıdım.

Qoca bizi xoş qarşıladı, yer göstərdi. Atam zənbildən bir bağlama çıxarıb aramla açdı. Babamın sur papağını o dəqiqə tanıdım. Əmlik quzunun tüklü dərisindən tikilmişdi, özü də çox qəribə papaq idi. Günəşə tutanda hər ilməsi, hər büküyü al-əlvan rəngə çalırdı. Babam papaqçı olduğundan, yalnız bu dərini bəyənib özünə sur papaq tikmişdi. Babamın vəfatından sonra atam onu bir dəfə də başına qoymamışdı.

- Usta, bu papaq atamındır. Rəhmətlik, indi oxşamasın, elə bir suyu sizə çəkirdi... Başıma qoymaq istəyirəm, gəl ki, dardır. Bunu söküb azacıq genişləndirmək lazımdır, şəhərdəki ustalardan heç kim boynuna götürmür. Sizi məsləhət bildilər...

Usta papağı götürdü. Qalın linzalı eynəyini taxıb əlini papağın qıvrım tüklərinin üstündə gəzdirdi, diqqətlə ilmələrə baxdı. Eynəyini çıxaranda gözləri yaşla dolmuşdu. Qoca için-için ağlayırdı. Atam da, mən də, cavan usta da donub qalmışdıq. Qoca ustanın göz yaşları qurumaq bilmirdi, papağı üzünə sürtdü,  öpdü. Qəhər dolu səsi indi də qulaqlarımdadır:

- Abdullanın papağıdı... Qardaşım, dostum Abdullanın... Barmaqlarına qurban olum, qardaşım. Əl işindən tanıdım onu. Bu ilmələri ancaq Abdulla vura bilərdi...

Yaşı 80-ni haqlamış qoca papaqçının adı Süleyman idi. Əvvəl atamı öpdü, sonra məni bağrına basdı. İllər ötsə də, onun bizə danışdığı həyat tarixçəsini hələ də unuda bilmirəm.

- Abdulla ilə birlikdə Təbrizdən Bakıya gəlmişdik. Aclıq, səfalət... Bir parça çörək üçün hər əziyyətə qatlaşırdıq. İndi Füzulinin heykəli qoyulan yerdə inqilabdan əvvəl papaqçı Dadaşın dükanı vardı. İkimiz də onun şagirdi idik. Sənəti tez öyrəndik, amma Abdulla daha cəld, daha bacarıqlı idi. Bir gün bolşeviklər gəlib Dadaşı apardılar. Sonra eşitdik ki, güllələyiblər yazığı. Dükan qaldı başsız. Abdulla dükanda qaldı, mən zavoda işə düzəldim. Sonra da müharibə. Allah Hitlerin evini yıxsın. Yaralanıb əsir düşdüm.

Hospitalın baş həkimi alman zabiti idi. Bir gün məni otağına çağırdı. Stolun üstündəki əsgər çantamı dərhal tanıdım.

O, çantamdakı sur papağı göstərib çoxlu sual verdi. Dedi ki, heç vaxt belə gözəl bir papaq görməyib, çox istərdi ki, onun da belə papağı olsun. Bu papağı davaya getməzdən əvvəl Abdulla tikmişdi mənimçün. Alman zabitinə dedim ki, bu papağı verə bilmərəm, dostumdan yadigardır, ancaq özüm də ustayam, papaq tikirəm. O təklif etdi ki, hospitalda qalıb həkimlərə dəridən isti papaq tikim, əvəzində məni əsir düşərgəsinə göndərməyəcək. Naəlac qalıb razılaşdım... Papaqçılığım onda məni ölümdən qurtardı. Əsirlikdən qayıdandan sonra çox incitdilər məni, sürgün elədilər, Stalin öləndən sonra buraxdılar. Bir müddət Sibirdə yaşadım. Papaq da həmişə yanımda olub. Qayıdandan sonra Abdullanı çox axtardım, tapa bilmədim...

Ayrılarkən usta Süleyman atamı bağrına basdı.

- Oğlum, bu sur papağı heç kim cürət edib sökə bilməz. Elə mən də. Çünki onun bütün ilmələri bir-birinə bağlıdır. Bizim həyatımız kimi...