Elektron ədəbiyyat və sənət portalı

Kefli İsgəndərin monoloqu

Bölmə: Monoloqlar 29.06.2018

 

Cəil Məmmədquluzadə
"Ölülər"
Kefli İsgəndərin monoloqu

 

Baxın! Baxın! Yaxşı baxın! Diqqәtnәn baxın! Sizin tarix kitabında bu, qan ilә yazılmış bir sәhifәdir. Sizdәn sonra gәlәnlәr bu kitabı vәrәqlәyib, bu sәhifәni görәndә sizi yada salıb deyәcәk: (ucadan) tuf sizin üzünüzә! (Tüpürür camaata tәrәf. Hamı başını aşağı salıb dinmir). Bağışlayın, kefli İskәndәr bir az biәdәblik elәyir. Amma indi dә növbәt mәnimdir. Mәn demirәm ki, siz niyә bu balaca uşaqları (qızları göstәrir) zornan gәtirib qatdız bu fahişәxanaya. Söz yox, siz bunlara deyәndә ki, sәni verirәm bu şeyxә, bu biçarәlәr çığırıb bağırırdılar vә sizin çirkli ayaqlarınızı öpә-öpә yalvarırdılar: “Ata, aman günüdür, mәni anamdan ayırma!” (Üzünü qızlara tutub). Elәdirmi? Doğrumu deyirәm?

Qızlar ağlaya-ağlaya baş yendirirlәr.

Yox, mәn ondan ötrü incimirәm. Çünki siz qızlarınızı bura çәkә-çәkә elә xәyal edirdiniz ki, bunları behiştә çәkirsiniz vә İsfahan şeyxlәri sizi inandırmışdılar ki, hәr kәs bu mübarәk otağa qәdәm qoysa, ölәndәn sonra qiyamәtәdәk qәbrin dәriçәsindәn mәlakәlәrlә söhbәt edәcәk. Amma zәmani ki, ricәt mәsәlәsi ortalığa qoyuldu vә Şeyx Nәsrullah ölülәrin dirilmәk ixtiyarını qoydu sizin qabağınıza, siz, dәriçәdәn mәlakә axtaranlar, ölәn qardaşlarınızın, bacılarınızın vә övrәt-uşaqlarınızın dirilmәyinә razı olmadınız. Niyә razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüşsünüz; ölәn qardaşlarınızın arvadını almısınız, ölәn dostlarınızın yetimlәrinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gәlsinlәr vә sizin әmәllәrinizi görüb desinlәr:

“Tuf sizin üzünüzә!” (Bәrk tüpürür).

Camaat hamısı başını salır aşağı.

Bu sözlәri sizә demәkdә elә xәyal elәmәyin ki, mәn sizi pislәyib, özümü tәrif etmәk istәyirәm. Yox, yox! Bunu bilirәm ki, mәn heç bir şeyәm. Mәn çöllәrin otuyam, küçәlәrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mәn dünyada heç bir şeyәm. Әgәr mәn bir şey olsaydım, cibimdәn bir bomba çıxarıb (әlini uzadıb cibindәn araq şüşәsini çıxardır) bu evi bir saniyәnin içindә havaya dağıdıb, İsfahan lotusunu kәrpiclәrin altında diri-diri dәfn edәrdim. Amma qorxmayın, mәnim әlimdәn elә şeylәr gәlmәz. Bu araq şüşәsidir vә Şeyx Nәsrullah burada gecәlәr bu balaca uşaqları boğanda, mәn bu şüşәdәn araq içәrdim.

Qızlar başlayırlar ağlamağa.

Yox, yox, o mәnim işim deyil. O, igid işidir. Siztәk camaatın da igidi mәnimtәk olar. Hәlә mәn heç. İndi görәk siz kimsiniz? Mәnim adım kefli İskәndәrdir; bә sizin adınızı nә qoyaq? Mәn dağları, daşları, quşları, fәlәklәri, ayları, ulduzları vә dünya-alәmlәri bura şahid çәkәrәm vә bu qızları onlara nişan verәrәm, soruşaram ki, bu camaata nә ad qoymaq olar? O vәdә hamısı bir sәslә cavab verәr: “Ölülәr”. Mәn cәmi millәtlәri bura yığıb tәvәqqe edәrәm ki, Şeyx Nәsrullahın hәrәmxanasına tamaşa elәsinlәr; o vәdә bütün yer üzünün tayfaları sizi bir sәslә adlandırarlar: “Ölülәr!” Vә bizdәn sonra gәlәnlәr illәr uzunu sizi yada salıb bir sәslә deyәcәklәr. “Ölülәr”....

Musiqi.

Dәxi bәsdi. Di gәlin qızlarınızı aparın analarının yanına. (Yapışır qızın birinin әlindәn). Bu kimin qızıdır?

Camaat içindәn bir kişi yeriyir qabağa. 

Sәnin qızındı? Di gәl apar.

Kişi gәlib, yapışır qızının әlindәn.

İskәndәr (o biri qızın әlindәn yapışıb, yenә soruşur). Bu kimin qızıdır?

Yenә bir kişi gәlib yapışır qızın әlindәn vә aparır. Bu minvalla üçüncü vә dördüncü qızı İskәndәr yola salır. Qızlar başlarını aşağı salıb, alçaqdan ağlaya-ağlaya musiqinin sәsilә çıxıb gedirlәr. Camaat da başını aşağı salıb, mәyus durur. Axırıncı qız yola düşәndә İskәndәr araq şüşәsini çәkir başına vә boş şüşәni vurur yerә. Yavaş-yavaş pәrdә yenir vә musiqi çalır.

Axırı.

12 iyun 1909. Tiflis. (Cəlil Məmmədquluzadə “Ölülər”)