Elektron ədəbiyyat və sənət portalı

Etimad Başkeçid

Bölmə: Mərkəz 12.07.2018

 

Etimad Başkeçid — yazıçı, tərcüməçi

1966-cı il iyulun 14-də Gürcüstanın Dmanisi rayonunun Kiovisi kəndində doğulub;

1987–1993-cü illərdə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb;

“Broy panoptikum” adlı şeirlər, “Min yol mənə söylər…» adlı nəsr kitabının müəllifidir;

Boris Yevseyevin “Süddə çəpiş”, Stiven Kinqin “Ölü zona”, Lev Anninskinin “Ceviz ləpəsi”, M.Jirmunskinin “Xalq qəhrəmanlıq eposu”,  Vladimir Danilenkonun “Qürub çağının işığında”, Valeri İvanov-Taqanskinin “Zəfər və ilğım”, Georgi Pryaxinin “Xəzər yuxuları”, Alberto Moravianın “Çoçara”  kitablarını Azərbaycan dilinə çevirib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Elm, Təhsil və Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır.

 

 

VAQEƏ

yenə də heç şey oxuya bilmirsən, gördün ki,

axşamın birrəngli, birmənalı üzündən

və kirimişcə (hətta bir qədər mütiliklə deyərdim),

cismini yatağına uzadırsan –

( onsuz da bu ömrü yaşayıb tükətmək mümkün deyil,

başına belə sovursan).

 

fikirləşirsən ki, nolar, ölümlük ha deyil,

axı sən heç kəsə yenilməmisən, sadəcə yorulmusan,

uzanırsan, çarpayının baş tərəfi qəbir daşı kimi

üstündə dikəlir

və bu mənzərə yeni bir koordinat  əmələ gətirir.

 

bir azdan gözlərin qapanır,

qulaqların eşitməkdən qalır,

bir canlı kimi bütün imtiyazların alınır,

və yox edilirsən dünyadan ansızın,

Yox və Var arasında aralıq atı kimi

(səndən nəm – nişan adına)

yalnızca nəfəsin qalır.

 

səhər-səhər obaşdan göz qapaqlarını

aralayır mələklər: ölümün ertələndi, dur!

və budur, dünən sənin qeyb olduğun yerdən

bir başqası durur.

 

* * *

 

VELOSİPED 

…Məsəldə deyilir ki, «Balam əzizdi, ancaq tərbiyəsi ondan da əzizdi». Biz Azərbaycanlılar təlim-tərbiyə barədə, bəlkə də bütün dünya xalqlarının cəmindən də çox danışırıq. Ancaq, insafən, bizdə yalnız danışmaqla kifayətlənməyən, boş vaxtlarını büsbütün uşaqların tərbiyəsinə həsr eləyən adamlar da az deyil. Başkeçiddə uzun illər məktəb direktoru işləmiş atam da məhz bu  qəbildən olan insandı. Doğrudur, atamın siz deyən elə də çox boş vaxtı olmurdu, hətta altıncı-bazar günləri də işində-gücündəydi. Buna görə də biz bütün günü hansı hoqqalardan çıxmışıq, neyləmişik – bu barədə o, heç  xəbər tutmaya da bilərdi. Kiçik qardaşım Mehdi olmasaydı, bu elə belə də olardı! Atam Mehdiyə öz atasının adını qoymuşdu, amma o daha çox ana babamıza çəkmişdi – ağzında söz durmurdu. Atam addımını  içəri qoyan kimi başlayırdı. Gün ərzində nə olub, nə olmayıb, birinin üstünə də beşini qoyub kişiyə nəql eləyirdi.  Xəbərçiliyin üstündə bu balaca boşboğazı neçə dəfə çırpmışdım, ilan dili çıxarıb dilə tutmuşdum, yenə xeyri yox idi. Bilmirəm, rus məktəbində oxuduğundandı, ya nədəndisə Mehdi dildən çox pərgardı. Onda o, ikinci sinfə gedirdi, mən ondan cəmisi üç yaş böyük idim. Atam onu  həmişə çox səbirlə dinləyirdi. Onun rus və türk sözlərindən ibarət həftəbecər nitqi kimi desən hövsələdən çıxarardı, ancaq atam hirslənmək əvəzinə adətən onun başını sığallayar, yaxud nəvazişlə saçlarını qarışdırardı. Amma, vay onda ki, atamın kefi olmurdu. Belə halda o, Mehdinin monoloqundan əldə etdiyi məlumatları əsas tutaraq üz-gözünü daha da turşudar, qohum-qonşunun bəzi nümunəvi uşaqlarını misal gətirərək uzun-uzadı öyüd verməyə girişərdi. Sonra isə bir qayda olaraq, söz verərdi ki, indən belə bizim tərbiyəmizlə çox yaxından məşğul olacaq. Çünki, görünür, anamız bizim başımızı buraxıb və belə getsə bizdən adam olmayacaq.

* * *

Doğrudur, atam «sizin başınızı buraxıb» deyə dolayısıyla anama hər dəfə irad tuturdu, ancaq bu dəfəki iradında o qədər də haqsız deyildi. O, sonuncu dəfə (aşağıda sizə nəql edəcəyim hadisədən bir az əvvəl) bizim başımıza ağıl qoyan vaxt anam artıq üçüncü uşağa hamilə idi və daha çox öz canının hayında idi. Son günlər isə anam artıq özünə yer tapa bilmirdi. O, gah çarpayıya uzanır, üstündən az keç­məmiş hıqqına-hıqqına durur, gah da eşiyə çıxıb içəri girir və bütün günü  beləcə var-gəl eləyirdi. Hərdən atamla xısın-xısın söhbətləşirdilər. Mən artıq beşinci sinfə keçmişdim və bəzi şeylər barədə təsəvvürüm vardı. Bilirdim ki, uzağı bir həftə­yə, on günə evdə daha bir insan peyda olacaq.

O axşam atamın kefsizliyi bütün hamımıza sirayət et­miş­di və ən çox da mısmırığını sallayan Mehdi idi. Uşaq olsa da bilirdi ki, bu danlaqdan sonra hələ bir müddət atamdan heç nə xahiş edə bilməyəcək. Xüsusən də velosiped arzusu hələ bir xeyli gözündə qalacaq. O, kirimişcə kitab-dəftərini götü­rüb peçin qırağında əyləşdi, dodaqlarını tərpədə-tərpədə ürə­yin­də oxumağa başladı.

– Sənə deməmişəmmi oxuyanda dodaqlarını tərpətmə, – atam  bu dəqiqə hər şeydən narazı idi, – bu nə vərdişdi səndə?

 

* * *

Hekayətimizə davam etməzdən qabaq bir qədər də Mehdinin velosipedə olan həvəsindən danışaq. Desəm ki, o yatanda yuxusunda da velosiped görurdü, heç nə deməmiş olaram. Mehdi yeri düşdü-düşmədi, azacıq fürsət eləyən kimi velosipeddən söz açırdı. O, müxtəlif qəzet və jurnallardan kəsib götürdüyü, yalnız velosiped fotolarından ibarət böyük bir kolleksiya toplamışdı və bu sərvətini məktəb çantasının gözündə saxlayırdı.

Orasını da deyim ki, Mehdi danışıb-danışıb kiriyən uşaqlardan deyildi, ana babam kimi hər vəchlə inadını yeritməyə çalışırdı. Baxmayaraq ki, çox gözəl bilirdi – atam özü istəməsə onun üzünü yenmək müşkül məsələdir. Mehdinin ardı-arası kəsilməyən həmləvari tələblərinin qarşı­sın­da duruş gətirməyən anam da sonda onun tərəfinə keçdi:

– Sən Allah, buna bir velosiped al, canımıza doydurdu bizi!

Atam hələm-hələm öz mövqelərini əldən verməzdi. Odur ki, ötkəm səslə:

 – Hələ vaxtı deyil! – dedi.

– Niyə vaxtı deyil? Yekə uşaqdır, velosiped al, sürsün. canımıza doyduq day!

Anamın da bu məsələdə israr etməsi qüvvələr nisbətinin Mehdinin xeyrinə dəyişməsindən  xəbər verirdi. Buna görə də atam, «hələ vaxtı deyil» deməklə yaxasını qurtara bilməyəcəkdi. O, nəhayət, öz arqumentini səsləndir­məliydi:

- Başa düş, bu uşağın tərbiyəsinə pis təsir eləyər. Vaxtı gələndə alarıq, nolub, qaçaqaçdı?

Bəli, tərbiyədən söz düşdüsə atamla söhbəti uzatmağa dəyməz. O müəllimdir və bu məsələdə nəyin necə eləməli ol­du­ğunu çox yaxşı bilir. Bəlkə də, Başkeçiddə hamıdan yaxşı bilir. Çünki, həm də o elə-belə müəllim deyil, direktordur. Təlim-tərbiyə işindən başı çıxmayan adamı gətirib bu boyda məktəbə direktor qoyardılarmı? Yox!

Atamın rədd cavabından Mehdidən çox, bəlkə də, mən məyus oldum. Boynuma alıram ki, Mehdidən zəhləm getsə də ona velosiped alınacağı günü mən də səbirsizliklə gözlə­yirdim…

* * *

Bu söhbətin üstündən bir aya yaxın vaxt keçmişdi və bu müddət ərzində Mehdi bir dəfə də olsun ağzını açıb velosiped barədə danışmamışdı. Ancaq mən Mehdini çox yaxşı tanıyır­dım və bilirdim ki o, belə asanlıqla təslim olmayacaq. Üstəlik, macal eləyən kimi onu sancmaq, lağa qoymaq fürsətini də əldən vermirdim ki, birdən yarası qaysaqlanar, velosiped sevdasından vaz keçər. Hər səhər yuxudan ayılan kimi atam eşitməsin deyə oğrun səslə Mehdiyə tərəf səslənirdim:

– Mişel, olar velosipedini götürüm? Çox vacib işim var!

Mehdidən səs çıxmırdı. Mən isə ona yalançı ürək-dirək verməyə başlayırdım:

– Eybi yox, Mişel, böyüyərsən, işləyib pul qazanarsan, özünə əntiqə bir velosiped alarsan. Düzdür, yekə kişinin velosipeddə gəzməsi bir az naqolay işdir. Amma neyləməli, velosipedi alıb özünə göz dağı eləməyəcəksən ki…?

O, özünü elə göstərirdi ki, güya bu kinayəli sözlər onun heç vecinə də deyil.

* * *

Bir gün həyətimizdəki armud ağacının altında oturub armud yeyirdim. Mehdi, əlində əzik-üzük bir kağız parçası, mənə yaxınlaşdı. Kağızı mənə uzadıb:

– Al, bir bunu oxu, - dedi.

Oxudum. Rus dilində yazılmış çox qəliz bir cümlə idi.

– Bu nədi belə?

– Tərcümə eləyə bilərsən? – o, üzümə diqqət kəsil­mişdi. Sifətində güclə seziləcək ironiya vardı. Üzünün ifadə­sin­də «sən girən kol deyil, dostum» yazılmışdı.

Höcətə düşüb:

– Bunu tərcümə eləməyə nə var ki? – dedim, – İkicə dəqiqəyə eləyərəm!

– Elə görək. Eləyə bilsən – afərin.

İki dəqiqə iki saat çəkdi. Evdə nə qədər lüğət-filan vardı, hamısını ortalığa çəkdik. Nəhayət ki, cümlənin başını-ayağını yağmaq mümkün oldu. Hərçənd, cümlə Azərbaycan dilində də ruscada olduğundan az qəliz alınmadı. Mehdi cümlənin Azərbaycan variantını ciddi-cəhdlə köçürüb kağızı şalvarının cibinə qoydu və stolun arxasından qalxaraq:

– Mənə velosiped alsalar, kefin istəyən qədər sürərsən, – dedi, – sənə kişi kimi söz verirəm!

Yəqin ki, bu sözu o minnətdarlıq əlaməti olaraq dedi. Bu cümlənin velosipedə dəxli olub-olmaması barədə sorğu­ları­ma isə nə illah elədim cavab vermədi.

* * *

Axşam tərəfi idi. Mətbəxdə stolun arxasında dövrələmə oturub çay içirdik. Onda anamın hamiləliyi o qədər də bilin­mirdi. Bizimlə deyib-gülür, zarafatlaşırdı. Atam üzünü Mehdiyə tutub dedi:

– Mehdi, qoy dərslər qurtarsın, sənə velosiped alaca­ğam. Mütləq alacağam, danışdıq?

Mehdi dinmədi. Atam bütün müəllimlər kimi sualının cavabsız qalmasını xoşlamırdı.

– Sənə söz deyirəm, danışdıq?

– Yox! Mən indi istəyirəm.

Atam onun ağzını yamsıladı:

– Mən indi istəyirəm. Bəs sənin dərslərini kim oxuyacaq?

Mehdi söz altında qalan oğul deyildi:

– Axı sən mənə velosiped almamısan, hardan bilirsən ki, velosipedim olsa dərslərimi pis oxuyacağam?

– Bir şey bilməsəm demərəm. Bu söhbət qurtardı, yay gəlsin sənə velosiped alarıq.

Mehdi bir qədər yerində qurcuxdu. Sanki qətiyyətini toparlayırdı. Bir-bir hamımızı süzüb  baxışlarını atamın üzündə saxladı:

– Ata, bilirsən sən kimsən?

Atam xeyli təəccüblə onun üzünə baxdı:

– Kim?

– Yalnız öz şüurunu yeganə ge`rçəklik hesab edən və obyektiv varlığı danan ifrat subyektiv idealist!

Mən yerimdə quruyub qaldım. Bu bir neçə gün bundan əvvəl min bir əziyyətlə tərcümə elədiyimiz cümləydi. Bir an mənə elə gəldi ki, hamı mənə baxır, özümü nə qədər cəmləməyə çalışsam da yanaqlarım səyriməyə başladı və məni soyuq tər basdı. Amma indi bütün diqqət Mehdinin üstündə cəmləşmişdi. Atam da soyuqqanlı görünməyə çalışırdı. Bir qədər susduqdan sonra:

– Belə de! cavan oğlan, siz niyə elə fikirləşirsiniz ki, mən ifrat subyektiv idealistəm? – dedi. O, Mehdiyə «siz» deyə müraciət edirdi, sanki bununla ona çox ciddi tərəf-müqabil kimi hörmət bəslədiyinin altını çizirdi.

– Ona görə ki, dünyanın gedişatı sənin üçün heç nədir, bu gedişat haqqında sənin öz təssəvvürlərin isə hər şey… Yəni, səninçün! ...

Anam da mənim kimi matdım-matdım gah atamın, gah da Mehdinin üzünə baxırdı. Aşkar görünürdü ki, bu mükali­mədən qətiyyən bir şey anlamır.

– Belə de! Yaxşı «obyektiv varlıq» deyəndə siz nəyi nəzərdə tutursunuz? – Atam siqaretindən bir qullab vurub Mehdinin başının üstündən havaya püflədi. 

Bu yerdə Mehdi dərsini pis hazırlamış uşaqlar kimi suçuxdu və devikməyə başladı.

– Obyektiv… varlıq… – O, indi birdən-birə çox yüksək not götürmüş müğənniyə bənzəyirdi. Mahnının arxasını gətirə bilmirdi.

– Siz Allah, siz nədən danışırsınız? – Anamın səsi Mehdinin qanının arasına girdi, – müsəlman dilində niyə danışmırsınız?

Atam özünü o yerə qoymadı:

– Heç, - dedi, - oğlun demək istəyir ki, velosiped alma­maq­da mən düzgün iş tutmuram…

Nə isə… Çay dəsgahı qurtardı. Atam mətbəxdən çıxha­çıxda çevrilib Mehdiyə doğru səsləndi:

– Mehdi, Məmiş əminə deyərsən ki, ifrat subyektiv idealist onun özüdür.

Bu sözləri deyərkən onun üzündən məmnunluq hissi duyulurdu. Sanki kiməsə özünü aldatmağa imkan verməyib.

 

* * *

Əziz oxucum, bu yerdə mən Məmiş əmimdən söz açmasam heç şübhəsiz hekayətimiz yarımçıq alına bilər.

Məmiş əmi atamın kiçik qardaşıydı, adı Məhəmməd idi, ancaq bütün kənd onu «Məmiş» deyə çağırırdı. Atamdan fərqli olaraq Məmiş əmi bolluca yeyib-içən və yeri düşəndə dava salmağı xoşlayan bir adamdı. Məmiş əminin kənddə çəkinəcəyi bir adam vardısa, o da atamdı. Kənd adamları  vaxtaşırı Məmiş əminin əlindən atama şikayətə gəlirdilər, atam da öz növbəsində onları əmin etməyə çalışırdı ki, bir işdi olub, innən belə olmaz. Adamlar əkilib gedəndən sonra isə ya məni, ya da Mehdini göndərib Məmiş əmini bizə çağırtdırırdı. Məmiş əmi handan-hana ayağını sürüyə-sürüyə gəlirdi və atam arxa otağa salıb onunla uzun-uzun söhbətlər aparırdı. Amma Məmiş əmi də Məmiş əmiydi, bildiyini babasına verən adam deyildi. Bu söhbətlərin sonunda heç nə olmamış kimi hamılıqla oturub çay içərkən o, atamın gözündən yayınaraq bizə bic-bic göz vurur, başıyla yüngülcə atam tərəfə işarə edərək altdan-altdan gülümsünürdü. Bu zaman mənim Məmiş əmiyə olan rəğbətim birə-on artırdı, mənə elə gəlirdi ki, biz gizlin orden yaratmışıq və bu ordenin fəaliyyətindən bizim üçümüzdən başqa heç kəsin xəbəri yoxdur.

Məmiş əmini kənd camaatından fərqləndirən bir şey də vardı – bu onun «Villis» markalı maşınının olması idi. Başkeçid kimi bir yerdə adamın «Villis»i  olması nə deməkdir, bunu siz heç təsəvvürünüzə də gətirə bilmərsiniz. Xüsusən də qış aylarında, yolu-rizi qar basan vaxtlarda Başkeçid dünyadan tamam təcrid olunmuş vəziyyətə düşürdü, gündə bir dəfə kəndə gələn «Paz» da haralardasa ilişib qalırdı və bu zaman adamların hayına gələ biləcək yeganə nəqliyyyat vasitəsi Məmiş əminin «Villis»i olurdu.  Qış gələndə Məmiş əminin çiçəyi çırtlayırdı. Kəndin üstünə quşbaşı qar ələyəndə isə onun kefinə kef çatdırmaq olmazdı. Belə vaxtların birində Məmiş əmi demişdi:

– Göydən qar yox, manat yağır, manat!

Bu sözləri Məmiş əmi elə-belə demirdi. Qarlı qış günlərində o öz «Villis»ini səhər tezdən sürüb düz kəndin ortasında saxlayırdı və suya qarmaq atmış təcrübəli balıqçı kimi səbir və təmkinlə gözləyirdi.  Rayon mərkəzində iş dalınca getməli olan adamların bir qismi avtobus şoferinin və hökumətin adresinə söyüş-qarğış fırlada-fırlada dağılışırdı.

Yerdə qalanlar isə yenə Məmiş əminin ayağına gəlməli olurdular. Onun isə «taksa»sı hər kəsə bəlli idi – rayon mərkəzinə qədər olan otuz qəpiklik yola o, nə az nə çox hərədən düz bir manat alırdı. Bir manat deyəndə çaşma, əziz oxucum, o vaxtın bir manatı bizim «şirvana» bərabər bir şey idi, bəlkə, ondan da çoxdu.

 «Göydən qar yox, manat yağır» ifadəsi qanadlı frazaya çevrilmişdi, kənddə qar yağmağa başlayan kimi hamı bir-birinə «yenə möhkəm manat yağacaq, deyəsən», deyirdi. Yadımdadır, atam ilk dəfə  bu deyimin kimə məxsus olduğunu biləndə necə bərk  əsəbiləşmişdi. «Bu nə tərbiyəsiz adamdı, a kişi, bu kimə oxşadı belə» deyə onun qarasında nə ki var deyinmişdi.

Məmiş əminin dostluğu ən çox Mehdiylə tuturdu. Ata­mın narazılıqlarına baxmayaraq tez-tez onu özüylə götürürdü, hətta ona «Villis»in sükanını tutmağı da öyrətmişdi. O, Mehdinin ona oxşadığını deyirdi, hərçənd mən nə qədər fəhm eləmişdimsə də onların sifətində elə bir oxşarlıq görə bilmə­mişdim…

Mehdiylə əmimin bu cür sıcaq münasibətlərini nəzərə alsaq, sözsüz ki, atam öz zənnində yanılmamışdı – Mehdini məhz o təlimatlandırmışdı. Yoxsa Mehdi hara, «obyektiv gerçəklik», nə bilim «ifrat subyektiv idealizm» filan kimi qaragüllər  hara?

* * *

Artıq hekayətimizə qaldığımız yerdən davam edə bilərik. Dediyim kimi, o axşam atamın heç kefi yoxuydu, bir qədər dalğın, hətta pərişan görkəmi vardı. O, tez-tez arxa otağa, anamın yanına keçir, oradan çıxdığında isə bir az da həyəcanlı görünürdü. Anamın yatdığı otağın yarımaçıq qapısından, onu dövrələmiş qonşu arvadlarını görürdüm. O an bu harda aş, orda baş arvadlardan çox zəhləm getdiyi ikinci bir   məxluqat yoxdu yer üzündə.  Mənə elə gəlirdi ki, evimizdəki bu təşvişin və vurhavurun təqsirkarları yalançı canıyananlıqla ora-bura tüyüyən arvadlardır ki var. Axşam saat beş-altı radələriydi. Atam sırıqlı gödəkcəsini əyninə keçirdib  tələsik evdən çıxdı. Mehdiylə mən də sözləşibmiş kimi paltolarımızı götürüb onun dalınca qaçdıq. Eşikdə hər tərəf qarın altınday­dı, bəmbəyaz, aydınlıq bir gecəydi. Biz atamın açdığı izlə ard-arda düzülüb Məmiş əmigilə doğru irəliləyirdik. Buna mənim şübhəm yox idi, bütün gedişat onu göstərirdi ki, artıq anamı xəstəxanaya götürməyin zamanıdır. Başqa vaxt olsaydı atam Məmiş əminin dalınca bizdən birimizi göndərər­di. Ancaq bu dəfə onun özü hərəkətə keçmişdi və belə görü­nü­rdü ki, işlər çox ciddidir.

Qərəz, Məmiş əmigilə yetişdik. Həyətdə qarqaraya bağlanmış heyvərə boz it boğuq səslə hürüb gəlişimizi xəbərlədi. Az keçmiş Məmiş əmi başını qapıdan çıxarıb:

– Keçin də, orada niyə durmusunuz? – deyə səsləndi.

Atam səbirsizliklə:

– Vaxt yoxdur, tez ol maşını çıxart, gedirik! – dedi.

– Hara? – Məmiş əmi eyvana çıxıb qapını arxasınca örtdü.

– Yengəni doğum evinə çatdırmaq lazımdır, sənə tələs deyirəm!

Mən gözləyirdim ki, bu xəbəri eşidən kimi Məmiş əmi atamdan da betər həyəcanlanacaq, pilləkənləri qaça-qaça dü­şüb qaraja doğru yüyürəcək. Amma sən saydığını say! O, san­ki durduğu yerə mıxlanmışdı, üzündə isə bir budda rahatlığı ifadəsi vardı. Atam bir-iki addım irəli yeridi:

– Məmiş! Niyə gözünü döyürsən?

– Iı… Mm… Mən bu saat… Gedəmmərəm.

– Nə?

– Gedəmmərəm deyəndə ki… Özün bilirsən… Zəma­nə… Benzinin litri əlli qəpiyə qalxıb, təkərlər tamam əldən çıxıblar.

Qulaqlarıma inanmaq istəmirdim, bu dəqiqə yer ayrılsaydı məmnuniyyətlə yerə girərdim. Evdə qalmadığıma görə bərk təəssüf hissi keçirirdim. Mehdi atamın kölgəsinə çəkildi, sanki kölgədə əriyib yox olmaq istəyirdi. «Ona haqq olur» – deyə fikirləşdim. – «Məmiş əmiyə oxşayan da, onunla dostluq işlədən də odur».

– Belə de! – Atam çoxmənalı bir tərzdə dilləndi. Mənə elə gəlirdi ki, Məmiş əmiyə deyib kənara sıçrayan sözlərin vıyıltısını eşidirəm. – Keflisən?

– Bir qram da içməmişəm!

Elə bildim ki, atam bu dəqiqə üzünü çevirib gedəcək. Amma o, gözlədiyimin əksinə, sövdələşməyə başladı:

– Neçə manat istəyirsən?

– İyirmi beş manat yetər…

– İyirmi beş manat? Sən ağlını uçurmusan, nədir?

– Bu elə işdir ki… Kənar adam olsa çox istərdim…

– Əlbəttə, əlbəttə! Çox sağ ol, hörmətinə görə…

Tərəflər, nəhayət, razılığa gəldilər. Məmiş əmi qıvraq hərəkətlə maşını qarajdan çıxardı və biz «Villis» ə əyləşər-əyləşməz sürət götürdü. Bundan əvvəl mən Məmiş əminin bu cür sürətlə maşın sürdüyünü görməmişdim, bundan sonra da görmədim.

Anamı «Villis»ə mindirəndə ağlayıb-sıtqayıb Mehdi də özünü maşına təpdi. Zatən o, maşınla bu cür səfər eləmək imkanını əldən verməzdi. Mən də dinməzcə çıxıb onun yanında qərarlaşdım, evdə tək qalası deyildim ki!

Yolboyu nə atam, nə Məmiş əmi bir kəlmə belə kəsmədilər. Sürətlə işləyən motorun uğultusu, anamın zarıltıları, anamı müşayiət edən qonşu arvadın yersiz replikaları da aradakı naqolaylığı arxa plana keçirə bilmədi.

 

* * *

          Doğum evinə çatanda artıq şər qarışmaq üzrə idi. Anamı təkərcikli xərəyə uzadıb  içəriyə götürdülər.

Atam «Villis»in yanında dayanıb siqaret sümürən Məmiş əmiyə yaxınlaşdı və əlində hazır tutduğu iyirmi beşliyi ona uzatdı. Məmiş əmi heç tövrünü pozmadan pulu alıb pencəyinin döş cibinə qoydu və maşına əyləşib sürüb getdi. Atam bir müddət maşının arxasınca baxdıqdan sonra bizim yanı­mıza qayıtdı. Biz doğum evinin həyətində var-gəl eləmə­yə başladıq. Arada kürəklə həyətin qarını təmizləyən qoca kişi atama irad tutdu:

– Bu uşaqları soyuqdan niyə  qırırsan? Çıxın gedin evinizə-eşiyinizə.

Atam matdım-matdım qocanın üzünə baxdı. Sanki onu eşitmirdi, ya da nə dediyini anlamırdı.

Üstündən heç yarım saat keçməmiş uzaqdan «Villis»in tanış uğultusu eşidildi. Maşın yavaş-yavaş gəib düz bizim yanımızda dayandı. Əmim başını şüşədən çıxarıb hamımıza birdən müraciət etdi:

– Yaxşı, gəlin oturun gedək, daha burda bizlik bir iş yoxdu, – onun səsində indiki vəziyyətə uyuşmayan şən notlar vardı.

Atam bir az tərəddüddən sonra yüngülcə arxamızdan maşına doğru itələdi:

– Siz gedin, uşaqlar, mən sabah gələrəm.

Mehdi, arxasınca da mən çıxıb maşına oturduq. «Villis» yerindən tərpənərkən əmim dodağının altında atamın qarasınca mızıldandı:

– Zalım oğlu, elə bil doğan bunun özüdü.

 

* * *

 «Villis» rayon mərkəzini tərk edib Başkeçidə doğru yol aldı. Əmim bir-iki dəfə bizimlə zarafatlaşmaq istəsə də bundan bir şey  çıxmadı. O, maşının radiosunu işə salıb çox sevdiyi türk mahnıları aramağa başladı və orada dinləməli bir şey tapmadığından radionu söndürüb zümzümə eləməyə girişdi.

Bir xeyli irəliləmişdik ki, o başını çevirib soruşdu:

– Çölə çıxmaq istəyən var? Bax, maşını bir də yalnız kənd­də saxlayacam ha!

Bizdən səs çıxmadı. Onda o, maşını saxladı və təkidlə:

– Haydı, çıxın özünüzü boşaldın, – dedi, – kəndə çatana­can maşın saxlamaq yoxdu!

Maşından düşdük. Yolun sağ tərəfi başdan-başa kol­luq idi. Bir yerdə kolluğa doğru cığır tapdanmışdı. O cığırla kol­lu­ğa doğru bir az getmişdik ki, Mehdinin ayağı nəyəsə  ilişdi. Bir an sonra isə onun sevinc dolu çığırtısı eşidildi!

– Velosiped! Məmiş əmi, burda velosiped var!

Məmiş əmi inamsız səslə dilləndi:

– Nə danışırsan, çölün düzündə velosiped nə gəzir?

– Vallah, doğru deyirəm, bir gəlin baxın!

Mehdinin durduğu yerə yaxınlaşdıq. O, velosipedi təkərləri üstə qaldırdı:

– Görürsünüz?

– İşə bax! – Məmiş əmi təəccüblə içini çəkdi. – Özü də qət-təzədir. Bəxtin gətirdi, dostum. Di,  götürün velosipedi də, getdik! İşə bax…!

– Bəs sahibi çıxsa necə? – Mehdi özünü elə göstərdi ki, güya tərəddüd eləyir.

Məmiş əmini hirs götürdü:

– Nə sahib, adə, nəyin sahibi? Sən də lap atan kimi danışırsan, – sonra nə fikirləşdisə sakit səslə əlavə elədi, - sahibi çıxar qaytarıb verərsən, dəmiri yeməyəcəksən ki!

Velosipedi maşına qoyduq. Yol uzunu Mehdi dil boğaza qoymur, öz möcüzəvi tapıntısı barədə danışırdı. Onun gözlə­rinin parıltısını maşının salonunun zəif işığında da aşkar görmək olurdu. Sevinməyə dəyərdi, bu əsl «Ukrayna» velosi­pediydi, özü də  yağın içində. Əmim də Mehdiylə səs-səsə ver­mişdi…

O vaxtlar mağazada velosipedin üzərinə indiki kimi qiymət kağızı vurmurdular. Onun qiymətini zavoddaca bir­başa «rama» nın üstünə həkk edirdilər. Əyilib diqqətlə tapdığımız velosipedin qiymətinə baxdım:

«Цена – 25 rub.»  yazılmışdı…