Elektron ədəbiyyat və sənət portalı

Afaq Məsud: “Dilin memarı yazıçıdır”

Bölmə: Ədəbiyyat 23.10.2015

Oktyabrın 16-da AR NK yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının növbəti iclası keçirilib. İclasda “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 6-cı nəşri, ölkə üzrə dil və tərcümə işinin təkmilləşdirilməsinə dair hazırlanmış Dövlət Proqramının layihəsi müzakirə olunub. İclası giriş sözü ilə Şuranın sədri Afaq Məsud (Tərcümə Mərkəzinin direktoru) açaraq, Azərbaycan dilinin tətbiqi, düzgün işlədilməsi və tərcümə işinin təşkili ilə bağlı Mərkəz tərəfindən aparılmış araşdırmaların nəticələri barədə fikirlərini bildirib:

– İl ərzində Mərkəz, dövlət qurumlarında dil və tərcümə işinin təşkili ilə bağlı ekspertizalar aparıb. 67 qurum üzrə aparılan təhlillər nəticəsində bu sahədə ağır durumun yaşandığı, rəsmi və beynəlxalq yazışmalarda Azərbaycan dilinin və tərcümənin norma və qaydalar üzrə tətbiq edilmədiyi və bu səbəbdən yolverilməz anlaşılmazlıqlar və yanlışlıqların ortaya çıxdığı aşkarlanıb. Eyni mənzərə Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin və tədris vəsaitlərinin tərtibində, həmçinin Kütləvi İnformasiya Vasitələrində həyata keçirilən dil və tərcümə proseslərində, eləcə də ədəbi dilin işləndiyi digər sahələrdə aşkar edilib. Mövcud durumu yaradan səbəblər dərin və müfəssəl şəkildə araşdırılarkən, dil və tərcümə sahəsində yaşanan bu mənzərənin bir sıra subyektiv və obyektiv amil və səbəblərdən qaynaqlandığı üzə çıxıb. Burada, ilk növbədə, təbii ki, Azərbaycan dilinin tədrisi məsələsi gündəmə gəlir. Digər, daha əsaslı məqam – dilin ilkin təyinatçısı və göstəricisi olan, Azərbaycan dilinin söz ehtiyatını və yazılış qaydasını müəyyən edən müvafiq nəşrlərin bu sahədə yaratdığı əngəllərdir. Söhbət, yaxın illərdə işıq üzü görən “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən gedir. Bu gün rəsmi yazışmalarda, dərslik və tədris vəsaitlərinin hazırlanmasında, kino, efir, dublyaj və s. mətnlərinin tərtibində, həmçinin geniş xalq kütləsinin hər sahədə istinad və istifadə etdiyi, yararlandığı bu kitab, təəssüflə bildirməliyəm ki, dilimizə, leksik mədəniyyətimizə yad, çox vaxt yazılış qaydası, sanki qəsdli şəkildə təhrif olunan söz və ifadələrlə doludur. Əvvəla, nəzərinizə çatdırım ki, yaranmış vəziyyətin aradan qaldırılması məqsədi ilə Mərkəzdə artıq yeni “İşlək Azərbaycan dili lüğəti” üzərində iş gedir. Və biz bu işə ölkənin tanınmış dilçi-alimlərini, lüğət mütəxəssislərini də cəlb etmək niyyətindəyik.  Bu kitabdan müəyyən hissəni sizə də təqdim etmişik ki, öz fikir və mülahizələrinizi, təklif və iradlarınızı bildirəsiniz. Kitabın müzakirəsinə başlamazdan əvvəl bunu da bildirməliyəm ki, Mərkəz, dil və tərcümə sahəsinə nəzarətedici dövlət qurumu olaraq, indiki halda bu nəşrdən istifadəni məqsədəuyğun saymır. O səbəbdən ki, aparılan təhlil, kitabda yer alan 50 000-dən çox sözün ədəbi dil qaydalarına uyğun tərtib edilmədiyini, sözlərin yazılış qaydasının pozulduğunu, bura yüzlərlə terminoloji, qəliz ərəb, fars və ara sözlərinin, şivə və dialektlərin əlavə olunduğunu aşkar edib. Kitabın tərtibində yol verilmiş ən böyük xəta – lüğət spesifikliyinin, sahə formatının nəzərə alınmaması, müxtəlif sahəli lüğətlərdə yer almalı olan sözlərin bir araya gətirilərək, söz xaosu yaratmasıdır. Kitabda yüzlərlə dərman, kimyəvi element adlarının, tibb, coğrafiya, hüquq, iqtisadiyyat, astrologiya və s. sahələrdə işlədilən spesifik terminlərin yer alması da təəccüb doğurur. Bu sözlərin öz lüğətləri var və yaxud da olmalıdır. Terminoloji, izahlı lüğətlər, sahələr üzrə, hüquq terminləri, iqtisadi terminlər lüğəti və s. və ilaxır.

Digər təəccüb doğuran məqam, lüğətdə yüzlərlə izahı olmayan, dilimizdə işlədilməyən əcaib sözlərin yer almasıdır. Məsələn, “ağu”, “ağulu”, “ağvalideyn”, “ağyağız”, “ağzıbütün”, yaxud, “axartı”, “alahı”, “alafa”, “alaqandan”, “alaban”, “alabayraq”, “alacanlandırma”, “alacahöyük” və s. Saymaqla bitmir. Və ən faciəli olanı – kitabda yer alan bütün sözlərin, bu naməlum sözlər də daxil olmaqla, inkar və təsdiq, zaman və məsdər formasında və ismin bütün hallarında yüzlərlə ekvivalenti ilə birgə verilməsidir. Kitabın digər bəlası – ədəbi dildə, yaxud şifahi danışıq dilində işlədilməyən ara sözlərlə, əcaib şivə və dialektlərlə dolu olmasıdır. Şivə və dialektlərin dilimizi zənginləşdirməsini inkar etmirik, lakin burada yer alanları dialekt, ya şivə adlandırmaq da olmur: “ağzıheyvərə”, “ağzımavay”, “ağzıolaqlı”, “ağzıharfa”, “alax-bulax”, “alaxana-balaxana”, “ax-tüf”, “axtarmamotal” və s. Dialekt və şivələr lüğəti ayrı olmalıdır. Bu, dünya praktikasında da belədir. Əgər biz “orfoqrafiya lüğəti” deyiriksə, burda sırf ədəbi dilin bazasından istifadə edilməlidir.

Kitabın tərtibində yol verilmiş növbəti yanlışlıq – dilimizdə işlədilən söz birləşmələrinin bitişik yazılmasıdır. Məsələn, intonasiyanın da açıq-aydın bildirdiyi “ağ ciyər”, “qara ciyər”, “ağ üz”, “yaşıl yarpaq”, “ağ yun”, “axır zaman”, “ağ yataq” və sair bu kimi ifadələrin kitabda bitişik verilməsi təəccüb doğurur:

“ağciyər”, “qaraciyər”, “ağüz”, “yaşılyarpaq”, “ağyun”, “axırzaman”, “ağyataq” və s. Əgər “ağ ciyər” sözü qorxaq adam mənasında “ağciyər” kimi işlənirsə, bu, bu sözün və eləcə də o biri sözlərin bu sayaq təhrif edilməsinə əsas vermir. Digər xoşagəlməzlik sözlərin yazılışında yol verilmiş qrammatik xətalardır. Məsələn, kitabda “zəncirvari”, nədənsə “zəncirvarı”, “qövsvari”, nədənsə “qövsvarı”, “yumurtavari”, nədənsə “yumurtavarı” və s. kimi verilməsinin səbəbi anlaşılmır. Ölkə, şəhər və adam adlarının kitabın axırında ayrıca verildiyi halda, həm də mətndə, üstəlik kiçik hərflə verilməsi də təəccüb doğurur. Ağstafa, Ağsu şəhərlərinin adlarının kiçik hərflə verilməsi bir yana, qarşısında şərab növü kimi izah olunması acı gülüş doğurur. Bir yazıçı kimi, mənim üçün ən ağrılı məqam isə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” adlanan bu kitabın fars sözü olan “ab” la başlamasıdır.

Bəli, dilimizə çox sayda ərəb, fars mənşəli söz və ifadələr daxil olub, lakin dilimizdə işlədilməyən “ab” (su) sözünün Azərbaycan dili kitabının ilk sözü kimi təqdim edilməsi, düşünürəm ki, nə dilimizə, nə də mənliyimizə şərəf gətirir.

Daha sonra Şuranın üzvləri – Bakı Slavyan Universitetinin rektoru, professor A.Hacıyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, Bakı Asiya Universitetinin rektoru, BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, professor Vilayət Hacıyev, Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Kərimov, Mərkəzin aparat rəhbəri Yaşar Əliyev, şair Ramiz Rövşən və Mərkəzin Elm, təhsil və mədəniyyət şöbəsinin dil mütəxəssisləri Bəhlul Abbasov və İlqar Qasımov məsələyə dair fikir və mülahizələrini bildirdilər:

Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev:

– Bizim lüğətçiliyimiz, ümumən zəifdir. Rusiyada hətta müxtəlif yazıçıların dilinə aid xüsusi lüğətlər var.

Amma bizdə bu ənənə yoxdur. Hər sahənin öz lüğəti olmalıdır. Dilimizdə olan, dialektlərdə qalan gözəl sözlər də var ki, onlar da dilimizə gəlməlidir. Əslində, heç 100 000 söz də çoxluq göstəricisi deyil. Dilimizdə olan və lüğətə salınmalı sözlər bundan daha çoxdur.

Paradoksal vəziyyət budur ki, digər sahələrə aid lüğətləri hazırlamaq üçün də bu lüğətdən istifadə etməliyik və ona görə də bu lüğət mükəmməl olmalıdır. Etimoloji, dialektik, üslübi lüğətlər, qədim dövrə və s. aid lüğətlər hazırlanmalıdır.

Türkiyədə hər il bir kitabça buraxılır ki, bəs bu il dilimizə filan sözlər daxil edildi. Bizdə belə bir təcrübə də yoxdur. Təklif edərdim, həm Dilçilik İnstitutunun əməkdaşlarını, həm universitetlərdə tədris işini həyata keçirən savadlı mütəxəssisləri, bu sahəyə aidiyyatlı şəxsləri bir araya toplayıb bu problemlə bağlı doğru yanaşmanı aydınlaşdıraq.

Rusiyada ensiklopediyanın nəşri üçün metodik vəsait hazırlanmışdı. Müəyyən meyarları müəyyənləşdirmişdilər - seçim hansı meyarlara əsaslanmalıdır, qaynaqlar necə incələnməlidir. Sonra isə layihənin özünü həyata keçirməyə başladılar.

Mən bu xeyirxah məqsədi həyata keçirmək üçün ən əvvəl iş prinsiplərini mütəxəssislərlə müzakirə etməyi təklif edirəm.

Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev:

– Dili yazıçı yaradır. Dilçilər də bizi dinləməlidir, müəyyən məqamlarda ortaq fikirlə hərəkət etməliyik. Bu lüğət yenidən işlənməlidir. Elmi Şuranın tərkibində bir seminar təşkil edə bilərik, ayrı-ayrı mütəxəssislər dəvət olunar, dinlənilər və ortaq bir fikir əldə olunar. Müəyyən sözlər alınma dildən gəldiyi şəkildə verilməməlidir, qarşılığı tapılmalıdır. Universitetlərimizdə savadlı mütəxəssislər var. Biz iş bölgüsü müəyyən etməliyik, araşdırmalar aparmalıyıq, dilçiləri dəvət etməliyik. Bu işlə dərindən məşğul olmalıyıq, mərhələli şəkildə şaxələndirərək ortaya mükəmməl bir iş qoymalıyıq. Dilçilik İnstitutunun əməkdaşlarını da dəvət edib, geniş müzakirələr aparılmalıdır. Azərbaycan dilinin saflığını qorumaq lazımdır.

Lakin dilimizi dar çərçivədə saxlamaq olmaz. Müəyyən alınma sözlərə işləklik verilməli, bu sözlər də diqqətlə araşdırılmalıdır. Tam razıyam ki, ədəbi dildə olan sözlərin orfoqrafiyası və ayrı-ayrı sahələrə aid terminlərin orfoqrafiyası ayrıca hazırlanmalıdır.

Ramiz Rövşən (şair, tərcüməçi):

– Asif müəllimlə bir məsələdə razıyam ki, mütləq iş prinsipləri müəyyənləşdirilməli, sonra işə başlanılmalıdı. Əlaqəli işləməliyik, bütün görülən işlər ardıcıl, sistemli aparılmalıdır. Amma bu kitab pərakəndə işlənib. Dil gəlmə sözləri həzm etmək iqtidarındadır, hansıları həzm edirsə, o, dildə qalır, etmirsə, qala bilmir. Çox ciddi layihəyə imza atırıq. Qeydləriniz də doğrudur, sadəcə, iş prinsipləri müəyyənləşdirilməlidir. Puşkin özü 2000-ə qədər söz kalkası gətirib rus dilinə. Biz isə belə kitabları araya-ərsəyə gətirəndə, ədəbiyyatın dilçiliyə verdiyi töhfələri nəzərə almırıq. Süleyman Rəhimovun, Əli Vəliyevin əsərlərində nə qədər sözlər var, gözəl də sözlərdi, amma işlədilmir deyə, unudulub gedir.

Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, professor Vilayət Hacıyev:

– Dilçilikdə lüğətçilik ayrıca bir bölmədir. Biz dilin universal lüğəti ilə orfoqrafiya lüğətini qarışdırırıq. Orfoqrafiya lüğətində diqqət daha çox yazılışı mürəkkəb olan  sözlərə verilir. Bütün sözlərin orfoqrafiya lüğətində olması, ağırlıq yaradır. Vurğunu əsasən bu tərəfə yönəltməliyik. İşlək sözləri və hansı işlək sözlərin çətinlik yaratmadığını müəyyənləşdirib, lüğətə onları yerləşdirməliyik.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva:

– Lüğət çatışmazlığı bizim sahədə də özünü qabarıq büruzə verir. İndi hal-hazırda teatr terminlərinin izahlı lüğətini hazırlayırıq. Tədris zamanı bu, çox lazım olur.

Bundan sonra kino terminlərinin də izahlı lüğətini hazırlamağı düşünürük. Fikirləşirəm ki, sahələr üzrə terminoloji lüğətlər hazırlanarkən, həmin sahənin öz mütəxəssisləri bu işə cəlb olunmalıdır.

İndi müzakirə etdiyimiz zaman bu lüğətə nəzər yetirdim və gördüm ki, burada musiqi terminləri də verilib.

Amma baxıram ki, bir termin var, o biriləri yoxdur. Bu iş sistemli şəkildə və bu sahəyə aidiyyatlı şəxslərin iştirakı ilə araya-ərsəyə gətirilməlidir. Yalnız onda ortaya mükəmməl bir iş qoya bilərik. Həmçinin, çıxışçılar qeyd etdilər ki, izahlı lüğətlər, onların hazırlanması ilə bağlı müvafiq ixtisas üzrə təhsil alan magistrlar var və onlar dissertasiyalar yazırlar. Açıq deyək ki, bu elmi işlərin 90 faizi məsələnin nəzəri tərəflərini əks etdirir və elə yazıda qalır. Yəni, magistrların praktik olaraq bu işlərdən xəbəri yoxdur. Bəlkə o gəncləri də bu işə cəlb edək ki, bu layihələrdə işləsinlər? Bu, həm kadr baxımından bir köməkdir, həm də onlar təcrübələrini artırmış olarlar.

Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Əlioğlu:

– Bəli, əvvəlcə meyarlar müəyyənləşdirilməli, həmin istiqamətdə də işlərə başlanılmalıdır. Bu lüğətdə elə sözlər var ki, hal-hazırda dilimizdə işlək deyil, elə sözlər var ki, düzgün yazılmayıb və elə sözlər də var ki, artıqdır, yəni onlar verilməsə də olardı. Məsələn, “dəftərli”, “dəftərsiz” sözləri kimi. Lüğət, həqiqətən, yenidən işlənməlidir. Daha rahat, praktik bir kitab hazırlanmalıdır. Burda bir çox sözlər yoxdur. Biz həmin sözləri də toplamalıyıq. Bu işə lüğətçilik səriştəsi ilə yanaşmaq lazımdır. Bu işə qoşulmaq təşəbbüsündə olan şəxsləri də layihəyə cəlb edə bilərik.

A.Məsud:

Sözsüz ki, bu layihəyə peşəkar mütəxəssislər – dilçi alimlər, filoloqlar, lüğətçilik təcrübəsi olan peşəkarlar və təbii ki, yazıçılar cəlb olunacaq. Çünki dilin memarı yazıçıdır.

Azərbaycanda lüğət sahəsi dil və tərcümə ilə bağlı digər sahələr kimi yenilənməli və təkmilləşdirilməlidir. Biz bu işə Mərkəzin bütün ədəbi qüvvəsini də cəlb edəcəyik. Hazırda Mərkəz sözügedən kitabın lazımsız yükdən təmizlənməsi prosesini həyata keçirir. Qarşımızda duran əsas məqsəd – lüğəti unudulmuş, təmiz Azərbaycan sözləri ilə zənginləşdirməkdir. Bu sözlərin 30-cu, 40-cı, 50-ci illər ədəbiyyatına istinadən kitabda yer alacağı nəzərdə tutulub. Mənimlə razılaşarsınız ki, Azərbaycan ədəbi dili öz intibahını məhz bu dövr ədəbiyyatında yaşadı.

Daha sonra iclasın gündəliyində duran ikinci məsələ – “Dövlət dilinin ölkə əhəmiyyətli tətbiqi və tərcümə işinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın layihəsi müzakirə edildi.

“Aydın Yol”