Vaqif Bayatlı Odər

Vaqif Bayatlı Odər - şair, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.


1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil alıb. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləyib (1981–1990). "Xəzər" toplusunun baş redaktoru olub (1989–1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışıb (1992). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilib (1991). Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı"na layiq görülüb.

 

Kitabları:


Tənha ulduz altında. Bakı: Yazıçı, 1982, 55 səh.
Unudulacaq bütün sevdalar. Bakı: Yazıçı, 1986, 110 səh.
Ölənəcən sevmək azdır. Bakı: Yazıçı, 1990, 126 səh.
Ən gülməli ölü.
Yupyumru bir eşq ilə.

 

Səni niyə belə sevdim?

Səni niyə belə sevdim, 
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!


Bir qızın telləri əsdi üzümə

Gizlicə-gizlicə gəldi buludlar, 
Gizlicə-gizlicə döndü ümidlər,
İndiki buludlar beləcə gəlmir,
İndiki yağışlar beləcə yağmır.
İllərin o başından
               bir qız yaylığı üstdə
bir ipək xatirə döndü qəlbimə,
bir qızın telləri əsdi üzümə.

Gülüm yağış! Çiçəyim yağış!
O ipək illərdən,
                 atlaz günlərdən,
Gilənar göylərdən dolan yağışım,
                 yollarda yorulub
gözümdə, könlümdə qalan yağışım,
bir çinar üstündə
                 qoyub gəlmişdim səni,
çinarın altında bir gilənar qız.
İndiki yağışlar beləcə yağmır...
Bu gilənar yağış
                  mənim qəsdimə yağır,
O dost çinarın üstündən yağır,
On ildən, beş ildən, dünəndən yağır,
                  bütün sevgilərin
                  dönən yerindən yağır.
Bəlkə də, bəlkə də lal məhəbbətlərin
                  dinən yerindən yağır.

İllərin altında solmaz o tellər,
Hər bulud lələyi ümidlə gələr,
O barlı illərin sevgisi qızlar
Bir də gilə-gilə qızardı bəlkə...