Zahid Sarıtorpaq

Zahid Sarıtorpaq - şair, yazıçı, tərcüməçi

Məmmədov Zahid Lətif oğlu. 1957-ci il mayın 11-də Şamaxı şəhərində doğulub.

1981-87-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat institutunda təhsil alıb. İlk şeiri 11 yaşında Şamaxıda çıxan “Yeni Şirvan” qəzetində çap olunub. Şeirləri “Ulduz”, “Azərbaycan”, “Ədəbiyyat və incəsənət” və digər ədəbi orqanlarda çap olunub. “Üfürülmüş çırağın ruhu”, “Tək işığın haləsi” şeirlər və “Dərdin sarı çəpkəni” nəsr kitablarının, “Əlifba bayramında qətl”, “Dərdin sarı çəpkəni”, “Kül”, “Qarğa marşrutu”, “Quşların intiharına ağlamayın” romanlarının müəllifidir. Zahid Sarıtorpağın tərcüməsində ingilis klassiki Con Miltonun “İtirilmiş cənnət” və “Qaytarılmış cənnət” epopeyaları, Fransua Moriakın seçilmiş əsərləri (“Keçmiş zamanların yeniyetməsi”, “Sevgi səhrası” romanları),  Artur Rembonun seçilmiş  əsərləri (şeirləri), Yuri Trifonovun seçilmiş əsərləri (“Qoca” romanı və hekayələri), Aleksandr Soljenitsının üç cildlik “QULAQ Arxipelaqı” əsəri, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqnya Bartonun yeniyetmələr üçün seçilmiş əsərləri, Höte, V.Skott, C.Coys, M.Prust, E.İonesko, C.Steynbek, B.Pasternak  və bir sıra başqa dahilərin əsərlərindən nümunələr Azərbaycan dilində işıq üzü görüb.

1989-cu ildən Yazıçılar Birliyinin üzvüdür. 1989-94-cü illərdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, 2009-cu ildə Prezident Təqaüdçüsü olub. 2014-cü ildən Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı dərgisinin redaktoru olub,. 2018-ci ilin yanvarından isə Mərkəzin elm və təhsil şöbəsində dil mütəxəssisi işləyir.

 

 

Şeirlərindən seçmələr: 

 

*    *    *


...sudan da pak-pakizə 
könüldən də qarışıq
bir ruh kimi cilovsuz
fikir qədər dolaşıq 
bir cüt göz tək sevgili
bir cüt əl kimi titrək
qərib tabutu təkin
çiyinlər üstə yüyrək
rəsmimizi cızarlar 
günlərin bir günündə
bax bu dünya uzunda
bax bu dünya enində
bir xaça bənzədərlər
qərib taleyimizi
bir sevgi qalar, bir biz
bir də Tanrının izi
nəfəs tək üfrülüncə
hər şey pozulub gedər
sonrasa.. yox... demirəm...
yum gözünü... bu qədər...

 

*   *    *


deməzsənmi gördüm səni
O-na pənah aparırdın
sevgiylə doluydu yükün

həm də günah aparırdın

 

çiynində bir üzgün mələk 
varmı? yoxmu? - hardan bilək
...dodağından öpən külək 
isti bir ah aparırdı...

 

aramızda Söz dururdu
o Söz bizi susdururdu
...məni şeytan azdırırdı
səni Allah aparırdı...

 

 

*   *   *  

 

düşər-düşməzi olar, külək,
öpmə o qızın saçlarından bu cürə

yoxsa, gedib dənizdə intihar edəcəksən
havalandığına görə

gecənin gözünü dimdikləyir dan ulduzu
dərdin gözünü dimdikləyir ümidlər
düşər-düşməzi olar, könül,
vermə ünvanımı bəlkələrə

qəlyanının külünü çırpır başımıza
zaman dediyimiz insafsız
alnımızın yazısını
bəsirətsizin biri pıçıldayır üzümüzə:
"qorxmayın, hər şey təzədən başlayacaq..."

belədə ovcunda tərləyir ölümün əli
gözlərin dolmasın deyə baxmırsan üzünə
hələ qoparılmadığına uşaq kimi inandığın 
bəlalı başını yelləyirsən:
“eh, düşər-düşməzi olar, könül,
qoy yenə ala qarğalar uçsun dan yerinə sarı,
sənsə sinəmdə öt dil-dil,
boğul içimdə 
təzədən doğulmaq üçün

 

*   *   *

 

 

Bir anın payız silueti

 

yarpaqlar qar düşənə qalmadı yenə

“sən nə düşünürsən?..” deyə

qosqoca dünyaya toxunur payız

 

bilgimiz nə qədərsə, bir o qədər çaşqınıq

olümün şəcərəsini budaq-budaq oxumağa

üryanlara çırpılır könül birəm qar gəldiyində

amma həmişə elə bilirik yaza yarpaqlara

tumurcuqları çiçəyə boylu budaqlara köklüdür o

əslində bildiyimiz heç nədi görünür

 

hərədə bir cürdü ürəyin ölçü vahidi:

birində sevgi, birində ayrılıq

birində sevinc, birində üzüntüylə ölçülür yaşam

hərdən elə fikirləşirsən

yaşı min illərlə ölçülən bir küp qəbrin

miniatür əksidir daşıdığın ürək —

 

nə qədər mataha minib

matahdan düşsə də Can Türbəsində

içində ölənlərin

öldürülənlərin məsum kəmikləri sızlasa da

artıq öz işini görmüş və susmuş zamansızlıqda

qiyamda duaların səcdədəkindən daha uzun sürməsi

aşiqə Rəbbin lütfüdü sözsüz

 

birəm qar gəldiyində ruhun qiyamı

yarpaq tökümündən sonrakı ağaclara

ayaqda durmağın önəmini bildirir

bizdən ayrılan hər anın payız siluetinin

üzü necə var köçürülürsə dəftərimizə

səhifəmizin birini ötürüb o birini varaqlamaz,

O alayarımçıq oxumaz bizi bizdən fərqli

 

…“sən nə düşünürsən?..” deyə

toxunur bizə qosqoca dünya

yarpaqlar qar düşənə qalmadı yenə