Elektron ədəbiyyat və sənət portalı

Abbas Səhhət - Şeirləri

Bölmə: Uşaq yazıçıları 03.07.2018

Abbas Səhhət – Şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi

 

1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlib.

 

Məşhəd və Tehran şəhərlərində tibb təhsili alıb.1901-ci ildə Şamaxıya dönən Abbas Səhhət rus idarəçilərinin İran mənşəli diplomunu tanımaması səbəbi ilə həkimlik sənətindən uzaqlaşıb.

 

Məktəblərdə Azərbaycan dili və şəriət dərsləri deyib.1903-cü ildən məqalələri “Şərqi-Rus” qəzetində çap olunub. Professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulub (“Füyuzat” jurnalı, 1906-1907-ci illər). M.Y.Lermontov, A.S.Puşkin, İ.A.Krılov, M.Qorki, V.Hüqo, Müsse, Sülli-Prüdom və digər yazıçıların əsərlərini Azərbaycan dilinə tərcümə edib.

 

Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edib. Əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyib. 1917 və 1918-ci illərdə erməni daşnaklarının Şamaxıya hücumları nəticəsində hər şeyini itirən şair Gəncəyə köçür.

 

Evinin yanması nəticəsində bir çox əsərləri məhv olur.1918-ci ildə Abbas Səhhət iflic olaraq Gəncə xəstəxanasında vəfat edir və Gəncə qəbiristanlığında dəfn edilir.

 

Əsərləri

 

Kasıblıq eyib deyil (2 pərdəli komediya). Bakı, 1912;

Qərb günəşi (tərcümələr toplusu). Bakı, 1912;

Neft fontanı (1 pərdəli komediya). Bakı, 1912;

Azərbaycan dilinin 3 illik tədrisi üçün dərslik. Bakı, 1912;

Sınıq saz. Bakı, 1912;

Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi. Bakı, 1914;

Ədəbiyyat müntəxabatı. Bakı, 1928.

 

O, uşaqlar üçün “Ana və bala”, “Ata və oğul”, “Yay”, “Ayı və şir”, “Quşlar” və onlarla başqa şeirlər yazıb. 

 

 

Aşpaz və pişik


Keçmiş əyyamda, köhnə dövranda 
Bir böyük padişahın İranda, 
Bir nəfər kamil aşpazı var idi, 
Təbx işində ziyadə pərkar idi. 
Bişirərdi gözəl fisincanlar, 
Hazır eylərdi dürlü büryanlar. 
Dadlı-dadlı, lətif müsəlmmalar, 
İştəha artıran mürəbbalar, 
Leyk mətbəx pişikləri hər vəqt. 
Yazıq aşpaz edən kimi qəflət, 
Ittifaq eləyib cumarlar idi, 
Ətdən, aşdan qapıb qaçarlar idi. 
Aşpazın təlx olardı övqatı, 
Xərci artıb itərdi zəhmatı. 
Darıxıb pusquda çəkirdi keşik, 
Rastına düşsə idi hansı pişik, 
Fikri ondaydı kim, vurub yıxsın, 
Onları öldürüb əvəz çıxsın. 

Vardı ormanda bir qanan meymun, 
Çox fərasətli, kardan meymun, 
Düşdü təşvişə, yapdı bir şura, 
Yığdı meymunları, dedi guya: 
-Cümlə qəflətdəsiz, a qardaşlar! 
Başımızda böyük fəlakət var. 
Padşah aşpazı gəlib qəzəbə, 
Etmək istər pişiklərə qələbə. 
Olacaqdır müharibə burada, 
Qorxuram biz tələf olaq arada. 
Yetməmişkən bizə bu işdə zərər, 
Edəlim başqa bir diyara səfər. 
Dedilər: - Ay qoca, zəifləmisən. 
Biz hara, padşah sarayı hara, 
Biz hara, cəng, təbl, nay hara? 
Yaxşı fikr et bir, ay canım, sən özün, 
Bizə aya nə dəxli var bu sözün? 
İstər aşpaz pişiklə cəng etsin, 
Bizə ondan neçün ziyan yetsin? 
Hansı aqil edər buna bavər – 
Ki, yetər bizlərə bu işdə zərər? 
Qoca meymun çox eylədi israr, 
Sözünə heç kəs etmədi iqrar. 
Gördü şey çıxmayır mübahisədən, 
Qorxduğuyçün o qanlı hadisədən, 
Özü yalqızca etdi tərki-vətən, 
Başqa ormanda eylədi məskən. 
Aşpaz isə gəlib daha təngə, 
Hazır olmuşdu ol zaman cəngə: 
Bişirib yığmış idi yağlı pilov, 
Mürğu-turş, dolma, küftə, şorba, çilov, 
Doldurub düzmüş idi nimçələri, 
Bəzəmək istəyirdi xönçələri – 
Ki, qəfildən pişiklər etdi yürüş, 
Getdi talana mürği-turşü xuruş. 
Qaçdılar dişrə, çəkdilər mirrov. 
Qapdı aşpaz yanar bir odlu kösöv. 
Birin öldürdü, qoymadı dəbərə. 
Birisin damda vurdu, saldı yerə, 
Birinin arxasınca silbələdi, 
Filhəqiqət olarla cəng elədi. 
Lakin od düşdü, dam-dirək yandı, 
Padişahlıq, təvilə odlandı. 
Gərçi söndürdü yanğını hüzzar, 
Heyf, yanmışdı bir neçə atlar. 
Yığdı baytarları o dəm soltan, 
Dedi: - Tez atlara edin dərman! 
Ərz qıldı tamam baytarlar: 
-Şahım, at yansa bircə dərmanı var. 
Xeyli meymun yağı gərək buluna – 
Ki, yanan atlara əlac oluna. 
Soltan əmr etdi, ləşgər atlandı. 
Çıxdı fərman, sərəsgər atlandı. 
Pəhlivanlar götürdü tirü kaman, 
Oldu fövrən mühasirə orman. 
Dörd tərəfdən atıldı qurşunlar, 
Gülləbaran olundu meymunlar. 
Qoşun öldürdü onları yeksər, 
Qaçıb ancaq qutardı bircə nəfər. 
O da artıq əzabü zəhmət ilə. 
Min bəlalarla, min əziyyət ilə, 
Ol qoca meymuna gedib çatdı, 
Surəti-macəranı anlatdı. 
Ağlaşıb oldularsa çox qəmgin, 
Qoca sonra ona verib təskin, 
Söylədi: - Baxmayan böyük sözünə, 
Şübhə yoxdur, ziyan vurar özünə.

 

“İki uşaq”

 

Yoldaşına bir uşaq
Dedi: – Dur gəl oynayaq.
Oynamağın vaxtıdır,
Qızılgülün taxtıdır.
Qızılgülü əkərlər,
Misqal ilə çəkərlər.
Gedək görək uşaqlar
Bağda nə cür oynaqlar.

Yoldaş dedi: – Qardaşım,
Dinmə, ağrıyır başım.
Açılsa gül olsa yaz,
Mənim könlüm açılmaz.
Mən dərsimi bilmirəm,
Oynamağı neylirəm.
Bunu dedi o birisi:
– Bu gün qoy qalsın dərsi,
İndi hələ gəl gedək,
Bağda gəzib seyr edək.
Ertə durarsan səhər,
Dərsi edərsən əzbər.
Yoldaşı verdi cavab:
– Danışma bəd-bihesab,
Sübhə bugünkü işi
Qoymaz ağıllı kişi.
Dərsimi hazırlaram,
Sonra gedib oynaram.