Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan uşaq ədəbiyyatının banisi – Abdulla Şaiq

Bölmə: Uşaq yazıçıları 03.07.2018

Abdulla Şaiq Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmışdır. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri, dünya ədəbiyyatından tərcümələri ilə milli uşaq ədəbiyyatının əsasını qoyub. Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır. 

Abdulla Şaiq Mustafa oğlu Talıbzadə 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya göz açmışdı. Ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq  maarif və məktəb işləri ilə məşğul olmuş, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq yollarını arayıb tapmışdır. Eyni zamanda o, “Əlifba” kitabı hazırlamış, müxtəlif  dərsliklər və dərs proqramları hazırlayıb.

“Laylay” adlı uşaq şeri ilə imzası mətbuat səhifələrində görünməyə başlayan Abdulla Şaiqin uşaqlar üçün yazdığı bir sıra şeirlər dövrünün tanınmış “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görmüşdü. A.Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının əsasını qoymuşdu.

1919-cu ildə Bakı Dövlət Universitetinin yaranmasından ilhamlanaraq “Tələbə və həyat” pyesini qələmə almışdır. O, xalq ədəbiyyatının toplanmasında və araşdırılmasında, Azərbaycan klassiklərinin və dünya ədəbiyyatının nadir incilərinin oxuculara çatdırılmasında da böyük rol oynamışdır. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Hadi kimi böyük ədəbi simalar  haqqındakı fikirləri bu gün də öz dəyərini qoruyub saxlayır. 

Başqa millətlərin ziyalıları ilə dostluq edən Abdulla Şaiq Şekspirin “Maqbet” pyesini, Conatan Sviftin “Qulliverin səyahəti” romanını, Puşkinin, Lermontovun, Krılovun, Qorkinin, Nekrasovun əsərlərini dilimizə çevirib.

Yazıçının “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağılları bu gün də uşaqlar tərəfindən sevilərək oxunur. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır. 

Abdulla Şaiq 1959-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 1990 –cu ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev-muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır. 

 

 


ASLAN, QURD VƏ TÜLKÜ


Bir zaman tülkü, qurd, həm aslan –
Hər üçü bağladı belə peyman:
Ki bu gündən ələ nə düşsə şikar
Üç yerə qismət eyləsin onlar.

Hamı “əhsən” dedi bu dadlı sözə.
Ov üçün çıxdılar bir otlu düzə.
Dərə ağzında tapdı üç ortaq:
Bir qoyun, bir keçi, quzu, oğlaq.

Dedi aslan: – Gəlin ovu bölüşək,
Bu qoyun ki, mənə çatar bişək.
Quzu olsun gərək mənim payım,
Çünki sizlərdə yox mənim tayım,

Bu keçi də gərək mənə yetişə,
Olmasın bir kəsin sözü bu işə.
Oğlağa kim uzatsa əl, bunu bil,
Eylərəm mən onun əlini şil.

 


BƏNÖVŞƏ


Bənövşəyəm, bənövşə,
Düşmüşəm dilə-dişə;
Qızlar, oğlanlar məni
Dərib taxarlar döşə.

Bahar oldu açaram,
Qar, borandan qaçaram;
Başqa güllər açanda,
Mən quş olub uçaram.

Qurudar məni ayaz,
Yaşayıram bircə yaz.
Rəngim, ətrim gözəldir,
Əl vurmayın, ömrüm az.

 

KƏPƏNƏK


Mənəm qanadlı çiçək,

Adım isə kəpənək.

Al-əlvan xallarım var.

Qızıl kimi parıldar.

Qanadımı açaram,

Budaq – budaq uçaram.

Yuvam, otağım ancaq

Olur yaşıl bir yarpaq,

Mənim dostumdur hər gül,

İncə telli göy sünbül.

Oynağımdır çöl, çəmən,

Məni tutmaq istəyən,

Ey mehriban uşaqlar,

Siz yaşayın bəxtiyar!

Mənim də bu dünyada

Bir başqa aləmim var…