Elektron ədəbiyyat və sənət portalı

Afaq Məsud

Bölmə: Mərkəz 12.07.2018

 

Afaq Məsud – Xalq yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri

1957-ci ilin 3 iyununda Bakıda anadan olub. 1979-cu ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1979-1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya heyyətinin üzvü, 1986-1988-ci illərdə "Azərbaycantelefilm"in direktoru vəzifələrində çalışıb. 1989-2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru işləyib.

“Üçüncü mərtəbədə”, “Şənbə gecəsi”, “Tək”, “İzdiham”, “Субботний вечер” (Москва),”Yazı”, “Roman, esse, hekayə”, iki cildlik “Seçilmiş əsərlər” kitablarının müəllifidir. Əsərləri rus, ingilis, fransız, alman, fars, ərəb, türk və s. dillərə tərcümə və nəşr edilib.

Q.Q.Markesin "Patriarxın payızı", T.Vulfun "Dünyanın hörümçək toru" romanlarını, qədim sufi əlyazmalarını - M.Nəsəfinin "Mövcudluq haqqında həqiqət", Ə.Qəzalinin "Səadət iksiri", "Oğluma məktub", "İlahi bilik", İbn Ərəbinin "Məkkə açıqlamaları", Cəlaləddin Ruminin və digər sufi mütəfəkkirlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

"Can üstə", "O məni sevir", "Yol üstə", "Qatarın altına atılan qadın", "Kərbala", “Mənsur Həllac” pyeslərinin müəllifidir. "Can üstə", "O məni sevir" pyesləri "Yuğ" Dövlət teatırında, "Qatarın altına atılan qadın" Milli Akademik Dram teatırında tamaşaya qoyulub.

Əsərləri əsasında "Sərçələr", "Qonaqlıq", "Gecə", "Cəza", "Dovşanın ölümü" televiziya filmləri çəkilib.

2000-ci ildə Vyana Universitetində A.Məsudun yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan "Avropa şərqşünaslığında qadın yazarlar").

Türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində göstərdiyi uğurlu fəaliyyətinə, teatr sənətinin inkişafında xidmətlərinə görə dəfələrlə TÜRKSOY-un medalı ilə təltif edilib.

2015-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi, TÜRKSOY və Avrasiya Yazarlar Birliyinin təsis etdiyi "Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi"nin qalibidir.  

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda tərcümə işinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə  “Xalq yazıçısı” fəxri adına layiq görülüb.

 

Kitabları:

"Üçüncü mərtəbədə", Bakı, Gənclik, 1971

"Şənbə gecəsi", Bakı, Yazıçı, 1984

"Субботний вечер", Москва, 1984 ("Şənbə gecəsi", Moskva, 1984)

"Keçid" (povest və hekayələr), Bakı, Yazıçı, 1988

"Tək", Bakı, Gənclik, 1992

"İzdiham", Bakı, Azərbaycan Tərcümə Mərkəzi

"Azadlıq" (roman, esse, hekayə), Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1997

"Roman, esse, hekayə", Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1999

"Yazı", Bakı, Qanun, 2004

"II İohan" (hekayə-roman), Bakı, Mütərcim, 2009

"Suiti", Tehran, 2011, Pinar (فک، تهران، 2011، پنار، 120 صفحه)

"Seçilmiş əsərləri" 1-ci cild, Bakı, Elm və təhsil, 2012

"Seçilmiş əsərləri" 2-ci cild, Bakı, Elm və təhsil, 2012

"Роман-рассказ", Баку, Евразиа Пресс, 2012

"Kalabalık" ("İzdiham"), Ankara, Bengü, 2015

"Üzü işığa", Tehran, Nohbəgan, 2015 (رو به نور، تهران، نه‌بگان، 2015، 120 صفحه)

"İzdiham", Tehran, Şurafərin, 2016 (شلوغی، تهران، 2016، شورآفرین، 80 صفحه)

"İzdiham", Tehran, Fərsar, 2016 (شلوغی، تهران، 2016، فرسار، 86 صفحه)

"Избранное", Москва, Художественная литература, 2017 ("Seçilmiş əsərləri", Moskva: Xudojestvennaya literatura, 2017)

"Azadlıq", Kiyev, Druqe dixaniya, 2017

"Azadlık" İstanbul, Zengin Yayıncılık,2018

"Şənbə gecəsi və digər hekayələr" (ليلة السبت و قصص اخري), Qahirə 2018 ( المركز القومى للترجمة، القاهرة)

"Azadlıq"(„თავისუფლება“) Merani,2019 („მერანი“, ქალაქი თბილისი)

  

Alman kilsəsi”

(hekayə)

– Günah məndədi… – dedim və hiss elədim, boğazımı qəhər tutdu. Sözlərin qalanını, dodağım büzüldüyündən, axırını yeyə-yeyə dediyimdən, ya nədənsə, direktrisanın üzü təəssüflə əyildi. – Düzü, ağlıma belə gəlməzdi ki, bu uşağın musiqi qabiliyyəti ola bilər. Axı onun heç gündəlik dərslərə, nəğmə oxumağa belə həvəsi yox idi… – sözümü, axır ki, qəhərdən boğula-boğula da olsa, tamamlaya bildim.

Direktrisa qaşlarını qaldırıb yüngülcə pörtdü:

– Nahaq özünüzü belə üzürsüz. Burada günahkar axtarmağın yeri yoxdu, – dedi. – Bilmək istəyirsinizsə, dahi musiqiçilərin çoxunun musiqi təhsili olmayıb. Əgər uşağın qabında, həqiqətən, bir şey varsa... mən isə əminəm ki, var, özü də kifayət qədər - o, mütləq özünü büruzə verəcək.

Rəna nəhəng royalın arxasında, həmişəki kimi, kürəyini əyib oturmuşdu, direktrisa danışdıqca şübhə dolu nəzərlərlə altdan-altdan gah mənə, gah da ona baxırdı. Belədə o, həmişə mənə balaca buzovu xatırladırdı. Mən onu bəzən elə belə çağırırdım: “bu-zov...”

Direktrisa mənimlə üzbəüz qalmaqdan canını qurtarmaq üçün ayağa qalxıb royala sarı getdi, Rənanın barmaqlarını əllərinin içinə alıb xəmir kimi yoğurdu.

– Siz bir buna baxın… barmaqlar, sanki royal dilləri üçün yaranıb… – dedi, sonra qızın əllərini royalın dilləri üzərinə buraxıb məlahətli səslə:

– Bayaqkını bir də çal, qızım, – əlavə elədi.

Rəna gözlərini döyüb belini dikəltdi, balaca, koppuş barmaqlarını gərə-gərə Motsartın mürəkkəb akkordlu “Rekviyem”ini çalmağa başladı.

Musiqinin ecazkar dalğaları otağa dolduqca, direktrisa gözlərini yumub sağ əlini havada gəzdirə-gəzdirə “Rekviyem”i, hansısa görünməz klaviaturada Rənayla birgə ifa etməyə başladı. Bir qədər keçmiş gözlərini açıb sağ tərəfimdə oturan müəllimlərə:

– Təsəvvür edirsiz? Siz bir qulaq asın… bunu bircə notu belə tanımayan, musiqi təhsili olmayan on dörd yaşlı uşaq çalır, – dedi və elə bil bir az doluxsundu.

Rəna onun dediklərini eşitməsə də, getdikcə çaldığından ilhamlanır, balaca barmaqlarını daha çevik işlədə-işlədə, sanki öz ustalığı ilə otaqdakıların heyrətinə bəraət qazandırmağa çalışırdı.

Əsər sona yetəndə direktrisa artıq öz yerində idi, əllərini çənəsinə söykəyib gözlərini otağın məchul nöqtəsinə zilləyib fikrə dalmışdı.

– Düşünürəm, qızınızın musiqi sferasına daxil olması üçün yeganə yol – uşağı vokal üzrə hazırlamaqdır.

Bunu mənimlə yanaşı oturan müəllimlərdən biri – eynəyinin qızılı çərçivəsi yanağının dərin qırışlarında itən yaşlı, arıq bir qadın dedi və çönüb mənə baxdı. – Burada ifa texnikasından söhbət gedə bilməz. Barmaqlar sıfır səviyyəsindədir. Bəli, – müəllim direktrisanın nə isə demək istədiyini duyub onun sözünü havadaca kəsdi – ...sizinlə tamamilə razıyam ki, barmaqların müəyyən plastikası var, lakin onlar dilləri hiss etmir, onların üzərində balerina dırnağı üstə dayanan kimi dayanmaq əvəzinə, yayxana-yayxana gəzişir. Bir sözlə, qatar ötüb. Ona görə də cuhudlar uşaqlarını erkən yaşlarından musiqi, balet, idman və sair sahələrdə sınayırlar ki, sonradan bu sayaq kazuslarla üzləşməsinlər.

Müəllim sözünü bitirib qalib görkəmlə yenə mənə baxdı.

Müəllimin bu sözlərindən ürəyim sıxıldısa da, özümü o yerə qoymadım, çönüb saxta təbəssümlə Rənaya gülümsədim.

Rəna royalın arxasında dünyadan xəbərsiz buzov sifətiylə oturub dinməz-söyləməz mənə və müəllimlərə baxırdı. Elə bil deyilənlərin onun üçün yaxşı, yoxsa pis olduğunu anlamırdı.

* * *

…Biz küçəyə çıxanda musiqi məktəbinə, əlləri müxtəlif musiqi alətləri qutularıyla dolu bir dəstə uşaq daxil olurdu. Rənanın geriyə qanrılıb onların ardınca gizli həsrətlə baxmağından əsəbiləşdim, kürəyini dümsükləyib:

– Belini düzəlt, – dedim və biz yola düzəldik.

…Rəna paltosunun yaxalığını qaldırıb dinməz-söyləməz mənimlə yanaşı addımlayırdı. Onun nə düşündüyünüanlamaq çətin idi. Olsun ki, son iki ili saatlarla, günlərlə barmaq-barmaq yığıb öyrəndiyi “Rekviyem”ə görəçəkdiyi əziyyətləri barədə düşünürdü. Mən bsə, onun uşaqlıq illərini xatırlayır, məktəbə, musiqiyə, kitabalaqeydliyini, şirniyyata, şokolada və yuxuya meylini yadıma salır, beləcə canımı, onunla bir uğradığımızqəzanın baiskarlığından qurtarmağa çalışırdım.

Əslində isə hər şey iki il bundan əvvəl – klassik musiqidən çox-çox uzaq, günəşli bir ərazidə, öz sadəlövhuşaq aləmində yaşayan Rənayla şəhərin mərkəzi küçələrindən birində, izdihamlı səkidən bir addım geriyəçəkilən tək, binaların arasında gizlənən, az qala buludlara dirənən qaramtıl qülləsi isə lap uzaqlardan görünən Alman kilsəsinə getdiyimiz gün başlamışdı…

Alman kilsəsində təşkil olunmuş həmin musiqi gecəsi skripkaçılardan ibarət yığcam orkestr Baxın, Motsartın, Vivaldinin əsərlərini ifa etdikcə, gözümün ucuyla Rənanın ovsuna düşmüştək hərəkətsiz qaldığını, sanki hardansa, hansısa ilahi yüksəkliklərdən aşağı enən musiqinin onu qəribə çəkisizliyə saldığını müşahidə edir,onun bu halının nə ilə nəticələnə biləcəyi, balaca, uşaq qəlbində hansı dəyişikliklər yaradacğı barədə düşünməyi ağlıma belə gətirmirdim. Teatr və konsert salonlarında adəti üzrə qovrulmuş qarğıdalı, çipsçeynəyən, kinozallarda mürgüləyən Rənanın burada nəyinsə izinə düşdüyü, hansısa sirli boşluqlarda nələrəsə toxunduğu onun, hansısa məchul uzaqlıqlarda – səhnədən kənarlarda açılan naməlum əraziləri seyr edən irilmiş bəbəklərinin ifadəsindən bilinirdi.

…O axşam konsertdən evə qayıdandan sonra Rəna pianonun arxasına oturdu və ayrı-ayrı dilləri dınqıldatdı... Səhəri gündən başlayaraq isə saatlarla piano arxasından durmadı. İlk günlər pianonun dilləri üzərində bataqlığın üstü ilə gəzəntək ehtiyatla, barmaq-barmaq gəzinən Rəna bir neçə aydan sonra iri akkordlarla Motsartın “Rekviyem”ini çalmağa başladı...

Səhərlərimiz döşəməni, otaqların divarlarını lərzəyə gətirən “Rekviyem”in kədər dolu möhtəşəm sədalarıyla açılır, axşamlarımız həmin hüznlə başa çatırdı. Günlər beləcə keçir, biz Rənanın bu qəfil istedadına sevinir, bu sevincin havasında yaşayır, “Rekviyem”lə bir yatıb, bir dururduq…

…Mən isə, həmişə olduğu kimi, hansısa gizli toxumamla, daha hansısa prosesin işə duşdüyünü, həyatımızın necəsə tədricən dəyişdiyini, evimizə, ruhumuza hakim kəsilmiş bu sirli musiqinin hər birimizə ayrı-ayrılıqda nələrsə təlqin etdiyini hiss etməyə başlamışdım... Bunun, nə vaxtdan bərisə, evimizin hansısa küncündə gizlicə yaşaya-yaşaya soluxub qalmış, indi isə “Rekviyem”in havasıyla ətə-qana dolub şahə qalxmış insana, ruha, burulğanabənzər dəhşətli, dağıdıcı dalğa olduğunu isə mən çox-çox sonralar anlamışdım...

***

– ...Bilirdim belə olacaq, – Rənanın qolundan tutub maşın yolunu keçirə-keçirə, sükutu pozmaq xətrinə dedim.

…Rəna dinmirdi, üzü matəm dolu əzablardan kölgələnmişdi. Mənimlə yanaşı ayaqlarını sürütləyə-sürütləyə yeriyir, addımlarını ləngitməsindən geriyə qalmağa çalışdığı bilinirdi.

Mən mövzunu dəyişib bütün yeniyetmələr kimi Rənanı da qarşıda gözləyən işıqlı gələcəkdən danışır, yiyələnə biləcəyi digər peşələrin üstünlüyünü, onun bu sahələrdə qazana biləcəyi uğurları sadalayırdım.

Rənanın gözlərinin altı qaralmış, burnu elə bil uzanmışdı. Belədə onun üzü qədim yunan filosoflarından hansınınsa üzünü xatırladırdı...

…Həmin günün axşamı Rəna pianoya yaxın getmədi, otağına çəkilib divanında üzüqoylu uzanıb qaldı.

Rənanın bu ağır matəmindən o axşam işıqlarımız söndü və səhərəcən yanmadı. Bütün gecəni böyük qızımla mətbəxdə, şam işığında keçirməli olduq. Bütün gecəni biz Rənanın qaranlıq zülmətə qərq olmuş otağında sovrulan faciəvi burulğanların titrəyişini uzaqdan-uzağa – mətbəxin soyuq, tənha qaranlığında hiss eləyirdiksə də, o tərəfə keçməyə cəsarətimiz çatmırdı.

…Səhər yeməyində Rənanın gözlərinin altı yenə kölgəli idi. Bənizi solmuş, üzü bircə gecənin içində nazilib uzanmışdı. Özünü o yerə qoymur, məğlubiyyətin kədərindən batmış səsi ilə indi də dünyanın məşhur opera əsərlərindən, opera sənətinin əbədiliyindən, opera müğənnilərinin bədən quruluşunun hansı tələblərə cavab verməli olduğundan və sairədən danışa-danışa hey nə isə çeynəyirdi.

Mən isə onun bütün gecəni, istiqamətini dəyişmək məcburiyyətində qalmış gəminin aqibətini yaşadığını, “Rekviyem”ə indi də ayrı səmtdən qərq olmaqdan ötrü özünü, uğursuzluğa tuş gəlmiş pianoçuluqdan vokala yönəlməklə məşğul olduğunu anlayır, bütün axşamı qaranlıq, səssiz otağında sovrulan burulğanların mənasını dərk edirdim...

Həmin gündən “Rekviyem”in piano variantı onun daha dəhşətli növü ilə – opera variantı ilə əvəz olundu... “Rekviyem”i indi də Rənanın hansısa musiqi mağazasından alıb gətirdiyi vahiməli qadın xoru oxuyurdu… Bu, sanki bizlərə qarşı – bu vaxta qədər Rənanın bu gizli istedadını açmağa cəhd belə göstərməyən laqeyd ailə üzvlərinə qarşı qurulmuş, xalq məhkəməsini andıran müdhiş, möhtəşəm ittiham marşı idi…

…Bəzən mən vücudu, siması təsəvvürəsığmaz nəhəng kimsənin səsiylə oxuyan bu təkəbbürlü qadın xorunu görürdüm də... Bu, üzlərinə şəffaf, tül örtüklər salınmış, dolubədənli, hündürboylu, acıqlı rahibələr idi… Onlar “Rekviyem”i əllərində tutduqları nəhəng not vərəqlərinə baxa-baxa oxuyur, oxuduqca boyları, sanki bir az da uzanır, başları evimizin tavanına dirənirdi...

Xorun sədaları altında bənizi ağaran, vücudu titrəyən Rənanın bu halından hamılıqla mütəəssir olurduqsa da, binəva qızcığazı boya-başa çatdığı öz evində, doğmalarının arasında düşdüyü bu dərin, çıxılmaz uçurumdan qurtara bilmirdik. Belə məqamlar Rənanı dindirmək, yaxud olduğu yerlərin yaxınlığından ehtiyatsız ötüşmək – ağır işgəncələrdən sonra şirin yuxuya dalmış adamı yuxudan oyatmaq, vücudunu titrətmək qədər günahlı bir işə çevrilmişdi. Bəzən ürəklənib Rənanı bu xəstəhal musiqi aludəliyinə görə məzəmmət edirdiksə də, ağır qəmə bürünmüş solğun bənizindən, gözlərinin dərinliyinə çökmüş lal kədərindən, nədəsə səhv etdiyimizi, nəyisə axıracan anlamadığımızı başa düşür, nə vaxtsa uzaq əsrlərdə Almaniyada dünyaya gəlmiş bu musiqinin onu bizlərdən aldığını, gözümüzün qabağında ola-ola, əlimizin çatmadığı uzaq, sirli ərazilərdə saxladığını dərk edirdik.

Rənanın artıq əvvəlki kimi öz keçmiş yeniyetmə həyatını yaşaya bilmədiyi göz qabağında idi. Saatlarla otağına, sakit tənhalığa çəkilib oradan harasa, tamam başqa hüzura sığınmaq ehtiyacı, onun bu dünyadan tamamilə qırıldığından və daha əvvəlki qayğısız, günəşli uşaq həyatnı yaşaya bilmədiyindən xəbər verirdi.

Günlər beləcə keçib gedir, hər axşam işdən dönərkən evimizi yadelli işğalçılar tərəfindən zəbt edilmiş kimi həmin tanış matəmin ağuşuna qərq olmuş vəziyyətdə, Rənanı rinqdə nokaut almış boksçunun halında – üzüqoylu divana atılmış yerdə tapır, böyründə əyləşib saçlarını ehtiyatla tumarlayır, üzgüçü çiyinlərini andıran əzələli çiyinlərini öpür, ürəyini almaqdan ötrü min bir sözlər tapıb deyirdimsə də, heç nə dəyişmirdi…

 Bir gün isə Rəna, axır ki, mənə sarı çevrildi, ağlamaqdan şişib dərinləşən gözlərini üzümə zilləyib:

– Mənə oxumaq olmaz... – dedi. – Yoxladılar, səs tellərim zəifdi... – sonra əvvəlki kimi üzüqoylu düşdü və mən onun pəhləvan çiyinlərinin zəif titrəyişindən, ağladığını anladım.

…O axşam böyük qızımla köməkləşib evdə olan bütün kasetləri bağlamaya yığdıq və dəhlizin aşağı başındakı divar şkafının əlçatmaz küncündə gizlədik. Səhəri gün isə bu “yoluxucu” bağlamadan birdəfəlik qurtulmaqdan ötrü onu evdən çıxarmaq qərarına gəldik.

Kasetlərdən sonra bir müddət evimizə sakitlik və əmin-amanlıq çökdü və biz bir neçə ay “Rekviyem”in izlərini yuyub təmizləməklə, onun çalxalayıb zədələdiyi, nəyinsə yerini, nəyinsə rəngini dəyişib tanınmaz hala saldığı mənzilimizi əvvəlki halına qaytarmaqla məşğul olduq.

Xadimə çağırıb bütün otaqları döşəməsindən tavanınacan yuduzdurduq, Rənanın otağını bacısının otağıyla dəyişdik. Evin ümumi ovqatını təzələməkdən ötrü hər axşam ailəliklə komediya filmlərinə baxmağa, istirahət günləri şəhərkənarı gəzintilərə çıxmağa başladıq. Tez-tez ailəvi şam yeməkləri təşkil edir, “Rekviyem” barədə hamılıqla susurduq.

…Rəna uzun, ağır xəstəlikdən sonra müqavimətini itirmiş xəstəyə bənzəyirdi… O, günlərlə heç nə yemir, üzü, demək olar ki, gülmür, musiqi barədə kəlmə belə kəsmir, piano olan otağın qapısından dərin uçurumun kənarından ötüşəntək tələsik addımlarla ötür, daha yunan filosofuna bənzəmirdi.

Bir müddət hər şey beləcə, öz qaydası ilə getməyindəydi. Mən xoşbəxt idim. Arxada qalan iztirab və həyəcan dolu günlər məndə klassik musiqiyə izaholunmaz bir xof yaratmışdısa da, bunun fərqinə varmır, o barədə fikirləşməməyə çalışırdımsa da, hansısa gizli toxumamla, başımızın üstünü almış bu sirli təhlükənin tam sovuşmadığını, onun evin hansı küncünəsə çəkilib, orada öz məqamını gözlədiyini necəsə hiss edirdim...

Hisslərim, həmişə olduğu kimi, məni aldatmamışdı...

 

Günlərin bir günü işdən evə dönərkən həyətimizi başına götürən hüzn və ittiham dolu “Rekviyem”in tanış sədalarından, cərəyan vurmuş kimi, yerimdəcə donub qaldım… Əlimdəki zənbillərin ağırlığını unudub özümü bloka saldım, pillələri tələm-tələsik qalxa-qalxa, musiqi tufanıyla dolub-daşan otaqların ən axırıncısında – öz tənha divanında nəfəssiz halda üzüqoylu uzanan Rənanı təsəvvürümə gətirir, nəfəsimin itdiyini, sinəmin ortasına yöndəmsiz tikə kimi ilişmiş nəyinsə sıxıntısından boğulduğumu hiss edirdim...

Qapını açarla açıb özümü hövlnak içəri saldım... və dəhşətdən gözlərim qarala-qarala, başım hərlənə-hərlənə dayanıb qaldım...

…O yenə burada idi... dəhlizin ortasıyla gərilib tavana dirənir, divarları, qapıları lərzəyə gətirib titrədirdi... Xorun səsi getdikcə yüksəlir, tembr diapazonu məni sinəmdən itələyih, sanki çölə çıxarmaq istəyirdi...

Biləklərim, dizlərim süstləşib boşaldı… zənbillər əlimdən sürüşdü və mən ayaqlarımı zorla sürüyə-sürüyə Rənanın otağına sarı getdim... qapını araladım və... quruyub qaldım...

…Rənanın üzüqoylu uzanmalı olduğu divan bomboş idi...

Özümü hövlnak o biri otaqlara, sonra mətbəxə atdım… çarpayıların altını, şkafların içini yoxladım…

…Rənadan əsər-əlamət yox idi... Rəna sanki qeybə çəkilmişdi...

“Rekviyem”in, şimşəyi andıran “çaxıntılarını” kəsməkdən ötrü başım hərlənə-hərlənə otaqları gəzib maqnitofonu axtardım...

Maqnitofondan da əsər-əlamət yox idi…

…Benyim dumanlanmışdı… divara qısılıb qaldım…

…Mən qəlbləri intiqam dolu, qəzəbli rahibələrin arasında idim... onların haradan, evin hansı tərəfindən oxuduğunu anlaya, Rənanın hara gedə biləcəyi barədə düşünə bilmir, Alman kilsəsinin buludlara dirənən qaramtıl qülləsini xatırlayırdım...                                                                                             

1996