Elektron ədəbiyyat və sənət portalı

Dəli bir ağlamaq keçir könlümüzdən

Bölmə: Tarix 20.11.2015

Onun şair qəlbi yalnız vətən üçün döyünürdü. Həqiqəti, haqq-ədaləti, gerçəkliyi, ədalətin doğru üzünü ictimaiyyətə, xalqa göstərmək üçün o, reportajlarla, faktlarla, təhrifsiz, aktual xəbərlərlə tez-tez efirə çıxar, hadisələri yerindəcə gedib yoxlayar, çəkib efirə verərdi. Hətta ölümün üzərinə yeriyirdi. Çəkinmədən, qorxmadan, Alı Mustafayev nə qədər ölümün gözlərinə baxsa da, görünür, onun ölüm fərmanı vertolyot qəzasına yazılıbmış. Alı Mustafayev üç dəfə, düz üç dəfə vertolyot qəzasına düşür. Birinci qəzada vertolyot dumana düşəndə onlar çaya tökülmüşdülər. Alı o vaxt bərk xəstələndi və xəstəxanada müalicə olundu. İkinci dəfə 1991-ci ilin aprel ayında dövlət nümayəndələri ilə Ağdam rayonu üstündən keçərkən ermənilər vertolyotu vurdular. Həmin vaxt 15 apreldə oğlu Turalın doğum gününü də xəstəxanada keçirdi. Alı Mustafayev xoşbəxtlikdən bu dəfə də salamat qaldı. Çünki o, ölümdən yox, ölüm ondan qorxdu sanki. Axı onun yazılacaq neçə-neçə şeirləri, efirə gedəcək neçə-neçə reportajları, bir sözlə, xalqı üçün görüləcək çox işləri vardı. O, nəinki ölümdən qorxmur, ona meydan oxuyurdu.

Həyat əbədidir, insan əbədi,
Nə ömrün sonu var, nə məhəbbətin.
Deməyin bəs ölüm ayrılıq nədi,
O da nemətidir bu təbiətin.

Canında Azəri qanı dolaşan hər kəs, təbii ki, vətənimizi, dövlətimizi sevir, vətən üçün əlindən gələni əsirgəmir. Ancaq elə kəslər də var ki, vətən sevgisi onun amalına, məsləyinə, yaşamının mənasına çevrilir. Bu amal onun bütün mənliyinə hakim kəsilir. Vətən üçün yaşamaq, mübarizə aparmaq, canını fəda etmək. Alı Mustafayev də bu yola baş qoyanlardan, bu amalı yaşayanlardan idi.

Düşündüm əssə də min dəli külək,
Palıddan ibrəti biz almalıyıq.
Köklər torpağını qoruduğu tək,
Biz də bu vətəni qorumalıyıq.

O özü də bu yola baş qoyduğunun fərqinə varmışdı. Seçdiyi yolun çətinliyini, keşməkeşliyini bilirdi. Lakin vətən sevgisi ona qətiyyət, mətinlik bəxş etmişdi.

Mənə bəlli öz yolum, öz mənzilim,
Bilirəm ki, nədir bəmim, ya zilim.
İstəmirəm yad ölkədə əzilim,
Vallah, daha heç qorxmuram ölümdən,
Artıq gecdir çıxammaram yolumdan.

Deməli, şair özü də bilirdi ki, ölüm, əcəl qara libasa bürünüb onu anbaan izləyir, onu “qara caynaqlarına” alıb aparmaq istəyir.

Nəhayət, həmin müdhiş , o faciəli üçüncü qəza...

1991-ci il 20 noyabr Tuğ, Xocavənd, Qaradağlı və başqa kəndlərin faciələrini yoxlamağa yollanan Mİ-8 hərbi vertolyotu Martuni rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən iriçaplı silahla vuruldu və faciəli surətdə həlak olan bu 23 insan Azərbaycanın mərd və qəhrəman oğulları idi. Bu müəmmalı ölümün qara xəbəri Azərbaycan xalqını sarsıtdı. Bu dəhşətli hadisənin törədilməsinə səbəb, ilk növbədə DQMV xüsusi rayon komendantının quldurlarının sərbəst hərəkətlərinə imkan yaratması idi. Qanlı cinayəti ört-basdır etmək üçün tez-tələsik yalan məlumat verildi ki, guya vertolyot, duman olduğu üçün dağa toxunub partlayıb. Halbuki, həmin vaxt nə duman olub, nə də orada elə dağ var ki, vertolyot toxunsun.

Noyabrın 22-də Dağlıq Qarabağ ərazisində vertolyot partladılması və xalqımızın mərd oğullarının qətlə yetirilməsi ilə əlaqədar Naxçıvan Şəhər Mədəniyyət sarayında izdihamlı matəm yığıncağı keçirildi.

Həmin yığıncaqda MR-nın Ali Məclisinin sədri Heydər Əliyev çıxış edərək bildirdi ki, erməni qatilləri və vəhşi rus imperiyasının əli ilə vertolyot partladılıb. Bəli, bu 23 nəfər günahsız qurbanların içərisində istedadlı qələm sahibi, xeyirxah və bacarıqlı telejurnalist Alı Mustafayevin də adı vardı. Alı Mustafayev yaşadığı müddət ərzində çalışdı ki, onun əməlləri hamıya örnək olsun. Bəlkə də buna görə “Qorxuram, bu dünya unuda məni” deyərək qorxu səddini yıxdı və Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu.

Qoymasam ömrümdə daş üstündə daş,
Bu ellər arxamca axıtmasa yaş.
Səndən nə gizlədim, qorxuram, qardaş,
Qorxuram, bu dünya unuda məni.

…Çox təəssüf ki, Azərbaycan Alısız qaldı. Azərbaycan Teleradio Verilişləri Şirkəti ilin, bəlkə də illərin ən yaxşı jurnalistini, “Qızıl qələm” sahibini itirdi. Bir ana təkbaşına böyütdüyü, gözlərindən gözlərinə işıq, nur, qəlbindən ürəyinə həyat verən, can verən bir oğlunu itirdi. Bəlkə də əbədiyyətə əsgər yolladı. Ən ali bir zirvəyə, müqəddəs şəhidlik zirvəsinə. Ana yola saldı, oğul yollandı. Bəlkə də bu, hər ikisinin vətən borcu idi.

Alı Mustafayev də minlərlə şəhidimiz, qazimiz kimi son damla qanını əsirgəmədi. Vətəni üçün şəhid oldu. Şəhidlər xiyabanının sakininə çevrildi. Azərbaycana layiqli bir vətəndaş olmaq üçün vətənin daşına çevrildi. Qərənfil olub göydən yağdı. Bayraq olub torpağa sancıldı.

Demə vətən batdı oğul qanına,
Əhsən bu torpağın bu üsyanına.
Müqəddəs Şəhidlər xiyabanına,
Qərənfil yağışı yağır, İlahi.

Alı Mustafayev özü də bir qərənfilə çevrildi, özünün də şeirində qeyd etdiyi “Məbədim, beşiyim Azərbaycan” dediyi Azərbaycanına sonuncu borcu daim olsun deyə, Vətəninə əbədi keşik çəkən əsgər, süvari olsun deyə...

Məndən böyük şair olmasa, nə qəm
Bacarram ot biçib, taxıl əkməyi,
Gərəksə sipərə çevrilər sinəm,
Bacarram sərhəddə keşik çəkməyi.

Bəli, Alı Mustafayev bu yolu seçdi.

Ölümüylə ölməzliyi seçdi. Ölümüylə belə düşmənindən qisas aldı. Könüllərdə qəhrəmanlıq abidəsi ucaltdı.

Alı Mustafayevin şeirlərindən də göründüyü kimi, o, sanki əcəlin ona addım-addım yaxınlaşdığını hiss edirdi. Qələmini əlinə götürüb bu misraları yazdı. Yaza-yaza qartal olub, ölümün gözlərinə sancıldı.

Ölüm pəncərəmi döydü bu axşam
Başımın üstündə öləzidi şam.
İstədim söyləyəm “əlvida” dünyam
Anam “Dayan!” dedi, el “Dayan!” dedi

Anasını düşündü bəlkə, Ana vətən, ana torpaq qədər sevdiyi anasını... Bir də ömür-gün yoldaşı, sevib könül verdiyi Laləsini .. Və bu misraları yazdı.

Mən ölsəm, qəbrimin üstündə ancaq
Başqa gül qoymayın Lalədən qeyri
Qoy onu sinəmdə bitirsin torpaq,
Əzəldən sinəmdir Lalənin yeri.

O, bilirdi ki, həm erməni vəhşiliklərinə, erməni terroruna, həm rus imperiyasının saxtakarlığına, həm də sapı özümüzdən olan Azərbaycanımızın bəzi cılız iradəli nadanlarına, tamahkarlarına, “Məndən ötsün sənə dəysin” deyən şərəfsizlərinə qarşı mübarizə heç də asan deyil. O, həm qələmi, həm mikrofonu ilə xalqın gözünü açmaq istədi. Onun vaxtında nə Şuşa, nə Laçın, nə də digər rayonlar alınmışdı. Ancaq o, daim narahat idi. Torpağımız satılacaq deyə narahat idi.

Vətən torpağıdır haqqın dərgahı
Vətənsiz ruhlar da düşər didərgin
Allah qarğışıdır şəhidin ahı
Torpağı satanı tutacaq bir gün.

Onun bəzi şeirləində bu qorxu, bu təlaş duyulur. Narahatlıqlar sanki misralara düyünlənərək kilid salır, həyəcan təbili çalır. Vətən oğullarını çağırır, vətəni qorumaq, vətən üçün, torpaq üçün, mübarizə aparmağa “Torpaq, uğrunda ölən varsa vətəndir” devizi ilə əzmə, ölümsüzlüyə səsləyirdi.

Məhz bu hisslər, vətən itkisi qorxusu mübariz insana ölümü belə adiləşdirdi. Axı Alı Mustafayev yaşamaq, yaratmaq, gözəl dünyada gözəl izlər qoymaq istəyində idi. Yaşam sevinci, həyat eşqi, atalıq qüruru, var olmaq hissi ona həyat verirdi, can verirdi.

Ömür nə şirindi, ay məni duyan
Həyatdan, dünyadan bezən kim olub?
Hər günə bir şirin nəğmə oxuyan,
Xoş gündə ümüdin üzən kim olub?

A.Mustafayev bir çox şeirlərində yaşam gücünü elə həyatdan, düzlükdən, dürüstlükdən, bacarmaq hissindən aldığını izah edir.

Demə mən gedəcəm, nəyim qalacaq,
Alı, elə yandır sönməsin ocaq.
Vətənin yolunda ancaq,
Yaşamağı bacar, ölməyi bacar.

O yaşamaq, həyatı sevmək, var olmaq istəyirdi.

Yaşamaq istəyirəm axan bir bulaq kimi,
Yaşamaq istəyirəm, gül açan torpaq kimi
Yaşamaq istəyirəm, yer üzündə haqq kimi.

Əgər 24 il bundan öncəki həmin müdhiş qəza olmasaydı, o, daha neçə-neçə əsərlərə imza atacaqdı. Neçə-neçə şeirlər həsr olunacaqdı Azərbaycan torpağına, Alı Mustafayev öz qızıl qələmi ilə nələr yaradacaqdı. Düşündükcə, öz ifadəsini azca dəyişsək, “dəli bir ağlamaq keçir könlümüzdən”. Düşmən hiyləsinin qalibiyyətinə, torpaq itkisinə, qanlarıyla tarix yazan şəhidlər karvanına, sağalmayan yaramıza, açılmayan Xarı bülbülümüzə, oxumayan Sona bülbülümüzə, ərsiz qalan Lalələrimizə, atasız Toğrullarımıza baxıb dəli bir ağlamaq keçir könlümüzdən...

Torpaqda haqqı var, axar qanın da,
Bir nərin qolları düşüb yanında,
Müqəddəs Şəhidlər xiyabanında
Dəli bir ağlamaq keçir könlümdən.

Könlümüzdən dəli bir ağlamaq keçə-keçə səni və neçə-neçə sənləri daima xatırlayırıq və hər daim xatırlayacağıq. Könlümüzdə qürur hissi keçiririk. Nə yaxşı ki, sizlər vardınız, ey vətənin uyuyan əsgərləri, əbədiyyət şahinləri, şəhidləri. Siz daim bizimləsiniz. Ey vətən oğulları, neçə-neçə illər, əsrlər, qərinələr keçəcək, ancaq siz unudulmayacaqsınız. Azərbaycan övladı biləcək ki, tarixdə Xətai qeyrətli bir Alı Mustafayev vardı. Onun qılıncı, qələmi, həm də mübariz qəlbi vardı.

Doyunca danışıb gülə bilməsəm,
Yaşarmış bir gözü silə bilməsəm,
Öləndə kişi tək ölə bilməsəm,
Qorxuram, bu dünya unuda məni.

Əbədiləşdirmək məqsədi ilə Nərimanov rayonundakı 202 saylı orta məktəbə, 3-cü mikrorayondakı küçəyə onun adı verilib.

Alı Mustafayev Qarabağın dağlıq hissəsində baş verən hadisələrin respublika və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə, xidməti borcunu yerinə yetirərkən, igidlik və şücaət göstərdiyinə görə, ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

P.S.: Bu gün, 1991-ci il noyabrın 20-də Xocavənd səmasında erməni terroru nəticəsində baş vermiş faciəli vertolyot qəzasının, Azərbaycanın mərd və qeyrətli oğullarını itirdiyi həmin o müdhiş hadisənin üstündən 24 il ötür. Biz şəhidlərimizi daim anır, onlarla fəxr edirik.

Aynurə ƏLİYEVA