Aydın Məmmədov

Aydın Məmmədov — dilçi, türkoloq, tənqidçi, siyasətçi

Məmmədov Aydın Mirsaleh oğlu. 1944-cü ildə Şəkidə doğulub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirib. Moskvada – SSRİ Elmlər Akademyası Dilçilik İnstitutunun Türk Dilləri Bölümündə aspirantura təhsili alıb.
Bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi dirçəlişinə həsr edib. Əmək fəaliyyətinə orta məktəb müəllimliyindən başlayan A.Məmmədov sonradan elmi işçi, alim, ictimai xadim, siyasət adamı kimi tanınıb.
A.Məmmədov istər "Sovetskaya tyurkologiya" jurnalının redaktor müavini, istərsə də Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün əvəzsiz işlər görüb.
Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının öncüllərindən olub.
Güclü məntiqə və gözəl natiqlik qabiliyyətinə malik olan, mitinqlərdə, eləcə də fəhlələrin, tələbələrin, ziyalıların etiraz tətillərində hamı ilə çiyin-çiyinə addımlayan A.Məmmədov on minlərlə insanı arxasınca aparmağı bacardığı, xalqın sevgisini qazandığı üçün Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilib. Parlamentdə o, daim milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda gedən mübarizəni düz yolla aparmaq üçün əlindən gələni edib və xeyli işlər görüb.
Aydın Məmmədov Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri, Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini, Azərbaycan Yazıçılar Birliyi katibliyinin üzvü olub.
1991-ci il aprelin 19-da avtomobil qəzasında faciəli şəkildə həlak olub. Doğulduğu Kiş kəndində dəfn olunub.