Natiq Səfərov

Bölmə: Mərkəz 03.07.2018

Natiq Səfərov — tərcüməçi

Səfərov Natiq Əli oğlu 1943-cü il iyunun 27-də Naxçıvan şəhərində doğulub. ADU-nun filologiya fakültəsini bitirib. 1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində texnik kimi fəaliyyətə başlayıb, sonrakı dövrlərdə kiçik redaktor, redaktor, müxbir olub. 1979–1984-cü illərdə “Azərbaycan” jurnalında ədəbi işçi, böyük redaktor, 1985–1989-cu illərdə “Yazıçı” nəşriyyatında bədii tərcümə şöbəsinin böyük redaktoru olub. 1989–1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində şöbə müdiri, sədr müavini, 1992-ci ildə “Qanun” jurnalının baş redaktoru vəzifələrində çalışıb.

İlya İlf və Yevgeni Petrovun “Qızıl dana”, Vasili Şukşinin “Qırmızı qalina”, Sanbayevin “Ağ arvana”, Hrant Matevosyanın “Çəhrayı ilxı”, Oljas Süleymenovun “Az-Ya”, eləcə də Uilyam Folkner və Qabriel Qarsiya Markesin bəzi əsərlərini dilimizə tərcümə edib.

A.Çxandzenin “Çinari manifesti”, J.Z.Anuyun “Medeya”, Lev Tolstoyun “Hacı Murad”, Redyard Kiplinqin “Öz kefinə gəzən pişik”, Vsevolod Vişnevskinin “Nikbin faciə”, Aleksandr Vampilovun “Qarğa qarıltısı” pyesləri N.Səfərovun tərcüməsində tamaşaya qoyulub.
1976-cı ildə Respublika Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülüb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
2004-cü il sentyabrın 26-da vəfat edib.

Tərcümələri (ruscadan)

1. H.Matevosyan, “Başlanğıc” (povestlər və hekayələr)
2. Mahabharata və ya Baharata övladlarının böyük vuruşları haqqında dastan
3. Hind mifləri
4. Oljas Süleymenov. “Az-Ya”
5. V.Tukkunov. “Canilər”
6. Ç.Abdullayev. “Mavi mələklər”

 

 

BALTASARIN HƏYATINDA UNUDULMAZ GÜN

 (Qabriel Qarsia Markesin hekayəsi Natiq Səfərovun tərcüməsində)

Qəfəs hazır idi və Baltasar adəti üzrə onu evin qabağındakı çardaqdan asdı. O, səhər yeməyini hələ yeyib qurtarmamışdı, ətrafdakılar isə onun düzəltdiyi qəfəsin gözəlliyindən danışırdılar. Evin qabağına çoxlu adam yığışmışdı, hamı qəfəsi görməyə tələsirdi, axırda adamlar o qədər çoxaldı ki, Baltasar qəfəsi çardaqdan açıb gizlətməli oldu.

Ursula ona:

– Üzünü qırx, – dedi. – Yoxsa lap rahibə oxşayırsan.

– Yeməkdən sonra həvəsim gəlmir.

Onun iki həftədən qalma saqqalı, qatır yalmanı kimi biz-biz durmuş qısa, cod saçları vardı, sifəti isə qorxmuş uşaq üzünə oxşayırdı. Amma üzünün ifadəsi aldadıcı idi. Fevralda Baltasarın otuz yaşı tamam olmuşdu, dörd il idi Ursula ilə bir yerdə kəbinsiz, oğul-uşaqsız yaşayırdı, həyat ona ehtiyatlı olmağı öyrətsə də qorxu-hürkü üçün heç bir əsas vermirdi.

Ursula dedi:

– Həvəsin gəlmirsə, onda dincəl, sonra qırxarsan, belə saqqalla adam arasına çıxmaq olmaz.

Baltasar dinməzcə gedib tor yelləncəkdə uzandı. Lakin tez-tez durub qəfəsi qonşulara göstərməli olurdu. Ursula bu vaxtacan qəfəsə heç gözucu da baxmamışdı, çünki Baltasar iki həftəydi ki, dülgərliyi buraxıb bircə bu qəfəslə əlləşirdi, hətta üzünü qırxmaq belə yadına düşmürdü. Gecələr də səksəkəli yatırdı, yuxuda diksinirdi, sayıqlayırdı, bütün fikri qəfəsin yanındaydı. Ursula bilmirdi ərindən daha çox zəhləsi gedir, ya onların dincliyini əllərindən almış bu qəfəsdən. Lakin Baltasar yuxuda ikən diqqətlə qəfəsə baxanda bütün narazılığı yox olub getdi, ərinin köynəyini, şalvarını ütülədi, çarpayısının yanındakı stuldan asdı, sonra qəfəsi otağa aparıb, orda tamaşa eləməyə başladı. Baltasar yuxudan oyanan kimi:

– Qəfəsi neçəyə verəcəksən? – soruşdu.

– Bilmirəm, – deyə Baltasar cavab verdi. – Fikrim var otuz peso istəyəm, bəlkə iyirmiyə razı oldular.

Ursula:

– Əlli istə, – dedi. – Bu iki həftəni bir əməlli yatmamısan. Özü də gör nə boydadı, mən ömrümdə bu yekəlikdə qəfəs görməmişəm, əlli istə, səndən nə gedir.

Baltasar üzünü qırxmağa başladı:

– Deyirsən yəni əlli verərlər?

– Niyə vermirlər, don Xose Montel üçün əlli peso heç nədi, qəfəs isə ondan da baha gedər, istəsən altmış pesoya sata bilərsən.

Evə cansıxıcı, bürkülü bir alaqaranlıq çökdü. Cırcıramaların səsindən bürkü adama bir az da dözülməz gəlirdi. Baltasar geyindikdən sonra otağın havasını dəyişmək üçün qapını açanda uşaqlar içəri doluşdular.

Təzə xəbər artıq bütün kəndə yayılmışdı. həyatından razı, amma sənətindən bezmiş qoca doktor Oktavia Hiraldo arvadı ilə birgə nahar edə-edə Baltasarın düzəltdiyi qəfəs barədə düşünürdü. Şüşəbəndə çoxlu gül dibçəkləri və içində tutuquşular olan iki qəfəs qoyulmuşdu. Doktorun həmişə xəstəlikdən gileylənən arvadı bu quşlardan ötrü dəli-divanəydi, amma quşları sevdiyi qədər, onları yemək üçün yaranmış pişiklərə bir o qədər nifrət edirdi. Bu fikir arvadın bütün dincliyini pozmuşdu, qorxu böyüdükcə, qorxu ilə bir yerdə pişiklər də böyüyürdü və bəlkə arvadı xəstələndirən də elə bu idi. Doktor Hiraldo xəstə yanından qayıdarkən, Baltasargilə dönəndə arvadı barədə düşünürdü.

Evə çoxlu adam yığışmışdı, stolun üstündə isə məftillərdən düzəldilmiş və üç qata ayrılmış böyük bir qəfəs qoyulmuşdu. Quşların yemlənməsi, yatması və əylənməsi üçün hücrələrə bölünmüş bu qəfəs buz istehsal edən nəhənk bir fabrikin maketinə oxşayırdı. Doktor gendən-genə qəfəsə bir xeyli tamaşa eləyəndən sonra bu qənaətə gəldi ki, qəfəs doğrudan da tərifəlayiqdi, arvadı üçün arzuladığı qəfəslərin hamısından qat-qat gözəldir.

O heyranlıqla:

– Bu, fantaziyanın əsl hünəridi! – dedi.

Sonra baxışlarıyla axtarıb adamların arasından Baltasarı tapdı və mehriban ata baxışları ilə onu süzərək:

– Səndən görkəmli bir memar çıxardı, – dedi.

Baltasar qıpqırmızı qızardı.

– Sağ olun.

– Dəyməz, mən olanı dedim.

Doktor gəncliyində gözəl olmuş bir qadın kimi kök idi, incə, zərif əlləri vardı, özü də latınca moizə oxuyan bir keşiş ədasıyla danışırdı.

O, qəfəsi götürüb dəllal kimi adamların gözü qabağında o yan-bu yana çevirərək: – Bura quş salmasan da olar, – dedi. – Ağacdan as, özü zəngulə vurub oxuyacaq.

Sonra o, qəfəsi yerinə qoydu, bir xeyli tamaşa eləyəndən sonra deyəsən qəti fikrə gəldi:

– Yaxşı, alıram bunu.

Ursula:

– Onu satmışıq, – dedi.

Baltasar izahat verdi:

– Bu qəfəs Xose Montelin oğlu üçün düzəldilib.

Doktor bütün görkəmi ilə bu adın qarşısında öz ehtiramını bildirdi:

– O sənə modelini vermişdi?

– Yox, demişdi ki, qəfəs iri olsun, orda sarıköynəklər yaşayacaq.

Həkim təzədən qəfəsə baxdı:

– Bu qəfəs sarıköynək üçün yaramaz.

– Niyə yaramır, lap yaxşı yarayar, – deyə Baltasar uşaqların üzük qaşı kimi araya aldığı qəfəsə yaxınlaşdı, – hər şeyi ölçüb-biçmişəm.

O, barmağı ilə qəfəsin arakəsmələrini göstərdi, sonra barmaqlarını qatlayıb arxası ilə qəfəsi danqıldatdı, ətrafa melodik bir cingilti yayıldı.

– Bundan möhkəm məftil tapa bilməzsən, hər biri ayrılıqda lehimlənib, bərkidilib, möhkəm şeydi.

Uşaqlardan biri:

– Orda lap meymun da yaşaya bilər, – dedi.

Lakin doktor təslim olmaq istəmirdi:

– Belə çıxır ki, o sənə modelini verməyib, elə bircə bunu deyib ki, sarıköynək üçün iri bir qəfəs düzəlt, eləmi?

– Elədi, – deyə Baltasar onunla razılaşdı.

– Əgər elədirsə, onda hər şeyi çox asan yoluna qoymaq olar. Biri var sarıköynək üçün qəfəs, biri də var elə-belə iri qəfəs, kim deyə bilər bu onun sifariş verdiyi qəfəsdi?

Baltasar özünü itirərək:

– Elə həmin qəfəsdi, – deyə mızıldadı. – Niyə, düzəltdiyim qəfəsi tanımıram?

Doktor dərindən bir köks ötürdü, deyəsən yavaş-yavaş hövsələdən çıxırdı.

Ursula mənalı-mənalı ərinə baxaraq:

– Sən təzəsini də düzəldə bilərsən, – dedi. Sonra həkimə tərəf döndü: – Fikir eləməyin, sizin üçün də düzəldər.

Doktor:

– Arvadıma bu günə söz vermişəm, – dedi.

Baltasar dedi:

– Təəssüf ki, sizə kömək edə bilməyəcəyəm. Satılmış şeyi başqasına satmaq olmaz.

Həkim çiyinlərini çəkdi. Sonra yaylıqla boynunun tərini sildi, gözlərini qəfəsə zilləyərək, bir müddət səssizcə başqalarının görmədiyi məchul bir nöqtəyə baxdı, elə bil uzaqlarda itən gəmiyə baxırdı və handan-hana:

– Bunun üçün sənə nə qədər verəcəklər? – soruşdu.

Baltasar cavab vermək əvəzinə baxışları ilə axtarıb Ursulanı tapdı. Ursula dedi:

– Altmış peso.

Həkim hələ də gözlərini qəfəsdən ayıra bilmirdi.

– Gözəl qəfəsdi. – Sonra dərindən bir ah çəkdi: – Çox gözəldi.

Sonra dodağında təbəssüm, yaylıqla üzünü yelləyə-yelləyə qapıya sarı yönəldi. Qapını açıb küçəyə çıxanda bu epizodla bağlı xatirələr də həmişəlik olaraq yaddaşından silinib getdi, elə bircə bunu dedi:

– Montel çox varlıdır.

Əslində Xose Montel göründüyü qədər də varlı deyildi, ancaq varlanmaq üçün hər şeyə hazır idi. O bir neçə küçə aralıdakı, ağzınacan müxtəlif satlıq malla dolu evində oturub, Baltasarın yeni qəfəsi haqqındakı söhbətlərə məhəl qoymadan şirin-şirin mürgü vurmaqdaydı. Montelin həmişə xəstə, ölüm haqdakı düşüncələrdən üzulüb əldən düşmüş arvadı isə günorta yeməyindən sonra qapı və pəncərələri kip örtərək, alaqaranlıq otaqda gözüaçıq, tərpənmədən uzanmışdı. Onları yuxudan səs-küy oyatdı. Montelin arvadı durub qapını açanda evin qarşısında bir dəstə adam gördü, üzü yenicə qırxılmış, başdan-ayağa ağ geyinmiş, əlində qəfəs tutmuş Baltasar da onların arasındaydı. Varlı evinə gələn bütün yoxsulların sifətində olduğu kimi onun üzündə də sadəlövh bir hörmət ifadəsi vardı.

– Bu ki əsl möcüzədi, – deyə Xose Montelin arvadı Baltasarı darta-darta otağa gətirdi. – Ömrümdə belə şey görməmişəm.

Və Baltasarın ardınca otağa soxulan adamların özbaşınalığından qəzəblənərək:

– Yox, yaxşısı budur, eyvana apar, – dedi. – Yoxsa qonaq otağını yaman günə qoyarsız.

Baltasar Xose Montelin evində əvvəllər də olmuşdu, onu bir neçə dəfə xırda-para dülgərlik işlərinə çağırmışdılar. Amma Baltasar varlıların evində özünü həmişə narahat hiss edirdi. O həmişə varlıların eybəcər və deyingən arvadları, diləgəlməz xəstəlikləri, möcüzəli operasiyaları barədə düşünur və düşündükcə bir o qədər onlara yazığı gəlirdi.

Baltasar qəfəsi stolun üstünə qoyaraq soruşdu:

– Pepe evdədir?

Xose Montelin arvadı cavab verdi ki, Pepe məktəbdən qayıtmayıb hələ, amma tezliklə gəlməlndir. Sonra əlavə etdi ki, Montel yuyunur.

Əslində Xose Montelin yuyunmağa vaxtı yoxdu, kamforlu spirtlə tələm-tələsik üz-gözünü silirdi ki, çıxıb görsün nə olub, bu nə səs-küydü belə. Xose Montel çox sayıq adam idi, o qədər sayıq idi ki, hətta bürkülü günlərdə yatanda elektrik sərinkeşini işə salmırdı ki, dızıltısı evdəki səsləri, xışıltıları izləməyə mane olmasın.

– Adelaida, – deyə o, arvadını səslədi. – Nə olub yenə?

Arvadı:

– Gəl gör nə əntiqə şeydi! – qışqırdı.

Kök, sinəsi tüklü, boynuna dəsmal salmış Xose Montel yataq otağının pəncərəsindən boylandı.

– Bu nədir?

– Qəfəsdi. Pepe üçün düzəltmişəm, – deyə Baltasar cavab verdi.

Xose Montelin arvadı heyrətlə Baltasara baxdı:

– Kimin üçün dedin?

Baltasar:

– Pepe üçün, – deyə bir də təkrar etdi. Sonra Xose Montelə baxdı. - Bu qəfəsi mənə Pepe sifariş vermişdi.

Əslində elə bir şey olmadı, amma Baltasara elə gəldi ki, hamamın qapısını açdılar. Xose alt tuman-köynəkdə yataq otağından çıxdı.

– Pepe!

Arvadı pıçıltı ilə:

– O hələ gəlməyib, – dedi.

Qapının ağzında Pepe göründü. On iki yaşlarında bir uşaq idi, anası kimi uzun kirpikləri, sakit bir iztirab oxunan sifəti vardı.

– Bura gəl, – deyə Xose Montel onu çağırdı. – Bu qəfəsi sən sifariş vermisən?

Oğlan başını aşağı dikdi. Xose Montel onun saçlarından yapışaraq düz gözlərinin içinə baxmağa məcbur etdi:

– Cavab ver!

Uşaq dinməzcə dodaqlarını gəmirirdi.

– Montel... – deyə arvadı zarıdı.

Xose Montel uşağın saçını buraxdı və özünü zorla ələ alaraq Baltasara:

– Bu işi görməmişdən əvvəl gərək mənimlə məsləhətləşəydin, – dedi. – Uşaqla sövdələşmək ancaq sənin ağlına gələ bilər.

O, danışdıqca əvvəlki dinclik ifadəsi yavaş-yavaş sifətinə qayıdırdı. O, qəfəsə baxmadan stolun üstündən götürüb Baltasara verdi:

– Götür apar burdan, kimə istəyirsən sat, özü də sən allah dinməzcə get, mənnən höcət eləmə, – əlini Baltasarın kürəyinə vurdu. – Mənə əsəbiləşmək olmaz, həkimlər icazə vermir.

Oğlan quruyub yerindəcə qalmışdı. Baltasar əlində qəfəs çaşğınlıqla ona baxdıqda uşaq xırıldayıb özünü yerə çırpdı və qışqırmağa başladı.

Anası Pepeni sakitləşdirməyə çalışırdı, Xose Montel isə laqeyd-laqeyd yerdə çabalayan uşağa baxırdı:

– Qaldırma onu, – dedi. – Qoy başını partlatsın, bəlkə ağlı başına gələ.

Uşaq qışqırırdı, amma gözündən bir damcı da yaş çıxmırdı, anası isə onun əllərini tutmuşdu.

– Burax onu! – deyə Xose Montel bir də təkrar etdi.

Baltasar uşağa elə baxırdı, elə baxırdı ki, sanki can verməkdə olan xəstə heyvana baxır. Saat dördə az qalırdı. Bu vaxtlar Ursula onun evində soğanı doğraya-doğraya qədim, çox qədim bir mahnını oxuyur.

Baltasar dedi:

– Pepe.

Sonra oğlana tərəf addımladı və təbəssümlə qəfəsi uşağa uzatdı. Oğlan bir anda sıçrayıb ayağa qalxdı, hər iki əli ilə az qala özü boyda olan qəfəsi götürdü, ta bilmədi nə desin, sevincini necə bildirsin, metal məftillərin arasından gözlərini Baltasara zillədi. Bu vaxt ərzində onun gözlərindən bir gilə də yaş axmadı.

Hamı donub yerindəcə qalmışdı, birinci Xose Montel özünə gəldi:

– Baltasar, mən sənə demişdim ki, apar qəfəsi burdan.

Lakin Baltasar ona məhəl qoymadan qapıya sarı addımladı. Xose Montel onun ardınca düşdü, qarşısını kəsərək:

– Gicləmə, ay kişi, – dedi. – Zibilini götür apar, bir də belə axmaqlıq eləmə, onsuz da pulunu verməyəcəyəm, heç bircə sentavo da görməyəssən.

– Eybi yoxdu, – deyə Baltasar cavab verdi. – Mən bunu Pepeyə hədiyyə verirəm. Bu qəfəs üçün onsuz da pul almayacaqdım.

Baltasar qapının ağzını kəsdirib durmuş adamları yara-yara küçəyə çıxdı. Xose Montel isə hələ də qonaq otağının ortasında durub onun ardınca bağırırdı, ağappaq ağarmışdı, gözləri isə yavaş-yavaş qanla dolurdu.

– Ay axmaq, – deyə o qışqırırdı. – Bu saat apar zibilini burdan! Apar deyirəm sənə. Bircə o qalmışdı ki, evimdə öz dediyinizi yeridəsiz, görüm sizi lənətə gələsiz!..

Bilyard oynanılan yerdə Baltasarı təntənəylə qarşıladılar. Bu vaxtacan Baltasar bircə onu bilirdi ki, düzəltdiyi qəfəs əvvəlkilərdən yaxşıdı və o, bu qəfəsi Xose Montelin oğluna hədiyyə verməlidi ki, uşaq ağlamasın. Lakin camaatın sevincini görəndə Baltasar başa düşdü ki, çoxları üçün bu, olduqca böyük hadisədi və bunu başa düşər-düşməz həyəcana gəldi.

– Deməli, qəfəs üçün sənə əlli peso verdilər?

– Altmış, – deyə Baltasar cavab verdi.

Ona bir stəkan pivə uzatdılar və o buna cavab olaraq hamı üçün pivə sifariş verdi.

Ömründə ilk dəfəydi içirdi, ona görə axşama yaxın artıq tamam keflənmiş, fantastik bir layihədən dəm vurmağa başlamışdı: min qəfəs düzəltsəm, hərəsi altmış pesodan elər... yox, azdı, onda milyon qəfəs, hərəsi altmış pesodan, bu da elər 60 milyon peso.

– Nə qədər varlılar hələ sağdı, çoxlu qəfəs düzəltmək lazımdı ki, onlara satmağa macal tapaq. – Baltasar nə danışdığını heç özü də yaxşı dərk etmirdi. – Onların hamısı xəstədilər, tezliklə öləcəklər, gör bir işləri necə xarabdı ki, onlara heç həyəcanlanmaq da olmaz.

Musiqi avtomatı onun hesabına düz iki saat aramsız musiqi çaldı. Hamı onun sağlığına içirdi, ona uzun ömür, varlılara isə ölum arzulayırdılar, lakin şam yeməyi vaxtı Baltasar tək qaldı.

Ursula üstünə narın soğan doğradığı qızardılmış ət yeməyi ilə saat səkkizə qədər onun yolunu gözlədi. Sonra xəbər gəldi ki, bəs Baltasar bilyard oynanılan yerdə hamını pivəyə qonaq edir, özü də lül-atəşdi, sevindiyindən deyəsən başına hava gəlib, amma Ursula bu xəbərə inanmadı, çünki bu vaxtacan Baltasarın dilinə içki dəyməmişdi. O, yatağa uzananda artıq gecəyarı idi – Baltasar açıq səmanın altında çilçırağa qərq olmuş bir yerdə oturmuşdu, yanında stollar, hər stolun dövrəsində dörd stul, rəqs meydançası; amma rəqs meydançasında heç kəs yoxdu, bircə danquşular gəzişirdilər. Onun sifəti dodaq pomadasından ləkə-ləkə olmuşdu, amma özü bundan xəbərsiz idi, yerindən tərpənməyə halı yoxdu, amma fikirləşirdi ki, indi eyni vaxtda iki qadınla çarpayıya uzanmaq çox yaxşı olardı. Az keçmiş o, artıq küçənin ortasında uzanmışdı. Gecənin bir aləmində hiss elədi ki, ayağından çəkmələrini çıxardılar, amma heç qımıldanmadı, çünki həyatının ən gözəl yuxusundan ayrılmağa heyfi gəlirdi. Səhər ibadətinə tələsən arvadlar ona baxmağa qorxurdular: onlara elə gəlirdi ki, Baltasar ölüb.