Elektron ədəbiyyat və sənət portalı

Saday Budaqlının “Yolüstü söhbət” kitabı təqdim olundu

Bölmə: Ədəbiyyat 23.11.2015

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Afaq Məsud açdı:

– Sadayla ilk dəfə 1978-ci ildə Zuğulbada keçirilən “Gənc ədiblərin yaradıcılıq seminarı”nda tanış olmuşuq. Bu seminarda gənc yazarlar öz şeir və hekayələrini oxuyur, sonra müzakirələr keçirilirdi. Sadayın yaradıcılığı ilə də ilk tanışlığım o vaxt baş verdi. O hekayənin adını indi xatırlamıram, amma hələ də bir uşağın, ölümü ilk dəfə duymasının fərqli bədii incəliklərlə, ağsaqqal yazıçı təmkini və səbiri ilə təsvir olunduğu o hekayənin təsiri altındayam. Ədəbiyyat budur. Bəli, yazıçı öz təsdiqini bircə hekayədə tapır. Saday çox az yazır, lakin yazdıqları yaddaşlarda uzun müddət yaşamağa qadirdir. Saday, nəyin bahasına olursa olsun, gündəmdə qalmağa, tanınmağa meyilli olmayan, ədəbiyyata qazanc və şöhrət mənbəyi kimi baxmayan, şəxsiyyətini, qürurunu qoruyub-saxlayan yazıçılarımızdandır. Ədəbi dəyərlərin itirildiyi, bədii kitabların çox vaxt ucuz makulaturaya çevrildiyi bir dönəmdə Saday qələmə, sözə olan sədaqətini heç nəyə dəyişmədi, öz sakit ədəbiyyat ərazisində yaşayıb-yazmağına davam elədi. Bu gün 60 yaşının tamamı münasibəti ilə Mərkəzin nəşr etdiyi bu kitab, Sadayın iyirmi beş ildə latın qrafikasında nəşr olunan ilk kitabıdır.

Sadayın həyatı barədə qısa biblioqrafik məlumat onun, səksəninci illərin əvvəllərində Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldığını və bu qısa müddət ərzində - 1982-86-cı illərdə Rusiya ədəbi mətbuatının bir neçə nüfuzlu ödüllərinə - 1982-ci ildə Moskvanın “Nedelya” həftəlik məcmuəsinin laureatı, həmin ildə “Drujba Narodov” jurnalının “İlin ən yaxşı hekayəsi” mükafatı, 1986-cı ildə Moskvada nəşr olunan “Uduş” kitabına görə Maksim Qorki adına Ümumittifaq Mükafatına layiq görüldüyünü fiksə edir. Ümidvarıq ki, yazıçı Azərbaycanda da öz layiqli qiymətini alacaq.

Saday həm də gözəl bədii tərcüməçidir. Onun tərcümələri hər zaman yazıçı nəfəsi ilə, yad əcnəbi düşüncəni Azərbaycan dilinin bütün bədii imkanları çərçivəsində ala bilmək bacarığı ilə seçilir. Onun M.Bulqakov, Y.Kavabata, Q.Markes, M.Lyosa, X.Onetti, K.Sela, M.Delibes kimi bir-birindən fərqli ədəbi üslub daşıyıcılarının əsərlərindən ərsəyə gətirdiyi tərcümələr, milli bədii tərcümə sənətimizin inciləri sırasındadır. 2009-cu ildə Saday Budaqlı M. Bulqakovun “Master və Marqarita” romanına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb”.

Daha sonra yazıçının həmkarları, iş yoldaşları çıxış edərək, Saday Budaqlının yaradıcılığı barədə fikirlərini bölüşdülər, yubilyarı təbrik edib, ürək sözlərini bildirdilər.

Zakir Fəxri:
Saday kitabın adını “Yolüstü söhbət” qoyub. Bəli, bəzən, söhbətləşməyə, dərdləşməyə heç nə olmur, yeganə qalan sözdür. Mən belə düşünürəm ki, Sadayın bir xoşbəxtliyi də ondadır ki, gələcək nəsillər söhbətləşməyə adam axtaranda onun yazılarını oxuyacaqlar. O ki qaldı az yazmağına, yazı zamansızdır, zamansız olduğu üçün, sənə verilən istedad da zamansızdır. Saday Azərbaycanda ciddi ədəbiyyat adamlarındandır. Bu, artıq yazıçı qələbəsidir.

Yaşar Əliyev:
Ədəbiyyatda meyar, kəmiyyət yox, həmişə keyfiyyət olub. Yəni yazıçı nəinki bir kitab, hətta bir hekayə ilə də ədəbiyyatda qala bilər. Bu mənada Sadayın, bəlkə də ən böyük xoşbəxtliyi ondadır ki, nə yazıbsa yaxşı yazıb, heç vaxt sözə xəyanət etməyib. Sadayın son kitabında toplanan əsərlərə gəlincə, mən burda maraqlı bir məqamla rastlaşdım. Bu gün biz onun həm də 60 yaşının işığına yığışmışıq. Və o kitabda müxtəlif illərdə – 20, 30 il əvvəl yazılmış əsərlər də mənə 60 yaşlı müəllifin əsərləri kimi göründü. Deməli, Sadayın bir vaxtlar yazdıqları özündən xeyli yaşlıymış. Və deməli, müdriklik heç də yaşla bağlı deyil.

Xanım İsmayılqızı:
Mən çox sevinirəm ki, Tərcümə Mərkəzində Saday Budaqlı kimi bir yazıçı və dəyərli bir insanı tanıdım. Son dəfə “Aydın yol” qəzetində hekayənizi oxudum, çox xoşuma gəldi. Yəni yaxşı əsərlər silsiləsi davam edir. Bütün təbriklərə qoşuluram və mən də dostlar deyəni söyləmək istəyirəm: bir az çox yazın!

Zahid Sarıtorpaq:
Mənə Sadayla bir yerdə oxumaq qismət olub. Gənclik illərimizdə biz bir qədər dəlisov olmuşuq, amma Saday əvvəldən ciddi idi. İndi Allah qismət elədi, bir yerdə işləyirik. “Aydın yol” qəzetində bu yubileylə bağlı fikirlərimizi bildirəndə mən belə bir ifadə işlətdim: adama elə gəlir, zaman bir gün ədəbi mühitə hayqıracaq ki, kim yatmış, kim oyaq? Onda dillənən beş-üç imza içindən Saday Budaqlının da səsi ucalacaq: buyur, burdayam!.. Amma bunu cırtdan kimi qorxa-qorxa deməyəcək, bir div kimi hayqıracaq və sütun kimi dikələcək. Saday, sən artıq 7-ci qapını döyüb içəri girmisən, ən sehrli məkan buradır və ən gözəl əsərlərini burda yazmalısan. 60 yaşın mübarək!

Əlisəmid Kür:
Sadayın ilk oxuduğum əsəri “Firuzə qaşlı üzük” hekayəsidir, səhv eləmirəmsə, 1986-cı il idi. Elə həmin dövrdən onu bir yazıçı kimi kəşf etdim. Onun təhkiyəsi çox xoşuma gəlir. Bir insan kimi isə onu ikimiz bir otaqda oturandan bəri daha yaxşı tanıyıram və məndən yaşca balaca olsa da, həmişə ondan ciddilik öyrənirəm.

İlqar Əlfi:
Sadalanan nailiyyətlərin hansı dəyərdə olduğunu o dövrün adamları yaxşı bilir. Yəni biz bilirik ki, o dövrdə Qorki mükafatı almaq nə demək idi. Saday zəngin insandır. Ümumiyyətlə, az danışan insanlar zəngin olur. Həmişə ağzını açanda hiss edirəm ki, maraqlı nəsə danışacaq. İndi hər yaşadığımız gün tarixdir. Oxucular bu hadisələri Sadayın əsərlərində oxumağa tamarzıdırlar, yazıçı gərək onları sevindirsin. Arzu edirik ki, Saday yeni-yeni əsərlər yazsın.

Mahir Qarayev:
Mən Sadayla burda oturanların hamısından gec tanış olmuşam, yazılarını saytlarda oxudum, bura gələndən sonra kitabını istədim, məlum oldu ki, bu cür yazıçının düzəməlli kitabı yoxmuş. Biz indi oturub deyirik, danışırıq, bu, tamam başqa şeydir, amma tarixdə qalan bu kitab olacaq. Bu kitaba görə təbrik edirəm, Saday!

Etimad Başkeçid:
Bəlkə də kənardan baxan elə bilər ki, biz iş yoldaşımızdı deyə bu sözləri Saday Budaqlıya ünvanlayırıq, amma o, həqiqətən dəyərli yazıçıdır. Azərbaycanda beş-on ədəbi imza var ki, oxucu da, ədəbiyyatçı da onun yazısına inanır. İnsanın bir istedadı da ondadır ki, başqa bir yazıçıya dəyər versin. Bu mənada Saday, necə deyərlər təkcə oxucuların yox, həm də yazıçıların yazıçısıdı.

Nəriman Əbdülrəhmanlı:
Sadayı 30 ildir tanıyıram, həqiqətən də Sadaydan ədəbiyyata münasibətdə çox şey öyrənmişik. Mən də qeyd etmək istəyirəm ki, ən böyük savab bu kitabdır. Yazıçı susduğunu yazır, deməli, bu mənada Saday həyatda çoxdanışan adamdır. Sadayın itirdikləri çoxdur, amma əsas bir şeyi qazanıb ki, bu gün ciddi yazıçı kimi tanınır.

Tofiq Qaraqaya:
Ciddi ədəbiyyatın meydanı həmişə dardır, yəni onun keyfiyyət əmsalı nə qədər çoxdursa, təəssüf ki, kəmiyyət əmsalı - oxucuların sayı bir o qədər azdır. Söhbət seçkin yazarların oxucularından gedir. Saday ciddi yazıçıdır. Bircə onu bilirik ki, onun itirdikləri, nə qədər ağrılı olsa da, tapdıqlarına – indi bu kitaba toplanan bir-birindən dəyərli əsərlərin və bir sıra gözəl tərcümələrin araya-ərsəyə gəlməsinə çox həssaslıqla, zərgər dəqiqliyi ilə hesablanıbmış...

Hələ Miladdan çox-çox öncələrdən günümüzə baş alıb gələn belə bir diri söz var: simya, yəni əlkimya. Bu, dünyanı elmi yollarla deyil, metafizikcəsinə qavramaqla, deyək ki, dəmiri qızıla, daşı bəngüdaşa, otu həyat otuna, bir sözlə, əbədiyaşarlığa, iksirə, ölümsüzlüyə, əbədiyyətə çevirmək iddiasıyla həyata keçirən təcrübələrlə hesablanan dünyagörüşüdür. Bu mənada mən Sadayı bu dünyagörüşünün daşıyıcısı, söz kimyagəri hesab edirəm.

Burada onun az yazmasından, hətta heç yazmamasından danışdılar. Amma bəzən yazmaq – yazmamaq, bəzən də yazmamaq, yəni susmaq elə yazmaqdı. Bu, ciddi olan sənətin, necə deyim, kriteriyasıdır...

Səxavət Sahil:
Təbrik eləyirəm. Mən həmişə Saday müəllimə “sənətkar-müəllim” demişəm, bu kitabı da bir redaktor kimi sevə-sevə oxudum. Ən çox sevdiyim əsər “Şəbəkə” povesti oldu. Bir daha 60 yaşını və yeni kitabını təbrik edirəm.

Kəmalə Cəfərzadə:
Saday Budaqlının imzasını mən gənclik illərindən tanıyıram. Onunla tanışlığımızın tarixi isə çox qısadır. Mən bu dəyərli ziyalımızı, bənzərsiz qələm sahibini Mərkəzdəki işbirliyimiz zamanı tanıdım. Təəssüf edirəm ki, nəşrə hazırlıq prosesində bu kitabı sürətlə, qısa bir müddətdə, sadəcə iş kimi oxudum. Buna baxmayaraq, kitabda insan mənəviyyatını, Azərbaycan insanının psixologiyasını, hətta ağacların dilini belə gözəl bilən təbiət vurğunu, mükəmməl bir qələm sahibi gördüm. Hamı dedi ki, Saday müəllim az yazır, mən deyərdim ki, az yazın, amma həmişə belə sanballı yazın.

Bəhlul Abbasov:
Sadayla biz tələbə olanda eyni məhəllədə yaşamışıq. Amma Tərcümə Mərkəzinə gəldikdən sonra onu daha yaxından tanıdım. İlk növbədə özümü şanslı sayıram ki, gəldim, burda belə gözəl insanlarla tanış oldum. Mən də öz növbəmdə Sadayı təbrik eləyirəm. Çox yazsın, oxucularını tez-tez sevindirsin.

Təranə Məmmədova:
Saday Budaqlı imzası ilə çox-çox illər əvvəl rastlaşmışdım və yazılarını oxumuşdum. Tale elə gətirdi ki, biz bir yerdə işlədik. Mən onun çox az insanlara xas olan şəxsi keyfiyyətlərini yüksək dəyərləndirirəm. Hətta belə düşünürəm ki, onun insani keyfiyyətləri yaradıcılığından belə üstündür.

Bəlkə də bu gün müasir gənclik “Yolüstü söhbət”i dəyərləndirə bilməyəcək. Amma inanıram ki, 5-10 il sonra geriyə boylanan oxucular bu kitabın əsl qiymətini verəcəklər. Mən isə 5-10 il sonra yox, elə bu gün Saday müəllimə bu kitaba görə çox sağ olun, deyirəm və ona yaradıcılıq uğurları arzulayıram.

Saday Budaqlı:
Mən xoşbəxt adamam ki, həmişə qarşıma yaxşı insanlar çıxıb. Daim hamıdan yaxşılıq görmüşəm. Və bu mənada özümü hamıya borclu hesab edirəm. Mən həmişə üzərimdə Afaq xanımın qayğısını, diqqətini hiss etmişəm. Bir dost kimi, bir yazıçı kimi sağ olun. Bu kitabı da 60 yaşıma ən böyük hədiyyə hesab edirəm.