Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan Prezidenti İlham Əliyev Çinə rəsmi səfər edib

Bölmə: Beynəlxalq 11.12.2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfərə gedib.

Prezident İlham Əliyevi Çin Xalq Respublikasının Sədri Si Cinpin qarşıladı.

Prezident İlham Əliyevin Ümumçin Xalq Nümayəndələri Yığıncağında – parlamentdəki rəsmi qarşılanma mərasimində dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzüldü.

Çinin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Sədr Si Cinpinə təqdim olundu.

Hərbi orkestrin ifasında Azərbaycanın və Çinin dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Əllərində Azərbaycanın və Çinin bayraqları olan uşaqlar dövlət başçılarını salamladılar.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannaməsi”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Çinin xarici işlər naziri Van İ imzaladılar.

“Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə”ni Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Çinin ədliyyə naziri Vu Ayyin imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında fitosanitar əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Çinin kənd təsərrüfatı naziri Xan Çanfu imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında mülki hava nəqliyyatına dair Saziş”i “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) prezidenti Cahangir Əsgərov və Çinin Mülki Aviasiya Administrasiyasının rəhbəri Li Ciasyan imzaladılar.

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Çinin təhsil naziri Yuen Quyren imzaladılar.

“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Çinin nəqliyyat naziri Yan Çuantan imzaladılar.

“Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi üzrə Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Çinin kommersiya naziri Quan Xuçen imzaladılar.

“Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Çin Xalq Respublikasının Enerji İdarəsi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov və Çinin Energetika üzrə Dövlət İdarəsi rəisinin müavini Çen Şan Zye imzaladılar.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş”i “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Çinin Milli Dəmir Yolu Administrasiyasının rəhbəri Lu Donfu imzaladılar.

***

Dekabrın 10-da Çin Xalq Respublikasının Sədri Si Cinpinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul verilib.

***

Səfər çərçivəsində Prezident İlham Əliyevin Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Keçyan ilə də görüşü olub.

Dövlət Şurasının Baş naziri Li Keçyan Azərbaycan Prezidenti İlham Əliyevi Çində görməkdən məmnun olduğunu dedi. O, ölkələrimiz arasında diplomatik münasibətlər yaranandan ikitərəfli əlaqələrimizin inkişaf etdiyini və bu səfərin də əməkdaşlığın genişlənməsinə yeni təkan verəcəyini vurğuladı. Dövlət Şurasının Baş naziri Çin şirkətlərinin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri, böyük enerji potensialı olan Azərbaycanda infrastruktur, istehsal, energetika, dəmir yolu və texnoparkların yaradılması sahələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirdi. O, ölkəsinin Azərbaycanın təbii sərvətlərinin işlənilməsində, neft-qaz emalı sahəsində yaxından iştirak edə biləcəyini diqqətə çatdırdı. Li Keçyan humanitariya, təhsil, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin mümkünlüyünü qeyd etdi.

Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Çinə dövlət səfərinin nəticələri ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq.

Azərbaycanın Çin ilə əməkdaşlığa böyük önəm verdiyini deyən dövlətimizin başçısı ölkələrimiz arasında fəal siyasi əlaqələrin olduğunu, beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edildiyini diqqətə çatdırdı. Azərbaycanın Çin ilə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlıq üçün yaxşı potensialın olduğunu vurğuladı, Çin şirkətlərini investor və podratçı qismində Azərbaycanda fəaliyyət göstərməyə dəvət etdi. Dövlətimizin başçısı Azərbaycanın sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etdi. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı Azərbaycanın da qədim İpək Yolu üzərində yerləşdiyini dedi, Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamızın əlverişli coğrafi mövqeyə, infrastruktur imkanlarına malik olduğunu bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər. Bu sahədə Azərbaycan öz töhfəsini verməyə hazırdır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit dəhlizi layihələrində mühüm rol oynaya bilər və artıq bu sahədə konkret addımlar atır.

Prezident İlham Əliyev ölkəmizdə nəqliyyat infrastrukturuna fəal şəkildə investisiya yatırıldığını, bunun həm də qonşularımız və tərəfdaşlarımız üçün faydalı olacağını qeyd etdi. Dövlətimizin başçısı informasiya-kommunikasiya texnologiyaları, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirdi.

Siyasi sahədə də əlaqələrimizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev mühüm məsələlərdə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına “Dialoq üzrə tərəfdaş” statusunda qoşulduğunu vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən biridir. Bundan əlavə, ölkələrimiz BMT-də və digər beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edir.