Elektron ədəbiyyat və sənət portalı

Məşhur kitabların sirləri

Bölmə: Art 09.08.2018

Demək olar ki, bütün məşhur bədii əsərlərin özü­nəməxsus sirr pərdəsi var. Belə əsərlərdən bir neçəsini təqdim edirik:

İngilis yazıçısı Aqata Kristinin "Ağ at mülkü" po­vestində təsvir etdiyi talli adlı nadir zəhər bir nəfərin həyatını xilas edib. Belə ki, 1977-ci ildə London xəstəxanalarından birinə na­məlum xəstəliyə tutulmuş bir qız gətirilir. Povesti yenicə oxumuş tibb bacılarından biri qızın talli ilə zəhərləndiyini başa düşür. Beləliklə, xəstəni xilas etmək mümkün olur.

Rey Bredberinin "Frangeyt üz­rə 451 dərəcə" romanının adı təsadüfi seçilməyib. Bredberi kağızın məhz bu hərarətdə öz-özünə alışıb yandığını zənn edirmiş. Bu səhv informasi­yanı ona yanğın xidmətində işləyən dostları vermişdi. Əslin­də isə kağızın alovlanması üçün temperatur Selsi üzrə 450 dərə­cədən bir qədər artıq olmalıdır.

Corc Oruellin "1984" roman-antiutopiyasında dəfələrlə vurğuladığı məşhur "İki dəfə iki bərabərdir beş" düsturu müəllifin ağlına Sovet İttifaqında bir vaxtlar məşhur olan "Beşil­lik planı dörd ilə yerinə yetirək!" şüarını eşidəndə gəlib.

Lev Tolstoy "Hərb və sülh" romanına inamsız münasi­bət bəsləyib. O, 1871-ci ilin yanvarında Afanasi Fetə be­lə bir məktub göndərib: "Çox xoşbəxtəm. Bir də heç vaxt "Hərb və sülh" kimi sicilləmə yazmayacam".

Coan Roulinq "Harri Potter və fəlsəfi daş" romanını 1995-ci ildə bitirəndən sonra ədəbi agent əlyazmanı 12 nəşriyyata göndərib, amma hamı ki­tabın çapından imtina edib. Yalnız bir ildən sonra Londo­nun kiçik "Bloomsbury" nəş­riyyatı təkliflə razılaşıb. Am­ma nəşriyyatın baş redaktoru əmin idi ki, Roulinq uşaq ki­tabları ilə uğur qazana bilməyəcək, hətta ona dolanışıq üçün yaradıcılıqdan savayı nəsə bir işlə məşğul ol­mağı da məsləhət görmüşdü.

Yan Fleminq Yamaykada quşları müşahidə edən vaxt Ceyms Bond adlı bir ornitoloqun kitabı ilə tanış olub. Bu ad qısalığı, qeyri-romantikliyi və çox adiliyi ilə onun gələ­cək “Royal kazinosu” roma­nının qəhrəmanı üçün münasib ada çevrilib. Bu fakt "Öl, ancaq indi yox" filmində də öz əksini tapıb. Belə ki, filmdə xəfiyyə Ceyms Bond Kubaya məhz ornitoloq Ceyms Bond adı ilə gedir.

Mark Tven iddia edirdi ki, onun "Tom Soyyerin macə­raları" romanı yazı makinasında yazılan ilk ədəbi əsərdir. Amma tədqi­qatçılar iddia edirlər ki, makinada ilk yazı Tvenin özü­nün "Missisipidə həyat" əsə­ri olub.

“Min bir gecə nağılları”nda Ələddin ilk əvvəl milliyyətcə çinli olub.

Edqar Allan Ponun 1938-ci il­də qələmə aldığı "Artur Qordon Pimin macəraları haq­qında povest" hekayəsində gəminin qasırğaya düşdüyü və cəmi dörd dənizçinin sağ qaldığı epizod var. Dənizin ortasında sal üzərində qalan dənizçilər ərzaqları olmadığından püşk atmaqla bir nəfəri yemək qərarına gəlirlər. Həmin qur­ban isə Riçard Parker olur. 1984-cü ildə isə gerçəkdən gəmi batır və dörd nəfər qayıqda xilas olur­. Həmin dənizçilərin Ponun hekayəsini oxuyub-oxumadıqları məlum deyil, amma nəticədə acından ölməmək üçün onlar da adı məhz Riçard Parker olan mat­rosu yeyiblər.

Ceyn Osten 1811-ci ildə "Vüqar və qərəz" romanı üzərində işləməyə başlayanda hələ 21 yaşı tamam olmamışdı. Odur ki, naşirlər bu müəllifə ciddi yanaşmayaraq, əlyazmasını geri qaytardılar. Yazıçı yalnız 15 ildən – "Ağıl və hiss" romanı uğur qazanandan sonra nə­hayət, həmin o ilk əsərini də nəşr etdirə bildi.