Elektron ədəbiyyat və sənət portalı

Antuan de Sent-Ekzüperinin duası

Bölmə: Azad ərazi 18.08.2018

Bu duanı məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperi həyatının ən ağır günlərindən birində yazıb. Yazıçının qələmə aldıqları mühüm məsələlərdən bəhs edir, insanın qəlbinə və şüuruna dərin təsir göstərir:

 “İlahi, səndən möcüzə və ilğım yox, yaşadığım hər gün üçün güc istəyirəm. Mənə xırda addımlarla irəliləmək bacarığı öyrət. Adi günlərin qarma-qarışıqlığında kəşflər və təcrübələr üzərində vaxtında müşahidə aparmaq qabiliyyəti ver. Mənə ömür möhlətimdən düzgün istifadə etməyi öyrət. Mənə əsas və ikinci dərəcəli şeyləri ayırd etmək üçün incə duyum bəxş elə. Həyatda uçmamaq və sürünməmək, günün axarını ağılla nəzarətdə saxlamaq, zirvələri və ənginlikləri görmək, arada sənətdən zövq almağa vaxt tapmaq üçün mənə təmkin bəxş elə. Mənə arzuların heç də həmişə çin olmadığını dərk eləməkdə köməklik göstər. Nə keçmiş, nə də gələcəklə bağlı arzular istəyirəm – yaşadığım anı ən vacib an kimi qəbul eləməkdə yardımını məndən əsirgəmə. Məni həyatda hər şeyin asan olduğu barədə sadəlövh inancdan qoru. Çətinliklərin, məğlubiyyətlərin, süqutların və uğursuzluqların sadəcə həyatın tərkib hissəsi olduğunu, onların sayəsində inkişaf etdiyimizi və kamilləşdiyimizi dərk etmək üçün mənə aydın zəka ver. Mənə tez-tez qəlbin şüurla mübahisə etdiyini xatırlat. Vacib məqamda yanıma mənə həqiqəti deməyə cəsarəti çatan, bunu sevgiylə eləyən bir adam göndər. Bilirəm ki, bir çox məsələlər həllini öz-özünə tapır: ona görə də mənə dözüm öyrət. Dostluğa nə qədər ehtiyaclı olduğumuzu bilirsən. Mənə taleyin bu ən gözəl və ən dəyərli bəxşişinə layiq olmaq imkanı ver. Lazımi məqamda, lazımi vaxtda, lazımi yerdə, kiməsə ehtiyacında olduğu hərarəti vermək üçün mənə zəngin düşüncə bəxş elə. Məni həyatın dibində olanlara həm də kömək etməyi bacaran insana çevir. Məni həyatda nəyisə itirmək qorxusundan qoru. Mənə arzuladığımı yox, həqiqətən, lazım olanı ver”.

Tərcümə edən: N.Əbdülrəhmanlı