Misir yazıçısının hekayəsi

Mahmud Teymur

Misirin görkəmli yazıçı-drama­turqu və ədəbiyyatşüna­sı Mahmud Teymur (1894-1973)  Qahirədəki Ərəb Dili Akademiyasının hə­qiqi üzvü olub. Misirdə novella janrının əsasını qoyanlardan sayılır.

 

DƏDƏ ƏRƏB

(hekayə)

İmad bəyin fermasının yaxınlığındakı kasıb yun çadırda Sü­leyman Veyd adlı bir kişi ar­vad-uşağı ilə birgə sakit həyat sürürdü. Bədəvi ərəblərdən olan ailə dolanışığını qoyun sürüsü saxlamaqla çıxarırdı. Arada tə­zə otlaq axtarışıyla bir yerdən başqa yerə köçürdülər. Adamlar həm hörmət əlaməti kimi, həm də ondan bir az çəkindiklərinə görə Süleymana “Dədə ərəb" lə­qəbi vermişdilər.

Ona qarşı belə ehtiyatlı münasibət­də nəhəng cüssəsi, enli kürəyi də az rol oynamırdı. Üzünün dərisi qupquru idi, elə bil dartılmışdı, iri ağ şalına bürünüb gedəndə kənardan baxana elə gəlirdi, dişi dəvə ləngər vurur. Ağzına tənbə­ki çubuğu alıb hansısa mahnını zümzümə eləyəndə, deyərdin bəs yanında canavar ulayır. Özündən tez çıxırdı: hirslənəndə vəhşi öküzə dönür, gözləri qıpqırmızı olurdu. Buna baxmayaraq üzü­yola adam idi. Onunla xoş dav­rananda quzu kimi olurdu, üzündən səmimiyyət, mehribanlıq yağırdı.

Altı övlad atası olan Süleyman Veyd uşaqlarına candan bağlıydı. Balalarını gecə-gündüz şərdən sipərtək qoruyurdu, onları elə bil ana kimi ağuşuna almışdı. Zəhəb adlı itini də uşaqları qədər sevərdi. Bu iti hələ südəmər küçük olanda yoldan yarımcan vəziyyətdə tapmışdı. Ona sığınacaq vermiş, böyüyənə qədər qayğısına qalmışdı.

Gün gəldi, kənardan baxan­da adamı vahiməyə salan qa­ra tüklü Zəhəb həm ailənin, həm də sürünün keşikçisinə çevrildi. Xasiyyətcə də yiyəsinə ox­şayırdı. Sərtlik tələb olunanda sərtləşir, həlimlik lazım gələndə quyruğunu bulayırdı...

...Ferma sahibi İmad bəy arva­dı, bir də tək oğlu Hamidlə kənd adamlarının “qəsr" adlandır­dığı qədim evdə yaşayırdı. Yeddi yaşlı Hamid ərköyün uşaq idi, valideynləri onu sonsuz məhəbbətlə sevirdilər. O, günlərini qulluqçu Məbrukla bir yerdə ya quş ovlayıb balıq tutmaqla, ya da kanal qırağındakı təpələrin üstündə it daşlamaqla keçirirdi.

Hamid daim itinə sataşdığına görə Zəhəblə düşmən kimiydi. Oğlan itə, it də oğlana dərin əda­vət bəsləyirdi. Hamidin gəlişini uzaqdan hiss edən kimi it qulaqlarını şəkləyir, havanı imsi­ləməyə başlayırdı. Uşaq yaxına gələndə isə it onu əvvəlcə çəpəki süzür, sonra bərkdən hürür, ar­dınca da dişlərini qıcayıb hücu­ma hazırlaşırdı. Qulluqçuların qoruduğu Hamid də Zəhəbi gö­rən kimi iti daşa basır, it üstünə cumanda isə yanındakılara sığı­nırdı.

Bir gün yenə qulluqçu Məbrukla Hamid evdən çıxıb, adətləri üzrə təpəyə oynamağa getdilər. Elə bu vaxt Zəhəb də kanala su içməyə gəlmişdi. Hamidin qəflətən atdığı daş başı su içməyə qarışmış Zəhəbi alnından tut­du. Başı qana boyanmış it vəhşi görkəmlə onu vuranı axtarmağa başladı. Daş atanın Hamid olduğunu duymuşdu…

Hamid onda qulluqçu ilə bir­gə çətin çıxılan hündür təpənin arxasında gizlənmişdi. İt onların yerini yaxşı bilirdi, üstünə daş yağmasına baxmayaraq kəsik-kə­sik hürə-hürə təpəyə dırmaşmağa başladı. Uşaq təhlükənin yaxınlaş­dığını duydu. O, əldən düşmüş, gücünü-iradəsini itirmişdi. Boğuq səslə qışqıra-qışqıra Məbruku kö­məyə çağırdı, ancaq öz canının hayına qalan Məbruk çoxdan da­banına tüpürüb qaçmışdı.

Zəhəb qarşısında boş dairə gör­dü. Qələbə qoxusu iti bir az da ürəkləndirdi. Təpənin başına çathaçatdaydı, uşaqla arası lap azal­mışdı. Gözləri qığılcım saçan, tükləri biz-biz duran itin yaxın­laşdığını görəndə Hamid tir-tir əsməyə başladı. Ancaq qəflətən hardansa canına təpər gəldi, təh­lükə qarşısında duran əsgər ki­mi cəsarətləndi. Bu yandan it də hücuma hazır dayanıb, od saçan gözləriylə düşməninə baxmağa başladı. İki düşmən bir müddət beləcə üz-üzə dayanıb baxışdı. Qıraqdan baxanda bir cüt heykələ oxşayırdılar. Elə bil heykəltəraş bu heykəlləri yaradanda onların pis iş görməyə hazırlaşdıqlarını nəzərə çarpdırmağa çalışmışdı.

Zəhəbin bu hücumu sonu oldu; onu qabaqlayan uşa­ğın atdığı daş itin başını yardı. Zəhəb büdrəyib geri getdi. Toparlanıb düşməninə yenidən cummaq istəsə də, başından axan qan gözlərinin qabağına pərdə çəkdi. İt müvazi­nətini itirdi, təpənin başından aşağı yuvarlandı, elə orada da qaldı.

Hamid çaşqın-çaşqın gözünü itin cansız cəsədinə zillədi, sonra təpə­nin yamacına yaxılmış qana tamaşa eləməyə başladı. Təpənin başından ətəyinəcən xal-xal iz qoymuş qan ləkələri yolunu azan adama bələd­çi ola bilərdi. Qəflətən uşağı acizlik hissi bürüdü. Titrəyə-titrəyə yerə çökdü. Sifətini sanki əcəl sarısı bürüdü.

***

Süleyman evinə qayıdanda çadırın­dan gələn ah-nalə, fəryad səsi canına üşütmə saldı. Nəsə bədbəxt hadisənin baş verdiyi aydın idi. Tez özünü ça­dıra salıb soruşdu:

- Nə olub?

Kimsədən səs çıxmadı. Süley­man içəridəkiləri gözdən keçirdi: ailədə hamı sağ-salamat idi. Eşiyə çıxıb sürü otlayan yerə get­di, burada da gözünə kəm-kəsir dəymədi. Elə bu vaxt Zəhəbin adəti üzrə onu qarşılamağa çıxmadığını anladı.

Çadıra qayıdıb qışqırdı:

- Zəhəb hardadır?..

Yenə dillənmədilər. Yalnız uşaqlardan biri vaysınan kimi ba­şını buladı. Artıq məsələdən agah olan Süleyman başqa sual verdi:

- Ölüb, yoxsa öldürüblər?

Arvadı sakitcə yaxınlaşıb itin başına gələnləri danışdı. O da dişlərini bir-birinə sıxıb qulaq asdı. Amma axıracan dinləməyə hövsələsi çatmadı. Qışqırdı:

- Atamın goru haqqı, o, Zəhəbi necə öldürübsə, mən də onu elə gəbərdəcəm!...

***

Üstündən neçə ay keçmişdi. İtin başına gələni adamlar çox­dan unutmuşdular, bircə Dədə ərəb unuda bilmirdi. Gecə dü­şər-düşməz fermanın həndəvə­rinə sakitlik çökəndə, canavar ovunun başına fırlanıb hücuma fürsət axtardığı kimi, o da qəsrin ətrafında xəlvətcə dolaşırdı.

Bir gecə çadırından çıxdı, iri şa­lına bürünüb İmad bəyin qəsrinə sarı yollandı. Qucağında apar­dığı bıçaq kimi iti daşlar yerişini ağırlaşdırırdı. Sakitcə qəsrin hündür hasa­rından quş kimi atıldı, pişik cəldliyi ilə hasarın o üzündəki ba­ğa düşdü. Qollu-qamətli bir ağaca dırmaşıb budaqların arasında giz­ləndi, ac qartal baxışlarıyla uşa­ğın otağına göz qoymağa başladı. Ağac uşağın pəncərəsinə yaxın idi...

Beləcə, bir saata yaxın vaxt ötdü. Birdən Hamid gülə-gülə otağa gir­di. Çox keçməmiş zala doğru qaçdı. Uşaq bir yerdə qərar tutmurdu. Sü­leyman da ağacın budaqları arasın­da təlaş içində gözləyirdi.

Nəhayət, ana oğlunu gətirib yata­ğına uzatdı. Uşaq anasının boynunu qucaqlayanda qadın əyildi, övladını öpüb bağrına basdı və qulağına nə­sə pıçıldadı. Sonra ana balasını quca­ğına alıb otaqda gəzişməyə başladı. Arabir dayanıb mehriban baxışlarla oğluna uzun-uzadı nəzər salır, onu öpdükcə öpür, otaqda o baş-bu başa gəzişirdi. Bir az sonra qadın yenə o hərəkətləri təkrarlayırdı...

Süleyman yerində dikəlib, ana-balaya bir müddət maraqla tamaşa elədi. Ana övladının gülüşlərinə ən gözəl musiqi kimi qulaq asırdı, son­ra addımlarını yavaşıdıb, incə səslə layla deyə-deyə otaqda gəzişirdi. Anasının boynundan yapışan uşaq zümzümənin avazı altında göz­lərini yumdu...

Həmin an Süleymanı qə­ribə kədər bürüdü. Ürəyi sıxıldı. Özü də hiss elə­mədən bayaqdan ətə­yində saxladığı daşlar yerə töküldü...

Bir müddət son­ra övladının yuxu­ya getdiyini ana da gördü. Hamidi ehmalca yatağına uzatdı. Üstünü ör­tüb alnından öp­dü. Barmaqlarının ucunda otaqdan çıxdı... Üzü ay işığında aydın seçilən, yatmış mələyə oxşayan uşağı Süleyman da uzun-uzadı süzdü. Həyə­candan üzünə təbəssüm gəldi. Bu təbəssüm elə bil uşağın bayaqkı gülüş­lərinə cavab idi.

Qəflətən Süleymanın ürəyinə elə bil xəncər sancdı­lar. Cəld ağac­dan yerə tullan­dı. Hasarı aşıb çadırına sarı üz tutdu. Tutduğu işə görə içində özünə dərin nifrət oyanmışdı.

Çadıra çatan kimi özünü Hamidlə yaşıd övladının yanına verdi. Onu qollarının arasına alıb qucaqladı, öpdükcə öpdü. Gözlərindən yaş axırdı...

 

 

Tərcümə edən: Şahin Ələsgərov