Şeytanla müqavilə bağlayıb... cənnətə düşmək

Bölmə: Tribuna 07.09.2018

Şeytanın bir nəfər də olsun muzdlu köməkçisi yoxdur, əks tərəfdə isə onların sayı milyonlarladır (Mark Tven).

Yazıçı dostlarımızdan birinin, basabası və hər il baş verən insan tələfatını önləmək üçün şeytana daş atma mərasimində quşatandan istifadə edilməsi təklifini oxuyub xeyli güldüm. Doğrudan da, bu ayini bir qədər nizamlı yerinə yetirmək olmazmı?

Dindar, mömin qardaşların nəzərinə: sizin dini hisslərinizə, inancınıza sayğım böyükdür. Mən burada yalnız ədəbiyyat, sənət və mədəniyyətdəki şeytan, daha doğrusu, şeytanın «yoldan çıxardığı» bir obraz – Faust haqqında danışacağam.

Onsuz da “şeytan reallıqda varmı, yoxmu” dartışmalarına sivil dünyada çoxdan son qoyulub. Burada fəlsəfənin «qızıl orta» prinsipindən çıxış edib “şeytan həm var, həm də yoxdur” deyə bilmərik. Gəlinən ortaq məxrəc odur ki, inananlar üçün var, ateistlər (Qərbdə ateizmi din kimi qəbul edən güclü bir fikir cərəyanı da mövcuddur) üçünsə yoxdur. Və insanlar bir-birinin dini hisslərinə hörmət etməlidir, vəssalam. Əks yanaşma bəşəriyyəti orta əsrlərə qaytarar, qan su yerinə axar.

Yazılı ədəbiyyatın meydana gəldiyi vaxtlardan bu yana elə bir sənətkar tapa bilməzsiniz ki, onun əsərlərində bu və ya digər şəkildə şeytanın adı keçməsin.

Orta əsrlərdə xristianların tanrısı indiki kimi tolerant deyildi, onun yer üzündəki milyonlarla köməkçisi isə şeytanla, onun başdan çıxardığı «imansızlar»la amansız mübarizə aparırdı. İnkvizisiyanın tüğyan etdiyi vaxtlarda adamı şeytanla işbirliyində günahlandıraraq tonqala atmaq üçün üç nəfərin sözü bir yerə qoyması kifayət idi. Stalin «üçlük»lərinin proobrazı haqqında düşünərkən bunu unutmamaq lazımdır.

Nə qədər qulağımızı cırmaqlasa da, deməliyik ki, Avropanın indi bizim həsəd apardığımız səviyyələrə gəlib çatmasında «şeytanla müqavilə bağlayan» adamların hədsiz rolu olub. Bu sənətkarların başında isə 1000-ci illərdə Papa seçilən II Silvestrin özü gəlir. İndi bizə qəribə görünə bilər, amma ərəblərin say sistemini öyrəndiynə və tətbiq etdiyinə, ümumiyyətlə, elmə həvəsli olduğuna  görə Silvestrin şeytana uyduğunu iddia edirdilər. Gidi dünya, bu, xristianların müsəlmanlardan elm öyrəndiyi vaxtlar idi. II Silvestrin obrazına M.Bulqakovun «Master və Marqarita» romanında da rast gəlmək olar.

Şeytanın «başdan elədiyi» ən mühüm fiqurlardan biri də Faustdur. «Faust» deyəndə Hötenin məşhur faciəsi ağıla gəlir. Amma mən Hötenin personajının prototipi olmuş gerçək Faustdan danışıram. O Faustdan ki, Şpenqler, ardınca da çoxsaylı ardıcılları bütün müasir Qərbi Avropa mədəniyyətini onun adına bağlayırlar.

Şpenqler özünün məşhur «Avropanın süqutu» əsərində Qədim dünya – Orta əsrlər – Yeni dünya tarixi dövrləşdirilməsinə qarşı çıxır. O, dünya tarixində səkkiz yetkin mədəniyyətin olduğunu bəyan edir. Bunlar Misir, hind, Babil, çin, ərəb-Bizans, yunan-Roma, maya və Faust (Qərbi Avropa) mədəniyyətləridir.    

XVI əsrin ortalarında Almaniyada yaşamış doktor İohann Faust qədər adı ədəbiyyatda, musiqidə, təsviri sənətdə, elmi araşdırmalarda əbədiləşmiş ikinci bir şəxs tapmaq çətindir. «Həşərat müəllim» ( H.Mann), «Doktor Faust» (T.Mann), «Faust» (H.Heyne) «Cek Faust» (M.Suenvik),  «Faust» (İ.Turgenev) və s. – bunlar Faust haqqında yazılmış saysız-hesabsız əsərlərin yalnız bir qismidir. Bethovendən tutmuş Şumana, Listə, Berlioza qədər onlarla, yüzlərlə musiqi korifeyi Faust haqqında ölməz əsərlər yaratmışlar. Hələ mən Faustun kinoda yaradılmış obrazlarından danışmıram…

İsa peyğəmbərin möcüzələrini təkrarlaya biləcəyini iddia etdiyinə, özünü astroloq, alim kimi qələmə verdiyinə, ənənəni, yasaqları və tabuları saya salmadıgına, öz iradəsini hər şeydən üstün tutduğuna görə hər yerdə şeytanın əlaltısı kimi qəbul edilən, hər yerdən qovulan, heç yerdə qərar tuta bilməyən Faust sonralar Avropa mədəniyyət tipinin simvoluna çevrildi.

Xalq arasında dolaşan rəvayətlərin, demək olar, hamısında  Faust cəhənnəmə göndərilir. Bu, ənənənin və kütləvi şüurun yanaşmasıdır. Hötenin təqdimatında isə sonda mələklər başıbəlalı Faustun ruhunu şeytanın əlindən alıb cənnətə aparırlar…

İndiki dünyamızda şeytan, yəqin müqavilə bağlamaq üçün adam tapmaqda çətinlik çəkir. Çünki indiki dünyamız şeytanın özünə papış tikən insanlarla doludur. Belə görünür ki, Qərbdə şeytan öz missiyasını artıq başa vurub, şərqlilər isə onu daşlamaqda davam edirlər.

Fərq yanaşmalardadır. Qərb şeytanı bütün insan naqisliklərinin mücəssəməsi, bir mədəni diskurs kimi qəbul edir və buna uyğun münasibət sərgiləyir. Yəni, naqisliklərdən təmizlən – bu elə şeytanın hiylələrindən qurtulmaq deməkdir…