Pablo Nerudanın şeirləri Salam Sarvanın tərcüməsində

 

Pablo Neruda

(Çili)

OĞUL

 

Heç bilirsənmi, oğlum,

hardan gəlmisən bizə?

Ac və ağ qağayılı

uzaq göldən gəlmisən.

 

Onunla mən

qışda  su kənarında

qıpqırmızı tonqal qaladıq:

ruhumuzu öpən dodaqlarımıza

rəhm eləmədən,

hər şeyi atdıq odun içinə,

həyatı yandırdıq alovda.

 

Bax belə gəlmisən bu dünyaya sən.

 

O, mənim yanıma gəlməkdən ötrü,

səni bircə dəfə görməkdən ötrü

böyük dənizləri üzüb keçibdi.

Mən onun belini qucaqlamaqçün

dolaşmışam Yer üzünü:

dağlarından,

qumlarından,

tikanlarından, 

müharibələrindən keçmişəm.

 

Bax belə gəlmisən bu dünyaya sən.

Sən sudan, torpaqdan,

oddan və qardan,

uzaq-uzaq yollardan

gəlmisən yanımıza,

bizi bir-birimizə qandallayan

zalım sevgidən gəlmisən.

 

İndi danış görək,

bizə deyiləsi hansı sözün var:

axı sənə bağışladığımız dünya barədə

sən bizdən daha çox bilirsən, oğlum.

 

Biz bir tufan kimi

yellətmişik həyat ağacını

ən zərif köklərinəcən

və sən yaranmısan

o uca, əlçatmaz budaqlardakı

yarpaqların mahnısı kimi:

bir vaxtlar Onunla mən

çatdıra bilmişdik əllərimizi

həmin yarpaqlara.

 

 

MƏN SƏNİ  BURDA SEVİRƏM...

 

Mən səni  burda sevirəm,

tutqun şam ağaclarında küləyin dolaşıq düşdüyü,

sərsəri dalğaların üstündə Ayın sayrışdığı,

bir-birini qaranlığa qovan günlərin uzandığı

bu yerdə.

 

Dumanda rəqs eləyir naməlum kölgələr.

Qağayı gümüş kimi parlayır

qürubun fonunda.

Arabir yelkənlər,

uca-uca ulduzlar

və gəminin qara çarmıxı görünür.

 

Tənhayam,

dan yeri söküləndə gəlirəm bura

və hətta ruhumda da duyuram rütubəti.

Səs salır, səs salır uzaq dəniz.

Bura limandı:

mən səni burda sevirəm.

 

Mən səni burda sevirəm,

nahaq gizlətsə də uzaqlar səni,

mən səni bu soyuğun içində də sevirəm.

Hərdən ağır gəmilərdə

üzür, üzür öpüşlərim:

gəmilərsə can atır

heç vaxt çatmayacaqları yerə.

Hərdən elə bilirəm, mən də unudulmuşam

paslanmış lövbər kimi.

Və bilirəm,

kədərlidi gəmilərin yan alması

gecə lövbər salanda.

 

Yamanca yorğun düşüb

mənasız, ac həyatım.

Nəyi sevirəmsə, yoxdu yanımda,

sən də, sən də elə uzaqdasan ki.

Dayanıb kədərlə baxıram

alaqaranlığın ləng enişinə.

Gecəsə yaxınlaşıb

oxumağa başlayır mənimçün.

Və Ay da işə salır

yuxu mexanizmini.

 

Gözəl gözlərinlə baxır

iri ulduzlar mənə.

 

Mən səni burda sevirəm.

Səni sevdiyimi bildiklərindən

kədərli şam ağacları küləklərin altında

oxuyurlar adını iynəli yarpaqlarıyla.

 

 

UNUTMAQ İSTƏDİKLƏRİM NƏ ÇOX

 

(sonata)

 Haçandı haralarda olduğumu soruşsalar:

“harda gəldi, olmuşam” – deyərəm.

 

Torpağı örtən daşlardan,

axdıqca yoxa çıxan çaylardan danışaram.

Mən yalnız quşların itirdiyi lələkləri,

arxada qalan dənizi,

bir də ağlayan bacımı tanıyıram.

 

Nədən bu qədər adda

torpaqlar var dünyada?

Nədən günlər bir-birini izləyir?

Nədən qaranlıq gecə çalxalanır ağızda?

Və niyə ölür adamlar?

 

Hardan gəldiyimi soruşsalar,

qırıntılardan danışaram,

zəhlətökən alətlərdən,

əksəri çürümüş nəhəng heyvanlardan,

ovuda bilmədiyim qəlbimdən danışaram.

 

Nə rast gəldiyimiz hər şey xatirədi,

nə də qocalmaq bilməyən,

unuduluşda uyuyan göyərçin:

xatirə – göz yaşıyla islanan yanaqlardı,

xirtdəyimizdəki barmaqlardı,

yerə düşən yarpaqlardı,


keçən günün – kədərli qanımız hopmuş günün

qaranlığıdı. 

 

Budur, qaranquşlar, bənövşələr

və xoşumuza gələn hər şey,

zamanın və nəvazişin gəzişdiyi

bəzəkli açıqcalarda çəkilən hər şey.

 

Amma dişlərin hasarını aşmaq olmur,

sükutun qabığını deşmək olmur,

ona görə də bilmirəm nə cavab verim:

ölənlərimiz nə çox,

Günəşin yardığı sahillər nə çox,

gəmilərin göyərtəsinə dəyən başlar nə çox,

öpüşləri sıxıb saxlayan ovuclar nə çox,

unutmaq istədiklərim nə çox.

 

 

BATIRSA HƏR GÜN

 

Batırsa hər gün hər gecədə,

deməli, işığın düşüb qaldığı

bir quyu var.

 

O quyunun dərin qaranlığının

kənarında oturmaq gərək

səbirlə tutmaqçün batmış işığı.

 

 

SONSUZ

 

Bax bu əllərimi görürsənmi...

 

Bütün torpağı ölçdüm bu əllərimlə,

yer altından minerallar çıxardım,

taxıl yetişdirdim,

sülh bağladım, müharibə yaratdım,

ən uzaq dənizlərəcən

məsafələri yox elədim

bu əllərimlə.

 

Və ancaq

mənim balam,

ey buğda dənəsi,

ey quş balası,

səni bu əllərimlə qucaqlaya bilmədim,

o bir cüt göyərçini tutmaq çabalarından

yorulub əldən düşüb

sinən üstə gah yatan,

gah uçan bu əllərim.

 

Bu əllərim hey qaçır ayaqların uzunu

dövrəsində dolanır sənin incə belinin,

sonsuzluqsan,

dənizdən də böyüksən,

həm mavisən, həm ağsan:

lap elə bil torpaqsan –

üzüm yığımı mövsümünün torpağı.

 

Mənsə sənin çeçələ barmağından

alnına qədərki genişliyində

yeriyirəm, yeriyirəm, yeriyirəm

və bütün dünyanı gəzirəm belə.

 

 

Tərcümə edən: Salam Sarvan