Elektron ədəbiyyat və sənət portalı

Prezidentlər nə oxuyur?

Bölmə: Beynəlxalq 16.08.2015

Dostoyevskini oxuyan əzabkeşlər, Çexovu sevən xeyirxahlar, Markesin pərəstişkarı olan oyunbazlar. Oxuduğumuz kitablar haqqımızda çox şey deyir.  Kitablar müəlliflərindən çox öz oxucuları haqda “danışır”. Bəlkə buna görə də çoxları kitab zövqünü ictimailəşdirməyi sevmir. “Harry Poter”in ilk nüsxələri boş üz qabığı ilə dərc olunub. Müəllif uşaq kitabı oxuyan böyükləri utandırmaq istəməyib. Teodor Ruzvelt isə əksinə, ağzıqıfıllı kitab sandığını özü ilə Ağ Evə, döyüş meydanına, ova da aparıb. Yalnız ölümündən sonra məlum olub ki, prezident bu sandıqda sevimli kitablarını, o cümlədən orijinalda oxuduğu “İliada və Odisseya”nı saxlayıb. Ruzvelt seçiciləri qarşısında həddən artıq inllektual görünməkdən çəkinib. Zamanla prezidentlərin intellektual görünmək qorxusu da yoxa çıxıb. Rus klassikasının heyranı Riçard Nikson özünü “Tolstoysevər” adlandırıb. Reyqan da əsl kitab həvəskarı olub. Şerlok Holmsun hekayələrini, Mark Tvenin romanlarını sevə-sevə oxuyan prezident Moskva səfəri zamanı Axmatova, Pasternak və Yevtuşenkonun şeirlərindən sitat gətirib.

İnformasiya bolluğu əsrində dünya liderlərinin oxuduğu kitablar artıq çoxları üçün sirr deyil. Nüfuzlu jurnallar baş nazirlərin, prezidentlərin sevdiyi kitabların siyahısını dərc edir, bəzən birinci şəxslər kitab təbliğatı kampaniyalarında da iştirak edirlər.

 

Çexov, Murakami, İsveç trilleri

Rusiya keçmiş prezidenti, hal-hazırda baş naziri olan Dmitri Medvedev hər piterli intelligent kimi çox oxuyur. Bu yaxınlarda baş nazir özünə yeni iPad alıb və yəqin ki, bundan sonra artıq müasir texnologiyaların köməyilə elektron kitablar oxuyacaq. Rusiya kütləvi informasiya vasitələrinin yazdığına görə, Medvedevin planşetinə yüklədiyi kitablar arasında isveçli yazıçı Stiq Larssonun “Əjdaha tatulu qız” romanı da var. Bu mənada baş nazir tək deyil. Larssonun kitabları 40 milyon tirajla nəşr olunub və yazıçı bu günə qədər Avropanın ən çox oxunan müəlliflərindən biridir.

İxtisasca jurnalist Larrson özü kimi jurnalist qəhrəmanı Mikael Blumkvist və onun haker sevgilisi Lisbet Salanderin başına gələn hadisələr barədə silsilə romanlar yazmaq qərarına gəlib. Ancaq Stiv dördüncü romanını qələmə aldığı il ürək tutmasından ölüb. Kitablar müəllifin ölümündən sonra işıq üzü görüb və inanılmaz uğur qazanıb. Britaniya, ABŞ, Fransa kimi onlarla ölkədə Larssonun “Əjdaha tatulu qız”, “Odla oynayan qız” və “Xəyallar qəsrini dağıdan qız” romanları satış rekorduna imza atıb.

Medvedev müasir müəllifləri daha çox məzuniyyətdə olarkən elektron variantda oxuyur. Ağır iş gününün yorğunluğundan xilas olmaq üçünsə baş nazir rus klassikasına üstünlük verir. Çexov onun sevimli müəllifləri sırasında birincidir. Medvedev mütəmadi  olaraq Bunin və Dostoyevskinin kitablarını vərəqləməyi unutmur. Müasir müəlliflər arasında Pelevin və Haruki Murakaminin əsərlərinə üstünlük verir. Tarixi romanlar da Dmitri Anatolyeviçin maraq dairəsindədir.

Ötən il MDU-nun jurnalistika fakültəsinin tələbələrilə görüş zamanı baş nazir eyni zamanda 5-7 elektron kitab oxuduğunu deyib. Siyasətçinin bu qədər asudə vaxtının olmasına ancaq qibtə etmək olar.

 

Rübailəri sevən Putin

Tarixi və avtobioqrafik əsərləri sevən Rusiya lideri Vladimir Putin maşında Vasili Klyuçevskinin “Rus tarixi haqqında” silsilə səs yazılarını dinləyir. Dövlət xadimi Sergey Vitte və filosof İvan İlin prezidentin sevimli müəllifləri arasındadır. Çıxışları zamanı o, tez-tez İvan İlindən sitat gətirir. Qeyd edək ki, bir neçə il əvvəl İlin və yazıçı İvan Şmelovun qəbirüstü abidələri Putinin şəxsi vəsaiti hesabına hazırlanıb.

Vladimir Vladimiroviçin Ömər Xəyyam heyranlığı çoxlarına təəccüblü görünə bilər. Prezident fars şairinin rübailərini oxumaqla yanaşı, onlardan bəzilərini cib dəftərçəsinə yazır. Putinin sevimli rübailəri bunlardır:

Bu fani dünyada çəkmə çox möhnət,
Xoş keçin, daima qur eyşü işrət,
Əgər bu dünyada vəfa olsaydı
Sənə başqasından çatmazdı növbət.

***

Həyatın sirrini bilsəydi ürək,
Bilərdi ölümün sirri nə demək.
Bu gün sağlığında bir şey bilməyən
Ölüb getdi, sabah nə dərk edəcək?

 

Barak Obama: bədheybətlər, pələng və Mark Tven

Obama son yüz ildə prezident kürsüsünə əyləşən ən intellektual Amerika prezidentlərindən biri və bəlkə də birincisidir. Amerika lideri əsl ədəbiyyat həvəskarıdır. Sevimli kitabları haqda danışanda Obama uzun siyahılar tərtib etməkdən çəkinmir. Prezidentin sevimli müəllifləri arasında Ralf Uoldo Emerson, Mark Tven, Herman Melvill, Ernest Heminquey kimi klassiklər, Amerika liderləri Tomas Cefferson, Avraam Linkolnun xatirələri də var. Obama Aleksandr Soljenistinin “Xərçəng gövdəsi” romanını bir neçə dəfə oxuduğunu etiraf edib. Stalinin vəfatı günü azadlığa çıхan Soljenitsın həbsхanada dəhşətli хəstəliyə – mədə хərçənginə tutulub.

Tezliklə öləcəyi gözlənilən müəllif hamının təəccübünə rəğmən Daşkənd hospitalındakı uğurlu əməliyyatdan sonra sağalıb. Soljenitsın həyatının bu dövrünü “Хərçəng gövdəsi” romanında təsvir edib.

ABŞ lideri müasir ədəbi proseslərə də biganə deyil. Prezident Filip Rotun, Nobel mükafatçıları Toni Morrison və Doris Lessinqin də yaradıcılığını yaxından izləyir. Uşaq vaxtı Obama Moris Sendakın qələmə aldığı, yuxuda eybəcərlər ölkəsinə gedən balaca oğlandan bəhs edən “Bədheybətin yaşadığı yer” kitabını çox sevib.

Bu yaxınlarda prezident qızı Mişellə birlikdə Yan Martelin “Pinin həyatı” kitabını oxuyub. 2000-ci illərin ən populyar romanı, Buker mükafatı laureatı olan kitab Pisin adlı hindli oğlanın başına gələn qeyri-adi hadisələrdən bəhs edir. Dəhşətli gəmi qəzasından sağ çıxan Pisin 227 gün ərzində öz balaca qayığı və bir neçə yırtıcı heyvanla birlikdə okeanda dövr edir.

Kitabı oxuyub qurtaran kimi Obama Yan Martelə məktub yazıb: “Qızım və mən “Pinin həyatı”nı elə indicə bitirdik. Bu, Tanrının varlığını çox incə detallarla göstərən, insanlara mərhəmət və həyat eşqi aşılayan inanılmaz qiymətli kitabdır. Təşəkkürlər”.

 

Müharibə kitablarının həvəskarı

Britaniya baş naziri Devid Kameronun sevimli kitabı ingilis yazıçısı və şairi Robert Qreyvzin “Bütün bunlarla sağollaşmaq” romanıdır. Qreyvz memuar janrında qələmə aldığı kitabını 1929-cu ildə çap etdirib. Romanda yazıçı Birinci Dünya müharibəsi dövrünə təsadüf edən gənclik illərindən bəhs edir. Robert 19 yaşında cəbhəyə yollanıb, Somme uğrunda gedən döyüşlərdə ağır yaralanıb və ölümlə üz-üzə qalıb. Həkimlərin ümidsiz proqnozlarına baxmayaraq, Qreyvz 90 yaşında vəfat edib, çoxsaylı kitablar, şeirlər qələmə alıb, yunan mifləri ensiklopediyasını hazırlayıb.

Kameron livanlı Nassim Nikolas Talebin “Qara qu quşu” kitabını yüksək qiymətləndirir. Kitab 11 sentyabr və çoxsaylı müharibələr fonunda dəyişən dünya və dünyəvi dəyərlərdən bəhs edir.

Uşaq vaxtı Kameron Elizabet Marşalın “Bizim ada tariximiz” kitabı ilə yatıb-dururmuş. 1905-ci ildə işıq üzü görən kitabda İngiltərə tarixinin eramızdan əvvəl başlayan və şahzadə Viktoriyanın ölümünə qədər davam edən dövrü çox maraqlı üslubda təsvir olunur.

 

Koelyonun pərəstişkarı Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Latın Amerikası ədəbiyyatının, magik-realizmin pərəstişkarıdır. Prezident braziliyalı yazıçı Paulo Koelyonun “Zahir” romanını almaq üçün Moskvaya gedib. Bəzi mətbuat orqanları Koelyonun Qazaxıstan səfərinin təəssüratları əsasında yazıldığı kitabın baş qəhrəmanını Nazarbayevin prototipi adlandırıb. Yazıçı özü isə qəhrəmanının uydurma obraz və Qazaxıstanda gördüyü və görüşdüyü insanların ümumi toplusu olduğunu deyib: “Bizim gündəlik həyatda axtardığımız kamilliyi mən sadə qazaxlarda tapdım. Bütün müşahidələrim və təəssüratlarım da baş qəhrəmanda ehtiva olundu”. Koelyo oxucuları ilə görüşdə belə deyib.

Deyəsən, Nazarbayev Braziliya ədəbiyyatına laqeyd deyil. Onun sevimli müəllifləri arasında Braziliyanın prezidenti olmuş şair və nasir Joze Sarney və onun “Yağış və gün işığının hekayəsi” kitabı da var. Nazarbayev Jorj Amadu və Maşadu de Assizin romanlarını da sevə-sevə oxuyur.

 

Ərdoğan: Mehmet Akif və türk şeiri

“The Istanbul Review” jurnalına müsahibəsində Türkiyə prezidenti bütün uşaqlar kimi ədəbiyyatla ilk dəfə laylalar və nağıllar vasitəsilə tanış olduğunu deyib. Tənzilə Ərdoğanı rəhmətlə anan prezident anasının onları Anadolu və Qara dəniz bölgəsinə xas laylalarla böyütdüyünü vurğulayıb.

“Uşaq vaxtı simit və su satar, elə həmin gün qazandığım pula kitab alardım. Təəssüf ki, mənim uşaqlıq illərim Türkiyənin olduqca çətin dövrünə təsadüf edib. Kitablar, jurnallar, qəzetlər, yazıçılar, romanlar, hətta şeirlər də siyasətin bir parçası idi. Məncə, elə o dövrdə bizi məhz kitablar xilas etdi, doğru yol göstərdi”, - deyə prezident xatırlayıb.

Gənclik illərinə qayıdan Ərdoğan ustad Nəcib Fazıl Qısakürəyin “Sakarya” şeirini xüsusi vurğulayıb. Mehmet Akif Ersoyun yaradıcılığını çox sevən prezident müəllifin “Safahat” kitabını özü ilə səfərlərə apardığını, bu kitabdan güc aldığını deyib. Ərdoğan şairin şərəfinə nəvəsinin adını da Mehmet Akif  qoyub.

Ötən il gərgin seçkilər ərəfəsi Ərdoğan Turgay Gülerin son romanı “Ruhlar Quyusu”nu oxuyub və müəllifə təşəkkür məktubu yazmağı unutmayıb.