Elektron ədəbiyyat və sənət portalı

“Az qala ümidimi üzmüşdüm, qəfildən dedilər ki...”

Bölmə: Müsahibə 18.12.2015

- Son vaxtlar Azərbaycanda kino sahəsində canlanma hiss olunur. Yeni filmlər çəkilir, bu filmlər beynəlxalq festivallara gedir və oradan mükafatlarla geri dönür. Bu, rejissorlarımızın fəallaşmasından xəbər verir, yoxsa?..

- Lev Qumilyovun passionarlıqla bağlı nəzəriyyəsi var. Bəlkə də, bizi tərpədən elə bu fəaliyyət ehtirasıdır. Əslində, bizdə həmişə yaxşı rejissorlar olub. Sadəcə, digər sənət sahələrindən - rəssamlıqdan, ədəbiyyatdan fərqli olaraq sinema fərdin işi sayılmır. Bir kadrı çəkmək üçün 30-40 adam toplamalı olursan. Bu adamlara da mütləq zəhməthaqqı verməlisən. İstər-istəməz məsələ maddiyyata bağlanır. Bu baxımdan kino ilə bağlı dövlət proqramı hazırlanması və bizim nəsildən olan Müşfiq Hətəmovun kinostudiyaya direktor təyin olunması təkanverici qüvvə oldu. Ürəyində film yanğısı və içərisində çəkmək potensialı olan rejissorlar işə başladılar. Xeyli də uğur qazanıldı.

- Sonuncu filminiz “Nabat”da vətənpərvərlik  önə keçir. Ədəbiyyatda ana və vətən ağır mövzu hesab olunur. Yəni bu zəmində pafosdanuzaq ciddi və gözəl sənət əsəri yaratmaq çətindir. Yəqin, kinoda da belədir...

- Hər şey sənin nə qədər səmimi olmağından asılıdır. Bir də ki, əgər olmuş hadisəni götürürsənsə, süjeti uydurmursansa, təbii görünür. Ədəbiyyatda da belədir, teatrda da, kinoda da. Lokal olaraq sən öz dərdindən danışırsan, amma bu, həm də dünyanın dərdidir. Necə deyərlər, qlobal düşünüb məsələni lokal şəkildə həll edirsən. Məsələn, mən azərbaycanlıyam, öz anamdan danışıram, amma istəyirəm ki, filmin arealı böyüsün, dünya adamları orada həm də öz anasını görsün. Söhbət təkcə öz evini, kəndini yox, böyük mənada yer kürəsini qoruyan anadan gedir. Məsələn, biz Nabata ana kimi yanaşırıq, ola bilsin ki, alman tamaşaçı onu ana yox, sadəcə, bütün çətinliklərə sinə gərən güclü qadın kimi qəbul edir. İstənilən halda, ana həm də qadındır.  Nabat - ərəbcədən tərcümədə təbiət deməkdir. Bir mənası da həyat anlamına gəlir. Əslində, Nabat dünyanın anasıdır. O, dünyanı qorumaq istəyir. Orada qurd obrazı da var. Qurd həm onun özü, həm də mal-heyvanı üçün təhlükədir. Ola bilsin, bu qurd hətta onun inəyini də yeyib. Amma Ana onu da xilas edir, ona azadlıq verir, yaşamaq haqqını tanıyır. Filmdəki hadisələr həyatdan götürülüb. Əslində, bu ideya çoxdan vardı. Qarabağ müharibəsi başlayanda mən Azərbaycan Dövlət Televiziyasının “Telefilm” Yaradıcılıq Birliyində çalışırdım.

Sənədli filmlər üzərində işləyir, cəbhə bölgələrinə gedib-gəlirdik. Müxtəlif hadisələr barədə eşidirdik. Danışırdılar ki, filan rayonda bütün kənd köçüb, yalnız ahıl ərlə arvad evlərini tərk etməyib. Uzağa getməyək, xanımımın nənəsi hazırda ermənilərin işğalı altında olan kənddəndir. Sakinlər Ermənistanla sərhəddə yerləşən bu kəndi tərk edəndə o, mərhum ərinin şəklini qucaqlayıb evdən bayıra çıxmadı. Axırda bizimkilərdən bir dəstə adam gedib onu, demək olar ki, zorla kənddən çıxardı. Mən hələ o zaman müşahidə etmişdim ki, qadınlarımız daha dəyanətli, daha güclüdürlər. Əslində, “Nabat”ın ideyasının otuz yaşı var. İkinci kursda oxuyurdum. Təsadüfən televizorda belə bir şey gördüm: zəlzələdən sonra bütün kənd köçüb, cəmi bir qadın qalıb, bir də onun inəyi. Jurnalist sual verir ki, sən niyə getmirsən, axı bu boyda kənddə başqa heç kəs yoxdur. Qadın cavab verir: “Hara gedə bilərəm? Ərimin də, oğlumun da qəbri burdadır. Bir də ki, bura mənim torpağımdı axı”. O vaxt bu süjetdən təsirlənib bir hekayə cızma-qara elədim. Atam tarixçidir, amma arada ədəbi yazılar da yazır. Əsgərliyə gedəndə ona dedim ki, həyatın işini bilmək olmaz, sən bu hadisəni yaz. O da yazdı, hətta sonra kitab çap etdirib mənə göndərdi.  Qarabağ hadisələri başlayanda bu hadisə  yadıma düşdü.

Nə fərqi var, torpağını tərk etməyə zəlzələ səbəb olur, ya müharibə.

Fakt odur ki, hamı çıxıb gedib, qadın tək qalıb. Bunu ssenari halına salıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdim. Uzun müddət xəbər çıxmadı, az qala ümidimi üzmüşdüm, qəfildən dedilər ki, nazir oxuyub, bəyənib.

- Yəni qırxıncı qapı qəfildən açıldı...

- Bundan əvvəl çəkdiyimiz “Qırxıncı qapı” filminə işarə edirsiniz. Əslində, sənədli filmlər bədii filmlər üçün mövzu da verir. Məsələn, “Qum dənəsi” sənədli filmini çəkəndə bircə dəfə uşaq kolonunda olmaqla oradan iyirmi-otuz mövzu götürdüm. Hər uşaq öz həyat tarixçəsini danışırdı və bunların hər biri ayrıca film mövzusuydu. 

- “Qırxıncı qapı” yerli kinoteatrlarda nümayiş olundu. Hazırda isə nümayiş proqramlarında “Nabat”ın adı keçir. Bir rejissor kimi, yerli filmlərə tamaşaçı marağı sizi qane edirmi?

- Təəssüf ki, qane etmir. Bu, bütün dünyada baş verən tendensiyadır - indi sinema daha çox əyləncəyə çevrilib.  Əslində, elə 120 il əvvəl  Lümer qardaşları da filmi əyləncə məqsədilə yaratmışdılar. Kino, kafelərdə nümayiş olunurdu. Sonradan bu, sənətə çevrildi. Görünür, indi kino əvvəlki dövrünə qayıtmaq istəyir.

Düzdür, sinemanı sənət kimi qəbul edən seyrçi hələ var, bizim çəkdiyimiz filmə hələ kimlərsə baxır. Amma onların sayı azdır. Bugünlərdə türk kino həftəsi keçirilirdi, qonaqlar bizim afişaları da izləyirdilər, onda mən onlara dedim ki, narahat olmayın, bizdə də sizin “Recep İvedik”lərdən var. Yəni bu gün tamaşaçı daha çox göbəkdən aşağı gülüşə meyil edir. Təkrar edirəm, bütün dünyada belədir. Sanki konkret hansısa qüvvə insanların beynini yönəldir.

Bu mənada biz nəsli kəsilməkdə olan dinozavrları xatırladırıq. Bir məqamı deyim, Xocalı faciəsinin ildönümündə bizim film yerli kinoteatrlarda nümayiş olunurdu.

Gördüm ki, cavan cütlüklər  eyni vaxtda nümayiş olunan göbəkdən aşağı komediyaya bilet alırlar. Bizim filmimiz göstərilən zalda isə üç-beş nəfər - bəstəkar, rejissor, rəssam olurdu. Müdiriyyətə dedim ki, sabahdan bizim filmi proqramdan yığışdırın, kimi aldadırıq axı, millət başqa şeyə baxmaq istəyir. Yeri gəlmişkən,  belə bir sufi pritçası var. Bir şeyx yuxusunda görür ki, göydәn bәla kimi yağış yağacaq vә o yağışın suyundan kim bir az içsә, ağlını itirәcәk, dәli olacaq. Qabqacağı doldurtdurur, tədarük görür ki, yağışın qarışdığı sudan dilinә vurmasın. Amma adamlar yağış suyundan içib dәli olurlar. Şeyx şəhərə çıxa bilmir. Axırda şəyirdinə deyir ki, o sudan gәtir biz dә içәk, hamının dәli olduğu yerdə ağıllı olmaqdan sәfeh iş yoxdur. Bütün dünyada proseslər buna gedir. Ya da ən yaxşı halda, film çəkməmək, fikrini başqa cür ifadə etmək də olar. Bəlkə də beş-on il sonra bizim filmlərə heç ehtiyac olmayacaq. Amma hələ ki, biz varıq və sənət əsərləri də dünyanın harasındasa kiməsə lazımdır. Bir məqamı da deyim: maraqlıdır ki, öz filmlərimizlə bağlı təcrübədən bilirəm ki, bizə xaricdə daha çox baxırlar, nəinki vətənimizdə. Amerikada, Yaponiyada “Nabat”ı çox maraqla qarşıladıqlarını gördüm. Səkkiz yüz min nəfərlik zalda bir nəfər də olsun, filmi yarımçıq tərk etmirdi. Xüsusən Tokioda deyirdilər ki, bu, elə bizim filmdir, yapon düşüncəsinə yaxındır. Hətta Kurasavanın nəvələri gəlmişdi, biri mənə babasının “Ran” filmini çəkərkən başına bağladığı bandananı, o birisi isə albomunu hədiyyə gətirmişdi. Almaniyada Heldelberq merinin müavini söylədi ki, rəfiqələri Meksika filminə baxmağa gəlibmişlər, onlara biletləri geri qaytarmalarını məsləhət görüb, deyib ki, “Nabat”, ancaq “Nabat”. Bunu eşidəndə etiraz elədim, axı bu, düzgün deyil, tamaşaçıya elə demək olmaz. Cavab verdi ki, yox, “Nabat”a baxandan sonra onlar hamısı bu tövsiyəyə görə təşəkkür ediblər. Bizi hər yerdə təxminən bu cür qarşılayırdılar.

- Sizcə, “Nabat”ın beynəlxalq aləmdə bu cür uğur qazanmasını şərtləndirən nədir?

- Dünyada təməl mövzular var. Bu, hər yerdə adamları tərpədir, onların marağına səbəb olur. Mən demirəm, hansısa film insanı dəyişə bilər. Amma ən azından, o düşünür, özünü qəhrəmanların yanında hiss edir. Mənimçün popkorn yeyərək, ya saqqız çeynəyərək filmə baxmaq dəhşətli bir şeydir. Mənim filmimə bu cür baxmaq olmaz. Əvvəldən də çəkiliş komandasına deyirdim ki, bizim filmə baxandan sonra tamaşaçının canında dəyişiklik baş verməlidir.  İsveçrəli bir seyrçi almandilli qəzetdə belə də yazır ki, “Nabat”ın ilk on beş dəqiqəsindəcə ürəyimin ritminin dəyişdiyini hiss etdim. Əlbəttə, elə adam ola bilər ki, bizim filmin ritminə düşməsin, deməli, bu, onun filmi deyil. Ümumiyyətlə, hamının filmi, hamının müəllifi olmaq mümkün deyil, heç mən bunu istəmirəm də. 

- “Nabat” həm də Qarabağ müharibəsindən bəhs edən filmdir. Xaricdəki nümayişlər zamanı bu münaqişənin tarixçəsi, Ermənistan-Azərbaycan konflikti ilə maraqanırdılarmı?

- Bütün festivallarda bukletlərimiz paylanırdı, orada Qarabağ münaqişəsiylə bağlı məlumat əksini tapmışdı. Təbii, müzakirələrin hamısında Qarabağla bağlı suallar olurdu. Bəzən ermənilər, ya erməniyönümlü adamlar da sual verirdilər. Mən də məsələnin kökünə varırdım. Hər halda, görüş rejissorla olduğundan, mənə daha çox qulaq asırdılar. Əlbəttə, auditoriyanın münaqişə barədə məlumatı az olurdu. Amma Tokiodakı görüşdən sonra oradakı səfirimiz  Gursel İsmayılzadə mənə dedi ki, biz bu qədər tədbirlər keçirirk, kitablar çap edirik, bu qədər maraqla qarşılanmır, amma ilk dəfədir Azərbycan filmi Yaponiyaya gəlir, internetdə bölgə ilə bağlı yaponlardan nə qədər tıklama olur, çoxlu suallar verirlər. Əlbəttə, sinema dünya dilidir və bu, ölkənin imici üçün çox vacibdir. Təsəvvür edin ki, “Nabat” müxtəlif ölkələrdə qırxdan çox festivalda uğurla iştirak edib. Hər nümayiş zamanı zalda Azərbaycan bayrağı asılır.

Rəbiqə NAZİMQIZI