Elektron ədəbiyyat və sənət portalı

Nəsr əsərlərinin türkcədən tərcüməsində təhriflər

Bölmə: Ədəbiyyat 18.12.2015

“- Fakat ben sizin anneniz ola bilir miyim?

- Hayır, hayır!

- Belki ablanız?

- Kaç yaşındasın?

- Böyle şey sorulur mu? Ama neyse yirmi altı. Siz?

- Yirmi dört.

- Gördünüz mü? Ablanız ola bilirim”.

İndi tərcüməyə diqqət edək:

“- Məgər məndən sizə ana olar?

- Xeyr, xeyr!

- Bəlkə bacınız olum?

- Neçə yaşınız var?

- Heç bunu soruşarlar? Nəsə, iyirmi altı. Bəs sizin?

- İyirmi dörd.

- Görürsünüz, bacınız ola bilərəm”.

Türkcədəki abla kəlməsi bacı kimi tərcümə edilməklə orijinaldakı mükalimədə nəzərə çatdırılmaq istənən çox incə mətləb təhrif olunub. Belə ki, türkcədə abla termini bacı yox, böyük bacı deməkdir. Əsərdəki mükalimədə polşalı alman qadın (Mariya Puder) hər vasitə ilə özünün türkiyəli Raifdən yaşlı olduğunu nəzərə çatdırmaq istəyir. Ona görə də onun anası ola biləcək qədər yaşlı olmasa da, Raifdən bir-iki yaş böyük olduğunu vurğulayır. Tərcümədəki “Görürsünüz, bacınız ola bilərəm” cümləsi isə izahsız qalır və məntiqsiz görünür, çünki bu kontekstdə yaş fərqinin “bacı-qardaşlıq” üçün heç bir əhəmiyyəti olmadığı ortadadır.

Orijinaldakı fikirlərin bəzən təhrif edilməsi, bir qisim söz və ifadənin, detalların mütərcim tərəfindən “əhəmiyyətsiz” hesab edilərək (başqa cür düşünmək mümkün deyil, çünki “atılan” hissələr tərcümə üçün heç bir çətinlik törətmir) atılması müşahidə olunur ki, bu vəziyyət tərcüməşünaslıqda məqbul sayılmır. Əgər bu detallar doğrudan da “əhəmiyyətsizdirsə”, o zaman belə bir haqlı sual meydana çıxır ki, müəllif onları niyə işlədib? Məsələn, povestdə belə bir cümlə var:

“Duvarlarda başbaşa gelin güvey resimleri ve gemi şeklinde yazılmış “Amentü” levhası asılı idi”.

Tərcümədə “gelin güvey resimleri”nin çox da uğurlu olmayan “cavan arvad və kişi” kimi verilməsi (əslində, gəlin-bəy fotoşəkilləri olmalı idi) bir yana dursun, “Amentü” levhası (ərəbcə: İnandım, belə qəbul etdim deməkdir) ifadəsi tamamən atılmışdır. Halbuki, müəllifin bu detalla vurğulamaq istədiyi məqam bu ailənin müsəlman və dindar bir ailə olduğudur. Xəttatlara orijinal ərəbcə və müxtəlif formalarda yazdırılan bu cür lövhələr isə müsəlman türk evi interyerinin bir parçasıdır.

Eyni əsərdən başqa bir misal verək. Orijinalda:

“Yanımdan bisikletli insanlar ve uzaktan yerleri sarsarak bir tren geçiyordu”.

Tərcümədə:

“Yanımdan adamlar ötüb-keçirdi. Hələ (?) uzaqdan yeri titrədən bir qatar da keçib-getdi”.

Göründüyü kimi, tərcümədə “bisiklet” (velosiped) kəlməsi cümlədən çıxarılmışdır. Halbuki, bir çox ölkədə, o cümlədən əsərdəki hadisələrin cərəyan etdiyi Almaniyada velosiped fərdi nəqliyyat vasitəsi kimi çox geniş yayılıb və bu sözün tərcümədə mühafizə edilməsi ölkə və təsvir edilən bədii lövhənin məkanı haqqında təəssürat oyatması baxımından vacib idi.

Bədii tərcümədə dil və üsluba bağlı problemlərdən biri də frazeoloji vahidlərlə (deyim, ifadə, atalar sözü, məsəl, qanadlı sözlər və s.) əlaqədardır. Aydındır ki, qohumdilli olmayan xalqlarla müqayisədə qohum, xüsusilə də yaxın qohum dillərin daşıyıcıları olan xalqlar daha çox ümumi, müştərək frazeoloji birləşmələrə, atalar sözü və məsəllərə sahibdir. Əvvəlki fəsillərdə vurğulandığı kimi, burada dil qohumluğu ilə yanaşı, mənşə ümumiliyi, təbiət eyniliyi, coğrafi yaxınlıq, sosial-iqtisadi, mədəni-məişət, adət-ənənə müştərəkliyi də mühüm rol oynayır. Türkcədən tərcümə əsərlərinin bu baxımdan təhlili göstərir ki, frazeoloji ifadələr, atalar sözü və məsəllər, əsasən, Azərbaycan dilində bunları ya eyni ilə qorumaq, yaxud da bunlara tam qarşılıqlar tapmaq yolu ilə çevrilir. Bununla yanaşı, bəzən türkcəyə məxsus frazeoloji vahidlərin ya tamamən tərcümə edilmədiyini, ya da əksinə, hərfi-hərfinə çevrildiyini müşahidə edirik. Halbuki, bu qəbildən olan ifadə və cümlələrin dilimizdəki münasib və müvafiq ekvivalentlərini tapıb işlətmək və adekvat tərcüməsini vermək lazımdır. Məsələn, Rəşad Nurinin “Dodaqdan qəlbə” romanında belə bir parça var:

“Çok kalacak mısın ağabey, diye sordu. Fakat birdenbire bir pot kırmış gibi utandı”.

Tərcümədə oxuyuruq:

“Çox qalacaqsınız ağabəy? - deyə soruşdu. Lakin birdən-birə gözəl bir şey sındırmış kimi pərt oldu, utandı”.

Mütərcim dilimizdə olmayan pot kırmak ifadəsini qismən mühafizə edərək çevirmişdir. Əslində, orijinaldakı “pot kırmak” ifadəsinin əşya ilə, bir şey sındırmaqla əlaqəsi yoxdur və bu cümlədə məcazi mənada işlədilmişdir. Öz doğma böyük qardaşına “Bizdə çox qalacaqsan?”, – deyə soruşan bacı dərhal yersiz söz söylədiyini, bu sualın qardaşının xətrinə dəyə biləcəyini başa düşüb utanır. Tərcümədə bu, “yersiz söz söylədiyini başa düşüb pərt oldu, utandı” şəklində verilə bilərdi. Lakin mütərcim bu frazeoloji vahidin qarşılığı olaraq gözəl bir şey sındırmış kimi pərt oldu, utandı ifadəsini işlətmişdir.

Eyni ifadəyə “Çalıquşu”nda da rast gəlirik:

“Şahap Efendi, kıpkırmızı kesilerek başını eğdi. Acaba, bir pot mu kırmıştım? Her halde öğle olacak”.

Tərcümədə ifadə düzgün verilib:

“Şahab əfəndi qıpqırmızı olub başını əydi. Görəsən bir yersiz sözmü demişdim? Yəqin ki, elə idi”.

“Xəz paltolu Madonna” əsərinin türkcəsindən bir neçə nümunə daha verək:

“Arasıra kendi kendimizden kurtulup cereyana kapılmak hoş bir şey, – Axı, hərdən öz daxili hisslərimizin pəncəsindən xilas olmaq da lazımdır.

Aklımca nükte yapmak istedim: Sahiden evlenmiş insanlar gibi birbirimizden sıkılmaya mı başladık? – Fikrimə gəlmiş bir sualı (?) verməkdən özümü saxlaya bilmədim: Zorla evləndirilmiş (?) adamlar kimi, bir-birimizdən usanmağa başlayırıq?”

Əsərin tərcüməsində “cereyana kapılmak” (özünü həyatın axarına buraxmaq) və “nüktə yapmak” (kompliment söyləmək, hazırcavablıq göstərmək) kimi ifadələri tərcümədə görmürük. “Sahiden evlenmiş” (həqiqətən ailə qurmuş) söz birləşməsi isə tamamən səhv tərcümə edildiyindən, cümlənin orijinalındakı mənası itmişdir. Məsələ burasındadır ki, əsərdəki mükalimə hələ evlənməmiş sevgililər arasında keçir. Qadın evliliyin məhəbbəti azaltdığı, öldürdüyü düşüncəsində olduğu üçün evlilik həyatına qarşıdır. Lakin bir-birlərinə dəlicəsinə aşiq olan iki gəncin “zorla evləndirilmiş adamlar” kimi tərcümə edilməsi orijinaldakı fikrin oxucuya çatdırılmasına mane olmuşdur. Əslində, gənc oğlan özü də hələ evlənmədikləri halda, zaman-zaman bir-birlərindən bezdiklərini, usandıqlarını gördüyü qadına bu cümləni söyləməklə onun fikrinə haqq verdiyini nəzərə çatdırmaq istəyir.

Əsərdən başqa bir cümləyə və tərcüməsinə baxaq:

“Çünkü ne onun Arap harfleri yazmasına, ne de bizim Havrandaki posta memurlarının latin harflerini okumasına imkan vardı – Çünki nə o, ərəb hürufatı ilə yaza bilir, nə də bizim Havrandakı rabitə məmurları latınca bilirdilər.

Diqqətli oxucu “latin harfleri” ibarəsinin latınca şəklində çevrilməsinin doğru olmadığını başa düşür. Əsər müəllifinin də bu cümlədəki qayəsi məhz rabitə xidməti göstərən poçt məmurlarının istər ərəb, istərsə də latın əlifbasını (latın dilini yox!) bilməyən savadsızlar olduğunu nəzərə çatdırmaqdır.

Əsərin tərcüməsində lokanta kəlməsinin restoran, yılışmak feilinin qucaqlaşmaq şəklində verilməsi də xətadır.  Birinci termin yeməkxana, ikinci kəlmə isə  irişmək, sırtıqlıq etmək, sırtıq-sırtıq gülmək deməkdir.

Mütərcim müəllif mətninə həssas yanaşmalı, yazıçının yaratdığı obraz və tiplərin xarakterlərinin oxucuya çatdırılması məqsədilə seçdiyi bədii priyomlara, üsluba, təhkiyəyə, təsvirə, tərənnümə diqqət yetirməlidir. Bəzən kiçik bir ehtiyatsızlıq, bu və ya digər xarakterin açılması üçün istifadə edilən detalların tərcümədə öz əksini doğru tapmaması və ya təfərrüat kimi qəbul edilərək atılması, müəllif fikrinin söz düzümünə, təsvir ardıcıllığına riayət olunmaması əsərin orijinalındakı aydın fikrin dumanlanmasına səbəb olur, müəllifin xırda detal və ştrixlərlə ifadə etmək istədiyi incə mətləblər kölgələnir. Fikrimizi Rəşad Nurinin “Dodaqdan qəlbə” romanının tərcüməsi əsasında aydınlaşdıraq.

Müəllif əsərin personajlarından biri olan Şahzadə Vəfiqi oxucuya təqdim edərkən onun “həyəcanlananda fransızca, bir işdən və ya siyasətdən söhbət düşəndə ingiliscə danışdığını” qeyd edir. Bu obrazın sonrakı mükalimələrində də bol-bol fransızca və ingiliscə söz və ifadələrə yer verir:

“Prens Vefik, ağır ağır başını sallıyarak izah etti:

- “Ekseküsyon”un “fomö”sü bir bir şey olacağını tahmin etmem...

Zannederim, mehtap senin “empesyonabilite”ni artırdı...”

Bu parça belə tərcümə edilib:

“Şahzadə Vəfiq başını ağır-ağır yırğalayaraq:

- Deyəsən ay işığı səni həyəcanlandırıb, qızım, - dedi”.

Tərcümədə xarici dil məsələsi tamamilə “unudulduğu” üçün Şahzadə Vəfiqin dilinin əsərin digər tiplərinin dilindən heç nə ilə fərqlənmədiyinin şahidi oluruq. Bu qəhrəman əvvəldən axıra qədər türkcə danışır və orijinaldan fərqli olaraq, bir dəfə də olsun öz danışığında fransızca və ya ingiliscə kəlmə işlətmir.

Bu məsələ Nazim Hikmətin “Yaşamaq gözəl şeydir, qardaşım” romanının dilimizə tərcüməsində daha uğurlu həll edilib. Əsərin orijinalında tiplərdən birinin – Si-Ya Unun çox gözəl fransızca bildiyini nəzərə çatdıran müəllif, bu personajın danışığında fransızca söz və ifadələrə yer verir. Mütərcim bu ifadələrlə qarşılaşdığı zaman onları eynilə saxlayıb, səhifənin aşağısında tərcümə və izahlarını verib.

(Davamı gələn sayımızda)

Əsgər RƏSULOV,
Filologiya elmləri doktoru, professor