Elektron ədəbiyyat və sənət portalı

Tərcümədə yalançı ekvivalentlik

Bölmə: Ədəbiyyat 31.12.2015

(Əvvəli ötən sayımızda)

Səbahəddin Əlinin “Xəz paltolu madonna” povestinin orijinalında belə bir cümlə var: “Ne o, çapkınlıktan mı geliyorsun?” Bu, gecəyarısından xeyli keçmiş otelə qayıdan Raifə, onunla eyni otağı paylaşan yataq qonşusu tərəfindən verilən sualdır. Tərcümədə oxuyuruq: “Nədir, olmaya oğurluqdan gəlirsən?”

Göründüyü kimi, “çapkınlık” sözü dilimizə “oğurluq” şəklində tərcümə olunub. Halbuki türkcədə “çapkınlık”– adaxlıbazlıq, eşqbazlıq mənasındadır. Əsərin orijinalında otelə gecəyarısından sonra dönən Raifə çarpayı qonşusunun zarafatla sataşması təbii görünür, mütərcimin isə onu “oğurluqda”(?) təqsirləndirməsi yerinə düşmür.

Eyni əsərdən başqa bir misal: “Entarisini başından sıyırıp bir iskemleye attı ve yorganın içine girdi”. Bu cümlənin tərcüməsi belə verilib: “Baş yaylığını stulun üstünə atdı, yorğanın altına girdi”.

Türkcədə qadın üst geyimi, uzun paltar demək olan entari sözünü mütərcim baş yaylığı kimi çevirib. Yəqin ki, bu dolaşıqlığa səbəb orijinaldakı başından sıyırıp söz birləşməsi olub. Tərcümədən isə belə anlaşılır ki, qadın yalnız baş yaylığını çıxarır və soyunmadan, pal-paltarlı yatağa girir.

Qaracaoğlandan tərcümə edilmiş aşağıdakı parçada da mütərcim yalançı ekvivalentin tələsinə düşüb:

Alagözlü mənli dilbər,
Qoyma məni el yerinə.
Altun kəmərin olayım,
Dola məni ben yerinə.

Şeir parçasının orijinalında işlədilən ben kəlməsi türkcədə omonim kəlmədir. Birinci ben dilimizdə işlədilən mən şəxs əvəzliyidir. İkinci ben isə xal, çil, ləkə deməkdir ki, bu mənaları dilimizdə yoxdur. Əslində, gəraylının birinci misrası belə tərcümə olunmalıydı: Alagözlü, xallı dilbər...

“Dodaqdan qəlbə” romanının mütərcimi də saxta ekvivalent problemindən öz nəsibini alıb. Əsərin türkcəsində oxuyuruq: “Bu izdivacın mahsullerini hele bir tasavvur et... Mesela şu alacalı necef taşlarına benziyen “mah-ı seher”le bir menekşe, yahut gülden alınmış bir çocuk... Menekşe, yahut gülün kokusunu bir lezzet halinde veren üzüm...”.

Cümlələrin tərcüməsinə baxaq: “Bu cütləşmənin nəticələrini bir təsəvvürünə gətir... Bax, ala-bəzək muncuqlara bənzəyən “mahi-səhər”lə bir bənövşə, yaxud güldən alınmış bir məhsuldur... Bənövşə, yaxud gülün ətrini verən bir üzümdür...”

İlk baxışda, tərcümədə hər şey yerli-yerində görünür. Əslində isə burada yalançı ekvivalent “tələsi” var. Belə ki, türkcədə gül kəlməsi dilimizdəki kimi bütün çiçəklərə verilən ümumi ad deyil, yalnız qızılgül deməkdir. Orijinalda da söhbət qızılgüldən gedir, bənövşə və gülün yanaşı işlədildilməsi də tamamilə təbii səslənir. Azərbaycan dilində bənövşə də bir gül növü olduğuna görə cümlədə müqayisə (bənövşə, yaxud gülün ətri) məntiqsiz görünür. Digər tərəfdən, Azərbaycan dilində  güllər kəlməsi çiçəklər sözünün sinonimi kimi çıxış edir. Türkcədə bu, mümkün deyil. Məşhur bir deyim var türkcədə: Gülü tarife ne hacet, ne çiçektir biliriz. Diqqət edərsəniz, burada gül kəlməsi məhz qızılgül mənasındadır, əks təqdirdə, ”Gülü tərifə ehtiyac yoxdur, onun necə bir gül olduğu bəllidir” kimi absurd bir cümlə alınardı.

Türk yazıçısı A.Qədirin “On beş gün Sovet İttifaqında” adı ilə dilimizə çevrilmiş yol-səyahət oçerkinin orijinalında belə bir cümlə var: “Sofraya erik büyüklükte kiraz geldi”.

Tərcümədə oxuyuruq: “Süfrəyə ərik irilikdə gilas gətirdilər”.

Erik kəlməsi türkcədə alça deməkdir. Təbii ki, bəzi rayonlarımızda adına öküzürəyi, şpanka deyilən və həqiqətən alça iriliyində olan gilas yetişir. Ancaq ərik böyüklüyündə gilas mübaliğəlidir. Dilimizdəki ərik kəlməsinin türkcədə qarşılığı  kayısıdır.

“Çalıquşu” romanında oxuyuruq:

“O, mesela, duvardaki Meryem heykelinin önünde gözlerinde yaşlarla dua ederken, heykelin etrafında uçuşan sinekleri göstererek: “Ma Sör, aziz annemizi melekler ziyarete gelmiş” gibi bir sözle en can alacak yerinden vururdum”.

Tərcüməsi belədir: “O, divardakı Məryəm heykəlinin önündə, gözləri yaşara-yaşara dua edəndə, heykəlin ətrafında uçuşan milçəkləri göstərərək: “Masör, əziz anamızı mələklər ziyarətə gəlmişlər”... – deyib ən sevər yerindən sancardım.

Türkcədəki əziz sözünün lüğəvi mənalarından biri müqəddəs deməkdir və bu mətndə həmin sözün dilimizə yalançı ekvivalent əziz kəlməsiylə yox, müqəddəs sözüylə verilməsi daha doğru olardı. Çünki mətndə söhbət məhz Müqəddəs Məryəm Anadan gedir.

İndi də Yunus Əmrənin bir misrasının türkcəsinə və tərcüməsinə baxaq:

Ben yürürüm ilden ile
Yüyürürəm ildən ilə.

Səhv tərcümədir. Türkcədə il kəlməsi tarixi-etimoloji baxımdan el sözündən e-i əvəzlənməsiylə meydana gəlmişdir. Müasir türkcədə bu leksik vahidin məna tutumu genişlənmiş, termin xarakteri kəsb etmişdir. İnzibati-coğrafi ərazi bölgüsü olub, bir neçə ilçəni – rayonu əhatə edən vilayət deməkdir. Tərcümədə isə il sözünün dilimizdəki yalançı ekvivalenti verilmişdir. Dərviş Yunus diyar-diyar, el-el gəzmək yerinə ildən-ilə yüyürür.

Bəzi tərcümələrdə el və əl sözləri qarışıq salınır. Türkcədə hər iki kəlmə e hərfi ilə yazıldığına və yalnız mətn içində el, yaxud əl olduğu müəyyənləşdirilə biləcəyinə görə mütərcim psevdoomonimin tələsinə düşür:

Yazıcıoğlu yanmış evrak elinde,
Mecnun hakka yetmiş Leyla dilinde.

Tərcümədə oxuyuruq:

Yazıçıoğlu yanmış doğma elində
Məcnun kama yetmiş Leyla dilində.

Birinci misradakı evrak sözü ərəbcədir, vərəqlər deməkdir, elinde kəlməsi isə elində yox, əlində mənasında işlədilmişdir. Yəni şair bütün ömrü boyu yazı-pozu  əlində qalmış, həyatını vərəqlərlə  –  şeir yazmaqla keçirmişdir.

Aşağıdakı misrada da mütərcim saxta ekvivalentin “tələsinə” düşmüş, nəticədə orijinaldakı məna təhrif olunmuşdur:

Pembe Hanım küsmüş gitmiş konağa – Pəmbə xanım qəsd eləmiş qonağa.

Hər iki dildə işlədilən konak – qonaq sözü bir-birindən tamamən fərqli mənalardadır. Türkcədə konak – ev, köşk, saray, malikanə deməkdir. Dilimizdəki qonaq kəlməsinə türkcədə misafir, yaxud konuk deyirlər. Orijinalda küsüb evə gedən Pənbə xanım tərcümədə qonağa qəsd edir.

Aşıq Dadaloğlunun aşağıdakı bəndinin tərcüməsində də yalançı  ekvivalent problemi ilə qarşılaşırıq:

Bizim yaylamız meşeli,
Dibinde güller döşeli,
Altı top top menekşeli,
Kızlar gelir yaylamıza

Tərcüməsi belə verilib:

Bizim yaylamız nəşəli (?),
Döşündə güllər döşəli,
Əli (?) qom-qom bənövşəli,
Qızlar gəlir yaylamıza.

Müasir türkcədə meşə kəlməsi palıd, palıd ağacı deməkdir. Dilimizdəki meşə sözünə isə türklər orman deyir. Orijinalda yaylağın ətəkləri bənövşələrlə örtülmüşdür. Tərcümədə isə yaylağa gələn qızların əllərində qom-qom bənövşə var.

Türkiyə mətbuatından aldığımız belə bir cümləyə diqqət edək: Siyasi partinin tabanı ile tavanı arasında sağlıklı ilişkiler kurulmalıdır. Cümlənin hərfi tərcüməsinə və cümlə içərisindəki iki saxta ekvivalentə baxaq: Siyasi partiyanın tabanı ilə tavanı arasında  sağlam əlaqələr qurulmalıdır.

Orijinaldakı taban və tavan sözlərinin dilimizdəki lüğət qarşılıqları olan daban və tavan kəlmələrinin semantik mənaları və anlam yükləri bu mətn bağlamında bir-biri ilə qətiyyən üst-üstə düşmür. Buna görə də leksik transformasiyaya müraciət edilərək bu kəlmələrin orijinal kontekstdəki semantik məna yükünü qarşılayacaq sözlər tapılıb işlədilməlidir.

Doğru tərcümə belə olacaq: Siyasi partiyanın rəhbərliyi ilə elektoratı (tərəfdarları, seçiciləri) arasında  sağlam münasibətlər təmin edilməlidir (qurulmalıdır).

Əziz Nesinin “Taxtalıköydən məktublar” adıyla çevrilmiş “Ölmüş Eşek” povestinin tərcüməsində oxuyuruq:

“Keçən il bizim təşkilatın özünəyardım dərnəyi Ağ dənizə on beş günlük gəmi ilə səfər düzəltmişdi. Yunanıstanı, İtaliyanı, İspaniyanı, sonra canım sənə söyləsin, adı yadımdan çıxıb, nəydi adı, oranı başdan-başa gəzdik”.

Yanlışlıq göz qabağındadır. Türkcədə Akdeniz Aralıq dənizinə deyilir. Mütərcim diqqətsizliyindən tərcümədə belə başa düşülür ki, Yunanıstan, İtaliya və İspaniya Ağ dənizə sahili olan ölkələridir.

İndi də Orxan Vəlinin çox sevilən “İstanbulu dinləyirəm”  adlı altı bəndlik şeirinin orijinalından alınmış bəndə və həmin bəndin dilimizə tərcüməsindəki xətalara, o cümlədən saxta ekvivalent “tələsinə” diqqət yetirək:

İstanbul’u dinliyorum, gözlerim kapalı;
Kuşlar geçiyor, derken;
Yükseklerden, sürü sürü, çığlık çığlık.
Ağlar çekiliyor dalyanlarda;
Bir kadının suya değiyor ayakları;
İstanbul’u dinliyorum, gözlerim kapalı;

Tərcümədə oxuyuruq:

İstanbulu dinləyirəm, gözlərim qapalı.
Quşlar ötür, deyilirkən;(?)
Yüksəklərdən, dəstə-dəstə (?), hayla küylə;(?)
Tor (?) dartılır vətəgədə;
Bir qadının suya dəyir ayaqları;
İstanbul’u dinləyirəm, gözlərim qapalı.

Şeirin tərcüməsində bir-neçə səhv nəzərə çarpır. Türkçədəki derken sözü dilimizdəki kimi demək feilindən düzəlsə də fərqli mənada işlənən yalançı ekvivalentdir. Belə ki, türkcədə bu söz zaman zərfliyidir və o anda, o əsnada, tam bu vaxt, bu zaman mənalarında işlədilir. Mütərcim isə onu deyilirkən feli bağlaması şəklində verməklə misranın məna və poetik yükünü tamamilə ortadan qaldırıb. Quşlar ötür, deyilirkən misrası bu şeirlə yanaşı əlahiddə götürüldükdə heç bir məna ifadə etmir.

Əsgər RƏSULOV, Filologiya elmləri doktoru, professor