Elektron ədəbiyyat və sənət portalı

Sona Cabbarlının xatirələri

Bölmə: Ədəbiyyat 31.12.2015

Cəfərin belə bir xasiyyəti var idi: bir pyes yazmağı düşünəndə əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikirləşirdi. Bəzən bunu xalq mahnılarından götürür, bəzən də özü yeni bir mahnı yaradırdı. Sözlərini yazır, hətta musiqisini də özü bəstələyirdi. Bu mahnını uzun zaman dodaqaltı oxuyur, pianoda çalırdı, sonra pyesi yazmağa başlayırdı. Məsələn: “Od gəlini”ndə Solmazın “Mən bir solmaz yarpağam ki”, “1905-ci ildə” Sonanın “Azad bir quşdum”, “Almaz”da Yaxşının “Gərək günəş dağları aşıb sönməyəydi”, “Yaşar”da Yaqutun “Küçələrə su səpmişəm”, “Sevil”də Sevilin “Sənə nə olub, zalım yar?” mahnıları belə yaranmışdı.

Cəfər “Sevil” əsərini yazmamışdan bir-iki ay qabaq belə bir mahnı oxuyardı:

Sənə nə olub zalım yar,
Qadan-balan alım yar.
Sən ki, belə deyildin,
Səni bir öyrədən var.

Cəfər işdən gələndə, oturanda, yatanda, işləyəndə həmişə bu mahnını oxuyardı. Bir dəfə mən Cəfərdən soruşdum ki, bir mahnını oxuyarlar bir dəfə, iki dəfə, üç dəfə, yoxsa səhər-axşam, axşam-səhər dilindən düşmür, bu nədir? Cəfər dedi ki, Sonası, sən bilmirsən, bir əsər yazacağam ki, onun mahnılarını bütün xalq oxusun. Onda bilərsən ki, bu mahnı nə deməkdir. Amma Cəfər nədən, nə mövzüda əsər yazacağını demədi.

1927-ci ilin yay fəsli idi. Havalar bərk isti keçirdi. Biz Bakının bürküsündən qaçıb yaylaqlara pənah apardıq. Mən, Cəfərin qardaşı qızı Mələklə Xızıya getdim. Oğlum Aydın o zaman üç yaşında idi. Xızıda bir neçə gün qalandan sonra bizi Yarımca kəndinə qonaq çağırdılar. Yarımcaya gedən günün axşamı Cəfər də anamla birlikdə oraya gəldi. Bir-iki gün Yarımcada qaldıqdan sonra biz Altıağac kəndinə getdik.

Altıağac, Cəfərin çox xoşuna gəldiyindən dedi ki, bir ev tutub burada istirahət edək. Altıağacın “Xoxollar” deyilən yuxarı hissəsində mənzərəli bir yerdə ev tutduq. Bir az istirahət edəndən sonra Cəfər işləməyə başladı. O, hər gün səhər saat altıda qalxıb ta biz yuxudan durana qədər yazırdı. Çaydan sonra bəzən biz gəzməyə gedir, ev işləri ilə məşğul olurduq.

Cəfər evdə mənə və Mələyə tapşırmışdı ki, nəbadə mənim yazılarımı oxuyasınız. Lakin buna baxmayaraq, mən Mələklə bir-birimiz üçün pusquda durub Cəfər evdən çıxan kimi növbə ilə əsəri oxuyurduq. Axırda Cəfər bizim onun təzə yazdığı əsəri oxuduğumuzu başa düşdü. Belə ki, bir gün biz əsəri oxuyanda o, hər ikimizi tutdu. Cəfər dedi:

- Balam, mən sizə deməmişdim ki, mənim dəftərimi oxumayın?

Biz utandığımızdan cavab verməyərək, müqəssir adamlar kimi başımızı aşağı dikdik. Cəfər bir qədər sonra nə isə fikirləşib dedi:

- Bu dəfə sizi bağışlayıram. Ancaq deyin görüm necədir? Əsər xoşunuza gəlirmi? Yadınızda bir şey qalır, yoxsa elə oxuyub qurtaran kimi yaddan çıxır?

- Qiyamət əsərdir, ay Cəfər əmi, lap əntiqə yazmısan. Daha bundan olmaz! – deyə Mələk sevincək cavab verdi.

- Ay Cəfər, özün də bilirsən ki, sən yaxşı yazırsan da! – deyə mən də əlavə etdim.

Cəfər gülümsəyərək dedi:

- Daha durub üzümə deməyəcəksiniz ki, pisdir. Birinizin əmisiyəm, birinizin də ki...

Cəfər bizi tez-tez Altıağac meşələrinə gəzməyə aparardı. Meşədə “Sevil”dəki mahnıların havalarını tarda Mələyə çaldırar, özü də oxuyardı.

Cəfər “Sevil”i qurtarmaq üzrə idi. Bir gün mənə dedi:

- Sonası, bilirsən nə var? Gəl səninlə şərt kəsək. Bu gün səhərdən axşama kimi nə evə girin, nə də məni çağırın, heç kimi də otağıma buraxmayın!

Biz buna söz verdik. Saat beşə kimi nə evə girdik, nə də qapını döydük. Saat altıya yaxın mən həyətdə oturmuşdum, Aydın küçədə uşaqlar ilə oynayırdi. Bir də gördüm ki, bir nəfər evimizə sarı gəlir, ancaq tanış adama oxşayır. Ürəyim gupp elədi, fikirləşdim: əgər bizə gəlsə, nə edəcəyəm? Mən bu fikirdə ikən yaxın qohumlarımızdan biri Şəmsəddin qabağımda dayandı. Mən özümü itirdim. O, Bakıdan gəlmişdi. Nə edəcəyimi bilmirdim. Cəfərdən də qorxurdum ki, gedib qapını döyüm. Məəttəl qaldığımdan Şəmsəddinlə heç ağıllı-başlı görüşə də bilmədim. Özümə gəldikdə bir qədər ürəklənərək ayağa durdum və:

- Xoş gəlmisən, ay Şəmsəddin, keç evə, - deyə onu otağa dəvət elədim.

Pilləkənləri çıxanda ayaqlarım dalımca gəlmirdi. Nəhayət, ürəyim döyünə-döyünə qapını taqqıldatdım, cavab gəlmədi, bir də döydüm.

- Ay Cəfər, Şəmsəddin gəlib, qapını aç!

Elə bu kəlmələri deyib qaçdım. Heç nədən xəbəri olmayan Şəmsəddin içəri girdi. Daha bundan sonra Cəfərin Şəmsəddinlə necə görüşdüyünü və Şəmsəddini necə yola saldığını bilmədim. Şəmsəddin təcili işi olduğu üçün Cəfərlə görüşüb başqa kəndə getdi. Cəfər eyvana çıxıb dedi:

- Üç dəqiqə gecikə bilməzdin, fikrimi dağıtdın! Əsəri qurtarmağa az qalmışdım. İndi mən üç dəqiqəlik işim üçün bir neçə gün oturmalıyam.

Sonradan “Sevil” tamaşaya qoyulanda Cəfər həmişə deyərdi ki, Sonası, öz aramızdır, “Sevil”in axırını Şəmsəddin korladı.

Altıağacdan qayıdandan sonra Cəfər əsəri tamaşaya qoymaq üçün dram teatrına verdi. “Sevil” pyesi tamaşaya qoyulanda çadra əleyhinə bir kampaniya aparıldı. Cəfər mənə dedi ki, Sonası, çadranı atmaq lazımdır. Mən cavab verdim ki, yox, atmaram; məhəlləmiz yaxşı deyil, hərə bir söz deyər. Cəfər isə mənimlə mübahisə aparıb belə dedi:

- Ay Sonası, əvvəl-axır çadranı atacaqsan. Sonradan atınca, məhəlləmizdə hamıdan əvvəl atsan yaxşıdır.

Bizə qəzet və məktub gətirən poçtalyon bir gün mənə qəzet verərkən dedi:

- Sona bacı, şəklin qəzetdə çıxıb.

Mən qəzetpaylayan kişinin sözünə təəcübləndim:

- Ola bilməz! – dedim.

- Ay Sona bacı, məgər səni tanımayıram, mənə nə düşüb yalan danışım, - deyə poçtalyon cavab verdi.

Cəfər söhbətimizə qarışdı.

- Balam, kişi düz deyir də, çadranı atmısan, özü də bu barədə qəzetdə yazın çıxıb. Hələ özündən başqa qonşuları da çadralarını atmağa çağırırsan. Daha bu kişi ilə höcət niyə edirsən?

Poçtalyon gedəndən sonra Cəfərlə davaya başladım ki, mənim şəklimi qəzetə niyə vermisən? (O zaman Cəfər “Kommunist” qəzeti redaksiyasında işləyirdi.) Mən nə vaxt çadramı atmaq haqqında məqalə yazmışam? Hətta ağladım da.

Cəfər dedi:

- Sonası, çadranı atmırsan atma, daha niyə ağlayırsan. Sənin özün üçün yaxşı deyil, deyərlər özü məqalə yazıb, hay-küy qaldırıb ki, çadramı atıram, amma yenə də çadrada gəzir. Elə mənim özüm üçün də yaxşı deyil, mən çadra əleyhinə əsər yazım, sən çadrada gəz. Yaramaz axı!...

Beləliklə, mən və Cəfərin qardaşı qızları çadranı atdıq.

“Sevil” əsərini tamaşaya qoymaq üçün teatrda qızğın məşqlər gedirdi. Əsərin quruluşunu rejissor Aleksandr Tuqanova tapşırmışdılar. “Sevil” tamaşaya qoyulandan sonra tamaşaçılar tərəfindən müvəffəqiyyətlə qarşılandı. Yüzlərlə qadın “Sevil”ə baxandan sonra çadralarını atıb, fabriklərə, zavodlara axışırdı.

Lakin buna baxmayaraq, əsər ətrafında böyük mübahisələr gedirdi. Bəziləri “Sevil”i əxlaqsız adlandırır, bu əsərin tamaşa üçün yararlı olmadığını söyləyirdilər.

Bakıda çıxan bütün qəzetlərdə dalbadal “Sevil” haqqında böyük məqalələr dərc olunurdu. Bir dəfə mən Cəfərdən soruşdum:

- Ay Cəfər, nə olub ki, bütün qəzetlər “Sevil”dən yazır, mübahisə gedir?

Cəfər dedi:

- Sonası, demək əsərdə elə bir şey var ki, mübahisə gedir, yoxsa belə olmaz. Deyəsən, məsələ ciddi məsələdir.

“Sevil”in axırıncı pərdəsinə Cəfər bir cümləni sonradan artırdı. Sevillə Balaşın söhbətində Sevil Balaşı acıqlandırmaq üçün Moskvada oxuyarkən, özünün yad kişilərlə görüşdüyünü söyləyir. Bəzi adamlar deyirdilər ki, bu sözlər Sevili tamaşaçıların qarşısında alçaldır. Bunu – Sevilin yalandan deməsini tamaşaçılara çatdırmaq üçün bir şey əlavə etmək lazımdır. Buna görə də Cəfər çox inaddan sonra nəhayət, könülsüz olaraq, axırıncı pərdədə Gülüşün: “Sevil, özünə niyə böhtan atırsan?” cümləsini əlavə etdi.

Cəfər tamaşa gedən zaman həmişə salonu gəzir, müxtəlif yerlərdə oturur, əsərin tamaşaçılara necə təsir etdiyini, əsər haqqında tamaşaçıların rəyini öyrənirdi.

1927-ci ildə birdən-birə Cəfərin ürəyi sancmağa başladı. Onunla birlikdə Yüzbaşıyev adlı həkimin yanına getdik. Həkim Cəfəri müayinə edib dedi:

- Cəfər, birinci növbədə sənə deməliyəm ki, papiros çəkməməlisən, içki də ki, heç olmaz.

Həkimlə xudahafizləşib küçəyə çıxandan sonra Cəfər cibindən papiros qutusunu çıxarıb atdı: “Daha səni çəkməyəcəm.” – dedi. Papirosla bərabər içkini də 1930-cu ilə qədər tərgitdi. Ancaq papirosu atmaq onun üçün çətin idi. Tütün çəkmədiyi üç ildə o, bir pyes də yazmadı. Cəfər deyirdi ki, ay Sonası, işləmək istəyirəm, ancaq bacarmıram. Fikrimi bir yerə toplaya bilmirəm.

1930-cu ilin əvvəlində Cəfərin cibində tütün qırıntıları görünməyə başladı.

- Cəfər, xeyir olsun, bu nədi? Yenə cibində tütün qırıntıları görünür? Papiros çəkirsən? Məgər bilmirsən ki, sənə olmaz? – deyə ondan soruşdum.

- Sən mənim canım, üstünü vurma, - dedi. - Təzə bir əsər yazmaq istəyirəm, papiros çəkməsəm, onu başlaya bilməyəcəm. Bu əsəri yazıb qurtarandan sonra tərgidəcəyəm.

1930-cu ilin yayında Şurabad (Qılızı) bağlarına köçmüşdük. Cəfər 1929-cu ildən yazmaq istədiyi “Almaz” pyesini burada başladı. Bu pyesin bəzi yerlərini Cəfər onda Şurabadda baş verən bir hadisədən götürmüşdü. 1929-cu ildə Şurabad kənd məktəbinə yenicə təyin olunmuş bir müəllimənin başına buna bənzər bir əhvalat gəlmişdi. Əsərdə olan obrazların da çoxu Şurabad kəndində yaşayan adamların həyatından alınmışdı. Məsələn: Hacı Əhməd Şurabadda yaşayan Hacı Əşrəfdir. Hacı Əşrəf kəndin varlılarından idi. Təzə təşkil olunmağa başlayan kolxoza girmək istəmirdi. Hacı Əhmədin danışığı, hərəkəti, ləhcəsi o qədər Hacı Əşrəfə bənzəyir ki, hər dəfə mən əsəri görəndə, yaxud oxuyanda istər-istəməz Hacı Əşrəf gəlib gözlərimin qarşısında durur.

“Almaz”dakı Fatmanisə də həmçinin. Bizim qonşuluğumuzda Şərəbanı adlı bir qarı olurdu. O, həm mama, həm də camaat arasında “şöhrət” qazanmış ara həkimi idi. Əri ilə yola getməzdi, gündə kişini döyüb evdən qovardı. Yaxşı yadımdadır. Bir gün axşamüstü evin qabağında, əncir ağacının altında oturub çay içirdik. Cəfərin qardaşı qızı Törə bağımıza gəldi (Onların da bağı bizim qonşuluqda idi). O, gülə-gülə dedi:

- Eh, siz də burda oturmusuz, kənddən xəbəriniz yoxdur. Şərəbanı arvad Ramazanın gəlini üçün bir həkimlik elədi ki, gəl görəsən.

- Nə olub, bir danış görək? – deyə mən ondan soruşdum.

Törə həvəslə danışmağa başladı:

- Ramazanın gəlininin uşağı çox çətin olurdu. Oraya yığışan arvadlar məsləhət gördülər ki, Şərəbanını köməyə çağırsınlar. Şərəbanı içəri girən kimi bir gəlinə, bir arvadlara baxdı, tez gəlinin kürəyinə bir təpik vurub dedi:

- Güc ver, köpək oğlunun qızı! Axır ki, uşaq oldu. Şərəbanı işindən çox razı qalıb, öz məharətindən danışmağa başladı.

Diqqətlə Törə xanımın söhbətini dinləyən Cəfər ondan xahiş etdi ki, Şərəbanını bizə gətirsin.

(Davamı gələn sayımızda)