Elektron ədəbiyyat və sənət portalı

Böyüklər üçün dərs

Bölmə: «Aydın Yol»çular 08.01.2016

Etiraf edim ki, mən də tətili fürsət bilib bayram günlərində vaxtımın çox hissəsini mavi ekran qarşısında keçirdim. Sevdiyim filmlərə yenidən baxdım, məşhur müğənnilərin bənzərsiz ifasından həzz aldım.

Amma bayram efirində bir süjet xüsusilə diqqətimi çəkdi və açığı, məni çox təsirləndirdi. TRT kanalının hazırladığı qısa süjet, qəzetlərdə və saytlarda heç də həmişə oxuya bilmədiyim, həyatda çox nadir hallarda şahidi olduğum adi, eyni zamanda  ibrətamiz bir həqiqəti ortaya çıxardı.

Antalyada uşaq bağçasında keçirilmiş Yeni il şənliyindən çəkilən kadrlara hədsiz maraqla baxdım. Milliyyətcə türk, rus və suriyalı olan uşaqların yolka ətrafında birlikdə şənlənməsi, Şaxta baba və Qar qızla müxtəlif oyunlarda əylənməsi bayrama xüsusi ab-hava vermişdi. Hələ valideynləri demirəm.  Oxuyub rəqs eləməkdə onlar övladlarından heç də geri qalmırdı. Sən demə, Şaxta baba və Qar qız rolunu da rus və türk valideyn ifa edirmiş. Bir sözlə, Yeni il üçün təşkil olunmuş bu çal-çağır bütün iştirakçıların ürəyincə idi.

Videokadrlara baxanda keçirdiyim məmnunluq hisslərini sözlə ifadə etmək mümkün deyil. Bir görəydiniz, üç millətin balaları və onların valideynləri əl-ələ tutub necə rəqs edirdi. Bu anlarda onlar üçün adi şam ağacının ətrafı dünyanın ən xoşbəxt və güvənli, şən və qayğısız məkanı idi.

Suriyalı uşaqlar ucadan ərəbcə və türkcə şeir söylədi. Suriyadan qaçqın düşmüş bu balalar hətta rus dilində də bir neçə söz öyrəniblər.

Bu kadrlara baxanda, nədənsə illər öncə Dağlıq Qarabağ və Qərbi Azərbaycandan, xüsusilə də Xocalıdan qaçqın düşmüş körpələr gözümün önünə gəldi. Onlar da bu zavallı suriyalı körpələrə bənzəyirdi. Danışsalar da, gülsələr də, hər an gözlərində qorxu, ürəklərində nisgil duyulurdu. Bəli, didərginliyin milliyyəti olmur...

Sarışın rus oğlanın türkcə, alagözlü türk qızının rus dilində oxuduğu mahnılar hamının sevincinə səbəb oldu. Söylənilən bütün şeir və mahnılar ana, Vətən, dostluq mövzusuna həsr olunmuşdu. Bu ürkək və bir az da həyəcanlı baxışlarını gizlətməyə çalışan körpələrin əzbərlədiyi şeir və mahnılar son aylar dünyanı çənginə almış üzücü siyasi və iqtisadi hadisələrə sanki etiraz kimi səslənirdi.

Şənliyə baxanda inanmırsan ki, cəmi bir neçə yüz kilometr aralıda, Suriya torpaqlarında amansız müharibə gedir, günahsız insanlar qırılır, anaların, zavallı balaların qanı axır.  Amma təəssüflər olsun ki, bu, acı həqiqətdir və Suriyada müharibənin hələ də sonu görünmür.

Bu məzlum uşaqların kamera qarşısında qol-boyun dayanıb xoşbəxt təbəssümlərini görəndə heç cür anlaya bilmirsən ki, iki möhtəşəm dövlət – Türkiyə və Rusiya arasında niyə etimadsızlıq rüşeymləri cücərməyə başlayıb, dünən dost və qardaş hesab olunan məmləkətlər hansı səbəbdən bir-birinə qarşı sanksiyalar tətbiq edir?

Amma görünür, bu körpələrin baş verənlərə öz “baxış bucağı” var. Onlar kiçik qəlbləri ilə artıq anlayırlar ki, bu gün təməli qoyulan dostluq və səmimiyyəti, bölüşdükləri bayram sovqatını heç nə əvəzləyə bilməz. Bu insanpərvərliyi və ən ülvi hissləri heç bir müharibə, heç bir sanksiya onların əlindən ala bilməz. 

Məncə, saysız-hesabsız sammitlərə, konfranslara, forumlara toplaşan, dünyanın qlobal problemlərini həll etməyə çalışan və illərlə qənaətbəxş nəticələr əldə edə bilməyən liderləri ildə heç olmasa bir dəfə belə uşaq şənliklərinə, daha doğrusu “açıq dərs”ə dəvət etmək lazımdır. Qoy gəlib görsünlər və dərs alsınlar. Milyonlarla insanlara iztirab gətirən, isti yuvasını dağıdan, ev-eşiyindən didərgin salan, dostu düşmənə çevirən müharibələr bir günahsız uşağın sevinc göz yaşlarına dəyərmi?

Dəyməz!