Elektron ədəbiyyat və sənət portalı

İnadkar, dürüst, haqlı...

Bölmə: Mədəniyyət 15.01.2016

Rejissor hələ film üzərində işə başlamazdan əvvəl bilirdi ki, bu aktyor heyəti ilə işləmək çox çətin olacaq. Hamısı korifeydir, özünəməxsus oyun tərzi ilə fərqlənən, təkəbbürlü sənətkarlardır. Di gəl ki, uşaq kimi adi bir sözdən, hərəkətdən küsürlər. Əliağa Ağayev, Möhsün Sənani, Lütfəli Abdullayev, İsmayıl Osmanlı, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli və başqa aktyorları eyni vaxtda bir çəkiliş meydançasına toplamaq hər oğulun işi deyildi. Gəl indi bunların hərəsi ilə öz dilində danış görüm, necə danışırsan?!

 Onun fikrincə, Rüstəm bəyin evindəki qonaqlıq səhnəsi “O olmasın, bu olsun!” filminin bütün qayəsini açıq şəkildə ortaya qoymalı, həmin dövrün ümumiləşdirilmiş tiplərinin daxili aləmini açıb göstərməli idi. Amma o, bütün varlığı ilə əmin idi ki, son dublda bu səhnə saxta alınıb, çünki bu dava, o davalardan deyil...

Əfsanəvi filmin rejissoru Hüseyn Seyidzadə 1956-cı ilin soyuq bir payız günündə, çəkiliş prosesinin ən çətin mərhələsində 3-cü dubl barədə qərar verməli idi, elə bir qərar ki, sonra ömrü boyu vicdan əzabı çəkməsin...

Hüseynin vicdan barəsində öz rəyi vardı. Bu rəy illərin sınağından çıxmışdı və onun keşməkeşli həyatında sönməz bir mayaka çevrilmişdi. 1910-cu il oktyabrın 19-da İrəvanda tacir Əli kişinin ailəsində dünyaya göz açmış Hüseyn, gəlişi ilə Seyidzadələr nəslinə hədsiz sevinc bəxş etmişdi. Ancaq bu sevincin ömrü uzun olmadı. Erməni təhqirlərindən cana doymuş Əli kişi əvvəl Tiflisə, sonra Bakıya köçdü. Hüseyn, kino sənətinə də elə bu şəhərdə bağlandı.

Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Sergey Eyzenşteyn, Mixail Romm, Lev Kulicanov kimi ustalardan dərs alan gənc rejissor, yaratmaq eşqi ilə çağlayırdı. Bakı kinofabrikində  müxtəlif illərdə “İlk komsomol buruğu”(1930), “Əlsiz adamlar”(1932), “Bakılılar”(1938), “Bir ailə”(1943), “Sovqat”(1943), “Əbədi odlar ölkəsi”(1945), “Doğma xalqıma”(1954) filmlərini çəkdi.

Əsl şöhrəti isə ona, 1956-cı ildə lentə aldığı “O olmasın, bu olsun” filmi gətirdi. Dahi Üzeyir Hacıbəylinin librettosu əsasında çəkilmiş bu filmi inamla Hüseyn Seyidzadənin şah əsəri adlandırmaq olar. Dünyanın 40-dan çox ölkəsində uğurla nümayiş etdirilmiş bu ekran əsəri bu gün də tamaşaçı rəğbətini qorumaqdadır.

Növbəti illərdə Hüseyn Seyidzadə Azərbaycan milli kinosunun qızıl incilərini yaratdı. “Koroğlu”, “Yenilməz batalyon” kimi filmlər təcrübəli rejissorun bənzərsiz dəst-xəttindən, həyat reallıqlarına fərqli baxışından xəbər verirdi.

Məhz fərqli düşüncə, hadisələrə müasir baxış usta sənətkarın yaradıcılıq yolunda ciddi maneəyə çevrilirdi. İsmayıl Şıxlının eyniadlı romanı əsasında çəkilmiş və 1970-ci ildə ekranlara çıxmış “Dəli Kür” filmi Moskva senzurasının qəzəbinə tuş gəlir. H. Seyidzadə Moskvada nə qədər qapılar döysə də, haqqını sübut etməyə çalışsa da istəyinə nail ola bilmir, milli qürurumuz üçün çox dəyərli sayılan epizodlar filmdən çıxarılır.

1970-ci ildə “Qatır Məmməd” filmi üzərində iş başlanır. İlkin variantda əsər “Gəncəbasarlı qisasçı” adlanırdı. Hüseyn 3 dəfə Moskvaya gedir, ssenari müəllifləri - Mixail Maklarski və Kirill Rapoport ilə görüşür, bir çox epizodlarla bağlı onlarla qızğın mübahisələr edir. Rejissorun prinsipial mövqeyini, qondarma tarixi faktlarla barışmadığını görən rus müəlliflər “Azərbaycanfilm”in direktoru Ədil İsgəndərova şikayət məktubu ünvanlayır. Hüseyn, Bədii şuranın iclasında “Heç kimin haqqı yoxdur ki, tarixi faktları saxtalaşdırsın, azərbaycanlıların milli mənliyini tapdalasın. Qoy getsinlər Çapayevdən, Brejnevdən yazsınlar! Qatır Məmməd onların yemi deyil!” - deyərək, qapını çırpıb gedir. O dövrdə bu sözlər karyeranın sonu, hətta cinayət məsuliyyəti demək idi. Nəticədə, “Qatır Məmməd” filmini başqa rejissor çəkdi.

Böyük fasilədən sonra qocaman rejissor, Əməkdar incəsənət xadimi H.Seyidzadə hamının sevimlisinə çevrilmiş “Qayınana”nı ekranlaşdırdı. Bu film ölməz sənətkarın son ekran işi oldu.

...Bütün bunlar sonra olacaqdı. Hələlik isə 1956-cı ilin soyuq payız günlərindən biri idi və “O olmasın, bu olsun” filminin çəkiliş meydançasında hamı rejissorun “hökmünü” gözləyirdi.

- Bir yeşik araq gətirin! Masanın üstündən butaforları yığışdırın, əsl qab-qacaq düzün!

...Azərbaycan kino sənəti tarixində canlı dərsliyə çevrilmiş bu epizod - Rüstəm bəyin evindəki qonaqlıqda dava səhnəsi belə çəkildi. Hüseyn Seyidzadə bir kənarda durub böyük məmnunluqla usta sənətkarların dava-dalaş səhnəsini izləyirdi. Gözləri gülürdü. Hələ heç kim onu belə xoşbəxt görməmişdi...

Fərhad SABİROĞLU