1959-cu ilin Şaxta babası…

Yazarlar 08.01.2016 185

Yaman tələsirdik. Yaşadığımız Həmşəri palanından Baksovetin yanına xeyli yol vardı. Bizim uşaq bağçası Teymur Quliyevin mülkündəydi (indi həmin binada İran səfirliyi yerləşir). Anam dostum Azadla mənim əlimdən tutub bağçadakı Yeni il şənliyinə aparırdı. Hər ikimiz dovşan paltarımızı axşamdan geyib yoxlamışdıq… Yaraşırdı… Şəklimiz də var o paltarda, üzümüzün bütün cizgilərindən bəxtiyarlıq yağır…

İçəri girəndə inanmadıq; gözümüzün öyrəşdiyi mənzərədən əsər-əlamət yox idi. Bağçamız sehrli bir saraya dönmüşdü – bər-bəzək, dəbdəbə…

Ağzımızı ayırıb nəhəng yolkaya, altındakı oyuncaqlara baxırdıq. Ayı, maral, tülkü, xoruz paltarı geymiş tərbiyəçilərimiz başımızı qatmaq, bizi məclisin baş qəhrəmanı olan Şaxta baba həzrətlərinin və gözəl Qar qızın təşrif gətirəcəyi xoşbəxt məqama hazırlamaq üçün dəridən-qabıqdan çıxır, biz balacalarsa uzaq Şimal buzlaqlarından marala minib görüşümüzə gələn babamıza deyəcəyimiz şeirləri təkrarlayırdıq…

Xanımana müəllimə pəncərədən boylandı və bizə sarı çönüb Şaxta babanın az sonra gələcəyini elan etmək istəyirdi ki, yaman pis iş oldu: qəflətən tualetə getməyim gəldi. Ayağımın birini qaldırıb o birisini qoya-qoya, bir az dözdüm. Amma yox, gördüm ki, getməsəm olmayacaq. Bilmirdim, əynimdəki dovşan paltarını çıxara biləcəkdimmi, amma yenə də cərgədən xəlvətcə aralandım, divarın dibiylə sivişib dəhlizə çıxdım, tualetə tərəf yüyürdüm. Yaman tələsirdim – axı Şaxta babaya xoşgəldini mən eləməliydim, gecikə bilməzdim…

Dəhlizdən qalın pərdəylə ayrılmış tualetə yaxınlaşanda ordan bir hənirti gəldiyini duydum, amma dayanmaq olmazdı, iş-işdən keçə bilərdi. Əlimlə pərdəni qaldıranda dəhşətə gəldim: düz qapının ağzında Qar qız paltarı geymiş bir xala durmuşdu, əsəbi-əsəbi “Tez ol da, ay başıbatmış, qurtar!” deyirdi.

Başqa vaxt olsaydı, bəlkə də qorxub qaçardım, amma indi yox: indi geriyə yol yox idi…

Bizim 11 nömrəli tramvaydakı qırmızıdodaq konduktora bənzəyən arvadın düz qoltuğunun altından sivişib tualetə soxuldum… Şaxta baba içi pambıqla sırınmış gümüşü ulduzlu qırmızı kürkünü süpürgənin dəstəsindən asmış, dik papağını da ağacın başına keçirmişdi, qurşağı yerdə, özü isə bərk məşğul idi…

Nəylə? Adam tualetdə nəylə məşğul olar?

Mənim dağ kimi güvəndiyim Şaxta babam elə orda, gözümün qabağında keçindi…

Şaxta baba mənim həyatımdan elə həmin gün çıxıb getdi, bayramla bağlı bütün arzu-istəklərimi də həmişəlik apardı…

İndi hamınızda təbəssüm doğuran bu hadisənin beş yaşı tamam olmamış bir uşaq üçün nə boyda sarsıntı olduğunu, yəqin məndən başqa kimsə anlamaz…

Özümə söz vermişəm: əlimə fürsət düşsə, balacaların Şaxta babalı ömrünü imkanım yetincə uzadacam. O qədər uzadacam ki, ömürlərinin ən yetkin çağlarında belə, ildə heç olmasa bir gün – Yeni il axşamı o gözəl nağıla inansınlar. Onda yaşamaq da asan olacaq, yaşatmaq da…