“Rus demiş... türkün sözü...”

Yazarlar 08.01.2016 244

“Türkün dili tək sevgili, istəkli dil olmaz”

M.Şəhriyar

Son zamanlar az qala hamılıqla doğma Azərbaycan dilinin təmizliyi, rəsmi dövlət dili olduğu barədə söhbətlər, mübahisələr apardığımız bir vaxtda yenə də bəzən rəsmi məktublaşmalarda, rəsmi və qeyri-rəsmi söhbətlərdə, mətbuat səhifələrində, radio və televiziya kanallarında yeri oldu-olmadı, elə “rus demiş...”, “türkün sözü” deyibən dilimizə hörmətsizliyimizi istər-istəməz büruzə verir, özümüzün gül kimi sözlərimizi “unudub” yabançı kəlmələrə, ibarələrə “qol-qanad” veririk. Və təbii ki, ana dilimizin “qol-qabırğasını”sındırırıq.

Birdən elə düşünərsiniz ki, problem bugünümüzün dərdidir, xeyr, dilimizin saflığı, bəlkə də dilimiz bir dil kimi formalaşmağa başlayan vaxtlardan “dilin memarları” olan yazıçılarımızı, qələm sahiblərini düşündürüb. Onlar öz yazılarında heç vaxt indi dilimizə güclə soxulmuş “ilk öncə, bu günkü gündə, mühüm əhəmiyyət, qatılmaq, haqda, hansı ki, tərəfimizdən, birlikdəliyimiz, prestij, kurallar, təkər-təkər, narazıçılıq, sensasion, polis naryadları, liposakşn” və s. və i.a. bu kimi söz və ibarələrdən istifadə etməyiblər. Düzdür, mənə irad tuta bilərsiniz ki, bu sözlərin əksəriyyəti dilimizdə var axı. Elədir, var, ancaq onları yerli-yerində işlədən çox azdır.

Haşiyə: 1927-ci ildə “Kommunist” qəzetinin 2000-ci sayının işıq üzü görməsi münasibətilə buraxılmış “Redaksiyamızın güzgüsü” məcmuəsində, qəzetin digər əməkdaşlarının dostluq şarjları ilə yanaşı, o dövrdə tərcüməçi işləyən C.Cabbarlının da dostluq şarjı (rəssam Əzim Əzimzadə) verilmiş, altında bu sözlər yazılmışdı:

Cümlələr qıssa, açıq dildə çıxır tərcümələr,
Oxusan, bitməyə bir cümləni Tiflisə qədər.
Yazaram sadəcə, “təyyarə”yə “uçquç” deyərəm,
Bircə “dilbil” də özüm burda bina eyləyərəm.
Salmaram tərcüməyə farsi, ərəb sözlərini,
Elə türki deyərəm, türk də döyər gözlərini.
Nə qədər ki, ərəbə güc verə Mahmudi Nədim
Vuracaq sadəliyə qüvvəti Cimzadeyi – Cim.

(“Cim-Cim”, “Cimzadeyi-Cim” C.Cabbarlının gizli imzalarındandır – B.S.)

Həmin dövrdə C.Cabbarlı dilimizin saflığı, təmizliyi uğrunda yorulmadan mübarizə aparmış, dilimizə ərəbcə işlənən “elan” yerinə “bildiriş”, “təshih” əvəzinə “düzəliş” və bir çox digər saf türk, Azərbaycan sözlərini gətirmişdi.

Bəs bu gün biz nə edirik? Bu gözəl təcrübədən yararlanmaq, dilimizi analarımızdan, nənələrimizdən eşitdiyimiz, unudulmaqda olan sözlərlə zənginləşdirmək əvəzinə, az qala türklərin, mənşəyini bəlkə heç özlərinin də dəqiq bilmədikləri “çok mersi”, “pardon”, “kural”, “təkər-təkər” kimi ibarələrlə korlayırıq. 

Qəzetlərimizdə rast gəldiyim bəzi cümlələri diqqətinizə çatdırsam, mənim nə dərəcədə haqlı olub-olmadığımı dil sərrafları başa düşər yəqin.

 “İlk öncə onu vurğulayaq ki...”

“Bu günkü gündə gündəlikdəki ən əsas məsələ...”

“Kollektiv qarşısında duran ən vacib vəzifələrdən biri olan gənc nəslin yetişdirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.”

Bu yazıların müəlliflərinə üz tutub demək istəyirsən ki, əşşi, ana dilimizə də bu qədər, lap elə rus demiş, “bezatvetstvenni atnaşeni” olar?

Amma fars demiş, çi fayda?

Ərəb demiş, əlqərəz...

Yəni bunları, “nə faydası?, qısası...” kimi deməməklə, Məşədi İbad demiş, “abrazavonski” olduğumuzu göstərmək istəyirik?