Doğrudanmı 30 x 20 = 600 eləyir?

Yazarlar 08.01.2016 234

“Riyaziyyat – baş aldatmagın ən mükəmməl metodudur”

A.Eynşteyn

Sizə hardan deyim, kimdən xəbər verim? Talesiz tərcüməçi işindən…

Şərq dillərindən gözəl tərcümələrin müəllifi, şair Mirmehdi Seyidzadə vaxtilə deyirdi ki:

Otururam hər cümə,
Eyləyirəm tərcümə,
Düşünürəm yarayar
Xırda-para xərcimə.

İndiki vaxtda külfəti quru ziyalı maaşıyla keçindirmək çətindir. Odur ki, mən xırda-para xərcimə yaraması üçün deyil, uşaqların böyüdükcə artan tələblərini qarşılamaq üçün tərcümə eləyirəm.

Başınızı ağrıtmayım, bir həftə öncə mötəbər bir dövlət idarəsindən hörmətli bir şəxs mənə telefon açdı. Hal-əhval tutduqdan sonra mənim mərifətlərimi sadaladı və xeyli təriflədi. Adətən belə hallarda dalağım sancır; acı təcrübəmdən bilirəm ki, bu gözəlləmənin sonu yaxşı qurtarmayacaq, don Karleone demiş, mənə elə “təklif” verəcək ki, işim başımdan aşsa da, boyun qaçıra bilməyəcəyəm. Hardasa, elə də oldu.

- Mənə bax, sənətkar, - həmin şəxs qılıqlı səslə dedi, - otuz səhifəlik bir yazı var, bir az qəliz tekstdir, onu təcili tərcümə eləmək lazımdır. Mənə səni məsləhət görüblər, nə deyirsən?

Cavabında indilərdə bərk məşğul olduğum, üstəlik, bir az da özümü xəstəhal hiss etdiyim barədə əzbərdən kiçik imtina nitqi söylədim. O, məni səbirlə dinlədikdən sonra, guya elə-belə maraqlanırmış kimi soruşdu:

- Sən, ümumiyyətlə, səhifəsini neçədən tərcümə eləyirsən?

- On beş manatdan, - onu başımdan eləmək üçün ağlıma gələn ilk rəqəmi dedim.

- Dediklərini nəzərə alaraq, sənə iyirmi manat verirəm, - amma vaxt azdır, bir həftəyə tərcüməni təhvil verməlisən!

- On gün! – beynimdə ani 30x20=600 hesablaması aparıb, guya könülsüz razılaşdım.

- Danışdıq! – Telefonun o başındakı səs özündən razı halda nıqqıldadı.

Şənbə günü idi, adam balası kimi uik-end keçirim deyə, işə birinci gündən başlamağı qərara aldım. Amma sən saydığını say...

Bazar gününün axşamı anam zəng elədi ki, bəs, Osman kişi ölüb. Mənim adət-ənənə, mərasim, ritual kimi məsələlərlə bağlı başısoyuqluğumu bildiyindən, bərk-bərk tapşırdı ki, Osman kişi ailəmizə yaxın adam olub, ona görə də, eləcə görünüb aradan çıxmağa çalışmayım, dost var, düşmən var, qoy görsünlər ki, biz haqq-saya sədaqətli adamlarıq.

Yasda əvvəldən-axıra kimi iştirak elədim, gün axşam oldu. Yasda şivən qurmaq üçün kirayələnmiş arvadların ah-vayı, mollanın cəhalət dövrünə aid moizələri, yağlı dana əti, şaxtalı hava məni elə hala gətirdi ki, həmin gün tərcümə eləyəsi olmadım. Evə gəlib yazı stolumun üstündə zərli-baftağlı iki dəvətnamə gördüm. Bu da əhvalıma ayrı bir “rəng” qatdı. Açıb gördüm ki, xalaoğlu məni sabah (!) saat altıda nəvəsinin sünnət, o biri gün isə məktəb yoldaşım qızının toy məclisinə çağırır.

Gecə saat 12 radələrində telefonuma zəng gəldi. Bu da kim ola, bacanağım!

- Ayə, xəbərin varmı, a qibləsiz, beşinci gün uşaq əsgər gedir, - bacanaq telefonda ağlamsındı. – Gələrsən, yola salarıq!

Sabahısı günü özüm qız toyuna getdim, xalaoğlumun məclisinə isə nəmər göndərdim.

Uzunçuluq eləməyim, beləcə bütün həftəni “dərd alıb, qəm satdım” və “kef elədim”. Tərcüməyə tərəf baxmağa macalım belə olmadı.

Həftəsonu evdə oturub Azərbaycan insanının bir ritual səviyyəsinə yüksəltdiyi toy-yas, əsgərliyə uğurlama, instituta qəbul, yubileylər və s. və i a. kimi mərasimlərin acısını canımdan çıxarmağa çalışırdım. Düşünürdüm ki, bu rituallar azərbaycanlının anadangəlmə travmasıdır; azərbaycanlı özünün uydurduğu miflərə dini ekstaz dərəcəsində sitayiş eləyir; həm qohum-əqrəbanın işinə yaramaq, sayı-hesabı bilinməyən toy-yas mərasimlərini yola vermək, evinə gələn qonaqları yüksək səviyyədə qarşılamaq, həm də ortaya çıxarılası bir iş görmək – bunlar bir araya sığmır. Belə-belə düşündüyüm yerdə xalaoğlumdan bir ismarıc gəldi. İsmarıca onun nəvəsinin sünnət toyuna göndərdiyim nəmər də əlavə olunmuşdu. İsmarıcı gətirən adam xalaoğlumun sozlərini “olduğu kimi” mənə çatdırdı: “Dedi ki, denən, pulu təpəsinə dəysin, mən onun puluna qalmamışam, sayıb məclisimə dəvət etmişəm, zəhmət çəkib özü gələydi”.

İndi də oturub, istəkli xalaoğlumun könlünü necə almaq və sifarişçiyə nə cavab vermək haqqında fikirləşirəm.

Fələyin xərcinə getmiş 600 manat barədə isə düşünməyə vaxt yoxdur…