Elektron ədəbiyyat və sənət portalı

Bu dünya yuxu tək, əriyib gedər

Bölmə: Ədəbiyyat 17.02.2016

Leyla ƏLİYEVA

 

İnanmıram

Yenə yara vuruldu…
Ruhum sızıldayınca
qırıq misralarımın
içindən düşdü ürək…

Ürəyim qaya kimi
düşdü uçurumlara…
Sən ruhuma rəhm elə,
İlahi, qaçım hara?

Aylardan, ya günlərdən
güclü olurmu heç an?
Olur… çünki geriyə
dönmur nə o, nə zaman.

Bu nə gülüş səsidi?
Təbəssümlər nə gizlər?
Mənim bu ruhum təki
De, olurmu ruh incə?

Çırpınır yazıq ruhum
qəfəsində quş kimi.
Dənizlərə qərq olub
batmış əzizim kimi...

Boğulur… yox iradəm
ruhumu çıxarmağa
İstəyirəm, amma yox,
güc çatmır ağlamağa.

Əllərim gücsüzləşib
Ağrım gözümdə donub.
Pozuldu bu hekayə
Yazmaq çətindi onu.

Pozuldu bu hekayə
«Yox» deyib qışqırsam da.
Səsim təpərdən düşüb
Ağzım zəhər dadsa da...

Nə dəyişdi qəfildən?
Qışmış demə, qar yağır…
Sən demə, şaxta imiş...
Nə biləydim mən-fağır?

Yarpaqlar da tökülür…
Toran basır gündüzü...
Niyə inanmıram bəs?
Niyə?.. Bilmirəm, düzü.

 

Pərvanə

Dayan, dur, pəpvanə, qanad saxla bir!
Niyə can atırsan sən o işığa?..
Geri dön, pərvanə, qorx ki, o səni
Sübhün sonunacan yandırıb-yaxa.

Qanadların ipək, incə məxmərdən
Görənlər vurular, heyran qalarlar.
İşıq məkrlidi bu dünya kimi
Bizi həm yaradar, həm də yandırar.

Dayan, dur, ay əziz pərvanəm mənim,
Yalan deyirsən ki, intizar üzmür.
Axı görürəm mən, necə tənhasan
İşıq sevdasıyla uçursan nə cür.

Sən çox sadəlövhsən, balaca dostum,
Yoxdu ürəyində peşmanlıq izi.
Nifrəti görmürsən dörd tərəfində
Səni bürüyübdü tək sevgi hissi.

Sən elə bilirsən, eşq səni satmaz
Səni zəhərləməz yalanlarıyla.
Amma bunu bil ki, zəif ürəklər
Dumana düşüncə, o an sönərlər...

Amma dumanın da qorumağı var...
İşığın boz məkri qeyb olur onda.
«Bu dünyada sevgi yoxdu» deyənlər
Uçmağı unudur, uçmur bir daha.

Sən gəl, ayrı səmtə qanad çal, dostum,
Bilsən də, canını alov yaxacaq.
Bizə misra dolu şeirlər bəxş et,
Məxmər qanadını qırma sən, ancaq.

 

Qu quşu

Cəmi bircə atəş, bircəcik güllə
Qu quşu göylərə çəkilib getdi…
Xəyal bir andaca batıb boğuldu,
Möcüzəyə olan inam da itdi.

Məkrli-məkrli qımışdı ovçu,
Gülüb də gizlətdi nə dərdi vardı,
Özgə həyatına qıymaqla sanki,
O öz həyatının heyfin alırdı.

Cəmi bircə atəş… bircə andaca
Qeyb oldu, yox oldu dupduru sevgi…
Çiləndi o dərdsiz, o kövrək hisslər
Bəyaz lələklərə qızıl qan təki.

İnsanın haqqı var atəş açmağa
Görən yaşamağı nədi haqq edən?
Dili olmayanlar qurtula bilməz
Bu haqsız, insafsız mühakimədən.

Cəmi bircə atəş… ağlayır külək…
Qu quşu itirir öz sevimlisin...
Verərdi ovçuya hər nəyi varsa
Kaş atəş açmasın, çıxıb da getsin.

Həyatını belə, qurban verərdi
Təki sevimlisi geriyə dönə.
Necə əzablıdı həsrətdə ölmək
Dərd dönər gülləyə, deşilər sinə.

Cəmi bircə atəş… bir dərya kədər…
Qu uca göylərdən axdı ulduz tək…
Qeyb oldu… amma öz istəklisini
Qoymadı heç zaman qəlbində ölə!

Qu tökə bilmədi göz yaşlarını
Göz yaşı, ötən vaxt sağaltmaz onu.
Çılğınlıq əlindən divanə olub
Gözləri axtardı işıqsız sonu…

Silindi yaddaşdan açılan atəş
Hər şeyi yoluna zaman qoyacaq.
Amma insan oğlu heç vaxt dünyada
Qu təki sevməyi bacarmayacaq.

 

Atəşfəşanlıq

Niyə atəşfəşanlıqdan yazmadım görən?
Yazmadım göylərin nurlanmasından?
Milyonlarla qəlbin həsrət çəkdiyi
Sevincin gözlərdə əks olmasından?

Uşaq çağlarımdan bələdəm ona,
Doğulduğum gündən doğmadı mənə.
İşığı illərlə tükənən deyil,
İllər ötüşsə də nur saçır yenə…

Göyün qürubunda dəyişincə gün,
Üfüqlər adamı aldadan zaman
Yanımda quruca kölgələr qalar
Hisslər məhrum olar yenə uçuşdan…

Göyə min rəng vurar atəşfəşanlıq
Bu dünya yuxu tək, əriyib gedər
Zülmətdə ümiddən ocaq çatmağı
Tək bir o bacarar, o düzənləyər.

Onunla tanışam lap uşaqlıqdan
Sevinclə tək onu könlüm gözləyir…
Bəlkə gülməlidi dediyim… ancaq
Ruhumu təkcə o… o tilsimləyir…

 

Gedim bir az ağlayım

Gedim, bir az ağlayım.
Elə belə, bir azca…
Ürəyimi gizlədib
yastıq altda saxlayım…
Yoxsa, çölə tullayım?
Yox, gedim mən ağlayım.
Bəlkə onu - bu qəlbimi
bağımıza aparım?
Yoxsa, atım dənizə,
dalğalarda azdırım?
Bəlkə küləyə verim,
aparsın onu məndən?
Yoxsa, ləkdə basdırım,
çiçək bitirsin hərdən?..
Axı demir o mənə,
nədən deşir sinəmi?
Qoy əkim onu ləkdə,
bəlkə bitdi gül kimi?
Bəlkə futbol oynayan
uşaqlara top gərək?
Götürün, bu da ürək!
Yoxsa, qonaqlar gəlsin,
vaxtı hədər verməyək?
Bolluca şərab içək,
qoy qəlbimdən dadsınlar,
Didib yesinlər onu
bu rəhmli qonaqlar...
Axı deyə bilmədi
bu rahatsız ürəyim
Mən yazıqdan nə umar?..

Mən qəlbimi satıram!
Bazar piştaxtasında!
Buyur, götür, ay adam,
sən onu pulsuz apar!
İçi tikan- tilişkə,
amansız qasırğalar…
Canımı ondan qurtar!

Yağışlı havalarda çətirimi açmaram
Qoy bu rahatsız qəlbim
yağışlar altda qalsın.
Bəlkə bir az toxtasın...
Ağrısını, qəmini
sular yuyub aparsın.

Gecənin səssizliyi,
tənhalıq dolu kədər…
Qəlbimlə baş-başayıq,
sübhün sonuna qədər.
“Onu məndən qoparın”! -
Aya, Günəşə dedim.
Bilmirəm nədən onu
mən sənə bəxş etmədim?..

 

Getmə ana, anacan!

Getmə ana… Anacan!
Sənsizlik məni sıxır…
Sən gedəndə yağışlar
Durmadan, elə yağır…

Al, götür qucağına
Sıx ürəyinə məni.
Sehrli baxışınla
İşıqlandır göyləri.

Hələ körpəyəm, ana,
Söz tutmur hələ dilim.
Kitab oxumamışam,
Dünya nədi, nə bilim?

Mən hələ lap körpəyəm
Güclə addımlayıram.
Dərk etmirəm dünyanı
Amma bir az duyuram.

Ana, axı de, niyə
ağlayırsan ertədən?
Böyüyüb həqiqəti,
Onsuz da biləcəm mən.

Qoy kuklamla oynayım,
Öyrənim mən susmağı.
Böyüklər bu həyatla
Oynayıb susur axı?..

Qorxurlar öyrəşərəm
Həyəcana, qüssəyə.
Qorxurlar itirərəm
İnamımı hər şeyə.

Olsun arzulamağı
Nə vaxtsa tərgidəcəm.
Amma bil ki, hər gecə
Yuxuma girəcəksən...

Qəsrlər tikməyəcəm,
Nə vaxtım var, nə gücüm
Heyif olacaq ömür
Bir də başlamaq üçün.

Qocalıb peşman olsam
Anılacaq nağıllar…
Bax, onda biləcəyəm
Nə gizli diləyim var.

Danışmağı bacara
bilsəydim, ana, inan,
Öyrədərdim mən sənə
Nə cürə yaşayasan.

Getmə, ana, anacan!
Xahiş edirəm, qayıt!
Sənlə nəfəs alıram,
Qayıt, körpəni ovut!