Elektron ədəbiyyat və sənət portalı

Tarixə şair baxışı

Bölmə: Ədəbiyyat 06.02.2016

Vahidin poetik ovqatına,  misralarının düzümünə və məna çalarlarına, qafiyələrinin yaraşığına, sözlərdən istifadə məharətinə...daha dəqiq - çəmən çiçəkləri təki tərtəmiz poeziyasına inanıram.

Böyük ustad Rəsul Rzanın hələ 1968-ci ildə Vahid Əziz haqqında yazdığı sözlər, yalan olmasın, elə indinin özündə də adamın gözlərini qamaşdırır, heyrətləndirir:

-“...oxudum, vərəqləri çevirdikcə qarşımda istedadlı bir şairin surəti canlanırdı. Daxilən bir səs sanki mənə deyirdi:-Sənə təqdim etdiyi bu parçaları, o, şeir deyil, yazı adlandırırdı. Bunlar ki, şeirdir. Bu şeirlər qibtə oyada biləcək qədər poetikdir.

Burada ağıl, hiss, arzu, xəyal, qəlb döyüntüsü, zövq elə bir vəhdətdə ifadə olunmuşdur ki, oxusan sinən qürurla qabarar. Bu, mənim yurdumun balasıdır!”

Vahidin və mənim istəkli dostumuz şair, nasir, ədəbiyyat professoru rəhmətlik Arif Abdullazadə Vahiddən söz düşəndə mənə deyərdi ki, ay Ramiz, Vahidin o məşhur şeiri var ha, hansı ki,  o sözlərə mahnı da qoşulub, Flora xanım oxuyur, “Yaman gecikdin”. Hər dəfə o mahnını eşidəndə Şəkidəki dağətəyi həyətimizin çiskinli payız səhəri yadıma düşür, kövrəlirəm:

Yağar zirvələrə qar narın-narın,
Çisginə bürünər payız bağları.
Budaqda qalmaqdan güleyşə narın,
Çatladı bağrı,
                Yaman gecikdin...

Şükürlər olsun ki, Vahid Əziz milli poeziyamıza layiqincə xidmət etmək hünərini göstərə bildi və indi də poeziya köhlənini şeiriyyətin nəhayətsiz üfüqlərinə doğru yorulmadan çıxmaqdadır... Əslində, Vahid Əziz mənim üçün o sənətkarlar cərgəsindədir ki, onun rast gəldiyim hər bir şeirini oxumasam mümkün deyil.

“Azərbaycan” jurnalının ötənilki 11-ci nömrəsində onun “Mircəfər” adlı poeması dərc edilib. Əvvəla, qeyd etməyi vacib bilirəm ki, 1941-1945-ci il müharibəsindən əvvəl və sonrakı mürəkkəb və ağır illərdə Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırovun həyatı, rəhbərlik fəaliyyəti, şəxsiyyəti yetərincə ziddiyyətli, çətin, cavabı hələ də aydın olmayan suallar dolu məqamlarla indi də yaddaşlarda qalmaqdadır.

Əslində, Mircəfər Bağırov niyə güllələndi, günahı nə idi, doğrudanmı o, millətinə xəyanət yolunu tutmuşdu? Bütün bu suallara cavab vermək asan iş deyil, məncə...

Onun həyatının “qaranlıq” tərəfində olmuş hadisələrə obyektiv qiymət veriləcəkmi, keçən əsrin 50-ci illərində Moskvanın göstərişi ilə qurulmuş məhkəmə və ən ağır məhkəmə hökmü doğrudanmı ədalətli idi? Və. s. və. i.a.

Həmin məhkəmə hökmünə yenidən qayıtmaq, o vaxtkı siyasi rəhbərliyin mövqeyinə qiymət vermək mümkün olan iş deyilmi ki?...

İndi XXI əsrdir. Dünya dəyişib, ab-hava dəyişib, dünyagörüşü başqalaşıb,  bir vaxtlar bizlərə möcüzə kimi görünən elmi-texniki kəşflər adiləşib, uşaqlıq illərində nağıllarda oxuduğumuz “filan padşahın boynu vuruldu”, “filan vəziri dar ağacından asdılar” kimi qorxulu rəvayətlər indi gözümüzün qabağında, yaşadığımız əsrdə baş verir (Səddam Hüseynin, Muammar Kəddafinin öldürülməsi və s.), heç təəccüblənmirik də...

Mircəfər Bağırovun həyatı, fəaliyyəti barədə faktlar, dəlillər əsasında indi xeyli sayda kitablar da nəşr edilib.

Şair dostumuz Teyyub Qurbanın bu sahədəki fəaliyyətini xüsusilə qeyd etmək olar.

Vahid Əziz isə tamam başqa bir bucaqdan başqa bir ovqatla yanaşıb Mircəfər Bağırovun sərt, qətiyyətli şəxsiyyətinə, mürəkkəb və ziddiyyətli fəaliyyət dünyasına. Onun başadüşülməz işlərinə də haqlı münasibətini bildirib:

Mircəfər Bağırov olsa da hər kim
Tanrının hökmüylə-bu Yurda düşən.
Cavidlərə görə “qanın içərəm”
Millətimə görə səcdə etmişəm.

Şair qardaşım tarixi həqiqətlərə istinad edərək sovet dövlətinin ən qaynar çağlarında Moskvada-İosif Stalinin ətrafında birləşərək Azərbaycanı Yer üzündən silməyə can atan Mikoyan və onun havadarları ilə təkbaşına döyüşən (və qalib gələn!) Mircəfər Bağırovun qətiyyəti, milli təəssübkeşliyi, cəsarəti kimi işıqlı keyfiyyətlərini ön plana çəkir, qiymətləndirir.

Yaramaz və yaltaq ermənilərin müharibədən sonra Azərbaycan torpaqlarında yerləşdirilməsi ilə əlaqədar baş rəhbərin-Stalinin göstərişinə mərd-mərdanə cavab verərək rəhbəri bu fikirdən daşındırması söhbətini müəllif ustalıqla qələmə alıb:

Yoldaş Stalin!
Xaricdəki ermənilər
Çox da bizə uyğun gəlməz.
Ermənilər pambıq əkməz,
Neft çıxarmaz, taxıl biçməz.
Bu cür işlər bu millətdən
uzaq şeydir...
...Ermənilər Hayastanda yerləşərək
Erməniyə ermənilik edə bilsin...

Daha sonra Mircəfər Bağırov “ellər atasına” bildirir ki, ərazimiz kiçikdir. Ona görə də qədim Azərbaycan torpaqlarının-Dərbəndin, Zəngibasarın, Göyçənin, Gorusun, Dərələyizin... qaytarılması zərurəti yaranıb. Azərbaycan rəhbəri xahiş edir ki, bu məsələyə baxılsın.

Təbii ki, bu məsələyə baxılmır, növbəti erməni hiyləsi də baş tutmur...

Yeri gəlmişkən, onu da qeyd etməyi vacib bilirəm ki, erməni xislətini, yaltaqlığını, mayasındakı əxlaqsızlığı, yaxşı bildiyinə görə, şair poemada bu pozğun millətin iç üzünü məharətlə aça bilib:

Ermənilər dəhşət imiş
Ağıl-kasad, iç-çürümüş.
Vicdan-qırıq, iştah -yekə.
Bu millətlə mehribanlıq-
Evlər yıxan bir təhlükə!

Vahid Əziz Mircəfər Bağırovun taleyinə yanan, onun “xalq düşməni” adlandırılmasına daxilən etiraz edən, uzun illər rəhbər işlərdə çalışmış atası Əziz kişinin insani duyğularından, haqq-ədaləti müdafiə etdiyindən söhbət açmağı da unutmur:

Biləndə “Bağırov edam edildi”.
Xeyli yazıq atam üzüstə yatdı...

Şair şəxsən özü də məhkəmə oyununa etiraz səsini qaldırır:

Prokuror-rus, hakimlər-rus
Müttəhimsə türk oğlu türk...

Ötən əsrin 37-ci ilindəki hadisələri şair ən əzablı, işgəncəli, qanlar içilən bir dönəm adlandırır, böhtan və şayiələrin ayaq tutub yeridiyi həmin dövrü ittiham edir:

Neçə milyon sadə kəndli,
elm adamı, sənətşünas, fəhlə,
dindar, qələm əhli
“Düşmənçilik” damğasıyla dağlanmışlar.
Öz yurduna, torpağına, Vətəninə bağlanmışlar
Sürgün oldu,
             məhv edildi,
güllələndi!
Demirəm ki, içlərində günahlısı
heç olmayıb
Belələri indi də var!..

Hörmətli şair erməni xəyanətinin davam etdiyini, XX əsrin son illərində başımıza gətirilən Qarabağ müsibətinin, 20 yanvar faciəsinin əsl səbəbkarlarını şallaqlayır:

Uydurma zəlzələ, böhtanlar, filan...
Qaçmasa-hamısı qırılasıydı.
Şərəfsiz Qorbaçov-Raiskasıynan
Azğın daşnakların əl tulasıydı!

Müharibədən sonraki illərdə daha dəqiq desək, ötən əsrin 48-50-ci illərində Ermənistandakı ata-baba yurdlarından Azərbaycan ərazisinə köçürülən soydaşlarımızın üzləşdiyi bəlaları şair belə təsvir edir:

Doğma “Ərman dağlarından” qovulan
o zamanki “Qaryaginin”,
“Jdanovun” (Beyləqanın),
Mil-Muğanın,
Yevlağın
İlanların mələşdiyi
Çöllərində məhv olaraq
yanırdılar...

Müəllif daha sonra Mircəfər Bağırovun rəhbərliyi altında Azərbaycanın bir sıra yerlərində - Mingəçevir, Sumqayıt şəhərlərində, Xəzərin qoynundakı “Neft daşlar”ında gedən quruculuq işlərini yada salır...

Vahid Əziz poemanı  həqiqəti tərənnüm edən maraqlı bir sonluqla bitirir.

Poemanın “Heydər-zirvəsidir Azərbaycanın!” adlı fəslində müəllif bugünümüzə nəzər salaraq unudulmaz Heydər Əliyevin millətimiz qarşısında tarixi xidmətlərini yada salır, böhtançıları, şər dəstələri lənətləyir:

Öndərə fitvalı böhtanlar yağar
Çörək verdikləri, ayağa qalxın.
Bizim Heydər adlı bir dühamız var
Heydər –zirvəsidir Azərbaycanın!

Şair Mircəfər Bağırovla Heydər Əliyevin adını yanaşı çəkir:

Bu yurdu yaşadıb, xilas edənlər
Türk oğlu Mircəfər və Heydər oldu! - deyir.

Şair haqlıdır!

Əgər hələ 1997-ci ildə bir tədbirdəki çıxışında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aşağıdakı fikirləri bütün dünyaya bəyan edibsə, Vahid Əziz haqlıdır və onun Bağırov kimi güclü və ziddiyyətli bir şəxsiyyətə poema həsr etməsini bəyənməyə dəyər:

“Azərbaycanlıların öz dədə-baba torpaqlarından kütləvi deportasiyası İkinci Dünya müharibəsindən sonra başladı. Yüzminlərlə insan Azərbaycan Respublikasında yerləşdirildi.

O ki qaldı o dövrdə Mircəfər Bağırovun oynadığı rola-Mircəfər Bağırovun cəsarətli tədbirləri olmasaydı, indi bu ərazidə nə azərbaycanlılar, nə də ki, Azərbaycan dövləti vardı”.

Ramiz MƏMMƏDZADƏ,
Şüvəlan, yanvar 2016-cı il