Elektron ədəbiyyat və sənət portalı

PAPAQ

Bölmə: Ədəbiyyat 06.02.2016

Sözə, bədii mətnlərə tarixin bütün dönəmlərində ehtiyac olub. Söz – zamanın biləyindən yapışan, onun nəbzini yoxlayan bir təbib olub həmişə.  Gərdişin əli hər yerdən üzüləndə, dünya  qələmin gücünə, bədii sözə söykənib. Bunu zaman-zaman sınaqlardan keçən ədəbiyyatımız da təsdiqləyir. Təəssüf ki, yazılan gözəl əsərlərlə yanaşı, bu günün mənzərəsi fonunda yaşanan xaotik bir söz bumuna da şahid oluruq. Bu, əsl sözə qiymət verən oxucularda bir xəyal qırıqlığı yaradır. Ədəbi mühitdə yaşananlar, məsələn, yaşından, təcrübəsindən, istedadından asılı olmayaraq, romançılığa  aludə olmağın bu gün bir dəb halını alması, nəticədə sözün urvatdan düşməsi ədəbiyyatsevərləri məyus edir. Belədə qələm adamlarının tarixin dolanbaclarından keçib gəlmiş əsərlərinə bir daha üz tutmağa ehtiyac duyulur. Bu baxımdan, onların əsərlərindən örnəklər verməyi planlaşdırmışıq. Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan İsmayıl Qarayevin “Papaq” hekayəsi ilə missiyamızı davam etdiririk.

***

İsmayıl QARAYEV

Qonşulardan biri Böyükbala gördü ki, Allahyar kişi bütün papaqçı dükanlarını birbir gəzdi. Bahalı papaqların hamısını bir-bir başına qoydu, durdu güzgünün qabağında, boyun-başını əyə-əyə özünə yaxşı-yaxşı baxdı, amma birini də bəyənmədi. Böyükbala fikirləşmişdi ki, yəqin, qonşusu kiməsə layiqli “padarka” almaq istəyir. Yoxsa onun özünün nəyinə gərəkdi. Çünki belə “kişi” papaqlarının qıt olduğu zamanda özünə sur dəridən bir “kişi” papağı tikdirmişdi, onu da iclasa, işə, tədbirə gedəndə geyinməmişdi, öz “kiçiklərinin” qonaqlığına-zadına çağrılanda şeytanın qıçını hərdənbir sındırmışdı.

Qonşular hiss etmişdilər ki, Allahyar kişini işdən çıxarıblar. Axı o, indiyə kimi, istirahət günlərindən savayı, evdə heç vaxt qalmırdı. İndi iki aydan çox olardı ki, evdə idi; hər günorta çıxırdı həyətdən, axşamüstü gəlirdi. Heç vədə indiki kimi əla geyinməmişdi. Gündə bir dəst kostyumun qəttəzəsində görürdülər onu. Amma onu da görürdülər ki, o qiymətdə geyim-kecim mitil kimi görünür onun əynində, kişinin yerişində-duruşunda əvvəlki diklik-tənəkəşlik yoxdur. Elə qoca da deyil deyəsən ki, hamısı yaşdandı.

Elə bil kişinin içindəydi hər nə idisə, onu içindən dağıdırdı o görünməzlik, o bilinməzlik.

Əvvəllər Nuh əyyamından qalmış, amma motoru saz bir “palturka” gəlib onu evdən götürərdi, axşamdan xeyli keçmiş qaytarardı. Böyükbala bir dəfə şoferdən elə beləcə öyrənmək istəmişdi ki, Allahyar kişi hansı idarənin böyüyüdür. Şofer də “çox əla, xudmani yerdir” demişdi. Amma qonşular hərdən görmüşdülər “lastışkanın” qanad-quyruğunda cır-cındır ilişib qalıb, həm də bəzən, maşın yuyulsa da çox pis iy verir. Belə güman etmişdilər ki, əlbət, şofer xalturaya-zada qaçıb, bağlara peyin-meyin daşıyıb.

Qonşular indi öz aralarında danışırdılar ki, kişiyə “lüks papaq” lazımdır. O, ağıllı adamdır, yəqin, işinin belə bir papaqla düzələcəyini bilir. Təki papaq dərdi olsun, puluna minnət gətirdərdi iki-üç aya, görünür, təcili vacibətlərdəndi bu, gözləməyə macal yoxdur. Öz papağı əyiyül-əladır, qıymaz onu özgəsinə, bəlkə də bağışlardı, amma kişinin ki özcə halal papağı getdi təpəsindən, ayrı bilən-bilməyən cəhənnəm, təkcə öz arvad-uşağının qınağı-qonağı öldürər onu.

Böyükbala istədi Özbəkistandakı dava dostuna bir “molnı” vursun, əla Qaragül gətirtsin. O biri qonşular da dedilər: şəhərdə nə qədər papaqçı varsa deyək onlara, görək altdan birini çıxartdıra bilərikmi?..

Amma xoşbəxtlikdən qonşular özlərini üzməmiş, axşamın ətəklərindən asılan lampaların hamısı bircə barmağın hökmü ilə birdən yananda, onların da ürəklərinə çöysüyüb çökmüş qaranlıq dağıldı: bir taksi küçə qapısının ağzında “çır-çır çığırırdı”. Qonşuların özünü küçəyə atmayanı olmadı. Baxdılar ki, Allahyar kişi lül-atəşdir, dal qapının əlliyindən bərk-bərk yapışıb, şofer nə illah eləyirsə maşından aralaya bilmir onu. Elə bil kişi dünyanın bu qulpunu yüz il imiş axtarırmış, təzəcə tapıb, buraxsa – bir də getdi onun üzünə bəxtiyarlıq qapısının açılmağı...

Kişini hop götürüb gətirdilər evə, başını qoydular krantın altına. Soyuq sudan o ki var axıtdılar boyun-boğazından şarhaşar, hansının evindəsə bir stəkan qatıq da tapıldı. Atlama elədilər, içirtdilər, uzatdılar çarpayıya. Dedilər, ayazıyanacan beləcə qalsın, səs-küy salan olmasın otaqda, görünməmiş işdi – möcüzədi, kişi özünü heç vaxt bu kökə saldırmamışdı, yəqin, böyüklərin “kruquna” düşüb, onlar guppuldatdıqca bu da bala-bala gillədib ki, sabah bir söz deməli, bir təvəqqe eləməli olar, qoy özünü onların gözündən salmasın. Xətir üçün xəstə yatır indi bu kişi, yoxsa o hara, bu qədər içmək hara?..

Lakin axırıncı qonşunun qaraltısı – kölgəsi otaqdan çəkilməmiş Allahyar kişi dikcə qalxdı, qalxan kimi də dedi:

– Hanı mənim papağım?

Asqıdan gətirib papağı verdilər, qonşular da təzədən qayıdıb yığışdılar kişinin başına.

Allahyar kişi, papaqçı dükanında imiş kimi, öz sur buxarasını başına qoyub durdu bədənnümanın qabağında. Bir əlini boynunun kökünə aparıb vurdu papağın dalını yuxarı. Papaq geri sürüşdü, dalı düşdü aşağı. O, papağı qapdı, hara gəldi atmaq istədi, lakin əlini saxladı, deyəsən, papağa heyfi gəldi. Deyindi:

– Bu gün papaqçıların hamısına dəydim, bu qədər andırın bircəciyəzi də mən istəyən kimi durmadı başımda, əlimi ki, çəkdim – keçdi xirttəyimə...

Bir cüvəllağısı vardı, dedi, day-day süfrə üstə gəlmisən, buyur vuraq, onnan sonra baxarsan necə durar papağın... Onnan da, onsuz da vurdum, andıraqalmış genə həminkidi, həminki...

Böyükbala o biri qonşulara him elədi ki, “Ayəmdə bir şənbəyə düşər Novruz”, bu kişi də ömründə bir kərəm qarışdırıb xörəyini, içkinin “kayfı” tutub onu, hırıldaşmayın, “kayf zasareniye” verər, vurar-təpər geri, beyin damarını-zadını partladar, ürəyini yatırdar, qoyun yavaş-yavaş “lomkaya” düşsün, “lomka”ya ki keçdi, hansı kefdən desəniz danışaq, gülək lap səhərəcən...

Amma Böyükbala da baxdı ki, “kayf” almayıb kişini, “lomkası” da olmayacaq, hirsi lapdan vurub kəlləsinin içinə, orda “ablava” kimi bir balaca qarışıqlıq düşüb, indi o da ötüb, dediyini düz deyir. Heç kimdən ötrü papaq axtarmır, başında dik duranını gəzirmiş...

Böyükbala özünü kiçikliyə qoya-qoya:

– Allahyar qədeş, – dedi, – bağışlayız e-e... biz nə karayıq ki... sizə ağıl öyrədək... Amma sözdü də deyirik... haçan ki a-a... cibimdə pul olur, onda kefim də alçı durur, hara gedirəm atdığım aşıqlar dik düşür, baxıb görürəm, elə papağımın dalı da öz-özünə qalxır, gözümün üstünü örtür, elə bir əldən itələyirəm yeri, genə durmur, gəlir e-e özüyçün. Elə ki, cibimdə siçanlar “ləzginka” oynayır, yalandan vururam papağın dalını ki, tanış-bilişə qəmli görsənməyim, durmur şoğərib, keçir xirttəyimə... Qədeş, sənli-bizli köməkləşək, genə “lastışqalı” bir yer tapaq səninçün, onda papağının dalı öz-özünə qalxacaq, hələm üstünə bir ton da yük yığasan a-a... qovzanacaq Allahu-Əkbərə. Papağın dalını adamın ürəyincə olan iş qaldırar, bu mən ölüm... İş də nə qədər desən. Təki başında papağın olsun...