Bertold BREXT
Kuraj ananın nəğməsi
Ey, komandir, işarə ver durmağa,
Çəkmələri dəyişməyin vaxtıdır;
Əsgərləri çox tələsmə yormağa,
Döyüş qaçmır, ayaq saxla, toxta bir!
Onsuz da bu od-atəşin içində
Vaxt olacaq yanıb külə dönməyə –
Heç olmasa bu dünyadan köçəndə
Qoy köçsünlər təzə, rahat çəkmədə.
Siz, ey xaçpərəstlər, oyanın daha!
Gorda yatmaq ölülərin haqqıdır.
Kim sağdısa qalxsın, dursun ayağa,
Buz əriyir, artıq yürüş vaxtıdır!
Kolbasasız, pivəsiz və çaxırsız
Döyüşçünün it qanıdır qanı da.
Bax, elə ki, doyuzdurdun qarnını
Dincələcək bədəni də, canı da.
Bəs deyincə yeyib-içib doyanda
Şəstlə gedər yağı düşmənin üstə.
Hansı axmaq cəhənnəmin odunda
Acqarına yanıb kül olmaq istər!
Siz, ey xaçpərəstlər, oyanın daha!
Gorda yatmaq ölülərin haqqıdır.
Kim sağdısa qalxsın, dursun ayağa,
Buz əriyir, artıq yürüş vaxtıdır!
Eylif:
Əsgər və arvadı haqqında nəğmə
Birini güllə yortar,
birini nizə yırtar,
dərin çayların dibi bəyəm qəbir deyilmi?
Yazda qorxuludur buz,
məni buraxma yalqız,
qal mənimlə! – arvadı döyüşçüyə deyirdi.
Təbilin gurultusu,
davanın uğultusu
arvadının sözündən daha şirindir ancaq.
Biz çöllərin tozunu yürüşlərdə udarıq!
Hələ ayaqlarımız çox yolları yoracaq,
Nizələri, oxları havadaca tutarıq! –
Cavabında əsgərlər belə söyləyirdilər.
Ağıllı məsləhətə
üz çevirmə heç vədə,
güc-qüvvət ağıldadır, şərdə-zorda deyil ki!
Hər şeyə xor baxarsan,
axırda xar olarsan,
məhv olarsan! – arvadı döyüşçüyə deyirdi.
Eh, arvad tayfasının sözlərinə kim uyar?!
Yolumuzu kəssə çay, üstündən adlarıq biz,
Kirli mundirimizin tozunu sular yuyar.
Damın üstdə nə vaxt ki, ulduz işıldayacaq
Sənin ərin bax onda yanına qayıdacaq! –
Əsgərlər o arvada bunu deyirdi ancaq.
Kuraj ananın nəğməsi
Onun şücaətləri kimə gərəkdir axı,
Eh, bu igidliklərin bizlərə az dəxli var.
Mənim ərciyəzim də itkin düşüb nə vaxtdı,
Allah qorusun! – deyir əsgər haqqında arvad.
***
Əynində boz mundiri, nizəsi də əlində –
Əsgər batdı qəfildən çayın qıjov yerində.
Və buzlaqlar yarılıb uddu onu bir anda.
Bir ulduz işıldadı qəfildən damın üstdə,
Bir ulduz işıldadı… bəs nə deyirdi, bəs nə,
O əsgərlər arvada bəs nə deyirdi onda?
Onun şücaətləri kimə gərəkdir axı,
Dərin çayların dibi qəbirdi ki, qəbirdi!
Hər şeyə xor baxarsan, axırda xar olarsan,
məhv olarsan! – arvadı döyüşçüyə deyirdi.
İvettanın nəğməsi
On yeddicə yaşım vardı,
Yağı düşmən bu şəhəri yenəndə.
Amma yaxşı davranırdı
O yaz çağı yağı düşmən mənimlə.
Sübh obaşdan, ağaranda dan yeri
Qalxıb dururdu alay,
Dövrə vururdu alay,
Axşamlarsa biz qaranlıq meşədə,
Yaşıl-yaşıl kolluqların içində
Sevişirdik o ki var.
Aşpaz idi mənim yağı düşmənim,
Amma bəla nədəydi:
Gündüz ona aşıb-daşırdı kinim,
Gecələrsə, görəydin!
Axı sübh obaşdan, ağaranda dan
Qalxıb dururdu alay,
Dövrə vururdu alay.
Axşamlarsa biz qaranlıq meşədə,
Yaşıl-yaşıl kolluqların içində
Sevişirdik o ki var!
Qaydalardan-qanunlardan ucada
Məhəbbət dayanırdı.
Düşmən məndə nifrət deyil,
Ehtiras oyadırdı!
Payız günü, bir dəfə sübh obaşdan
Təbillərin gurultusu içində
Yox oldu, bitdi hər şey.
Alay getdi, o da getdi alayla,
Getdi səssiz-səmirsiz.
Ayrıldıq düşmənlə biz...
Alay keşişinin nəğməsi
Pilatın sarayına
Bizim müqəddəs Allah
Qatil və əclaf kimi
Gətirilmişdi bir vaxt.
Hamı bilirdi, hamı
Gün kimi aydın idi:
Həzrət İsa nə cani,
Nə kələkbaz deyildi.
Tülkü kimi bic Pilat
Önə çəkib qanunu
Saat üçdə yolladı
Cəllad yanına onu.
Qamçılandı bədəni,
Kürəyi zolaq-zolaq,
Zalımlar tərəfindən
Şərləndi bizim Allah.
Ağır bir yükün altda
Zorla gedir ayağı.
Alnında əzabların,
İşgəncələrin dağı.
Və çəkilir çarmıxa
O gün saat altıda,
Tənə-qınaqlar yağan
Bivec baxışlar altda.
Qara kütlə əylənir
Hava qaralanacan.
Kirimişcə baxır o –
Bu oyun bitər haçan?
Öldü ağrı-əzabla
Saat doqquz tamamda;
Böyrünü nizələrlə
Deşdi, yırtdı adamlar.
Sərt qayalar qəfildən
Sanki qopdu, uçuldu,
Qarşısında dərgahın
Qapıları açıldı.
Yaradan qan-su axır –
Necə axmasın amma?
Adəmin övladına
Gör neylədi adamlar...
Meyxanada əsgərin nəğməsi
Ağa sahib, araq gətir əsgərə –
Əsgər gedir çox uzaq bir səfərə!
Haqq yolunda döyüşə!
Ay arvad, qoy çimdik alım döşündən!
Moraviya tərəfədir yolumuz,
Gərək tələsək bir az.
Dostum, artıq salamlaşmaq vaxtıdı,
Əsgər çıxır uzaq yola,
Zabitinə inamı var.
Keşiş baba, dua yaddan çıxmasın,
Əsgər çıxır uzaq yola,
Haqq yolunda ölmək üçün tələsir.
Kuraj ananın nəğməsi
İradəsi zəifdirsə bir kəsin,
Qələbəyə qoy heç ümid etməsin.
Nə fərqi var nəyin alveri gedir,
Pendirdi satdığın, yoxsa güllədir?
***
Bir başqası biclik edir, fənd qurur.
Taleyinə, qismətinə tərs gedir,
Quyu qazır, qəbir qazır özünə –
Öz əliylə öz canına qəsd edir.
Kim qaçırsa, can atırsa gizlənə,
Döyüş vaxtı səsin-küyün içindən
Qoy anlasın hara tələsdiyini
O dünyaya hamıdan tez köçəndə.
Aşpazın nəğməsi
Sizə tanışdırmı müdrik Solomon?
Sonu necə olub, xəbəriniz var?
Doğulduğu günü lənətləyirdi.
Bu dünyada heç nə yoxdu, deyirdi.
Deyirdi fanidi, boşdu bu dünya.
Çox müdrikdi Solomon.
İndi bildinizmi siz
Bu nəyə işarədir,
Sözümün canı nədir:
Müdriklik başının bəlası oldu!
Kim müdrik deyilsə, xoşbəxt də odur.
***
Sezarın da aqibəti
Çox şeylərdən xəbər verir.
Söz yoxdu qoçaqlığına,
Amma baxın, öldürülüb!
Şan-şöhrətin ölüsüydü,
Hamısını dadmışdı da.
«Sən də, mənim oğlum» – qışqırdı birdən.
Bildinizmi nədir sözümün canı:
Cəsurluq başının bəlası oldu!
Kim cəsur deyilsə, xoşbəxt də odur.
***
Sokrat tanışdırmı sizə?
Heç vaxt yalan danışmazdı.
Düzlükdə bir kimsə ona çatmazdı.
Amma bəla gəlib tapdı onu da.
Dedilər zəhərdi, iç bu zəhəri,
O da birnəfəsə çəkdi başına.
Adamların hökmü çıxdı sonuna.
Bildinizmi nədir sözümün canı:
Düzgünlük başının bəlası oldu!
Kim düzgün deyilsə, xoşbəxt də odur.
***
Kasıblara əl tutmaqdı
Müqəddəs Martinin işi-peşəsi.
Bircə cübbəsi vardı,
Onu da hazırdı bölüşdürməyə.
Bölüşdü kasıbla, sonrası noldu –
Gecə ikisi də soyuqdan dondu.
Rəhmlə, insafla doluydu qəlbi,
Bildinizmi nədir sözümün canı:
Həlimlik başının bəlası oldu!
Kim yumşaq deyilsə, xoşbəxt də odur.
Tanrımızdan qorxuruq biz,
Bilirik on yasağı da.
Amma bunun nə köməyi?
Bizə isti bucaq gərək,
Yemək gərəkdir bizə,
Biz səfilik, dilənçiyik,
Kömək gərəkdir bizə.
Xaç yoludur yolumuz.
Sözümün canını bildiniz nədir:
Möminlikdən gəlir bütün bəlalar!
Kim mömin deyilsə, xoşbəxt də odur.
Kuraj ananın nəğməsi
Ulmadan üzü Metsə, Metsdən çexlərə tərəf!
Diyar-diyar, elbəel, hə, Kuraj, tərpən görək!
Müharibə yemləyir bizi, özün görürsən,
Çünki sən bu davaya güllə, silah verirsən.
Təkcə gülləylə amma onu doyurmaq olmaz,
Müharibədən ötrü təkcə silah azdır, az:
Dava adam istəyir, yem istəyir aramsız,
Bircə günə məhv olar müharibə adamsız!
Kuraj ananın nəğməsi
Samanlıqdan səs gəlir.
Laylay, laylay, a laylay.
Qonşunun uşaqları
Qoy ağlasın o ki var.
Qonşunun uşaqları
Cır-cındırın içində,
Mənimki al qumaşda.
Öz əlimlə biçmişəm
Ona mələk donunu.
Qonşunun süfrəsində
Çörək qırıntıları,
Bizdə yağlı kömbə var.
Laylay, laylay, a laylay.
Yuxula, mənim balam!
Yum gözünü, yat daha!
Biri Polşada qaldı,
Bəs o biri harada?
Tərcümə edən: Mahir N.QARAYEV