Elektron ədəbiyyat və sənət portalı

Təntənəli açılış

Bölmə: Ədəbiyyat 06.02.2016

Bizim kiçik Caləqan şəhərində mürdəşirxananın açılması bütün sakinlər, xüsusilə də şəhər rəhbərliyi üçün mühüm və əlamətdar hadisəyə çevrildi.

Məsələ belə olmuşdu. Bir dəfə neçə illərdən bəri damar xəstəliyindən əziyyət çəkən dövlət xadimlərindən biri bizim əldən-ayaqdan uzaq şəhərciyimizdən keçərkən, gözü mərkəzi arxın sahilindəki zir-zibil və çirkabın, paltar yaxalayan qadınların, çimişən uşaqların düz böyründə kəfənə bükülü halda yerə uzandırılmış bir neçə meyitə sataşmışdı. Meyitlərdən biri, ümumiyyətlə, kəfənsiz idi – ona sidr-kafur çəkib basdırmaq üçün hazırlamışdılar.

Bu səhnəni seyr edən yüksək rütbəli məmurun ürəyindən sancı tutmuşdu: elə bil şəxsən ölümün özü ona xatırlatmaq istəyirdi ki, mütləq yetişəcək günlərin birində onu da soyuq daşın üstünə sərəcəklər və sabunlu süngər sonuncu dəfə bədənində gəzəcək.

Özünə gələndə həmin aliməqam şəxs məsələnin nə yerdə olduğu ilə maraqlanır, ona deyirlər ki, Caləqan mürdəşirxanası zəlzələ zamanı dağılıb, yerli ölülər də o dünyaya sonuncu dəfə yuyunub getmək imkanından məhrum olublar.

Amma buna baxmayaraq, Caləqanın səbirli və müti sakinləri dövlət büdcəsini daha artıq yükləməyi özlərinə rəva bilməyərək mürdəşirxanasız keçinmək haqda könüllü qərar qəbul edirlər və çalışırlar ki, Allahın dəvətini imkan dairəsində yay vaxtı qəbul etsinlər. Əgər kimsə canını təsadüfən qışın soyuğunda tapşırırdısa, onun cəsədinə sidr-kafuru şəhərdə tək olan ictimai hamamda çəkirdilər.

Bu vəziyyətdən şoka düşən məsul şəxsin halı yoldaşlarının gözü qabağında dəyişdi və o, bələdiyyənin qapısından cin vurmuş adamlar kimi, qəzəbdən yana-yana içəri girdi. Fərmandar bağlı qapılar arxasında israrla sorğu-suala çəkildi və bundan sonra şəhər başçılarının iştirakı ilə keçirilən fövqəladə iclasda ölüxananın inşasına təcili maliyyə ayrılması barədə xahişi əks etdirən teleqram hazırlanaraq, mərkəzə göndərildi. Əvvəllər hamının şəhərcikdə ilk növbədə məktəb və xəstəxana üçün smeta tutulmasını vacib saymasına rəğmən, indi mürdəşirxananın inşası daha mühüm olmuşdu.

Bir neçə gündən sonra fərmandar belə bir təlimat aldı: mürdəşirxananın inşası bitənə və onun açılışınadək məzuniyyətə getməsin və daim Caləqanda olsun.

Bu artıq çox ciddi məsələ idi, çünki fərmandar bir neçə həftə dalbadal mərkəzə getmək, klubdakı yığıncaqlarda iştirak etmək və kart masası arxasında dostları ilə görüşməkdən məhrum edilirdi. Odur ki, o, təcili olaraq şəxs dəvət etdi, həmin mütəxəssis də o dəqiqə tikinti materiallarının gətirilməsi üçün tender elan edib mürdəşirxananın inşa ediləcəyi yerdə geodeziya araşdırmaları apardı. Və gözəl səhərlərin birində Caləqan sakinləri gündəlik işlərinin dalınca getmək üçün yuxudan duranda gördülər ki, yanından həmin o arx axan şəhər qəbiristanının böyründə çöllüyü təmizləməyə başlayıblar və yerqazanlar bünövrə üçün xəndək qazırlar. Tikinti meydançasının girəcəyində vurulmuş nəhəng lövhənin üzərində isə belə yazılmışdı: “Şəhər mürdəşirxanasının inşası”. Daha kimsənin şübhəsi qalmadı ki, bu dəfə şəhər bələdiyyəsi işə köklü yanaşıb və onun icrasına bütün qayda-qanunlara uyğun şəkildə, əməlli-başlı girişib.

Bir neçə gündən sonra Caləqanın yeganə axundu,  fərmandarın, gurultulu alqışlar, altında, şəhərdə görülən quruculuq işlərinin əhəmiyyətindən bəhs edən geniş nitqindən sonra vəziyyətə uyğun gələn dualardan birini oxuya-oxuya yeni tikilinin bünövrəsinə ilk daşı qoydu. Həmin əlamətdar daşın dalınca ikincisi, üçüncüsü də qoyuldu və şəhər mürdəşirxanasının inşası başlandı.

Caləqanın hər bir sakini tikintinin gedişinə nəzarət etməyi özünə borc bilirdi. İşlərin necə getdiyinə, hansı mərhələyə çatdığına baxmaq üçün ailəlikcə gəlirdilər. İnşaatçıları naz-nemətə qonaq edir, xoş dillə dindirib deyirdilər: “Allah köməyiniz olsun! Allah sizin atalarınıza rəhmət eləsin ki, bizim o dünyada rahatlıq tapmağımızın əziyyətini çəkirsiniz”. Fərmandar özü inşaatın gedişi ilə tanış olmaq, əlaqədar orqanlara bu tədbirin ciddiliyini göstərmək üçün dəfələrlə tikinti meydançasına təşrif buyurmuş, işlərin başlandığını göstərən saysız-hesabsız fotoşəkillərin və dolğun reportajların mərkəzi qəzetlərə göndərilməsini tapşırmışdı.

Hadisələrin bilavasitə şahidləri olan caləqanlılar üstəlik radio və qəzetlərdən də inşaat işlərinin uğurlu gedişi haqda müntəzəm məlumat alırdılar. Və nəhayət, “Son xəbərlər” proqramında bütün şəhərə ruh yüksəkliyi, şövq bəxş edən bir xəbər də səsləndi: bayram günləri mürdəşirxananın təntənəli açılışı olacaq.

Vaxt yetişəndə Caləqan bayraqlara, şüarlara bələndi. Bələdiyyə başqanı bütün küçələri süpürməyi, yığışdırmağı, sulamağı tapşırdı.

İnsanlar elə-belə, bir səbəb olmadan gülümsünür, qəhqəhə çəkir, bir-birini təbrik edirdilər. Təntənəli mərasimdə iştirak üçün şəhər qurumlarının rəhbərlərindən başqa təqaüdçülər, qocalar, əlillər də dəvət olunmuşdu. Yeni tikilinin yanına Caləqanın yeganə sazəndə dəstəsi də gəlmişdi.

Bir məsələni qeyd etməliyik ki, təntənələr əslində, planlaşdırıldığından bir həftə gec baş tuturdu. Bunun səbəbi onda idi ki, ostandarın əmrinə əsasən, açılış yalnız “təbii şəraitdə” keçirilməli idi, yəni şəhər sakinlərindən biri keçinən kimi, mərhumu mürdəşirxanaya gətirməli və açılışın gedişində onun nəşini yuyub sidr-kafurunu çəkməli idilər. Lakin işin tərsliyindən düz bir həftə şəhərdə ölən olmadı. Elə bil həzrəte-Əzrayıl də üzə durmuşdu, caləqanlıların canını almaq istəmirdi.

Bütün ümidlər Mirzə İbrahim xana – bələdiyyənin maliyyə şöbəsinin sabiq müdirinə idi: qocanı artıq nə vaxtdan üzüqibləyə uzatmışdılar, amma tərslikdən o da son günlər özünü xeyli yaxşı hiss edirdi. Mirzənin yataqdan qalxması, bir dolu kasa kəlləpaça, üstündən də bir sini plov  yeməsi barədə xəbər yetişəndə camaatın ağzı ayırıq qaldı, rəhbərlik isə əməlli ruh düşkünlüyünə qərq oldu.

Fərmandar lap əsəbi idi, mərkəzə getmək üçün icazəli olacağı günü səbirsizliklə gözləyirdi. O hələ ostandarın əmrini həyata keçirməyi asanlaşdırmaq üçün kənardan meyit gətirməyi də təklif etdi, amma bundan xəbər tutan qəzəblənmiş şəhərlilər məscidlərə toplaşdılar və etiraz əlaməti olaraq, ordan çıxmamağa qərar verdilər. Təbii ki, bu itaətsizliyin qarşısı elə o dəqiqə alındı, amma buna baxmayaraq fərmandar axırda məsuliyyəti öz boynuna götürüb mürdəşirxananı meyitsiz açmağa qərar verdi.

Səsgücləndirici ilə təchiz edilmiş xüsusi “Cip” səhər erkəndən şəhərin yeganə küçəsindən, ondan ayrılan döngələrdən keçərək xalqı xəbərdar etdi ki, açılış təntənəsi daha təxirə salınmayacaq.

Həmin maşın şəhərin mərkəzində görünəndə, kirli arxın qırağına toplaşmış camaat “Alqış” deyə qışqırdı, bələdiyyənin maşında oturmuş məmuru isə məşhur diktorun səsini təqlid etməyə çalışaraq, mikrofona danışmağa başladı:

“Çox hörmətli, caləqanlılar! Biz sizi şəhərimiz üçün ən mühüm tikintilərdən birinin açılışı ilə əlaqədar təntənələrdə iştiraka və milli, dini mərasimimizi birlikdə icra etməyə çağırırıq! Xahiş edirik yaxınlarınızdan kimsə bu fani dünyanı tərk edən kimi, bizə xəbər verəsiniz və mərhumu təcili olaraq təzə mürdəşirxanamıza çatdırasınız! Möhtərəm, caləqanlılar! Biz sizin köməyinizə arxalanırıq! Sizlərdən hansınınsa ölümü bizə bu böyük tarixi günü layiqincə qeyd etmək imkanı verəcək!”

Lakin nə qədər acınacaqlı olsa da, əlaqədar qurumların arzusuna cavab vermək üçün şəhərlilərin ehtiraslı istəklərinə və səmimi səylərinə rəğmən caləqanlıların heç biri bu mühüm tədbirə öz şəxsi töhfəsini verə bilmədi.

Və budur, artıq çoxdan intizarında olduqları an yetişdi. Ostandar yerli qəzetçilərin və fotoqrafların, habelə mərkəzdən ezam olunmuş (onların gəliş-gediş və gündəlik xərci Caləqan bələdiyyəsinin büdcəsindən təmin olunurdu) bir neçə xüsusi müxbirin  müşayiəti ilə mürdəşirxana binasının qapısında maşından düşdü. Sazəndələr o dəqiqə əhvali-ruhiyyə yüksəldən “Baba Kərəm” marşını ürəkdən çalmağa başladılar, lakin həmin an fərmandarın əmri eşidildi: “Şən mahnı çalmayın!” Camaatın artıq musiqinin ritminə uyğun olaraq çəpik çalmasına baxmayaraq, musiqi hamıya yaxşı tanış olan kədərli bir təranəyə - “Sənin yaralınam, ey daşqəlbli”yə keçdi.

Dəvətlilər kiçik mürdəşirxananın başına toplaşıb bir-biriləriylə başlarını yüngülcə tərpətməklə salamlaşırdılar. Nəhayət, mikrofonun qarşısına bələdiyyə başqanı keçdi və ostandarın icazəsi ilə açılış təntənələrinin başlanmasını elan etdi. Əvvəlcə o, “bizim möhtərəm fərmandarımıza bu məişət obyektinin inşasına böyük töhfələr verdiyi üçün” minnətdarlıq etdi, sonra isə toplaşanlardan bir neçə kəlmə söz demələrini xahiş etdi.

Fərmandar da ostandarın razılığını alaraq irəli çıxdı və ciblərini eşələməyə başladı. Uzun axtarışlar bəhrəsiz qalmadı, cibindən bir neçə yazılı vərəq çıxdı. O, bir əlini qarşısındakı masaya söykəyib, başını qaldıraraq sözünə başladı:

- Çox möhtərəm ostandar həzrətləri, şəhər qurumlarının hörmətli rəhbərləri, əziz caləqanlılar! Bu gün mənə rayonumuzun yenidən qurulması işində ən mühüm hadisələrdən birinin şahidinə çevrilmək nəsib olub.

Əlahəzrət ostandarın qayğısına minnətdar olmalıyıq ki, caləqanlıların ən böyük arzusu bu gün həyata keçdi. (Sürəkli alqışlar və ucadan səslənən nidalar: “Yaşasın ostandarımız!”) Təbii ki, mərasiminizi layiqincə keçirmək üçün əlimizdə bircə dənə də ölü olmamasından dolayı, çox kədərlənirəm, amma ümid edək ki, qadir Allahımızın mərhəmətindən yaxın zamanlarda şəhər sakinlərindən kimsə (şüar səslənir: “Yaşasın ostandarımız!”) ən müasir avadanlıqla təchiz olunmuş mürdəşirxana vasitəsiylə haqqın dərgahına sahmanlı şəkildə, tər-təmiz qovuşa biləcək. Bütün toplaşanların qarşısında təklif edirəm ki, ilk meyitin yuyulması ilə əlaqədar bütün məsrəfləri bələdiyyəmiz öz üzərinə götürsün və yeni mürdəşirxanada xidmət görmək şərəfinə nail olan ilk şəxsin adı yaddaşlarımıza əbədilik yazılsın. (Yenə sürəkli alqışlar. Hamı bir ağızdan deyir: “Bə-lə-diy-yə baş-qa-nı-mı-zın ra-zı-lı-ğı-nı tə-ləb e-di-rik!  Bə-lə-diy-yə baş-qa-nı-mı-zın ra-zı-lı-ğı-nı tə-ləb e-di-rik!” Şəhər bələdiyyəsinin başqanı razılıq əlaməti olaraq əlini ürəyinin başına qoyub təzim edir. Yenə alqışlar. Qışqırıqlar: “Yaşasın ostandarımız!”)

Bunun dalınca fərmandar inşaata rəhbərlik edən, çox kiçik, cəmi bir neçə milyonluq büdcə ilə tikintini uğurla başa çatdıran mühəndislərə təşəkkürünü bildirir və ostandardan xahiş edir ki, onlara rəsmi qaydada təşəkkür elan olunsun. Sonra əlindəki kağızları qatlayıb cibinə soxur və artıq kağızsız bir neçə səmimi söz deyir. Həyəcandan onun boynundakı damarlar şişir, yumruğunu havada silkələyə-silkələyə danışır, tamaşaçılar isə təqdiredici nidalarla onu dəstəkləyirlər. Nəhayət, fərmandar ostandardan xahiş etdi ki, mürdəşirxananın lentini kəssin.

Burda kütləvi heyranlıq özünün kulminasiya nöqtəsinə çatdı. Sazəndələr təntənəli marş çaldılar. Ostandar kütlənin gurultulu alqışları altında ona sinidə təqdim etdikləri xüsusi qayçı ilə üçrəngli lenti kəsdi. Hər tərəfdən fotokameraların şıqqıltısı eşidildi. Dəvətlilər itələşə-itələşə hadisənin episentrinə - ostandara yaxınlaşmağa çalışırdılar. Hamıdan çox süpürgəçilərin başçısının bəxti gətirdi. O, dirsəyi ilə bələdiyyə başqanının özünü də itələyib lap qabağa keçdi.

Mürdəşirxana ilə tanışlıq başlandı. İzahatı layihənin baş mühəndisi verirdi. Dəvətlilər addım-addım irəliləyərək ortasında iri yastı daş qoyulmuş otağın qapısına yaxınlaşdılar. Soyuq, rütubətli bir mehin nəfəsi duyuldu. Qonaqlar bir az çaşdılar. Bəziləri, hətta bir-iki addım gerilədi də. Vəziyyəti hamının dərin hörmət bəslədiyi axund xilas etdi – o, bu savab işi həyata keçirməyə imkan vermiş qadir Allaha dua etdi, həyatın faniliyi haqda, hamımızın nə vaxtsa bu daşın üstünə uzadılacağımız barədə bir neçə söz dedi və sonra qəflətən təklif etdi:

- Hörmətli cənab ostandar! Allah sizə uzun ömür versin, amma dindaşlarınız, qardaşlarınız üçün böyük şərəf olardı ki, bu daşın üstünə uzanmaqla yeni mürdəşirxananı təntənəli şəkildə açasınız.

Ostandarın rəngi qaçdı. Alnında tər puçurlandı, dodaqlarında təbəssümə bənzər nəsə donub qaldı. Fərmandarın dizləri qeyri-iradi əsməyə düşdü, bu anadək ostandardan bir qarış da aralanmamağa çalışan bələdiyyə başqanı isə bəraye-ehtiyat geriləməyə başladı və bir an sonra kütlənin içində gözdən itdi.

Mürdəşirxanaya təpilmiş qonaqlar axundun təklifini alqış sədaları ilə qarşıladılar. Küçədə qalaraq nə baş verdiyini hələ də anlamayanlar belə, bu sürəkli və gurultulu alqışlara qoşuldular. Ümumi şadyanalıq, bu xoş əhvali-ruhiyyə sazəndələrə də sirayət etdi və onlar həvəslə “Baba Kərəm” çalmağa başladılar – böyük bayram idi axı. Ostandar tam çaşqınlıq içində donub qalmışdı.

- Əlbəttə, bu mənim üçün böyük şərəfdir – heç şübhə ola bilməz, - zorla gülümsəməyə davam edərək bir addım irəli atdı və nəhayət, sözünə davam edə bildi, belə təntənəli bir gündə bu boyda etimada layiq görülmək (gurultulu alqışlar, nidalar: “Yaşasın bizim ostandarımız!”) böyük şərəfdir və əgər bu mürdəşirxana mənim ostanımın mərkəzində açılsaydı, bircə an belə tərəddüd etmədən soyunub bu müqəddəs daşın üstünə uzanardım ki, məni sidr-kafurla pak etsinlər (heyran nidalar: “Yaşa! Yaşa!), lakin mən heç vaxt eqoist olmamışam və olmayacağam da. Və həmişə elə hesab etmişəm və indi də hesab edirəm ki, xalqın minnətdarlığına yalnız ona haqqı çatanlar layiq ola bilər və indi mən bu şərəfli haqqı məmnuniyyətlə hörmətli fərmandarınıza  verirəm, zira yeni mürdəşirxananın inşası təşəbbüsü məhz ona məxsusdur.

(Kütlə alqışlar içində ucadan şüar deyir: “Qoy fər-man-dar u-zan-sın!.. Qoy fər-man-dar u-zan-sın!..”)

Fərmandarın rəngi qaçdı, meyitə oxşamağa başladı. Lakin ostandarın iti baxışı və qətiyyətli ahəngi onun boyun qaçırmağa, bəhanə gətirməyə olan bütün ümidlərini qırıb qurtardı. Vücudu əsə-əsə irəli bir neçə addım atdı. Ostandar onun əlindən tutub zalın tən ortasındakı böyük daşın düz yanına gətirdi.

-Mən... çox şa... şadam ki, bu... mü... mühüm xalq təd... birində işti... tirak edi...rəm, - deyə, fərmandar yazıq-yazıq, şikayətli səslə kəkələdi.

Ostandar onun özünə gəlməsinə imkan vermədən pencəyini əynindən çəkib çıxardı. Kütlə heyran alqışlardan az qala boğulurdu. Kimi ucadan qışqırır, kimi əl çalırdı, kimisi də ostandara yarınaraq fərmandarı təbrik edə-edə onu soyundurmağa çalışırdı. Adamların arxasından  onun özünü görmək olmurdu, yalnız şikayətli nidaları eşidilirdi:

- Əlahəzrət, cənab ostandar! Xahiş edirəm sizdən, alt tumanıma dəyməsinlər!

Ostandar əlini yellədi – yəni ki, bəsdir, daha soyundurmayın, gərək yoxdur. Bir göz qırpımında fərmandarı əllərinə alıb qaldırdılar, daşın üstünə uzatdılar. Təhlükənin tam sovuşduğunu başa düşən ostandar sevindiyindən özünə yer tapa bilmirdi.

Şəhərin uzun illər arx qırağında, açıq səma altında işləmiş mürdəşiri, nəhayət, normal mürdəşirxanaya, baş mühəndisin vurğuladığı kimi, isti-soyuq suyu olan mürdəşirxanaya düşən kimi, əlinin altında əla steril pambıq, habelə steril qabda bolluca sidr-kafur görüb qəti tələsmirdi – istəyirdi əməliyyatdan alacağı ləzzəti bir az da uzatsın. O, fərmandarın bədəninə müştəri gözüylə xeyli baxıb dodağının altında nəsə pıçıldadı. Toplaşanlar Allaha dua etməyə başladılar. Fərmandarın bədəninə ilk dolça suyu tökən kimi, kişi titrətdi, cəmi yarım saat əvvəl burda isti suyun olduğunu məruzə edən baş mühəndisə qəzəblə nəzər saldı. Sonra müti şəkildə gözlərini yumdu və özünü mürdəşirə tam təslim etdi. O isə artıq sevimli sənətinə qovuşmuşdu, sükut içində öz ustalığını nümayiş etdirirdi. Tamaşaçılar onun peşəkarlığına heyran qalır, fərmandara isə misilsiz cəsarətinə, fədakarlığına görə alqışlar yağdırırdılar.

Nəhayət, ostandar mərasimin başa çatdığını işarə ilə bildirdi, daşın üstündə sakitcə uzanmağına davam edən fərmandara yaxınlaşdı, əlini onun çiyninə qoydu.

-Alqış sənə! Halal olsun! Sən bizim etimadımızı tam doğrultdun. Biz səninlə fəxr edirik.

Fərmandarın bircə tükü də tərpənmədi.

Bayırdan heyran nidalar ucalır, sazəndələrin çaldığı şən musiqinin sədaları içəri dolurdu. Ostandar mürdəşiri çağırdı. O, nigaran halda fərmandara tərəf əyildi və çaşqınlıq içində bir də dikəldi...

Adama elə gəlirdi ki, fərmandarın bu dünyanı tərk etməsindən min il keçib. Onun bədəni buz kimi idi, sifəti uzanmışdı... Bir neçə nəfər sazəndələri xəbərdar etmək üçün çölə atıldı – deyirdilər ki, təcili matəm marşı çalsınlar.

Ortaya dəhşətli bir sükut çökdü. Hamı nəfəsini qısıb durmuşdu. Nəhayət, ostandar döş cibindən yaylığını çıxararaq dolmuş gözlərini sildi, qüssə ilə camaata müraciət elədi:

- Bu gün biz ən cəsur oğullarımızdan birini itirdik - ən cəsur və ən nəcib... (Hıçqırıq səsləri ətrafa yayıldı.) O, sübut etdi... Doğma şəhəri, əcdadlarının torpağı, ölkəsi üçün canını belə əsirgəmədi... Özünü qurban verərək, ən mühüm tədbirimizə gələcək nəsillərin yaddaşından heç vaxt silinməyəcək bir təntənə bəxş etdi. Qoy onun nəcib qəlbi əbədi şöhrət tapsın...

Göz yaşları ona imkan vermədi ki, sözünü bitirsin. Üzünü əliylə örtüb hönkürdü.

Kimsə qışqırdı: “Yaşasın fərmandar!” Hamı bir ağızdan təkrar etdi: “Yaşasın!..

Sonra isə mərhumu bir də yudular, bu dəfə adi qayda ilə. Və sadiq, fədakar fərmandarlarının daim onlarla qalmasını diləyən Caləqan ictimaiyyətinin arzularına rəğmən onu mafəyə uzadıb qəbiristanın darvazasına tərəf istiqamət götürdülər. Dəstə ilə üz-üzə gələnlər hörmət əlaməti olaraq papaqlarını çıxarır, sazəndələr isə matəm marşı çalırdılar.

Meyiti məzara endirdilər. Qəbirqazan ona tərəf əyilib qulağına dualar pıçıldadı.

Fars dilindən tərcümə edən: İlqar ƏLFİ