Elektron ədəbiyyat və sənət portalı

Patrik Modiano: “Kitab onu yazana yox, oxuyana məxsusdur…”

Bölmə: Ədəbiyyat 06.02.2016

…Detektiv romanlar yazmağa nostalgiyam vardı; həmişə bu işi görməyi, yaxud hər ay yeni bir kitab çap etdirən Corc Simenon kimi, seriallar qələmə almağı arzu edirdim.  Əslində, detektiv romanların başlıca mövzuları xəyalımda canlandırdıqlarımdan çox da fərqli deyil: itkilər, şəxsiyyət problemləri, yaddaş itkisi, sirli keçmişə qayıdış… Eyni şəkildə, bir adam, yaxud da hadisəylə bağlı bir-biriylə ziddiyyət təşkil edən ifadələr işlətməyim məni bu janra yaxınlaşdırır. Bu cür intriqalara olan marağın fərdi cəhəti də var. Keçmişə nəzər salanda uşaqlığımın detektiv romana bənzədiyini görürəm. Bəzi anlarda son dərəcə sirli insanlar və hadisələrlə əhatələndiyim yadıma düşür. Uşaqlar yaşadıqları anla bağlı çox sual vermirlər, hər şey onlara təbii görünür. Amma daha sonra, zaman axmağa başlayanda, insan keçmişə qayıdıb özündən soruşur: əslində, nə baş vermişdi?

…Detektiv roman bir növ realizm, hətta naturalizm tələb edir, son dərəcə sərt və təsirə meyilli quruluşu var. Burada xəyalın axıcılığına yer yoxdur, realist, hətta didaktik olmaq lazımdır ki, tapmacanın parçaları bir-birinə uyğun gəlsin. Detektiv romanın sonunda izah, həll var. Bu, parçalanmış, naməlum, xəyali keçmişin rəsmini çəkmək istəyən mənim kimi birinə uyğun deyil. Onsuz da klassik mənada qəbul edilən romanlar yazmıram. Yazdıqlarım daha çox xəyali olanla bağlı, bir az qeyri-müəyyən şeylərdir.

…Bir gün, çox gənc - 12-13 yaşlarındaykən yazdığım bir qeydi tapdım. Orada, Peter Çeney ilə Qrand Meaulnesin yazı üslubunu qarışdıraraq nəsə  bir şey yazmağı sınamaq istədiyimi qeyd etmişdim. Bu, problemlərlə dolu uşaqlıq çağımda olmuşdu. O vaxtlar Paris ətrafında, Seine-et-Oiseda,  xaraba bir qəsrin yaxınlığında yaşayırdıq. Valideynlərim yanımda deyildi, evlərində qaldığım insanlardan bir az qorxurdum, şəraitimiz də ürəkaçan deyildi. İyirmi beş il əvvəl “Remis de peine” adlı kitabımda həmin zamanlardan bəhs etmişəm.

Özümdən danışmaq və ya özümü tanıtmaq üçün yazmıram. Həqiqətləri yenidən qurmaq üçün də yazmıram. İçimdə daxili analizə dair heç bir arzu yoxdur. Digər tərəfdən,  tərcümeyi-hal müstəvisindən çıxaraq özümü xəyali, poetik olanlarda tapdım, uşaqlığımın bir neçə hadisəsindən də matriks yaratmaq üçün istifadə etdim. Bunlar öz-özlüyündə bəzən komik, əhəmiyyətsiz və şübhəsiz, heç də sirli olmayan hadisələrdir. Məsələn, belə xatırlayıram: 10 yaşıma qədər əlimə keçən və gizlicə oxuduğum bir jurnalda sevgilisini öldürdüyü üçün ağır cəzaya məhkum edilən tibb fakültəsinin tələbəsi olan gənc qadının fotoşəklinə rast gəlmişdim.

Həmin sima yaddaşıma elə hopmuşdu ki, illər sonra Parisin Draqon prospektiylə gedəndə onu tanıdım.

Eləcə də, uşaq olanda ailəm, onların anlaşılmaz münasibətləri, ətraflarındakı cansıxıcı tiplər, bilmədiyim, amma bütün nəslim kimi, mənim üçün də son dərəcə konkret olan işğal haqqında soruşduqlarım... Bütün bunları izah eləməyə yox, onları yalnız poetik bir müstəviyə daşımağa çalışıram. Hadisələr öz-özlüyündə elə bir əhəmiyyət daşımır, amma, hardasa xəyal aləmində, yaxud xəyallardakı kimi əksolunmalar var. Yuxuda göründükləri kimi, bəzən bir-birilərinə qarışdırılaraq üzərlərinə fosforlu bir işıq tutulur, metamorfozaya uğrayırlar. Bu cür yazarkən, avtobioqrafik baxış prizmasından məndə, öz - özümə daha yaxın olduğum barədə təəssürat yaranır..

Əslində, “Nəslim” romanını həyatda canıma yüklənmiş bəzi mənfi enerjini atmaq üçün yazdım: valideynlər, uşaqlıq və yetkinlik dövründə insanı əhatə edənlər, seçmədiyiniz, amma orada olan, sizi məhdudlaşdıran və ya üstünüzdə yük olandır. İnsan tanımadığı bir meyitdən canını qurtarmaq istədiyi kimi,  mən də, həqiqətən, bunlardan xilas olmaq istəyirdim. Bu romanı, haqqımda yazılan həqiqətdən tamamilə uzaq, səhv məlumatla dolu olan bir kitabdan sonra qələmə almışdım. Yalnız özüm üçün, uşaqlığım və gəncliyim haqqında faktlara söykənən, ətraflı, bir növ sənədli bəyannamə hazırlamaq niyyətindəydim. On il ərzində, üzərində təkrar işləyib nəşrə hazır hala gətirdim. Nəticədə ortaya həmin sanballı, qalın kitab çıxdı. Bir ara bu kitabı bütünlüklə avtobioqrafik xüsusiyyətinə görə çap etdirdiyimə peşman oldum. Sonra maraqlı bir hadisə baş verdi: bu kitab sanki o biri kitablarım tərəfindən udulmuşdu, onlardan ayrılmırdı, sanki digər kitablarımın skeleti idi.

…Sonradan, əvvəllər yazdığınız mövzuları, obrazları incələməyin fərqinə varırsınız. Bu, təhtəlşüurunuzla reallaşır, amma bir məqam gəlir ki, təkrarlar və üst-üstə düşmələr üzündən artıq işlərin getməyəcəyindən qorxursunuz.

Folkner, yazmağın, təxəyyülü qurutduğunu söyləmişdi. Bunun qarşısını almaq mümkündür. …Beləcə, “mən” artıq yox idi və üçüncü şəxsin dilindən bir povest yarandı. Hər zaman eyni mövzulardan, uşaqlığımdan gələn “siqnallardan” yazacağımı düşünə bilərlər, amma bunu müxtəlif baxış bucaqlarından yanaşmaqla edirəm.

…1960-cı illərdə təmsil olunduğum nəslin nümayəndələri romanla, saf ədəbiyyatla heç maraqlanmırdılar. Mən yazmağa başlayanda daha çox ictimai elmlərə maraq var idi.

…Psixoanaliz bəzən bir detektiv romanı xatırladır. Gizli, istəmədiyiniz və ya bilmədiyiniz nəsə bir şey var; analitik prosesin sonunda onu kəşf etməyi gözləyirsiniz.

“Gizli xatirələr” kimi bəzi anlayışlardan çox təsirlənmişdim; çox acı xatirəni, birgə yaşanması daha asan olan başqasıyla əvəz etməlisiniz. Amma bura romançının dünyagörüşü də əlavə olunur. Psixoanaliz mənim üçün müalicə anlayışıyla əlaqəli deyil. Mənə elə gəlir ki, yazarın bir qədər şəffaflığa ehtiyacı olur.

…Oxuduqlarım içərisində hər zaman mənə yad, tanımadığım kainatlara, məsələn, çöllərdən yazan böyük rus, yaxud ingilis romançılarına doğru getdim. Amma insan bəzən kifayət qədər müşahidə etmədiyinə, ya da müşahidə etdiyi o az şeylərdən  kifayət qədər yazmadığına peşman olur. Gəncliyimdə bir internat məktəbdən digərinə gedəndə ətraf şəhərlərdə həyatın necə axdığını yaxından müşahidə etdim. Artıq həmin həyat yoxdur. Bundan yaza bilərdim, amma yazmadım. Bunun üçün daha klassik roman formasından, məsələn,

Moriak üslubundan istifadə etməliydim. Amma insan, məhz, öz keçmişinə, uşaqlığına, gördüyü şeylərə və yaşadığı yerlərə qayıtmağa məhkumdur.

…Yazarkən daha çox sevdiyim şey yazı öncəsi düşüncə müddətidir. Yazmağın özü o qədər də xoş deyil. Xəyalı kağız üzərində təcəssüm etdirmək, necə deyərlər, o xəyaldan qurtulmaq lazımdır. Bəzən özümdən başqalarının necə yazdığını soruşuram. Floberin XIX əsrdə yazdığı kimi, dönə-dönə işləyən, yenidən təməl qoyan, inşa edən, ilk layihəsini lap axıra, kitabın son versiyasına, az qala lap axıra sıxışdıran yazıçılar necə edir? Bu, mənə çox qorxunc görünür. Şəxsən mən qələmin bircə hərəkətilə çəkilən şəklə oxşar o ilk şablona düzəlişlər etməklə kifayətlənirəm. Bu düzəlişlər sayca çox olsa da, mikrocərrahiyyə müdaxilələrinin nəticəsi kimi ümumiləşir. Bəli, mikrocərrahlar sayaq, məsələnin dərinliklərinə enmək, mətni düzəltmək, silmək, yüngülləşdirmək üçün yazıdan kifayət qədər uzaq durmaq lazımdır. Bəzən nəyinsə dəyişməsi üçün səhifədəki bir-iki sözü silmək kifayət edir.

…İlk kitablarımda hissələr, nəfəs alacaq yerlər yox idi. Daha sonra özümdən səbəbini soruşdum və anladım ki, yazmaq gəncliklə heç uyuşmur. İstedadı erkən oyanan poetik dühalar, əlbəttə, istisnadır. Gənc vaxtı yazmaq, hakim ola bilmədiyimiz gərginliyə məruz qalmaq kimidir. Kürəklərində və çiyinlərində heyvani yükləri daşıya bilən hamballara baxın. Onlar bunun üçün bədənlərini hansı vəziyyətə gətirməli olduqlarını yaxşı bilirlər. Yazmaq da eynilə bu cürdür: pozanı tapmaq lazımdır. Başlanğıcda bunu bilmirdim, gərgin idim, diqqəti cəmləşdirmək o qədər də asan deyildi. Sanki beyin və əl arasındakı sinir axınında, itən nələrsə var idi. Sizə agah olan şeylər barədə düşünürsünüz, amma yazmağa oturanda gec olur. O əlaqə itir. Başı kəsilmiş halda olsa da, qaçmaqda davam edən ördəyin vəziyyətinə düşürsünüz.

Ancaq illər keçdikcə bu vəziyyəti idarə etməyi, özümü toxtatmağı, romanlarımı təmizləməyi öyrəndim. Yazmaq, həqiqətən də, asan deyil, amma daha yaxşı yazmağınız üçün imkan yaradacaq üsullar var.

…Oxucularınızın olması gözəl şeydir, kimlərləsə ünsiyyət qura bildiyinizi hiss edirsiniz. Əslində, qəribədir ki, hər kitabın doğulmasında xoşagəlməz hallar da olur. Bitirdikdə, kitabın körpüləri qırmaq, sizdən xilas olmaq istədiyi dəhşətli məqam gəlir. Yazıçı özünün oxucusu ola bilmir. Yekunlaşmış kitabınız naməlum obyekt vəziyyətinə düşür, detallarını gördüyünüz, amma bütünlüklə görə bilmədiyiniz, bir növ formasız bir hala gəlir. Bu kitabı artıq dünyaya oxucu çıxarmalıdır, eynilə fotoqrafiyada olduğu kimi. Odur ki, kitab ömrünü yaşamağa başlayanda artıq yazana deyil, onu oxuyana məxsus olur.

Tərcümə edən: NƏRİMAN