Elektron ədəbiyyat və sənət portalı

“Hərb və sülh” romanı haqda 10 fakt

Bölmə: Ədəbiyyat 06.02.2016

 

  1. Çoxları düşünür ki, 1300 səhifəlik “Hərb və sülh” dünyanın ən uzun romanıdır. Əslində isə ən uzun roman XVII əsrdə Fransada yazılmış 13 min səhifəlik, 10 cildlik o qədər də tanınmayan “Artamène ou le Grand Cyrus” romanıdır.
    “Hərb və sülh” romanının ilk iki nəşri 6 kitaba bölünmüşdü. Günümüzdə isə onu 1873-cü ildə Tolstoyun öz bölgüsü üzrə dörd kitab şəklində çap etmək qəbul olunub.
     
  2. Tolstoy “Hərb və sülh”ün qaralamasını işləyərkən əvvəlcə Napaleon müharibələri haqda yox, köhnə dekabrist üsyançısı, çar I Nikolayı devirməyə uğursuz cəhd etmiş, 30 illik Sibir sürgünündən  sonra qayıtmasına icazə verilmiş bir rus zabiti haqda roman yazmağı planlaşdırıbmış.
    Amma sonra yazıçı fikirləşir ki, Dekabristlər üsyanı haqda kitabı senzura bəyənməyəcək, ona görə də planını dəyişdirir.
     
  3. Arvadı Sofiyanın israrıyla Tolstoy bu romandan Pyer Bezuxov və onun birinci arvadı Yelenanın toy gecəsi haqda hissələri çıxarıb. Sofiya hesab edirdi ki, belə hissələr kilsə senzurasından keçməyəcək. Axı o zaman əsərləri iki senzura oxuyurdu: hökumət senzurası və kilsə senzurası.
     
  4. Rostovlar və Bolkonskilər Tolstoyun öz zadəgan şəcərəsinin prototipləridir.
    Məsələn, Nikolay Rostov Tolstoyun atası Nikolaydan çoxlu borc alır. Tolstoyun atası 1812-ci il müharibəsi qəhrəmanı və Pavloqradın leytenant polkovniki olub. O, romanda da öz adıyla xatırlanır.
    Marya Bolkonskaya Tolstoyun anası Marya Tolstayanın prototipidir. Onların toy təsvirləri Tolstoyun valideynlərinin toyu kimidir. Qəhrəmanların evi “Lısıe Qorı” da Tolstoyun öz ailə malikanəsi olan “Yasnaya Polyana”nı xatırladır.
     
  5. Tolstoy yazdıqca arvadı romanın surətini çıxarırmış. Özü də səkkiz nüsxədə!
    Orada bəzi epizodlar var ki, Tolstoy onları 26 dəfə yazıb. Bu romanın yazılması beş il çəkib (1863-1869). Tolstoy və Sofiya evlənəndən bir il sonra bu roman yazılmağa başlayıb. Roman bitənə qədər Sofiya 13 uşağından dördünü dünyaya gətirib.
     
  6. Tanınmış fransız slavyanşünası Georges Nivat təsdiq edir ki, “Hərb və sülh” romanında fransızca dialoqlar XIX yüzilin əvvəlində fransız aristokratiyasının danışıq dilidir.
    Romanın öz dili isə XIX əsrin əvvəllərinin dilinə uyğun işlənib ki, bu da romanın yazıldığı tarixlə hadisələrin cərəyan etdiyi tarix arasındakı fərqin dəqiq olan detallarından biridir.
     
  7. Tolstoy özü hesab edirdi ki, bu əsərə tarixi esselər daxil etdiyi üçün onu roman kimi səciyyələndirmək o qədər də düzgün deyil. O özü bu əsəri tarixi xronika ilə roman arasında bir janr hesab edirdi.
     
  8. Tolstoy bu romanı yazarkən tarixi konteksti ətraflı - həm rus, həm də Avropa mənbələrindən öyrənib. Borodino döyüşünün olduğu yerə gedib.
    Romanın ikinci hissəsində Nikolay Rostovun qulluqçusu Lavruşkanı fransızlar müvəqqəti tuturlar və Napaleonun qarşısında dindirirlər. Bu səhnədə Tolstoy fransız tarixçisi Thiersin nəql etdiyi bir əhvalatı öz komik versiyasını da artırmaqla nəql edir.
     
  9. Bir dəfə Tolstoy Parisdə gilyatinlə edamın şahidi olur. Bu hadisə onu sarsıdır. Ölüm cəzası əleyhinə baxışları qətiləşir.
    Yerli hökumətdə söz demək səlahiyyəti olan qraf kimi ondan xahiş edilir ki, ölüm cəzası əleyhinə məhkəmədə iş aparsın. Tolstoy çox çalışır, lakin məğlub olur.
    O, ölüm cəzası haqda baxışlarını Pyer Bezuxovun xarakterinə köçürür.
     
  10. Belə bir fərziyyə var ki, Tolstoy bu romanı “Müharibə və dünya” adlandırıb. Məlum olduğu kimi, rus dilində “sülh” və “dünya” sözlərinin hər ikisi “mir”dir. 1917-ci il inqilabından sonra kiril əlifbası modernləşdirildi. Ona qədər bu sözlər rus dilində eyni cür tələffüz olunur, amma ayrı cür yazılırdı.
    Tolstoy öz qaralamalarında romanın adını yazanda o zamankı əlifbayla “dünya” (mir) kimi yazıb. Amma bu gün mütəxəssislər hesab edirlər ki, bu, sadəcə təsadüfən bir hərfdə qələmin azca sürüşməsi nəticəsində olub.

 

Hazırladı: NARINGÜL