Elektron ədəbiyyat və sənət portalı

Dil sərhəd tanımır

Bölmə: «Aydın Yol»çular 26.02.2016

Başqa sözlərlə desək, miqrant ən azından rus dilində özü haqqında qısa məlumat verməli, məişət səviyyəsində sadə danışıq dilinə malik olmalıdır.

Bu günlərdə Rusiya telekanallarının birində miqrantlara qarşı keçirilmiş reyd zamanı çəkilmiş süjetə baxdım. Pasport rejiminə görə saxlanılmış miqrantlar arasında 3 azərbaycanlı da var idi. Jurnalistin ən sadə suallarına rus dilində cavab verə bilməyib başlarını aşağı dikdilər. İstər-istəməz bir əhvalatı xatırladım. 

...Məhəlləmizdə onları tez-tez görürəm. 2 qız və 2 oğlandan ibarət bu Çin “ailəsi” qonşuluqda mənzil kirayələyib. Onlar səyyar ticarətlə məşğul olub xırdavat satır.  Çox gülərüz və mehriban gənclərdir. Qonşuların dediyinə görə, gəlmələr özlərini sakit aparır, hamıya hörmətlə yanaşır, yardım göstərməyə çalışır, üstəlik də dilimizi öyrənərək, sakinlərlə xoş ünsiyyət və münasibət qururlar.

Bu günlərdə çinli gənclərlə təsadüfən həyətdə qarşılaşdım. Yaxınlaşıb salamlaşdılar. Öyrəndim ki, “küçə tacirləri” qrupunun başçısı Nqen Ho adlı gəncdir. Onlar şəhərimizə Urumçidən gəliblər. Uyğur əsilli olmasalar da çoxlu uyğur dostları var və onlarla çox mehriban dolanırlar.

- Bir ildən çoxdur Bakıdayıq. Əvvəlcə mən tək gəlmişdim, necə deyərlər, “kəşfiyyata”. Buranın təmiz və sakit şəhər olduğunu görüb dostlarımı da çağırdım. Bakıda insanlar çox istiqanlıdır, qonşular da bizə hörmət edir, əsas alıcılarımız da elə onlardır, bişirdiklərindən tez-tez pay verirlər.  Dolma, bir də qutabınız xüsusən ləzzətlidir.

- Bəs Azərbaycan dilini necə öyrəndiniz? Tədris kursuna getdiniz, yoxsa müəllimlə hazırlaşdınız?

- Xeyr. Kursa getməyə vaxt yoxdur, müəllim də xeyli pul istəyir. Məcbur olub özümüz öyrənməyə başladıq. İnternet köməyimizə gəldi. Sağ olsun qonşu uşaqlar, bilmədiyimizi onlardan soruşuruq. Qeyri-rəsmi müqavilə bağlamışıq: uşaqlar bizə Azərbaycan dilini, bizsə onlara Çin dilini öyrədirik.

- Dilimiz xoşunuza gəlir?

- Əladır! Sözləriniz çox poetik səslənir. İlk dəfə öyrənib əzbərlədiyim sözləri isə heç vaxt unutmaram: “nisyə olmaz, ancaq aşağı yeri var!”

Bax belə! Açığı bu çinli gənclərə sözün əsl mənasında həsəd aparmaq olar. Əllərindəki ağır çantalarla gün ərzində şəhərin küçələrini dolaşaraq xırdavat satır, halal zəhmətlə dolanır, çörək qazandıqları ölkənin qanunlarına riayət edir, həm də dilini öyrənirlər. Çinlilərin uşaqlıqdan alışdıqları zəhmətkeşlik, yaşam uğrunda mübarizə əzmi və xoş ünsiyyət qurmaq bacarığı burda da özünü göstərir.

Kaş bu müsbət xüsusiyyətləri Azərbaycandan Rusiyaya işləməyə gedən bəzi miqrantlarda da görə biləydik. Axı rus dilinin məktəbdə tədris edilmədiyini, kənddə bu dildə danışan adamların olmadığını bəhanə gətirməklə iş bitmir. Əgər getdiyin ölkədə normal həyat sürüb uğurlu biznes qurmaq istəyirsənsə, bəhanələri kənara qoyub yalnız özünə güvənməlisən və ölkənin dilini öyrənməlisən. Nqen Ho kimi!

Azərbaycana gəlmiş miqrantların dilimizi öyrənməsi təqdirəlayiqdir. Bu işi daha da gücləndirmək lazımdır. Xüsusi işlək lüğətlər dərc edib əcnəbi vətəndaşlara pulsuz paylamaq da olar.

Bu mənada Azərbaycandan kənarda iş qurmaq fikrində olan vətəndaşlarımızı da unutmamalıyıq. Onlara gedəcəkləri ölkənin dili və mədəniyyəti haqqında ən sadə biliklərin aşılanması üçün müəyyən işlər görülməlidir. Bunun həm də Azərbaycan həqiqətlərinin, xalqımızın mənəvi dəyərlərinin dünyada təbliği sahəsində böyük faydası olardı.