Elektron ədəbiyyat və sənət portalı

Bukinhem sarayı nə vaxt tikilib?

Bölmə: Elm 26.02.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Pompey nədir?

İtaliyanın saysız-hesabsız görməli yerlərindən ən maraqlısı, bəlkə də, Pompey şəhərinin xarabalıqlarıdır. Düzü 2000 yaşı olan və bu günümüzə onunla yaşıd olan şəhərlərin hamısından daha salamat gəlib çıxan bir yaşayış məskənini xarabalıq adlandırmaq əslində səhvdir. Bəs necə olub ki, Pompey şəhəri o qədər də dağılmayıb? Məsələ bundadır ki, bizim eranın 74-cü ilinin 24 avqustunda İtaliyanın cənubunda yerləşən, o zamanadək mürgüləyən Vezuvi vulkanının çox güclü püskürməsi baş verdi. Vulkan kraterindən püskürən lava, daş-kəsək və kül yaxınlıqdakı iki şəhəri tamamilə altına aldı. Vulkandan 3-4 kilometr aralıda yerləşən Gerkulanum şəhəri yamacla axan palçıq selinin dalğaları altında qaldı. Vezuvidən, nisbətən uzaqda yerləşən Pompey şəhəri isə kül və yengel dağ süxuru olan pemzadan ibarət “yağışın” beş-altı metrlik layı altında gömüldü.

Bu kütlə suyu canına çəkərək gilə bənzəməyə başladı və nəticədə, altında nə varsa, heykəltəraşların öz əsərlərini düzəldərkən istifadə etdiyi formalara bənzər şeylərə çevrildi. Beləliklə, adını çəkdiyimiz hər iki şəhər bizim günlərə necə varsa, eləcə də gəlib çıxdı.

Bu faciədən sağ çıxan sakinlər vulkanın aktivliyi bitəndən sonra ata-baba yurdlarına döndülər və qalın kül qatının altından qiymətli əşyalarının bir hissəsini, o cümlədən iri binaların çoxunda üzlük daşı kimi istifadə olunmuş mərmərləri qazıb çıxardılar.

Orta əsrlərdə bu hadisə unuduldu. 1594-cü ildə oralarda su kəmərinin çəkilişinə başladılar və hər iki şəhərin qalıqları yenidən aşkarlandı. Lakin yalnız 1763-cü ildə Pompeydə əsl arxeoloji qazıntılar başlandı və bu qazıntılar günümüzədək davam edir. Buna baxmayaraq, qədim şəhərin böyük bir hissəsi hələ də insanların gözündən kənar qalıb.

 

Stounhenc nədir?

Qədim insanların adət-ənənəsini, həyatını öyrənmək üçün bir qayda olaraq qazıntılar aparmaq, başqa axtarış tədbirləri görmək lazımdır. Lakin bəzən tam əksinə, əcdadlarımızın fəaliyyətinə dəlalət edən sübutlar bizim lap gözümüzün qarşısında olur. Məsələn, bir daş tikili görürük, amma onun nə vaxt, kim tərəfindən və nə üçün tikildiyini izah edə bilmirik. Belə nümunələrdən biri məşhur Stounhencdir. Bu, iri, şaquli yerləşdirilmiş, dairə şəklində düzülərək, ətrafında torpaqla möhkəmləndirmə işləri aparılmış bir tikilidir. İngiltərənin cənubundakı Solsberi şəhəri yaxınlığında yerləşir.

Stounhenc barədə bizə qədər gəlib çıxmış ilk xatırlatma 1136-cı ilə aiddir və ondan belə nəticə hasil olur ki, bu daşlar İrlandiyadan bura kelt miflərinin qəhrəmanı Merlinin cadusu ilə daşınıb. Bunun maraqlı bir əfsanə olmasına qəti şübhə yoxdur. Daha sonrakı fərziyyələrdən biri Stounhencin qədim Britaniyanın xristianlığaqədərki kultlarından birinə inam bəsləyən druidlərin əliylə ucaldıldığını deyir. Lakin indiyədək bu nəzəriyyəni də təsdiq edən heç bir dəlil tapılmayıb.

Stounhenc ilk baxışdan belə təsir bağışlasa da heç də sadə struktura malik deyil. Kənardan o torpaq yarğanla əhatə olunur, lakin bu yarğanda keçid üçün yol da qoyulub. Yarğanın dalınca tökmə torpaq gəlir. Onun daxilində yerdə 56 çökəyi olan dairəvi, halqa kimi bir səth var. Bu halqa ilə ortada yerləşən daşlar arasında daha iki belə halqa yerləşdirilib. Sonra daş tikilinin özü gəlir. Bu tikilinin forması iki dairə və iki yarımdairədən ibarətdir. Onların hamısı dik duran nəhəng daşlardan qurulub. Bundan savayı, tikiliyə ayrı duran daşlar da daxildir. Onların arasında “Mehrab daşı”, “Ölü daşı” adlandırılan daşlar da var.

Qazıntılar aparılan bir çox çökəklərdə yandırılmış insan qalıqları aşkarlanıb. Onların, Stounhencdən tapılan başqa məişət əşyalarının radiokarbon metodu ilə öyrənilməsi nəticəsində məlum olub ki, tikilinin bəzi hissələri eramızdan əvvəl 1848-ci ilə aiddir. Burda ehtimal olunan yanlışlıq hər iki tərəfə 275 ildən artıq ola bilməz. Stounhencin hissələri elə yerləşib ki, məsələn, yay gündönümündə (Günəşin göy ekvatorunun ən uzaq nöqtəsindən keçməsi vaxtı) daş lövhələr arasındaki bəlli aralıqdan günəş görünür.

Alimlər belə düşünməyə meyillidirlər ki, Stounhenc yer üzündəki ən qədim rəsədxanadır. Lakin indiyə kimi bu ağırlıqda daşların bura necə gətirildiyi, belə dəqiqliklə necə quraşdırıldığının izahı verilməyib. Beləliklə, açıq bir yerdə, göz qabağında olan 4000 yaşlı Stounhenc hələ də insanları dərindən həyəcanlandıran bir sirr kimi qalmaqdadır!

 

Qədim anqlosakslar kimlərdir?

“Anqlosaks” sözünü tez-tez İngiltərənin müasir əhalisinə, yaxud onların nəsillərindən törəyənlərə aid edirlər. Lakin əslində, anqlosakslar İngiltərə ərazisində çox-çox qabaqlar yaşamış xalqdır. Britaniyanın romalılar tərəfindən istilasından sonra bu torpaqlar 400 ilə yaxın əsarət altında qaldı. Sonra Roma legionerləri yenidən İtaliyaya çağırıldı və Britaniya xarici təcavüzlər qarşısında müdafiəsiz qaldı. Əvvəl-əvvəl Britaniya sakinləri, yəni britaniyalılar elə romalıların zamanında olan kimi yaşaya bilirdilər, amma V əsrdə köçəri xalqlar indi Şərqi İngiltərə adlanan ərazidə məskunlaşmağa başladılar.

Gəlmələrlə yanaşı yaşayarkən britaniyalılar onların aqressiv və qəddar insanlar olduğunu gördü – onların mahnıları, dastanları belə yalnız müharibə, ölüm haqda idi. Gəlmələr əsasən üç german qəbiləsindən: anqllardan, sakslardan və yutlardan ibarət idi. Onların hamısı Şimal və Baltik dənizlərinin sahillərində, yaxud oralara yaxın ərazilərdə yaşayırdılar. Bu insanların açıq rəngli saçları, şax qamətləri vardı, onlar cəsur döyüşçü idilər.

Altıncı yüzilliyin axırlarında gəlmələr Britaniyada Roma hakimiyyətinin bütün qalıqlarını məhv etdilər və yeddi krallıq qurdular. Əvvəlcə bu krallıqların hər birində ayrıca kral vardı, lakin 829-cu ildə onların hamısı bir hökmdarın tabeliyinə keçdi. Onun varislərindən biri ölkəni 871-ci ildən 900-cü ilədək idarə edən Böyük Alfred idi.

1066-cı ildə anqlo-sakson sülaləsi Normand istilası nəticəsində hakimiyyətini itirdi. Anqlosaksların danışdığı qədim ingilis, yaxud anqlosakson dili anql, saks və yut ləhcələrinin qarışığından ibarət idi. Müasir ingilis dili həmin o anqlosakson dilindən yaranıb, amma onların arasında oxşarlığı yalnız dilçilər görə bilir. 

 

Hanniballar niyə adam yeyir?

Bizim üçün hannibalizm (qədim Karfagen sərkərdəsi Hanniballa səhv salmayın) elə bir anlayışdır ki, onun barəsində nifrətsiz düşünmək mümkün deyil.

Lakin bəllidir ki, indiyədək adam əti yeyən bəzi insanlara, hətta bütöv qəbilələrə rast gəlmək mümkündür. Hər şeydən əvvəl yadda saxlamaq lazımdır ki, onlar bunu insan əti yeməkdən xoşlandıqları üçün eləmirdilər. Onlar bunu ona görə edirdilər ki, adam yemək o xalqların müqəddəs inancının bir hissəsi, dini vəzifələrinin bir növü idi. Məsələn, çox qədimlərdə şərqi Hindistanda yaşayan xalqlardan birinin ehtiram əlaməti olaraq öz valideynlərini yemək kimi adəti varmış!

Bir çox vəhşi qəbilə və tayfalarda belə bir inanc var ki, yediyin adamın ruhu öz bədəninə keçərək səni gücləndirir. Məsələn, əgər sən şir əti yeyəcəksənsə, ürəyin şir ürəyi olacaq; əgər maral yeyəcəksənsə, onun kimi bərk qaçacaqsan; əgər tülkü əti yeyəcəksənsə, bu heyvan kimi bic və fəndgir olacaqsan. Beləliklə, həmin qəbilənin hər hansı bir nümayəndəsi atasına nə qədər çox hörmət bəsləyirdisə, bir o qədər çox onu yemək istəyirdi.

Başqa qəbilələrdə ölümə məhkum edilən cinayətkarları yemək kimi adət vardı. Bunun səbəbi o idi ki, qəbilə üzvləri cinayətkarın öz əməlləriylə tanrını təhqir etdiyini düşünür və həmin canini qurban etməklə tanrılarının könlünü ala biləcəklərini düşünürdülər. Ona görə də qəbilədə hər dəfə adam qurban veriləndə, onun dadına mütləq baxırdılar.

“Hannibalizm”, yaxud “hannibal” sözü “Kaniba”, yaxud “karib” sözündən törəyib. Bu, qərbi hindu qəbilələrindən birinin adıdır. İspanlar hannibalizmi ilk dəfə həmin qəbilədə müşahidə ediblər. Şimali Amerikada yaşayan ilk hindu qəbilələri üçün hannibalizm dini mərasimin bir hissəsi idi. Dəqiq demək olmaz ki, hal-hazırda yer üzündə nə qədər adamyeyən qəbilə yaşayır. Bəzi tədqiqatçıların fikrincə belə qəbilələr artıq yoxdur. Amma başqa tədqiqatçılar deyir ki, belə qəbilələr Yeni Qvineya adasının dərinliklərində hələ də yaşayır.

 

Sivilizasiya nədir?

Çox-çox qədim zamanlardan başqa növlər arasından fərqlənən insan öz ömrünü sivilizasiya adlandırdığımız yolla irəliləyərək sürür. Təbii ki, ilk dövrlərdə insan heyvanlardan az fərqlənirdi. O, danışa bilmir, tapdığını yeyir, ev nədir bilmirdi. Sonra özünün vəhşi həyatının ilk dövründə od almağı, balıq yeməyi öyrəndi. Sonralar ov etmək, özünü qorumaq üçün sadə alətlər düzəltdi, ailələr isə qəbilələrdə birləşdi. Daha sonralar yemək bişirmək, onu saxlamaq üçün qab-qacaq düzəltməyi öyrəndi. Amma bütün bunlara baxmayaraq, insanlar hələ ibtidai şəraitdə yaşayırdılar.

Növbəti addım bizim barbarlıq adlandırdığımız mərhələ oldu. İnsanlar əkin-biçin öyrəndilər, faydalı keyfiyyətlərə malik olan heyvanları əhliləşdirdilər. Daha sonralar dəmir, mis kimi metallardan istifadə etməyə başladılar və beləliklə daha mükəmməl ov silahları düzəldə bildilər. Təxminən elə o zamanlarda da insanlar özlərinə ev tikməyə başladılar. Barbarlıq dövrünün axırlarında insan sivilizasiyanın inkişafını şərtləndirən bir üsul kəşf etdi. Bu, yazı idi.

O zamanlar yazı təsvirlərdən ibarət idi, lakin zaman keçdikcə müxtəlif yerlərdə əlifbalar əmələ gəlməyə başladı. Yazının kəşfini sivilizasiyanın başlanğıcı saymağımızın səbəbi bundadır ki, insan məhz yazmağı öyrənəndən sonra başına gələnləri qeyd eləyə bildi və öz təcrübəsini başqaları ilə, o cümlədən gələcək nəsillərlə bölüşmək imkanı əldə etdi. Bütün bu zaman ərzində insanlar mənimsədikləri müəyyən biliklər əsasında yaşamağı, başqa sözlə desək, idarəçilik sistemi yaratmağı öyrənirdi. Bununla yanaşı, xeyir və şər, yaxşı və pis barədə ilk ideyalar, yəni mənəviyyat adlandırılan məsələlər də formalaşdı.

Bəs bütün bunlar nə vaxt baş verib? Bu prosesin başlanğıcı tarixin çox qədim qatlarına gedib çıxır və əslində insanın yer üzündə peyda olduğu gündən üzübəri gəlir. Sivilizasiyanın ilk nişanələri isə eramızdan əvvəl altıncı minilliyə aiddir.

 

İncəsənət nədir?

Müasir dünyada incəsənətin bu, ya başqa təzahürlərini praktiki olaraq hər yanda görmək olar. Evinizdəki mebel, evin özü, taxdığınız qol saatı, yaxud paltarınız – bütün bunları bu və ya başqa şəkildə incəsənətə aid etmək mümkündür. Sadaladığımız bütün bu şeyləri kimsə bəzəyib, daha gözəgəlimli, daha gözəl etməyə çalışıb. Lakin bu nümunələr tətbiqi sənətə aiddir və onların gözəlliyi də ikinci roldadır, çünki vəzifəsi birbaşa təyinatı üzrə istifadə edəcəyinizi gözəlləşdirməkdir. Əsl incəsənət isə tamam başqa, yəni elə adından göründüyü kimi öz-özlüyündə “incə” sayılan işlərlə məşğuldur.

“İncə” sənətlərə təsviri sənət, heykəltəraşlıq, ədəbiyyat, teatr, musiqi, rəqs və memarlıq aiddir. Yuxarıda sadalananlardan yalnız memarlığın “praktiki faydası” var. Memarlar təkcə gözəllik haqda deyil, həm də yaratdıqlarının faydalı olması barədə düşünməlidirlər. Lakin yaradıcı rəssamın gərgin əməyi bahasına ərsəyə gələn incəsənət əsərləri, ümumiyyətlə, heç bir praktiki fayda daşımaya da bilər. Bu əsərlər bizim gözəllik hissimizi qane etmək, gözəlliyə olan tələbatımızı ödəmək məqsədiylə yaradılır, vəssalam.

Yaradıcılığın son nəticəsi heykəl, mahnı, pyes, kitab və sairə ola bilər. Müasir dövrdə incəsənətin bütün növlərində maraqlı eksperimentlərin şahidi olmaq mümkündür.

Lakin bədii sənətin bütün növlərində bir ümumi cəhət var. Bu, əsərdə təcəssüm etdirilən səslərin, daşın, sözlərin, inşaat materiallarının, cizgilərin və rənglərin obrazıdır. Hər bir obrazda ritm, tənasüb, harmoniya adlandırıla bilən şeylər var. Ritm səslərin, rənglərin, forma və hərəkətlərin nizamlı təkrarından doğur.

Tənasüb sənətkar düşüncəsinin elə təcəssümüdür ki, bizə mahiyyətinə uyğun mütənasib ölçülərlə təsvir olunmuş kimi görünür. Harmoniya isə obrazın müxtəlif hissələrinin bir-birinə təbii uyğunluğunda gizlənir. Bütün bunlar bədii sənətlə, incə sənətlə əlaqədar olan yalnız çox ümumi anlayışlardır.

 

Bakalavr dərəcəsi nədir?

Bir çox ölkələrdə kollec, yaxud universitet bitirən tələbələr bakalavr dərəcəsi alırlar. Əgər tələbə əsas etibariylə humanitar elmləri öyrənibsə, o humanitar elmlər üzrə bakalavr olur. Təhsilini qalan elmlərə həsr edənlər isə təbiət elmləri bakalavrı olur.

Çoxları təhsilini bu mərhələdə dayandırmır və oxumağa davam edirlər. Onlar növbəti pilləyə yüksəlir, ya humanitar elmlər magistri, ya da təbiət elmləri magistri olurlar. Onlardan  bəziləri təhsilini davam etdirə-etdirə müstəqil tədqiqatlarla istedadını nümayiş etdirib fəlsəfə doktoru olur.

Başqa dərəcələri peşəkar təhsil kursu keçənlər, məsələn, tibbi, hüququ öyrənənlər alır.

Lakin onlar çox vaxt praktik fəaliyyətə başlamazdan əvvəl xüsusi imtahan verməli olurlar. Müasir təhsil sistemi o qədər ixtisaslaşıb ki, kollec və universitet məzunları aqronomiya, əczaçılıq, inşaat və bir çox başqa sahələrdə elmi dərəcələr alırlar.

Elmi dərəcəni bununla qürrələnmək üçün almırlar. Çox vaxt elə olur ki, müəyyən fəaliyyət növü ilə məşğul olmaq, məsələn, həkimlik etmək üçün elmi dərəcə lazım olur.

 

Bukinhem sarayı nə vaxt tikilib?

İngiltərə kraliçasının evi – Bukinhem sarayı – yer üzündəki kral saraylarının ən qədim və ən gözəllərindəndir. O, iki park – Qrin və Sent-Ceyms parkları arasındakı gözəl bir ərazidə yerləşir, ətrafında isə göz işlədikcə uzanan, səliqə-sahmanlı bağlar var.

İndi sarayın ucaldığı yerdə bir zamanlar Horinq-haus adlanan bina yerləşirdi. Sonralar həmin bina II Çarlz dönəminin dövlət xadimi qraf Erlinqtonun iqamətgahına çevriləndə Erlinqton-haus kimi tanındı. Bu evi 1703-cü ildə sökdülər, onun yerində isə Bukinhem və Normand hersoqunun sərəncamı ilə başqa bir bina tikdilər. Sarayın indiki adı da elə ordan gəlir. Az sonra, 1761-ci ildə nikaha girən III Georq bu sarayı aldı və həmin vaxtdan etibarən kral iqamətgahı orada yerləşir. Hər yeni hökmdarın gəlişiylə bu saray genişlənir, ona təzə tikililər əlavə edilir, tikili daha əzəmətli, daha gözəl olurdu.

Sarayın fasadı indiki görkəmini yalnız 1913-cü ildə alıb. Bukinhem sarayı antik və daha sonrakı dövrlərin qiymətli sənət əsərləri ilə doludur. Lakin sarayın qapıları ictimaiyyət üçün bağlı olduğundan, dövlət zallarında toplanan dəyərli sənət əsərləriylə yalnız televiziyalar vasitəsiylə tanış olmaq mümkündür. Bundan başqa kraliçanın şəxsi malı olan qiymətli nümunələr vaxtaşırı Kral Qalereyasında tamaşaçıların qarşısına çıxarılır. İlboyu, xüsusən də yay aylarında sarayın qarşısındakı səkidə bütün dünyadan gəlmiş turistlərin qələbəliyi olur, insanlar qvardiyaçıların qarovul dəyişməsinə tamaşa edir, sarayın seyrinə dalır və bəlkə də ürəklərində İngiltərə kraliçasını da gözlərinin ucuyla olsa belə, görə biləcəklərinə ümid edirlər.

Bu sarayın bir qaydası da var: kraliça orda olanda, saray üzərində kral bayrağı dalğalanır.

 

“Nil tapmacası” nədir?

Afrikanın nəhəng çayı olan Nilin öz tapmacası var. Hər halda, bu böyük çayla bağlı bir məsələ insanları min illərdən bəri qayğılandırır. Hər il iyun ayından etibarən, Nil çayında suyun səviyyəsi qalxmağa başlayır və oktyabr ayında may səviyyəsindən 7,5 metr yüksək olurdu.

Daşqın mövsümündə Nil çayı məcrasından çıxır, tarlalara, zəmilərə özünün sularıyla lil daşıyır ki, bu lil də gözəl gübrədir. Suyun bu dərəcədə artması qeyri-adi şeydir, çünki Misirdə demək olar ki, yağış yağmır! Məhz elə bu səbəbdən yüz illərdir ki, insanlar Nilin müntəzəm daşqınlarına heyran qalır. “Nil tapmacasının” cavabı yalnız XIX əsrdə tapıldı. Nil yer üzünün ən uzun çayıdır. Onun uzunluğu cənubdan şimala 6500 kilometr təşkil edir. Çay əsasən, Afrikanın şimal-qərbində yerləşən iki dövlətin - Sudan və Misirin ərazisindən axır. Nil çayının illik daşqınları çayboyu uzanan, ətrafında qupquru, bəhrəsiz səhralar olan torpaq zolağının məhsuldar bir vadiyə çevrilməsinə səbəb olub.

İlk insanlar bu vadidə minilliklər qabaq məskunlaşıblar. Nil çayı suyunu iki əsas mənbədən alır – Ağ Nil və Mavi Nildən. Ağ Nil Uqandadakı Viktoriya gölündən axır. Onun axını sakit, aramlı, müntəzəmdir və Nil çayındakı suyun səviyyəsinə təsir göstərmir. Aprel və may ayı ərzində, çayın suyu özünün minimum həddinə çatanda suyun 85 faizi Ağ Nildən gəlir.

Bəs, Mavi Nil? Onun təsiri necədir? Bu çay öz mənbəyini Efiopiyanın dağətəyi nahiyələrindən, bol yağıntılı, qarlı dağları olan nahiyədən götürür. Yağışlar mövsümü yetişəndə Mavi Nildə suyun səviyyəsi kəskin şəkildə artır və bu, Nilin daşqınına səbəb olur. Beləliklə, insanların neçə əsrdən bəri baş çatlatdığı tapmacanın cavabı, əslində kifayət qədər sadə imiş!