Elektron ədəbiyyat və sənət portalı

“Qürbətdə günəşi neylərəm...”

Bölmə: Tarix 04.03.2016

Dəvə karvanı sanki buna bənd imiş kimi, ayağa qalxır. Yolçular da, heyvanlar da yorulub əldən düşüb. Sarvan dəvələrdən enən yolçularla hal-əhval tutur. Sonra hamılıqla sübh namazı qılınır.

(Əvvəli ötən sayımızda)

Almas həyat yoldaşı Zivərin, üç aylıq Azərin durumundan narahatdır.  Aşqabaddan çıxdıqları üç gündür. Amma Zivər bu müddət ərzində elə bil 30 il qocalıb. Bu qadın yorğunluğunu, iztirablarını gizlətməyi bacarır. Almas isə hey susur, öz daxili dünyası ilə mücadilə aparır: “Necə olacaq?” Əgər kimsə bu səhranın ortasında Almas İldırımın beynini saran suallara cavab tapa bilsəydi, o, həmin adama ömrünü belə bağışlamağa hazır idi. Əfsuslar olsun ki, Ulu Tanrıdan savayı bu sualların cavabını heç kim bilmir...

Sarvan Almasa yaxınlaşır. Bu fars tacir arif adamdır. Demişdi ki, karvana kənar yolçu götürmür. Amma biləndə ki, Almas şairdir, özü də Aşqabada Bakıdan sürgün olunub, İran sərhədinin yaxınlığına qədər aparmağa razılıq vermişdi. Şərt də qoymuşdu ki, bu yolçuluğa görə şairdən pul almayacaq.

- Ayrılmaq zamanı çatdı. O görünən dağların arxası İrandır. Amma sizi ölkəyə qapıdan buraxmazlar. Dərhal tutub zindana göndərərlər. Gərəkdir ki, o dağlardan bir yol tapıb qaçaq yolla girəsiniz fars torpaqlarına.

Almas dil-ağız elədi:

- Bu yaxşılığı ömrüm boyu unutmaram, ağa. Mərhəmətinizə görə sizə daim borcluyam. Allahın yanında çox savab iş gördünüz. Ailəmi həbsdən, ölümdən qurtardınız. Tanrı əvəzini verər.

- Müsəlman olan hər kəsin borcudur bunu eləmək. Allah amanında...

Alması sürgünə göndərəndə anası Nisəxanım da belə demişdi. Çünki bilirdi ki, oğlu ömründə pis iş tutmaz. Evdarlıqla məşğul olub uşaqlarını ehtiyac içində böyüdən bu qadın Almasın kamil bir insan kimi böyüməsi üçün əlindən gələni etmişdi.

Almas İldırım 1907-ci il, martın 24-də Bakının Qala kəndində doğulub. Əsl adı Əbdülhəsən olsa da, uşaqlıqdan onu babasının adı ilə - Almas çağırıblar. Əsərlərini də Almas İldırım imzası ilə yazıb. Ailə əvvəlcə Şüvəlana, 1920-ci ildə isə Bakının Çəmbərəkənd məhəlləsinə köçür. Kiçik Almas 1914-1915-ci illərdə Cənubi Azərbaycandan Bakı neft mədənlərinə işləməyə gəlmiş fəhlə uşaqları üçün İran hökuməti tərəfindən təşkil olunmuş “İttihad” məktəbində oxuyur. 18 yaşında isə Abdulla Şaiqin məktəbində təhsilini davam etdirir. Bu illərdə müəllimləri A.Şaiq və H.Cavidlə daha çox ünsiyyətdə olur, Ə.Cavad, C.Cabbarlı kimi ədiblərin əsərlərindən ruh alır və azadlığı tərənnüm edən şeirlər yazmağa başlayır.”

Qızıl Qələmlər İttifaqı”nın məcmuəsində 6 şeiri dərc edilir.

1927-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunsa da, tezliklə Alması təhsil ocağından xaric edirlər. Ona bildirirlər ki, tacir oğlu universitetdə oxuya bilməz. Əslində bu, bədxahların ona qarşı qurduğu çirkin oyunun başlanğıcı idi.

Almas ruhdan düşmür. 1928-ci ildə gənc şair “Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti”nə üzv olur. Daha sonra İstanbulda çıxan “Həyat” dərgisində “A dağlar”, “Sevdiyim” şeirləri işıq üzü görür. Nəticədə, Almas İldırım azadlıq ideyalarının carçısı, mövcud ideologiyaya zidd şair kimi bolşeviklərin qara siyahısına düşür.

...Karvan gözdən itib. Almas əlini Zivərin qoynuna qoyub. Hər ikisinin gözləri karvan yoluna dikilib. Anasının qucağında olan, dünyadan xəbərsiz Azər isə şirin-şirin yatıb. Alması bayaqdan rahat buraxmayan suallar hələ də cavabsızdır.

Göy bir bulud оlub səndə gərilsəm,
Torpaq olub ayağına sərilsəm,
Bir gül olub sənin üçün dərilsəm,
Ya оvçunun şikarı bir quş olsam...

Amma tale bu suallara cavab tapdı. Çox məşəqqətlərdən sonra qaçaq yolla İrana keçən ailə həbs olunur. Alması bolşevik casusu hesab edərək işgəncə verir, soyuq suyun içərisində saxlayırlar. Nəticədə, şair sağalmaz böyrək xəstəliyinə tutulur. Onu 25 gündən sonra azad edib Məşhəd şəhərinə göndərirlər. Almas burada iş tapa bilmir, yoxsul həyat sürür. 1934-cü ildə Türkiyəyə gedərək vətəndaşlığı qəbul edir, katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir, yaradıcılığını davam etdirir.

İstiqlal şairinin Türkiyədə daha 3 övladı - Araz, Otqan, Bakıxan dünyaya gəlir. Almas İldırım maddi çətinliklər içərisində yaşamasına baxmayaraq, çox sayda əsər yazır, məqalələr dərc etdirir. İndi sığındığı ölkədə onu haqlı olaraq həm də türk şairi adlandırırlar.

45 yaşındaykən 1952-ci il, yanvarın 14-də dünyadan köçür. Lakin son nəfəsinədək Vətən həsrəti onu rahat buraxmır, düşüncələri daim doğma Azərbaycanla, onun azadlığı ilə bağlı olur.

 

Of Bakı... bu ayrılıq mənə ölümdən ağır,
Aləmə bahar gəldi, sənə yağmur, qar yağır.
Gündüzlərin dumanlı, gecələr dilsiz, sağır,
Bu boğulan səsimi varmı duyan, a dağlar?

Fərhad SABİROĞLU