Elektron ədəbiyyat və sənət portalı

13 yaşında taxta çıxıb, 27 yaşında ölən sultan - I Əhməd

Bölmə: Tarix 31.08.2015

Osmanlı sultanlarının həyatına nəzər salmaqda məqsədimiz bir türk imperiyasının yaranışı, mövcudluğu, dünya gücünə çevrilməsi kimi tarixi məqamları bir daha göz önünə gətirməkdir.

III Mehmetdən sonra hakimiyyətə onun oğlu I Əhməd gəldi. I Əhməd tarixə 14-cü Osmanlı sultanı, 93-cü İslam xəlifəsi kimi düşüb. Osmanlı tarixçilərinin “Əhmədi-əvvəl” adlandırdığı sultan, divan ədəbiyyatında Bəxti təxəllüsü ilə tanınır.

O, 1603-1617-ci illərdə hakimiyyətdə olub. Ölənə qədər taxtdan enməyən sultanın hakimiyyət illərinin ən yaddaqalan hadisəsi Zitvatorok müqaviləsinin imzalanmasıdır. Həmin müqavilədən sonra Osmanlı imperiyası regiondakı hegemonluğunu Avropa dövlətlərinə güzəştə getməyə məcbur olub.

 

Sultanlıqdan əvvəl və sonra

I Əhməd III Mehmetin ikinci oğlu idi. Ondan böyük qardaşı Mahmud hərbi işlərdə, idarəçilikdə bir şahzadə kimi ad çıxarmış, sarayda böyük nüfuz qazanmışdı. Atasının ölümündən sonra onun hakimiyyətə gələcəyi saray xadimlərinin, sərkərdələrin heç birində şübhə oyatmırdı.

Lakin Şahzadə Mahmud çirkin siyasi oyunların qurbanı oldu. O, sarayın gizli müxalifəti tərəfindən qızışdırıldı və atasına qarşı qiyam hazırladı. III Mehmet bu qiyamdan tez xəbər tutdu, Mahmud həbs edilərək edam olundu. Ona görə də, III Mehmetin ölümündən sonra hakimiyyətə Əhməd gəldi...

Atası öləndə Əhmədin 13 yaşı var idi. Atası özündən əvvəlki sultanların hamısından tez – 37 yaşında vəfat etdiyi kimi, Əhməd də özündən əvvəlki sultanların hamısından tez – 13 yaşında hakimiyyətə gəldi.

III Mehmetin qəfil ölümü bütün sarayı sarsıtmışdı. Vəliəhdin yaşının az olması, orduda, sarayın köklü xadimləri arasında hələ özünü sübut etməməsi müəyyən şübhələr oyadır, gizli-açıq tərəddüdlər yaradırdı. Belə məqamlar Osmanlı kimi ənənəsi olan, hər bir tərəfdən rəqiblərlə, düşmənlərlə əhatə olunan, bütün islam-türk dünyasına liderlik vəzifəsini öz üzərinə götürən bir dövlət üçün o qədər də xoş mənzərə deyildi.

Məhz bu səbəbdən I Əhməd hakimiyyətə gələndə bütün saray narahat idi...

 

I Əhməd qardaş qətllərinin qarşısını necə aldı?

I Əhməd, III Mehmetin Handan Sultandan olan oğlu idi. O, hakimiyyətə atasının ölümündən bir-iki gün sonra – 1603-cü ilin 21-22 dekabrında gəldi. Əhmədin taxta çıxma mərasimi Eyyub Sultan məscidində baş tutdu.

I Əhməd, Qanuni Sultan Süleymandan sonrakı padşahlar içində dövlət işləriylə yaxından maraqlanan ilk padşah kimi tarixə düşüb. Onun ən böyük tarixi xidmətlərindən biri də qardaş qətllərinin qarşısını almaq üçün keçirdiyi qanun islahatıdır. I Əhməd hakimiyyət illərində xanədan vərasəti sistemini dəyişdirməklə qardaş qatili qanununu aradan qaldırdı və əvəzində yaşca ən böyük qardaş sultan olsun qanununu təkmilləşdirib tətbiq etdi.

Bu hadisə qanlı-qadalı Osmanlı tarixinin ən mütərəqqi səhifələrindən biri oldu. Beləliklə, şahzadələr arasında rəqabətin və taxt-tac müharibələrinin, qardaş qətllərinin, saraydaxili intriqaların qarşısı uzun müddətlik alınmış oldu.

I Əhmədin bu qərarı olmasaydı, Osmanlı kimi böyük bir imperiyanın tarixinə qara ləkə kimi düşmüş qardaş qətlləri hələ uzun illər davam edəcəkdi…

 

Zitvatorok müqaviləsi – Osmanlı çökməyə başlayır

Sultan I Əhməd hakimiyyətə gələndə Avstriya ilə müharibə davam edir, Osmanlı ordusu Belqraddan Budinə doğru irəliləyirdi. Bir neçə qala müqavimətsiz türklərə təslim olandan sonra ruhlanan Osmanlı ordusu bir az da irəliləyərək Budinin şimalındakı Vaçe qalasını ələ keçirdi.

Daha sonra ordu Sultan I Əhmədin əmriylə Belqraddan Budinə doğru yürüş etdi. 1605-ci ildə Osmanlı ordusu qısa müddətdə Vişeqrad, Təpədələn, Esterqon qalalarını fəth etdi. Esterqon qalasının fəthi tarixi hadisə idi.

Osmanlılar da, avstriyalılar da uzun müddət davam edən müharibələrdən bezmiş, sosial-iqtisadi fəlakətin astanasına gəlmişdilər. İki dövlət arasında bir neçə dəfə sülh sazişi bağlamağa cəhd edilsə də, heç bir nəticə əldə olunmamışdı.

Uzun sürən müzakirələrdən sonra, nəhayət, sülh sazişi bağlandı. 1606-cı ilin noyabrında Esterqon və Komorin qalaları arasında Zitva çayının Dunaya töküldüyü yerdə Zitvatorok müqaviləsi imzalandı.

Bu sülh müqaviləsinin şərtlərinə görə, Əyri, Esterqon, Kanije qalaları Osmanlıda, Raab (Yanıqqala) ve Komarom qalaları Avstriyada qaldı.

Avstriya Osmanlıya təzminat kimi 200.000 qızıl pul ödədi. Avstriya arxiyepiskopu protokolda Osmanlı padşahına bərabər sayıldı və Osmanlı padşahı yazışmalar zamanı Avstriya arxiyepiskopuna “Müqəddəs Roma İmperatoru Sezar” deyə xitab etməyə boyun oldu. Hökmdarlar üç ildən bir, bir-birinə qarşılıqlı hədiyyələr göndərməliydi. Avstriyanın Macarıstan üçün ödədiyi illik 30.000 qızıl vergi isə ləğv edildi.

Zitvatorok müqaviləsi ilk baxışda Osmanlının xeyrinə idi. Ancaq təbii ki, bu imperiya artıq öz gücünü itirmişdi. Bir müddət sonra Osmanlının Avstriya, eləcə də, digər Avropa dövlətləri qarşısında üstünlüyü türklərin əleyhinə dəyişməyə başlayacaq, Osmanlı imperiyası bir də heç vaxt əvvəlki gücünü bərpa edə bilməyəcəkdi...

 

Səfəvilərlə münasibətlər

Sultan I Əhmədin dövründə də Səfəvilərlə müharibələr davam etdi, hər iki türk imperiyası böyük itkilər verdi.

Osmanlı ordusu Sənan Paşanın komandanlığı ilə Naxçıvandan keçərək Rəvana yürüş etdi. Orduda böyük nüfuz sahibi olan yeniçərilər Vana qayıtmaq istəyirdilər.

Təbrizi geri almaq üçün başlanan müharibədə Osmanlı ordusu Şah Abbasın ordularını Səlmas ətrafında məğlub elədi. Lakin Ərzurum bəylərbəyi Səfər Paşanın geri çəkilən düşmən qüvvələrini izləmək üçün ordugahdan ayrılmağını fürsət bilən Şah Abbas, ordu mərkəzinə qəfil hücum təşkil elədi.

Ağır məğlubiyyətə uğrayan Sənan Paşa əvvəl Vana, daha sonra isə Diyarbəkirə doğru çəkildi. Şah Abbas Şirvan, Şamaxı və Gəncəni asanlıqla ələ keçirdi.

Osmanlı imperiyasının başı Avropada davam edən Avstriya müharibəsinə və daxili üsyanlara qarışdığına görə Səfəvi cəbhəsində ard-arda məğluiyyətlərə uğrayırdı. Belə bir dövrdə Sədrəzəm Nasuh Paşa Şah Abbasın sülh təklifini qəbul etdi.

1612-ci ildə bağlanan Sərab sülh müqaviləsi ilə doqquz il davam edən və hər iki imperiyaya böyük ziyan vuran Osmanlı-Səfəvi müharibəsi başa çatdı. Bu müqavilənin şərtlərinə əsasən, Səfəvi imperiyası Osmanlı dövlətinə 200 dəvə yükü ipək verməyi qəbul etdi.

İstər Osmanlı-Səfəvi, istərsə də, Osmanlı-Avropa müharibələri imperiyaya çox böyük zərbələr vurdu, onun gələcək çöküşünün, süqutunun əsasını qoydu.

 

Sultan Əhmədin ölümü

Sultan Əhməd çox gənc yaşında ağır xəstəliyə düçar oldu. O, 1617-ci ilin 22 noyabrında – cəmi 27 yaşında vəfat etdi.

I Əhməd Sultan Əhməd məscidinin yanındakı türbədə dəfn edildi.

MÖVLUD