Elektron ədəbiyyat və sənət portalı

Məşhur yazıçı və şairlərin xanımları

Bölmə: Ədəbiyyat 04.03.2016

Sofya Andreyevna Tolstaya (Bers)

Sofya Andreyevna bəlkə də ən çox müzakirə edilən yazıçı arvadıdır.  Məhz onun haqqında daha çox –  həm yaxşı, həm də xoş olmayan söhbətlər var. Onların evliliyi, demək olar ki, yarım əsr davam edib. Bütün bu müddət ərzində Sofya Andreyevna həmişə ərinin – Tolstoyun yanında olaraq, demək olar ki, Yasnaya Polyanadan kənara çıxmayıb. Sofya bütün ömrü boyu ərinin qeydinə qalıb, ona yaradıcılıq işlərində kömək edib, çoxuşaqlı ailəsinin qayğılarına qatlaşıb. Onların 13 övladı olub.

Sofya Andreyevnanın xatirələrindən: “Mən bütün günü uşaqların dərsi, sağlamlığı, ərimin ruhi vəziyyəti, borclar, uşaqlar, xidmət, Samara malikanəsinin satılması və s. haqqında düşünürdüm. Qadağan edilmiş “Kreyser sonatası”nın yeni nəşri, 13-cü cildin korrekturası, Mişanın gecə köynəkləri, yataq ağları, Andryuşanın çəkmələri, ev kirəsini vaxtında ödəmək, sığorta və sair və ilaxır, - bütün bunlar mənim boynuma düşən işlər idi”.

Məlumdur ki, məhz Sofya Tolstaya yazıçının bütün qaralamalarının üzünü “ağardıb”. Deyilənə görə, “Hərb və sülh” romanının üzünü Sofya Andreyevna 7 dəfədən çox köçürüb.

Lev Tolstoy arvadından 16 yaş böyük idi. Sofya Bers onun gözündə ən ideal qadın idi. Afanasi Fet, L.Tolstoya  onun həyat yoldaşı haqqında belə deyib: “Sizin həyat yoldaşınız o qədər idealdır ki, ona şəkər, sirkə, duz, xardal, istiot, ənbər qatsanız, korlana bilər”.

 

Anna Qriqoryevna Dostoyevskaya (Snitkina)

“Mənim əziz mələyim Anna! Qarşında diz çökürəm, sənə yalvarıram və ayaqlarını öpürəm. Sənə aşiq olan ərin! Mənim əziz dostum, on il səni sevdim, baxmayaraq ki, bəzən səninlə mübahisə edirdik, sözümüz çəp gəlirdi, ancaq yenə də səni ölənə qədər sevdim.”

Fyodor Dostoyevskinin həyat yoldaşına məktubundan
(15-16 iyul, 1877-ci il; nikahdan 10 il sonra)

Anna dahi yazıçıya 20 yaşında ərə gedib. O zaman Dostoyevskinin 40 yaşı vardı. Onların sevgisi işgüzar münasibətlər zəminində yaranıb. Anna Dostoyevskinin stenoqrafçısı kimi işə başlayıb. Onun köməyilə Dostoyevski qısa zamanda “Oyunçu” əsərini bitirib.

Anna həmişə yazıçıya yardımçı olub. O, evi idarə edir, ailə büdcəsini müəyyənləşdirir, bununla bərabər, yazıçıya yaradıcılıq işlərində də kömək etməkdən yorulmurdu. Belə ki, Anna ədibin korrektə edilmiş yazılarını oxuyur, ona stenoqrafçılıq etməkdə davam edir, həmçinin ərinin kitablarının çapı və satışı ilə məşğul olurdu. Yeri gəlmişkən, Dostoyevskinin qumarı tərgitməsində Annanın rolu az olmayıb. Sofya Tolstaya, Dostoyevskinin arvadı haqqında belə yazırdı: “Bir çox rus yazıçılarının Dostoyevskinin arvadı kimi həyat yoldaşı olsaydı, özlərini daha rahat hiss edərdilər”.

 

Yelena Sergeyevna Bulqakova (Nürenberq, Neylova, Şilovskaya)

Bu izdivac həm Bulqakov, həm də Yelenanın üçüncü nikahı idi. Ancaq Mixail Bulqakov onu çox sevirdi. “Mən yalnız bir qadını sevmişəm, o da Yelena Nürenberqdir”. Yelena Mixail Bulqakovun həyat yoldaşı olmaqla bərabər, həm də onun  ilham mənbəyi idi. Yelena Bulqakova yazçının əsərlərini onun diqtəsiylə qələmə alırdı. Yelena həm yazıçının əlyazmalarını redaktə edib çap etdirir, həm yazışmalarını aparır, həm də teatrlarla müqavilə bağlanmasını, danışıqların aparılmasını həyata keçirirdi. Yazıçının ölümündən sonra məhz həyat yoldaşının səyi nəticəsində Bulqakovun arxivi qorunub saxlandı və sonralar çap edilib bütün dünyaya tanıdıldı. “Master və Marqarita”nın nəşri də məhz Yelenanın fədakarlığı nəticəsində ərsəyə gələrək, işıq üzü gördü. Yeri gəlmişkən, belə bir fikir var ki, Marqarita məhz Yelenanın prototipidir. Bulqakovla üçüncü nikahını yaşayan Yelena çox xöşbəxt idi.

 

Vera Yevseyevna Nabokova (Slonim)

... sevinc hissləri sinonim olduğu üçün günəş sonsuza qədər parlayır
özünün üz cizgiləri ilə Vera Slonimi xatırladır.

İ.Brodski

Vera Nabokova yazıçının həm katibəsi, həm redaktoru, həm tərcüməçisi, həm də ədəbi müşaviri olub. Məlum olduğu kimi, “Lolita”nın əlyazmasını məhz Vera xilas etmişdi. Yazıçı əsərin əlyazmalarını tullamaq istəyəndə Vera yalnız bir versiyanı ölümdən qurtara bilmişdi. O biri versiyaları isə yazıçı tullamışdı. Vera həmişə ərinin yanında olmuş yazıçı xanımlarındandır.  Hətta yazıçı universitetdə mühazirə deyəndə və imtahan götürəndə də həyat yoldaşı onun yanında olurdu. Onlar haqqında çoxlu söz-söhbətlər gəzirdi. Hətta belə şayiə yayılmışdı ki, Nabokovun romanlarını özü yox, arvadı yazır.

Evliliklərinin ilk günlərində yazıçı yarızarafat-yarıciddi, özünün bacarmadığı və heç vaxt öyrənməyəcəyi işlərin siyahısını tərtib etmişdi. Bu siyahıya maşın sürmək, makinada yazmaq, camaatla söhbətləşmək kimi işlər daxil idi.

Ancaq hər zarafatda bir həqiqət payı var. Sonralar məlum olur ki, yazıçının siyahıda yazdığı həmin işlərin hamısının öhdəsindən Vera gəlirmiş.

Nabokov deyirdi ki, Vera olmasaydı, o, bir romanını da yaza bilməzdi. Məktublarının birində yazıçı yazırdı: “Səni sonsuz dərəcədə sevirəm, sənin xəttin yerişinə oxşayır, səsinsə sübh şəfəqinə ...”

 

Nadejda Yakovlevna Mandelştam (Xazina)

Sən hələ ölməmisən,
sən hələ tək deyilsən.
Hələ ki dilənçi rəfiqənlə
Sən dumanlı, soyuq, çovğunlu düzənliklərdən  zövq alırsan.

O.Mandelştam

“Dilənçi-rəfiqə”si şairi bir dəqiqə də tək qoymurdu. Osip Mandelştamın düşərgədə faciəli ölümündən sonra Nadejda Mandelştam uzun illər həbs edilmək qorxusu ilə yaşadı. O, ərinin arxivini saxlamağa çalışırdı, ancaq o vaxt bu mətnləri saxlamaq təhlükəli olduğundan, Nadejda onları əzbərləyirdi.

Nadejda Yakovlevna üçcildlik xatirələr yazıb. Burada öz həyatı, Osip Mandelştamın şeirlərinə olan şərhlər, Axmatova haqqında xatirələri yer alıb. O, ədəbiyyat tarixinə nəinki yazıçı O.Mandelştamın həyat yoldaşı, həm də memuar müəllifi kimi düşüb.

 

Vera Muromtseva – Bunina

Vera, İvan Buninlə demək olar ki, yarım əsr bir yerdə olub. Vera yazıçının ən sözəbaxan, ən təmkinli həyat yoldaşı olub. O, ailə həyatında ərinin tez-tez yeni sevdaya düşməsinə, eşq romanlarına, əyləncələrinə dözməli olub.

Buninin həyatında çox qadın olub, o, addımbaşı aşiq olan bir insan idi. Növbəti sevgilisi, yazıçı Qalina Kuznetsova idi. Kuznetsova ilə Bunin 5 ilə yaxın bir yerdə yaşadı.

Vera Muromtseva həmişə, hər yerdə ərinin yanında olub: “İnsan üçün xoşbəxtlik o deməkdir ki, özünə heç nə arzulamayasan...”

Memuar müəllifi Yanovski onun haqqında yazır:

“Vera öz qəhrəmanının Sibirdə, mədənlərdə, yaxud Monte-Karloda, Stokholmda olmasının fərqinə varmadan, onun ardınca gəzib özünü təmənnasız qurban edən müqəddəs rus qadını idi”.

Ərinin kölgəsində yaşayan Vera tərcüməçi və memuar müəllifi idi. İ.Buninin ölümündən sonra o, “Buninin həyatı” və “Yaddaşla söhbət” adlı xatirə kitabları yazıb.

 

Meri Marqaret Frensis Brençli

Belə bir fikir var ki, Dik Frensisin romanlarını özü yox, arvadı yazırmış. Hər halda, onlar romanı bir yerdə yazırdılar – bir yerdə süjet qururdular. Dik Frensis yazırdı, Meri isə məlumat toplayırdı.

Dik Frensisin sözlərinə görə, Meri onunla həmmüəllif sayıla bilər. Lakin Meri özü bundan imtina edib, çünki adının kitabın üz qabığında yazılmasını istəməyib. Meri şan-şöhrət sevən qadın olmayıb.

 

Zinaida Nikolayevna Gippius

Merejkovski və Gippius: XIX əsrin sonlarından XX əsrin əvvəllərinədək olan rusdilli ədəbiyyatı bu parlaq cütlüksüz təsəvvür etmək mümkün deyil. Gippius əksər yazar xanımlarından fərqli olaraq, əri qədər məşhur bir şəxsiyyət olub. Təəccüblü, ancaq həm də başadüşülən bir haldır ki, sevgi eyni işi görən cütlüyü daha da ruhlandırır, həvəsləndirir, ancaq onların heç biri “öz mövqeyini əldən vermir”.

Oxşar peşələrə və ortaq maraqlara malik insanların bir-birilə yaxınlaşması, dil tapması, yola getməsi adi haldır. Ancaq çox vaxt onlardan biri (əsasən də qadın) özünü və istedadını həyat, tale yolundakı tərəf müqabilinə və onun uğurlarına qurban verir. 

Hazırladı: NARINGÜL