Elektron ədəbiyyat və sənət portalı

Paytaxtda Novruz şənliyinə hazırlıqlar yekunlaşıb

Bölmə: Beynəlxalq 18.03.2016

AzərTAc xəbər verir ki, qədim İçərişəhərdən başlanacaq bayram münasibətilə hər tərəfdə Novruz ab-havası hiss olunur. Paytaxtda fəaliyyət göstərən bütün musiqi kollektivlərini burada görmək mümkündür. Hamı martın 19-da keçiriləcək bayram şənliklərinə böyük coşqu ilə hazırlaşır. Baharın gəlişi ilə qədim şəhər milli atributlarla bəzədilib. Qız qalasının qarşısındakı meydandan start götürəcək tədbirlər Dənizkənarı Milli Parkda davam edəcək.

Bundan başqa bulvar ərazisində paytaxt sakinləri və şəhərimizin qonaqları nağıl qəhrəmanları ilə tanış olacaqlar. Kosa və Keçəl qonaqlara Novruzun əsrlərdən keçib bu günümüzə gələn adətlərindən danışacaq. Muğam və saz ifaçıları da musiqi nömrələrini təqdim edəcəklər. Pəhləvanlar, kəndirbazlar da öz məharətlərini göstərəcəklər. İdmançılar üçün də bulvarda böyük bir pavilyon hazırlanıb.

Bayram şənliyində saat qülləsi ətrafında isə paytaxtdakı teatr kollektivlərini görmək mümkün olacaq. Multikulturalizm ili ilə əlaqədar rəqqaslar Azərbaycan ərazisində yaşayan xalqların milli geyim nümunələrində çıxış edəcəklər. Bayram şənliyinin maraqlı çıxışları sırasında Qaval daşı ilə ifa da nəzərdə tutulub.

Qeyd edək ki, ötən il Novruz ilk Avropa Oyunlarına təsadüf etdiyindən ərazidə ona uyğun stendlər qurulmuşdu. Bu il isə onları “Formula-1” üzrə Avropa Qran-prisinə həsr olunan nümunələr əvəz edir.

Bulvarda, 3 gün müddətində böyük bir pavilyonda “Şərq bazarı” fəaliyyət göstərəcək. Bir sözlə bu il də paytaxt sakinləri və şəhərimizin qonaqları uzun müddət yaddaşlarda qalacaq Novruz tədbirinə şahidlik edəcəklər.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Qız qalasının qarşısındakı meydandan başlayıb saat qülləsinin qarşısınadək davam edəcək bayram şənliyində nümayiş olunacaq musiqili, əyləncəli-bədii proqramla tanış olub, tövsiyə və tapşırıqlarını verib.

Jurnalistlərə müsahibə verən Ə.Vəliyev deyib ki, Novruz bayramına həsr olunan bu şənliyin yüksək səviyyədə baş tutması üçün bütün lazımi işlər görülüb, aparıcı musiqi kollektivləri cəlb olunub, onların hazırlıq səviyyəsi yoxlanılıb. Hazırda son məşqlər gedir. Görülən işlər deməyə əsas verir ki, Novruz bayramına həsr edilən bu möhtəşəm musiqi proqramı bütün insanların ürəyincə olacaq.