Elektron ədəbiyyat və sənət portalı

Türkcədən tərcümənin üslub problemləri

Bölmə: Ədəbiyyat 18.03.2016

Tərcüməçinin fərdi üslubunu bir kənara qoysaq, türkcədə və Azərbaycan dilində əsas etibarilə bu üslublardan bəhs etmək mümkündür: rəsmi-işgüzar üslub, elmi-texniki üslub, ictimai-siyasi üslub, informativ-publisistik üslub, günlük ünsiyyət üslubu və bədii üslub. Bu üslubların hər iki dildə tam, yaxud qismən üst-üstə düşəni və düşməyəni var. Məsələn, elmi və bədii üslublar daha artıq, günlük ünsiyyət üslubları qismən türkcədə və Azərbaycan dilində yaxın olduğu halda, rəsmi-işgüzar və mətbuat (informativ-publisistik) üslubları bir-birlərindən fərqlənirlər.

Məlumdur ki, informativ üslubun əsas məqsədi ünvana bilgi vermək, xəbər çatdırmaqdır. Publisistik üslubda əsas məqsəd oxucunu məlumatlandırmaqla yanaşı, həm də maarifləndirməkdən (fakt və hadisələri təhlil, tənqid, şərh, izah, yozum, qiymətləndirmə və s. yolu ilə) ibarətdir. Bədii üslubda isə başlıca qayə oxucuya və ya dinləyiciyə obrazlı-emosional təsir göstərmək, estetik zövq aşılamaq, mənəvi zövq verməkdir. Tərcümə prosesində bu, mütləq diqqətə alınmalıdır. Tutaq ki, bədii əsər müəllifinin əsas məqsədi bədii obrazlar yaratmaq yoluyla əsasən öz daxili aləmini ifadə etməkdirsə, rəsmi-informativ və publisistik üslublar, hər şeydən əvvəl, kommunikativ məqsəd daşıyır. Nitq fəaliyyətinin əsas funksiyalarının təzahürü spektrləri – informativ, estetik, ekspressiv, maarifçi, təbliğat-təşviqat, analitik və s. tərcümə materialında müxtəlif kombinasiyalarda özünü göstərir.

Bədii materialın tərcüməsində xüsusən diqqətli olmaq lazımdır. Belə ki, ədəbiyyatda üslub, hər şeydən əvvəl, “yazma tərzi, anlatma tərzidir” və təbiidir ki, yazma da, təhkiyə də müxtəlif və rəngarəngdir, dövrün tələbi, sosial sifariş, ədəbi-bədii dildə formalaşmış üslub istiqamətləri ilə yanaşı, əsərin janrı, ideya məzmunu və müəllifinə görə dəyişir. Bədii əsərdə üslub, eyni zamanda fikrin deyiliş tərzi, sözlərin düzülüşü və məna çalarları, məntiqi mühakimələrin təqdim şəkli kimi də səciyyələndirildiyinə görə tərcümə prosesində bu məsələlərə də diqqət etmək vacibdir. Çünki üslub bədii əsərin yalnız formasında deyil, eyni zamanda onun məzmununda əks olunur.

Digər tərəfdən, fərdi üslubla əsərin mövzusu və janr xüsusiyyətləri arasında da qarşılıqlı əlaqələr mövcuddur. Üslub həmişə bu və ya digər dərəcədə mövzudan, təsvir predmetindən asılı olur, yazıçı həmişə mövzuya uyğun gələn üslub axtarır.

Mütərcimin rolu, ilk növbədə, orijinal mətni, onun mündəricə və mahiyyətini qavramaq, başqa sözlə, müəllifi mətndə “kəşf etmək”dir. Hər bir bitmiş, tamamlanmış mətndə bir-biri ilə bağlı, eyni zamanda bir-birindən asılı olmayan üç sahədən bəhs etmək mümkündür:

mətnin semantikasından (düşüncənin formalaşmasının yekunu olan məzmundan, verilmək istənən informasiyadan);

mətnin sintaksisindən (məzmunun, verilmək istənən informasiyanın ifadə planından);

mətnin praqmatikasından (məzmunun, verilmək istənən informasiyanın təsir gücü və əhəmiyyətlilik dərəcəsindən).

Orijinala adekvat, yaxud ekvivalent tərcümənin yolu bu üç sahə arasındakı əlaqəni yaxalamaq və tərcümədə verə bilməkdən keçir. Əgər tərcümədə seçilən sözlər, işlədilən ifadələr, bədii boyalar orijinal bədii əsər haqqında doğru-düzgün təsəvvür oyatmırsa, demək, mütərcim materiala soyuq, biganə münasibət bəsləyib, dili və ya dilləri yaxşı bilmir, müraciət etdiyi müəllifin yaradıcılığını bütün dərinliyi ilə tədqiq etməmiş öyrənməyib.

Dillərarası üslubi ekvivalentlik üslubi vasitələrin – təkrarların, paralelizmlərin, metaforaların, metonimiyaların, söz oyununun və s. və i.a. düzgün qavranılması və ifadəsi sayəsində mümkün olur.

Ustad müəlliflərin əsərləri uzun yaradıcılıq axtarışlarının, həyat hadisələrini bütün incəliklərinə qədər tədqiqin nəticəsində yaranır. Onların əsərlərində istifadə etdikləri dil və üslub, hadisələrin mahiyyətini açmağa, işlədikləri mövzunu mənalandırmağa kömək edir. Tərcümədə əsərin üslubunun onun ideya məzmunu ilə əlaqəsi diqqətdən kənarda qalmamalıdır. Xüsusilə qohum dillərdən tərcümənin “cilvələrindən” biri məhz ədəbi dilin funksional üslubları ilə əlaqədardır. Belə ki, mətni oxuduğun zaman sanki ilk baxışda hər şeyi başa düşürsən, “bu ifadə elə dilimizdə də belədir”, “bu atalar sözü elə Azərbaycan dilində də belə səslənir”, “bu təsvir vasitəsini tərcümədə eynilə saxlamaq olar” qənaətinə gəlirsən.

Ancaq oxuduğun mətni bilavasitə yazılı tərcüməyə başladığın anda, yaxud da Azərbaycan dilində şifahi olaraq ifadə etmək istədikdə vəziyyət dəyişir.

Fikrimizi müxtəlif üslublara aid materiallar üzərində əyani şəkildə aydınlaşdıraq.

Məsələn, Türkiyədə və Azərbaycanda çıxan qəzetlərdə ölkələrimizə rəsmi səfərlərə gələn xarici dövlət başçılarının hava limanında və Prezident sarayında diplomatik protokola uyğun şəkildə qarşılanma mərasimləri ilə əlaqədar mətbuat xəbərləri oxuyuruq. Həmin xəbərləri tərcümə nəzəriyyəsi kontekstində təhlil etdikdə bunların Azərbaycan dilində ciddi rəsmi-işgüzar üslubda, türkcədə sərbəst mətbuat-informasiya üslubunda olduğunu, leksik-semantik müstəvidə də xeyli fərqlərin ortaya çıxdığını müşahidə etmək mümkündür.

Bununla bağlı bir neçə nümunəyə diqqət çəkək.

Görüş başa çatdıqdan sonra rəsmi səfərin yekunlarına dair birgə mətbuat konfransı keçirilmişdir – Görüşmeler tamamlandıktan sonra resmi seferin sonuçlarına ilişkin ortak basın toplantısı düzenlendi.

Dövlət başçıları jurnalistlər qarşısında  bəyanatla çıxış etdilər – Devlet Başkanları  gazetecilere  basın açıklaması yaptılar.

Prezidentin rəsmi səfəri ilə əlaqədar birgə bəyanat verdilər  – Devlet Başkanının resmi seferine ilişkin otrak bildiri yayınladılar.

Bu gün ölkəmizdə ikigünlük rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti vətənə yola düşmüşdür - Bu gün ülkemizde iki günlük resmi ziyaretde bulunan Türkiye΄nin Cumhurbaşkanı ülkesine döndü.

Hava limanında ali qonağı Azərbaycanın Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər yola saldılar – Hava alanında yüce konuğu  Azerbaycan Başbakanı ve diğer resmi kişiler uğurladılar.

Bu qısa mətnlərlə onların tərcümələri arasındakı leksik-semantik fərqlər bolluğu ilə yanaşı, bəzi qrammatik-üslub fərqləri də açıqca görünür. Azərbaycan dilindəki -dır xəbərlik şəkilçisi ilə predikativliyi və modallığı təmin edilən nəqli keçmiş zamanlı informativ cümlələr türkcədə şühudi keçmiş zamanlı qrammatik konstruksiyalarla əvəzlənib.

Bu qəbildən olan bir neçə misala da diqqət edək. Məsələn, ilk baxışda çox sadə görünən rəsmi-informativ üslublu aşağıdakı qısa mətnin türkcəyə tərcüməsi göründüyü qədər asan deyil:

“İyulun 27-də Bakıda Azərbaycan-Türkiyə hökumətlərarası müştərək (yaxud qarışıq) iqtisadi komissiyanın növbəti iclası keçirilmişdir. Əvvəlcə komissiyanın həmsədrləri – Azərbaycan Respublikası Baş nazirinin müavini və Türkiyə Respublikasının Dövlət naziri arasında təkbətək görüş olmuşdur. Sonra iclas tərəflərin Komissiya üzvlərinin iştirakı ilə geniş tərkibdə davam etmişdir.”

İndi mətnin türkcəsinə diqqət yetirək:

“27 Temmuzda Bakü’de Azerbaycan Türkiye Hükümetlerarası Karma Ekonomik Komisyonun olağan toplantısı düzenlendi.

Önce Komisyon eşbaşkanları; Azerbaycan Cumhuriyeti Başbakan yardımcısı ve Türkiye Cumhuriyeti Devlet Bakanı arsında baş başa (tet-a-tet) görüşme yapıldı.

Sonra toplantı, her iki tarafın Komisyon üyelerinin  katılımıyla geniş(letilmiş) ortamda sürdürüldü”.

(Davamı gələn sayımızda)

Əsgər RƏSULOV, Filologiya elmləri doktoru, professor