Elektron ədəbiyyat və sənət portalı

Novruz anımları

Bölmə: «Aydın Yol»çular 18.03.2016

Yaz gəldi - isti məmləkətlərdən köçüb gələn quşların səsində, təbiətin ilıq nəfəsilə baş qaldıran yaşılca otların cücərtisində… Novruzgülü baş qaldırdı, kol dibindən, qar altından. Bahar  yağışlarından “cana gələn” çayların gurultusu həyat, bolluq haqqında nəğmə kimi səsləndi. Dağlar yavaş-yavaş ağ paltarını soyundu, güneylərin göyərtəsi göz oxşadı. İnsan oğlunun qəlbinə sevinc, canına rahatlıq gəldi. Yaz gəldi…

Şəhərdə oxuyanda analarımız yazqabağı gəlib-gedəndən bir ismarıc yollardılar: durmasın, rüsxət alıb, beş-üç günlüyə gəlsin evə. Biz də ana sözünü qəribliyə salmazdıq, bir ağbirçək öyüdü yaddaşımızdan boy verərdi: “gözümün işığı, bu əziz gündə ki, hər kəs öz ocağının başında olmadı, yeddi bayram ocaqdan gen düşər”. Onda bayram ovqatı ruhumuzu başımızdan çıxarardı, düşüncəmizə hakim kəsilərdi. Cibimizin olan-qalan pulunu verib şirinlik alardıq, qatar fitini, təkərlərin tıqqıltısını ana laylası kimi canımıza çəkib, tüstüsü üçün qəribsədiyimiz doğma ocağa sarı tələsərdik.

Təbiətin canlandığını bir də ilıq yaz yağışları xəbər verərdi. Onda Qasım baba doqqazın ağzına çıxıb demisini doldurardı, “bərəkət yağışıdı, - deyərdi, - rəhminə qurban olduğum, qoyun-quzunun, davarın ruzusunu yetirir, qoyun yağsın”. Uşaqlar yenicə göyərən yaşıl otların üstü ilə yaz havasından havalana-havalana ora-bura qaçardılar, kiçicik gölməçələrin suyunda oynayardılar, əllərini navalçalardan axan yağışın altına tutardılar. Mələk nənə eyvandan onlara qışqırardı ki, “ədə, a ciyəri yanmışdar, əlinizi yağışın altına tutmayın, yoxsa qırx gün yağar”. Kimiydi qarının sözünə baxan, uşaqların öz aləmi vardı.

Yaz günlərinin istisi kövrəlmiş sümüklərini azacıq qızdıranda Mələk nənə qız-gəlinə üz tutardı ki, “a bala, durmaq vaxtı döyül, yır-yığış eləmək, öyə-eşiyə əl gəzdirmək lazımdı, bayrama az qalıb”. Günü ağ olmuşlara da bir hay lazımıydı, bayaq barxananı çəkib tökərdilər eşiyə, günün qabağına sərərdilər ki, uzun qış günlərindən sonra nəmi qurusun. Qapı-bacaya sərilmiş yeddi rəngə çalan xalı-xalça göz oxşayardı. Uzun çubuqlarla tozunu alardılar. Sonra da yuyulası nə vardısa arabaya yükləyib enərdilər Qavrı çayının qırağına. İri qazanlarda qaynar asılardı, qız-gəlinin qəlbinə yaz havası dolardı, şaqraq gülüşləri çay kimi axıb gedərdi…

Bayramın yetişdiyini bir də qıpqırmızı boyanmış yumurtalardan anlardıq. Yumurta döyüşdürmək üçün «ortalıq», «qaş» deyilən yerlərdə yığışardıq. Yumurtası bərk olanlar şəstlə ara-bərədə dolaşar, meydan sulayardılar. Hər məhlənin özünün başçısı, “yumurta bilicisi” olardı. Uşaqlar gecə-gündüz “bərk yumurta satan” hansı xalanınsa doqqazından əskik olmazdılar. “Filankəsin bir papaq dolusu yumurta qırmağı” haqda söz-söhbət ağızdan düşməzdi.

Uşaqların dincliyi ərşə çəkilərdi, yuxusu pərən-pərən düşərdi. Axır çərşənbə gecəsi kürkü tərsinə çevirib geyinərdilər, şiş papaq qoyar, sifətlərinə üzlük taxardılar. Onun da üstünə əllərinə gələni keçirərdilər. Zınqırov da ki, yaxalarından əskik olmazdı. Allı-güllü xurcunu da qoyardılar yanına ki, bayram payını içinə yığsınlar. Tonqal düzəldərdilər yandırmağa. Sonra da ürək döyüntüsüylə ilin-ayın axır gecəsini gözləyərdilər.

Qız-gəlinin də onlara baş qoşmağa vaxtı hardaydı. Köməkləşib əriştə kəsib-qurudardılar, sonra da sacın içinə töküb qovurardılar, düyü arıtdardılar, ev-eşikdə axırıncı yır-yığışı elərdilər.

İlin-ayın axır günü bayram süfrəsi hazırlamaqdan başqa əllərini ayrı işə vurmazdılar. Uşaqların da səbri-qərarı kəsilərdi, axşamın düşməyini gözləməyə halları qalmazdı. Elə ki günün qulağı yaxdı, çoxdan hazırlanmış tonqallara od vurulardı, bir-birinin bəhsinə alovun üstündən atılardılar, “ağırlığım-uğurluğum köhnə illə getsin” deyərdilər. Kəndin bütün evlərinin həyətlərinnən alov dilimləri göyə qalxardı, şaqraq gülüşlər eşidilərdi. Sonra da bəzənib-bərtdənib xurcunu çiyinlərinə aşırar, qapı pusmağa yollanardılar.

Belə vaxtlarda Qasım baba evdəkilərə təpinərdi ki, bax ha, azğınızdan sözünüzü bişirib çıxarın, xeyir sözdər danışın, ürəyində niyyət tutub qapıya gələn olar. Böyüklü-kiçikli hər kəsdə belə bir inam olardı ki, bu əziz axşamda hamının diləyi yerinə yetəcək. Çünki bu gecə insanın təmizləndiyi, saflaşdığı gecəydi. Bu vaxtı həmişə ortalıqda fır-fır fırlanan ərgən qızları görməkmi olardı?! Xəlvət bir yerə çəkilib üzük salardılar, niyyətlərini yoxlardılar, ürəklərində közərən hansısa arzunu alova çevirərdilər. O gecə yatmaqmı olardı. Oturub ulduzun doğmasını gözləyərdilər ki, Qavrı çayına üz tutsunlar. Onda səhərin lap qaranlığında beli sənəkli, əli cürdəkli qız-gəlinin hay-haraylı dəstəsi durna köçünə bənzəyərdi. Çaya çatar-çatmaz, hamısı da özünü elə paltarlı-palazlı suya atardılar. “Ağırlığım-uğurluğum suyla getsin!” - deyərdilər. Ürək eləyib suya girməyənlər də eləcə üzlərini yuyardılar. Sonra da sənəkləri, cürdəkləri doldurub üz qoyardılar kəndə tərəf…

Bayram bununla qurtarmazdı. Bu əziz günlərdə küsülülər barışardı, xeyir iş tutulardı, qohum-qardaş bir-birinə qonaq gedərdi, könüllər xoş olardı, üzlərdən sevinc, baxışlardan xeyirxahlıq yağardı. Cavanlar cıdıra çıxardılar, qurşaq tutardılar, özlərinə gözaltı seçərdilər. Bu bayramın minillərdən bəri qoruyub saxladığı ulu nurlu adətlərini saymaqla qurtarmaqmı olar…