Elektron ədəbiyyat və sənət portalı

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Bölmə: Xəbər 26.04.2024

Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı Non/fictioN(bahar) beynəlxalq sərgi– yarmarkasının uşaq ədəbiyyatı top siyahısına daxil edilib.

Rusiyanın zəngin ənənəli Rudomino Kitab Mərkəzi nəşriyyatında nəşr olunan kitaba yazıçının “İnadkarlar şəhərinin sirri”, “Sehrli zər”, “Əfsanənin ikinci həyatı” kimi nağılları daxil edilib.

Kitabın redaktorları – Mərkəzin rus dili üzrə mütəxəssisi Püstə Axundova və Rusiya ədəbiyyatşünas-alimi Yuri Fridşteyndir.

Qeyd edək ki, 1999-cu ildə təsis edilmiş Rusiya Beynəlxalq İntellektual Ədəbiyyat Kitab Sərgisində bədii, publisistik, elmi-kütləvi, uşaq, memuar ədəbiyyatı və digər janrlar üzrə ədəbi kitablar sərgilənir. Ən oxunaqlı yeni nəşrlər isə yarmarkanın ənənəsinə uyğun olaraq top siyahılar şəklində sərginin mərkəzi  hissəsində təqdim edilir.