Elektron ədəbiyyat və sənət portalı

Per Lagerkvistin hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 08.05.2024

“Aydın yol” məşhur İsveç yazıçısı, Nobel mükafatı laureatı Per Lagerkvistin (18911974) hekayəsini təqdim edir.

SALNAMƏÇİ

(hekayə)

Heç vaxt yada düşməyən, varlığından çox az adamın xəbərdar olduğu əyalət şəhərciyində bir zamanlar yetmişə yaxın yaşı olan, tamam tənha yaşasa da, müəyyən dərəcədə tanınan və insanların özünəməxsus marağını qazanan bir qəribə qoca məskunlaşmışdı. Zahirən müəllimə bənzəyirdi, amma həmin şəhərcikdə müəllimlik etmədiyi də bəlli idi. Deyəsən, bura təqaüdə çıxandan sonra köçmüşdü. Bəlkə, heç müəllim də deyildi. Heç kimlə dostluq eləmirdi və burada onu yaxından tanıyan bir nəfər də yox idi. Lakin buna baxmayaraq, özü, demək olar, hamını tanıyırdı. İnsanlarla söhbət etməyi sevir, hamıya eyni təbəssümlə cavab verirdi. Həmsöhbətinə qoca, ağıllı gözləriylə baxaraq dediklərini həmişə diqqətlə dinləyirdi. Lakin özü haqqında heç kimə heç nə danışmırdı. Onu üzdən hamı tanısa da, adamlar üçün yad olaraq qalırdı. Hər gün küçəyə, adam içinə çıxsa da, tənha idi.

Onun hündür, arıq siluetini uzaqdan tanıyırdılar. Küçə ilə yolu tək gedəndə belə, az qala, tərki-dünyaları xatırladan üzü daim daxili bir heyranlıqla parlayırdı. Tez-tez onu şəhərin ətrafında görürdülər. Oralarda gəzməyi sevirdi, lakin hərdən heç yoldan ötənləri də görməzdi. Çiyninə saldığı gen plaşı ona romantik, hətta qəribə bir görkəm verirdi. Heç kəs onda gülməli bir cəhət tapa bilməzdi, qəribəliyi ilə ad çıxarmasının başlıca səbəbi isə inzivaya çəkilməsində, tərki-dünyalığındaydı. Düşməni yox idi, əksinə, hamı ona hörmətlə yanaşırdı. Çünki zahiri görkəminə baxanda, necə deyərlər, yüksək cəmiyyətə mənsubluğu aydın sezilirdi.

İstənilən kiçik şəhərdə sakinlər öz həmşəhərlilərinin bütün mübhəm sirlərini bilməliydilər (yoxsa sakit olmazdılar). Elə bu səbəbdən də tərki-dünya qocanın kimliyi barədə çoxları baş sındırırdı. Onlara ən qəribə gələn isə otağında gecələr səhərə kimi yanılı qalan işıq idi. Görəsən, nəylə məşğul idi – yəqin, nəsə bir iş görürdü. Haradansa öyrənmişdilər ki, gecələr səhərə kimi otağında oturub nəsə yazır. Dillərdə dolaşan bu fikir adamlara inandırıcı gəldi və qocanı o dəqiqə alim elədilər.

Hər halda, həmin gündən dillərə səbəbi mənə bəlli olmayan bir şayiə düşdü – guya o, nəsə bir tarixi əsər yazır. Məhz o vaxtdan ona “Salnaməçi” dedilər. Əslində, bu ləqəb ona yaraşırdı.

Lakin o, tanıdığımız salnaməçilərdən deyildi, gələcəkdən yazırdı. Qarşısındakı, saraldığından artıq indidən qədim nəyəsə bənzəyən perqament cildli böyük bir kitabda insanların qismətinə düşəcək bütün qəribəliklərdən, uzaq gələcəkdə onların bəxtinə yazılan heyrətamiz talelərdən, gələcəyin əzəmətli, əhəmiyyətli hadisələrindən ibarət olan hekayətini rəvan təhkiyə ilə qələmə alırdı.

O, bənzərsiz, nəhayətsiz, hələ ki tamamilə naməlum gələcəkdən yazırdı.

Bu işdə diletant deyildi – keçmiş əyyamlara yaxşı bələd idi, araşdırılmalarına ömrünün çox illərini sərf eləmişdi. Lakin keçmiş onun içində heç də məmnuniyyət hissi oyatmırdı. Keçmişi araşdıran bu insanı həddini aşan mətləblər əzir, ilhamının qanadlanmasına yol vermirdi. Özünü keçmişə həsr etsəydi, zəhmətindən heç bir zövq ala bilməyəcəkdi. Elə buna görə də gələcəyin salnaməçisi oldu.

Qarşısında gözəl bir məqsəd dururdu. Özünü büsbütün bu məqsədə həsr etməkdə qərarlı idi. Artıq diqqətini xırda məsələlərə yönəldə bilməzdi, tam sakitliyə ehtiyacı vardı. Elə buna görə də tərki-dünya idi: gərək fikrini yalnız əsəri üzərində cəmləyəydi.

Tarixi yazmaq fikrinə düşən insana müasir dövr çox vaxt mane olur, bu həyat hərdən onu lap çaşdıra da bilər. Dünyada nələr baş vermir, nələrdən həyəcanlanmırsan ki?! İnsan bəzən hadisələrə o qədər əhəmiyyət verir ki, dünya barədə təsəvvürləri də təhrifə uğrayır, yazdıqları həqiqətdən uzaq olur. Bu zaman o, yersiz və qeyri-elmi təsirlərin qurbanına çevrilə bilər. Hərdən də elə olur ki, son nəticədə işləmək üçün ən vacib şeylərini itirirsən – qətiyyətin azalır, işindən aldığın zövq harasa yoxa çıxır.

Elə məhz bu səbəbdən o, yaşadığı aləmdən qopmuş, bu ucqar şəhərciyi tapmışdı ki, əzəmətli əsərini qələmə ala bilsin. Həyata dürüst baxışını qorumaq, tarix yazmaq üçün sükutdan əlverişli şərait yoxdur.

Lakin o, dünyada baş verənləri də izləyirdi, nə hadisələrdən təcrid olunmaq fikrində idi, nə də insanlardan. Sadəcə, hər saat baş verən hadisələrin doğurduğu narahatlıqdan qorunmağa, törəyən və törəməkdə olanların onu kədərləndirməməsinə can atırdı ki, qəlbindəki ümid çırağını sönməyə qoymasın. Zəmanə, ətrafında baş verənlər haqqında düşünərkən dəfələrlə öz-özünə demişdi: “Bütün bunlar mənim kitabımda yazılanlarla müqayisədə çox əhəmiyyətsiz şeylərdir”.

Yox, keçmişi və bu günü onun belini əyə bilməzdi, yalnız qısa müddətə kədərlənə bilərdi, vəssalam. Qarşısında duran böyük məqsədə çox bağlıydı və öhdəsindəki bu vəzifə o qədər əhəmiyyətliydi ki, kədərə, sıxıntıya heç bir yer yox idi. O, çox uzaq gələcəyə baxır, ilhamının, zəkasının güclü qanadlarında sabahlara uçurdu.

Bəşəriyyətin keçmişdə yaşadıqları onu gələcəkdə gözləyənlərlə müqayisədə nə qədər əhəmiyyətsizdir! Axı keçmiş dünyanın uşaqlığı, səsli-küylü, ipə-sapa yatmayan oyunlar dövrü idi. Tərki-dünya isə yetkin kişilərin əməllərindən yazırdı.

Öz salnaməsində hansı zamanlara qədər irəliləyə bilmişdi? Eh, az, çox az, cəmi bir neçə yüz minillik. Görəsən, bu əsərini nə vaxtsa, ümumiyyətlə, bitirə biləcəkdimi?

Hərdən başını xırda, səliqəli cümlələrlə qaralanmış kitabdan qaldıraraq əlində qələm, düşüncələrə qərq olurdu. Mülayim, öyrənmək istəyən baxışları gecəyə zillənirdi. Bütün şəhər yuxuda idi, təkcə o, çırağın işığında oyaq qalmışdı. Onun bu dəqiqələrdə nə düşündüyünü kimsə bilmirdi.

O qocanın sonralar başına gələnləri bilmək istərdim. Görəsən, indiyə kimi sağdırmı? Onun barəsində çoxdan bir şey eşitmirəm. Amma o vaxtlar tez-tez görürdüm və indi də yaxşı xatırlayıram. Bir dəfə hətta otağına da girmişdim. O, bir dülgərdən mənzil kirayələmişdi. Həmin dülgərlə bizimkilər ailəvi yaxın idilər, hərdən məni ora qaymaq almağa göndərirdilər: südçü də orada yaşayırdı. Təbii ki, qocanın özü də, ömrünü həsr etdiyi əsəri də məndə dərin maraq oyatmışdı. Bir dəfə Salnaməçi evdə olmayanda – yəqin, yenə uzun-uzadı gəzintilərində idi – özümlə bacara bilməyib gizlicə onun otağına girdim. O böyük kitaba nəzər salmaq üçün alışıb-yanırdım.

Bütün otaq döşəmədən tavana kimi kitabla dolu idi. Masasının üstündəki kitab isə o vaxta qədər gördüklərimin hamısından çox, lap çox iri idi. Düşünməzdim ki, Yer üzündə bu boyda kitab olar. Bu, həmin kitab idi. Həyəcanla yaxınlaşdım. Yadımdadır, heç xoşuma da gəlmədi: hər yanında barmaq izləri, ləkələr vardı, cildi isə elə bil yanmışdı. Hə, görünür, bu kitabın cildi çox şeyə şahidlik etmişdi. Lakin bütün bunlara baxmayaraq gözəl idi.

Onu böyük çətinliklə açdım. Amma yazılardan baş çıxarmaq cəhdim əbəs idi, heç nə alınmadı. Salnaməçi qəribə, qeyri-adi ifadələrlə yazdığından nəsə anlaya bilmədim. Bildiyim yalnız məktəbdə yazıb-oxuduğumuz sözlər idi. Lakin oturub bu kitaba, sadəcə, baxmağın özü belə maraqlı idi. Axıra çatdırmamışdı, bunu dəqiq başa düşdüm.

Gözümü kitaba zilləyib oturanda qəfil hiss etdim ki, arxamda kimsə var. Dönəndə qocanı gördüm. Onun otağa necə girməsindən xəbərim olmamışdı – çünki arxamca qapını örtmək yadımdan çıxmışdı. Özünün yağışdan tamam islanmış gen plaşında dayanıb mənə tamaşa edirdi. Çox qorxdum, düşünürdüm ki, indi əməlli-başlı əsəbiləşəcək. Amma düşüncələrimə rəğmən, hirslənmək fikrində deyildi. Əlini başıma qoyub azacıq nəmli, qəribə gözlərindəki sakit, mehriban ifadə ilə mənə baxdı. Sonra da dinməzcə başını tərpətdi.

Sonralar bu barədə çox fikirləşmişəm. Onun arxamda necə dayanmasını, yaşlı, lakin hələ də işıqlı gözlərini, köhnə dəbli romantik plaşda uca qamətli görkəmini tez-tez xatırlayıram.

Sağdırmı, görəsən? Bilmirəm. Mən həmin o sakit şəhərciyi çoxdan tərk etmişəm. Bütün bunlar lap çoxdanın əhvalatıdır. Ola bilər, qoca artıq orada yoxdur. Lakin ümid eləyirəm ki, gecələr o, yenə öz əsəri üzərində çalışır. Nə bilmək olar, bəlkə də, səyləri əbəs deyil.

O qocada, həqiqətən, bir az qəribəlik vardı, bəlkə də, sadəcə,  xəyalpərəst idi. Və mümkündür ki, həmkarları – peşəkar tarixçilər onun səylərini təqdir etməyəcəklər.

Amma hər halda... Kimsə həmin o əzəmətli kitabın qarşısında oturub gələcəyin tarixini yazmasa, necə olacaq, görəsən?

 

Tərcümə edən:

İlqar Əlfi