Elektron ədəbiyyat və sənət portalı

Novruz bayramının tarixi kökləri

Bölmə: Tarix 18.03.2016

Novruz və İslam

Novruzun mənşəyini İslamla bağlamaq düzgün deyil. Novruz heç bir din və şəriətdən asılı olmayan təbiət bayramıdır. Dünyanın bir çox xalqları bu günü baharın gəlişi, təbiətin oyanışı kimi qeyd edir. Maraqlıdır ki, ruslar xristianlığı qəbul etməzdən əvvəl yazda gecə-gündüz bərabərliyi günündən bir həftə əvvəl və bir həftə sonra Maslenitsa bayramını keçirirdilər. Xristian kilsəsi sonralar bu bayramın vaxtını bir qədər irəliyə - Böyük Pəhrizin başlanğıcından əvvələ çəkdi. Yazın gecə-gündüz bərabərliyi bayramı hətta indi Yaponiyada da dövlət səviyyəsində qeyd olunur.

İslamın ilk dövrlərində yaşamış müqəddəslər Novruz gününü xoş sözlərlə yad edirlər. Rəvayətə görə, Həzrət Əli ibn Əbu Talibin xilafəti illərində Ona Novruz hədiyyəsi gətirirlər. Bu hədiyyənin farslara məxsus paludə adlı xörək olduğu yazılır. İmam Əli bu hədiyyənin hansı münasibətlə verildiyini soruşanda, Novruz bayramı olduğunu söyləyirlər. İmam hədiyyəni qəbul edib buyurur: ”Hər günümüzü Novruz edin“. Bu hədisin fərqli variantları da var. Bəzi məlumatlara görə, Həzrət Əliyə hədiyyə gətirən adam – əslən fars mənşəli olan hənəfi məzhəbinin banisi Əbu Hənifənin babası Nöman ibn Mərziban olub.

Qeyd edək ki, bəzi mənbələrdə Novruz bayramını tənqid atəşinə tutan və bu günü bayram kimi qeyd etməyi haram sayan rəvayətlərə də rast gəlirik.

İslam hədislərinin bəzilərində maraqlı müsbət faktlara da rast gəlirik. Ehtimallara görə,  Məhəmməd Peyğəmbərə  ilk vəhyin nazil olması, Qədir-Xum hadisəsi, İmam Əlinin xəlifə kimi taxta çıxması  Novruza təsadüf edir.

Rəvayətdə sadalanan bütün hadisələrin Novruz günündə baş verməsi təqvim baxımından qeyri-mümkündür. Amma bu hadisələrdən birinin – Qədir-Xum olayının məhz Novruz gününə və yaxud ondan bir gün qabağa təsadüf etməsi hesablamalara əsasən öz təsdiqini tapıb.

Xalq şüurunda Novruz – ”İmam Əlinin taxta çıxdığı gün“ sayılır. Bəzi mənbələrdə şiələrin Novruz bayramını Həzrət Əlinin  hakimiyyətə gəlişinin ildönümü kimi qeyd etmələri tənqid edilir və göstərilir ki, İmam Əlinin  xilafətə gəlişi miladi 656-cı ilin yay fəslində baş tutub.

 

Orta əsrin  Şərq mənbələrində Novruz

Orta əsr Şərq mənbələrində Novruz bayramı ilə bağlı bəzi rəvayətlər günümüzə qədər gəlib çatıb. Ömər Xəyyam “Novruznamə” adlı əsərində bu bayramın tarixindən danışarkən qeyd edir: “Novruzun yaranmasının birinci səbəbi odur ki, həmin gündə Günəş dövrə vurub 365 gün 6 saatdan sonra öz yerinə qayıdır. Cəmşid bu günü müəyyənləşdirdiyinə görə, onu yeni gün - Novruz adlandırıb və bayram edib”.

Bu rəvayətlərdən bəziləri əfsanəvi İran hökmdarlarından Cəmşidin Azərbaycana gəlməsi ilə əlaqələndirilir. Əl-Biruni “Asar əl-Baqiyyə” əsərində bu haqda yazır:

“Deyirlər, Cəmşid bir sıra şəhərlər gəzərək, nəhayət, Azərbaycana gələndə taxta çıxıb və camaat onu çiyinlərində aparıb. Günəş o taxta düşüb, hər yan nura qərq olub. Camaat bu günü uğurun başlanğıcı hesab edərək  onu Novruz - Yeni gün adlandırıb”.

Cəmşidlə bağlı başqa bir rəvayətdə isə Novruz atəşinin Cəmşid tərəfindən kəşf edildiyi bildirilir. İbn əl-Bəlxi “Farsnamə” əsərində Yaz bayramı haqqında bildirir ki, Cəmşid yeni tikdirdiyi sarayda taxta çıxır, əyalətlərdən bütün hakimləri saraya dəvət edir. Cəmşid onlara müraciət edir: “Bu gün Günəş ilinin başlanması günü imiş. Allahın bizə verdiyi bütün nemətlərə şükür edək və rəiyyətlə ədalətlə davranaq”. Hamı dua etdi, şadlıq oldu və bu günü bayram edərək Novruz adlandırdılar.

Novruz haqqında İslam miflərinin yaranması bu bayramı İslam dini ilə bağlamaq zərurətindən yaranıb. Bu mərasimlə bağlı aşağıdakı rəvayətlər var:

Birincisi, deyilir ki, ulu Tanrı dünyanı gecə və gündüzün bərabər olduğu gündə - Novruzda yaradıb. İkincisi, rəvayət olunur ki, ilk insan olan Adəmin çamuru - palçığı bu gündə - Novruzda yoğrulub, yəni ilk insan məhz bu gün yaradılıb.

Üçüncüsü, şeytanın sözlərinə uyaraq Tanrı tərəfindən yasaq edilən meyvədən yediklərinə görə cənnətdən Yer üzünə qovulan Adəm öz Həvvasına məhz Novruz günündə  Ərəfatda qovuşub.

Dördüncü rəvayət Nuh peyğəmbərlə bağlıdır. Böyük daşqından sonra Nuh peyğəmbərin torpağa ayaq basdığı gün Novruz olub.

Beşinci rəvayət isə İmam Əli ilə bağlıdır. Belə ki, bu bayramı dördüncü xəlifə İmam Əlinin taxta çıxması ilə də bağlamağa çalışırlar.

Qeyd edək ki, müsəlman bayramları qəməri təqvimə əsaslandığı üçün ilbəil öz yerlərini dəyişdikləri halda, Novruz yalnız bir vaxtda - yazın birinci günü qarşılanır. Elə buna görə də bəzi İslam ruhaniləri Novruzu təhqir etmək məqsədilə onu “topal bayram”, “şikəst bayram”, yəni “yeriyə bilməyən” bayram adlandırıblar.

İlin yazdan başlanması haqqında ilk məlumat I Daranın dövrünə aid edilir. Atəşpərəstlik də, İslam da Novruzu özününküləşdirməyə, ona öz təsirini göstərməyə çalışsa da, Novruz - yaz bayramı yalnız bir təbiət bayramıdır.

Şumer mədəniyyətində ölüb-dirilən tanrının şərəfinə mart ayında bayramın keçirilməsi haqqında məlumat verilir. Həmin bayram təbiətin oyanışını, yazın gəlişini əks etdirib. Şumerlər baharı bolluq, ruzi, məhsuldarlıq bayramı kimi qarşılayıblar.

 

Türk düşüncəsində Novruz

Novruz, türkün təbiətə bağlılığından və ona duyulan sevgidən təşəkkül tapan bir bayramdır. Türk düşüncəsində təbiətdəki dəyişiklik etnosun həyatında dönüş və təzələnmə nöqtəsi kimi düşünülüb. Əski türk imperatorluqları dövründə ilk bahar və son baharın rəsmi dövlət bayramları olması haqqında Çin qaynaqlarında məlumat verilir. Türkün düşüncəsində yeni il təbiətin yaşıllığa bürünməsi ilə başlayır. Mahmud Kaşğari “Divani lüğəti-türkdə” baharın gəlişini  sellərin, suların çağlaması, dünyanın nəfəsinin isinməsi, çiçəklərin açılması və s. şəklində təsvir edir.

Əski türklərdə Novruza “yeni gün” deyilirdi. Bu əski bayram ayrı-ayrı günlərdə “ulu kün”,  “Ergənəkon”, “Bozqurd çağan”,  “Sultan mevriz” və s. şəkillərində işlənib. Novruz, türk düşüncəsində xaosdan kosmosa keçidi simvolizə edir.

Fikrimizcə, Novruz bayramının ayrı-ayrı zamanlarda müxtəlif hökmdarlara aid edilməsi cəhdi bir tərəfdən ədalətli hökmdar arzusu zərurətindən doğursa, digər tərəfdən bu günün ən əziz bir bayram olduğuna şüuraltı inamı ifadə edən əski ənənənin təzahürüdür.

 

Novruzun yanlış simvolu

1967-ci ildə Bakıda görkəmli dövlət xadimi Şıxəli Qurbanovun rəhbərliyi ilə Novruz bayramına hazırlıqla bağlı keçirilən iclasda qədim bayramımızın adının dəyişdirilməsi, onun nə üçün bahar adlandırılması və bu yeni il bayramının mərkəzində “Bahar qızı” adlanan aparıcı qəhrəmanın olması mübahisələrə səbəb oldu.

İclasda görkəmli alimlərimiz M.Təhmasib, M.Seyidov, xalq şairi Bəxtiyar Vahabzadə çıxış edərək bildirdilər ki, “əgər biz bu gün uydurma Bahar qızını qəbul etsək, o, əbədi olaraq bu bayramın mərkəzində möhkəm və əsaslı yer tutacaq”.  Həqiqətən də, bu uzaqgörənlik sonradan öz təsdiqini tapdı. Moskvanın göstərişi ilə Novruz bayramının əsas simvolları sırasına daxil edilən “Bahar qızı” artıq uzun illərdir ki, əsas simvollardan hesab olunur. Amma Novruz bayramının əsas simvolları, təbii ki, Kosa, Keçəl, keçi, səməni, Günəş və digərləridir.

Mərkəz, Novruz bayramında “Bahar qızı”nın surətini yaratmaqla slavyan mədəniyyətindəki Qar qız obrazını təkrarladı. Məqsəd, Novruzun qədim mədəniyyətinə yad elementlər salmaqla xalqın ulu tarixini təhrif etmək idi.

 

Unudulmuş Novruz adətləri

Mahiyyətində böyük fəlsəfəni daşıyan, ölüb-dirilən təbiət, yenilənən insan ruhaniyyətinin tərənnümçüsü olan Novruzun bir sıra adətləri hamımıza məlumdur. Ən azından get-gedə unudulmaqda olmasına baxmayaraq tonqal qalamaq, papaq atmaq (əslində qurşaq sallamaq və xurcun atmaq olmalı idi - E.N) , qulaq falı, üzük falı və s. kimi adətlər  bu gün də yaşayır.

Amma yaşı qədimdən qədim olan ulu Novruzun elə adətləri olub ki, onları bu gün kimsə xatırlamır. Ata-babalarımızın mifoloji təfəkkür süzgəcindən keçən və inanc sistemini formalaşdıran adətlər, çox təəssüf ki, bu gün unudulub.

 

Həmin adətlərin bir neçəsinə diqqət edək:

Açar falı: ilaxır çərşənbə axşamı ürəyində niyyət tutan şəxs özü ilə açar götürüb evlərinin yanındakı yola çıxır. Yolayırıcı olan yerdə açarı sağ ayağının altına qoyub gözləyir. Yoldan ötənlərin ilk sözünü eşidib yadında saxlayır və açarı da götürərək geri qayıdır. Eşitdiyi söz xoş bir məna verirsə, yaxşı nəsə haqqındadırsa, həmin adam niyyətinin baş tutacağına inanır. Buradakı açar isə simvolik olaraq həmin niyyətin açarı deməkdir.

Alma falı: İlaxır çərşənbə və Novruz bayramı axşamı iki alma seçilir və onlardan birinə nişan qoyulur. Daha sonra həmin nişanı gizlədərək niyyət tutulur və evdəkilərdən birinə almalardan hansınısa götürməsi deyilir. Həmin adam əgər nişanlanmış almanı götürərsə, bu, niyyətin həyata keçəcəyinə işarə kimi anlaşılır. Burada istifadə olunan alma, mifoloji dünyagörüşdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır.

Ayna falı: İlaxır çərşənbəsi və Novruz axşamında subay qızlar bir evə yığışıb ayna falını icra edirlər. Ayinin qaydası belədir: bir qurğu qoyulub şam yandırılır.  Evdəki digər işıqlar söndürülür. Güzgüyə yalnız şamın işığı düşür. Niyyət tutan qız güzgünün qarşısında oturur. İnama görə, qız güzgüyə xeyli baxdıqda orada oğlan əksi görünür. Qız, əksi görünən həmin oğlana nişanlı olacağına inanır.

Ayıoynatma: Novruz bayramı günlərində göstərilən tamaşadır. Bir adama ayı dərisindən kürk geyindirilir. Başqa bir adam onun boynuna zəncir salıb tamaşaçıların toplaşdığı meydana aparır.

Burada ayı onların üzərinə atılmaqla guya adamları qorxutmaq istəyir. Meydanda kimlərisə yamsılayır və insanların alqışını qazanır. Ayının yamsıladığı adamların arasında mütləq cütçü olmalıdır.  Bu da ayılan torpağa olan münasibəti əks etdirir. Bu oyuna oxşar dəvəoynatma oyunu da var.

Başmaq falı: İlaxır çərşənbə axşamı ərgən qızlar evin qapısında arxası həyətə doğru dayanıb sağ çiyin üzərindən başmaq tullayırlar. Əgər başmağın burun tərəfi evə, daban tərəfi yola sarı düşərsə, deməli, qarşıdakı il həmin qız yenə də bu evdə qalacaq. Əksinə olarsa, o zaman çox yaxında xeyir xəbər eşidəcəklərinə inanırlar. Buradakı başmaq isə arxaik dünyagörüşlə əlaqədardı.

Cıdır falı: ilaxır çərşənbə və  Novruzda keçirilən bu falı qızlar yox, oğlanlar icra edirdi. Kəndin cavanları bayramda cıdıra gedər, hansısa atı ürəyində nişanlayıb niyyət tutardılar. Kimin işarələdiyi at birinci olardısa, o zaman həmin adamın niyyəti yeni ildə gerçəkləşə bilərdi. Buradakı at və cıdır isə qədim türkün düşüncə sistemindən qaynaqlanır.

Çökə: Bu unudulmuş adət yox, unudulmuş şirniyyat növüdür. Bizim bildiyimiz şəkərburaya oxşasa da, ondan əsaslı dərəcədə fərqlənir. Üzərindəki işarələr qədim xalqımızın mifoloji düşüncəsini özündə əks etdirib. Çökə ilk olaraq, evə ən birinci gələn qonağa verilirdi.

Şal sallamaq: “Şal sallamaq” və bunun digər forması olan qaşıqla kasa çalmaq axır çərşənbə ilə əlaqədar olan və geniş yayılan adətdir. Bu adət qədim əkinçi tayfalarının birinin digərindən əkin üçün toxumluq dən nümunələri toplamaq adətini xatırladır. Hava qaraldıqdan sonra əsasən gənclər qohumların, tanışların qapılarına gedib əllərində saxladıqları qabı qaşıqla vurub səs salardılar. Ev sahibi səsi eşidəndə qapıya çıxıb içəri uzadılan qaba pay qoyardı. Pay üçün şirni, quru meyvə, bəzək şeyləri və s. qoyulurdu. Pay toplayan nə özünü göstərər, nə də danışardı. Əgər o danışsaydı, pay verən bu hərəkəti pis adət sayardı. “Şal sallamaq” adəti subay gənclər tərəfindən icra olunan “qurşaqatdı”, “papaqatdı” və s. mərasim ayinlərinin məzmunca eynisidir. Axır çərşənbə axşamı onlar bel şalı, örpək, kələğayı götürüb sevdikləri qızların evlərinə gedib, şalı bacadan, damdan, pəncərədən həyətə, evə sallayardılar. Əgər qızın ata-anası razı olardısa, şalı və ya kələğayını onun belinə, bəzi yerlərdə qoluna bağlayardılar.

Razı olmasalar, dəsmala şirni qoyub geri qaytarardılar. Axır çərşənbə və Novruz axşamı kəndin ağsaqqalları, evində hüzrü olan, bayram keçirə bilməyən adamların qapısını döyüb, onlara səməni xonçası aparardılar. Səməni xonçasına göyərdilmiş səməni, bəhməz, meyvə, noğul və s. qoyulardı. Səməni xonçasını aparanlar boyunlarına keçirdikləri torbadan həyətdə oynayan uşaqlara qoz-fındıq, yumurta, kişmiş, qovurğa verərdilər. Bu adətin məqsədi sınıq qəlbləri ovundurmaq, yasda olan insanların könlünü almaq idi.

Danatma: Novruz bayramı gecəsində yeni ilin gəlişini əks etdirən salamlama mərasimidir. Əski təsəvvürlərə əsasən gecə şər, gündüz isə xeyir qüvvələrin əməlidir. Bunların arasında arasıkəsilməz döyüş gedir. Nəhayət, sonda dan ulduzunun işığında sühb - yəni xeyir qüvvələr qalib gəlir. Qədim azərbaycanlılar da bu məsələyə münasibətlərini ilaxır çərşənbədə “Danatma” mərasimi ilə göstərir.

 

Unudulmuş başqa inanclar:

Axır çərşənbə və Novruz axşamında evin damına buğda atırlar ki, bərəkət çox olsun. Yenə bu iki gündə un çuvalının ağzını açıq qoyurlar ki, bərəkət paylananda bağlı qalmasın.

İlaxır çərşənbəsi və Novruzda axar suyun qabağını kəsmək olmaz. Kəssən sənə xətər toxunar. Bu da əcdadımızın, suyu müqəddəs saymasına dəlalət edir.

Bayram tonqalı yanıb qurtarandan sonra onun dövrəsinə üç cızıq çəkərdilər. Deyirmişlər ki, əgər belə etməsən, sənə xətər toxuna bilər. Evin də bərəkəti gedər. Bu da əcdadlarımızın torpaq və suya olduğu kimi, oda da müqəddəs baxmasına bir işarədir.

Bayram axşamı baltanı götürüb bir-bir ağacların kötüyünə vurardılar. “Hə, yatmısan, oyan, bərəkət payını götür” deyərdilər.

20 martın səhərisi su üstündən atılma adəti də olub. Təbii ki, axar, saf su nəzərdə tutulurdu. Üç dəfə atılandan sonra həmin axar suyun uzaq yerində bir saxsı qab sındırıb “Nə dərd-bəlamız varsa, bu saxsıynan getsin” deyərdilər.

 

Oxşar Novruz adətləri

Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşdürülür. Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu, quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Əllə yeyildiyinə görə bu yeməyə beşbarmaq deyilir. Tacikistanda isə Novruz martın 20-də başlayır, 3-4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür, ev sahibinə çiçəklərdən bağışlayır, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir. Özbəkistanda Novruz süfrəsi üçün nişala hazırlayırlar. Nişala şəkərdən bişirilir - ağ şokolad kimi olur.

Azərbaycanda isə adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulayaraq, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı  qoşmaqla inamını ifadə edib. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Novruz bayramında papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək kimi adətlər var. Ancaq bir sıra adətlər də var ki, günümüzə təhrif olunmuş formada çatıb.

Elmin NURİ