Elektron ədəbiyyat və sənət portalı

Plastik əməliyyat

Bölmə: Ədəbiyyat 18.03.2016

Xosrov ŞAHANİ
(İran)

Ostandarımız dünyasını dəyişəndə (Allah ona rəhmət eləsin!) çox kədərləndik. Rəhmətliyin, ostandarımız olduğu bütün illər ərzində hələ kimsənin onun haqqında pis bir söz dediyini eşitməmişdik. Axı o, həmişə öz təbəələrinə ata qayğısı göstərmiş, kasıb-kusuba da imkanı daxilində əl tutmuşdu.

Mərhumun xidmətlərinə hörmət əlaməti olaraq, tabutu məzarıstana kimi çiyinlərdə getdi. Qara bayraqların, əklillərin yer aldığı matəm karvanının ucu-bucağı görünmürdü.

Ertəsi gün isə cümə məscidində ehsan  verildi. Bütün şəhər əhli ilə birlikdə bəndeyi-həqiriniz də məclisdə iştirak edirdi.

Xalqın öz rəhbərlərini yaxşı tanıdığını və hər zaman namuslu hakimi namussuzdan fərqləndirdiyini parlaq şəkildə nümayiş etdirən bu yas mərasimini əbədiləşdirmək üçün foto və kinomüxbirlər dəvət olunmuşdu. 

Mən minbərin qarşısında oturmuşdum. İki qare avazla Quran oxuyurdu. Məclis əhli dua edir, pıçıldaşır, mərhumun yüksək əxlaqi keyfiyyətlərindən danışırdı. Bu ağır itkidən necə kədərləndiyi hər kəsin üzündən aydın oxunurdu.

Məclisin ən qızğın çağında, qəflətən, bir dostumun bir-iki gün qabaq danışdığı lətifə yadıma düşdü. Dəhşətli dərəcədə gülməli lətifəydi.

Barmaqlarımı daraq kimi bir-birinə keçirib əsəbiliklə sıxdım, mərhumun obrazını xatirəmdə canlandırmağa çalışdım ki, bəlkə sifətimə kədər ifadəsi verə bilim. Amma ha illah edib gülüşümü boğmağa çalışsam da,  gic gülmək məndən əl çəkmək istəmirdi. Onda mənə məlum olan bütün məşhur qorxulu şeylər - nə bilim, inkvizisiya, cəhənnəm əzabı, Kərbəla müsibəti haqqında...  düşünməyə başladım. Ancaq bunun da bir xeyiri olmadı. Sanki kimsə qəsdən məni güldürmək üçün gah Molla Nəsrəddinin məzəli hekayətlərini, gah da Übeyd haqqındakı lətifələri qulağıma pıçıldayırdı. Sözlə deyiləsi deyil, gülməkdən ölürdüm mən yazıq.

Düzdü, gülməyinə səssiz gülürdüm, amma gülüşdən qulaqlarımın dibinəcən əyilmiş ağzımı necə gizlətmək olardı? İlahi, əgər birdən mənim dəli qəhqəhəm məscidin günbəzində əks-səda versə, neyləyərəm? Qare buna necə baxar? Mən hələ şəhərimizin hörmətli ağsaqqallarını demirəm! Bəs rəhmətliyin əzizləri, qohumları başıma nə oyun gətirərlər? Söyərlər, ya iti qovan kimi qovarlar? Mən onların əlindən canımı qurtarmaq üçün məscidin başına necə dolandığımı, onların da məni təqib etdiklərini aydın təsəvvür eləyirdim...

Xülasə, mənim o gün bu lənətə gəlmiş gülüşə görə nələr çəkdiyimi bir Allah bilir. Ancaq yas mərasimindən sonra küçəyə çıxan kimi gülməyim də dayandı, elə bil heç olmamışdı...

Bu hadisədən on-on iki gün keçirdi. Bir dəfə iş vaxtı otağımıza tanımadığım bir cənab gəlib həmkarlarımdan nəsə soruşdu. Onlar başlarıyla mən tərəfi nişan verdilər. Naməlum kişi mənə yaxınlaşıb qulağıma pıçıldadı: 

- Mənimlə gedək, yeddinci bölmədənəm.

- Kiminlə danışmaq şərəfinə nail oluram? - maraqlandım.

- Mən müvəkkiləm, - deyə cavab verdi.

- Axı nə olub, niyə sizinlə getməliyəm ki?

- Bilmirəm. Mənim vəzifəm sizi tapıb deyilən ünvana çatdırmaqdı.

Vicdanım təmiz olduğuna görə sakitcə qalxıb naməlum kişiylə yeddinci bölməyə yollandım.

İçəri girəndə rəis mənə yer göstərib oturmağı təklif elədi. Mən oturdum. Rəis qarşısındakı qovluğu bağladı, başqasını açdı. Tərcümeyi-halıma aid məlumatları dəqiqləşdirdikdən sonra soruşdu:

- Mərhum ostandarla sizin nə kimi münasibətləriniz olub?

- Heç bir münasibətimiz olmayıb, ağayi rəis, - dedim. — Mən kim, ostandar kim... Ancaq rəhmətlik çox yaxşı adam idi! Onun ölümü hamı kimi, məni də kədərləndirib.

- De görüm, yas məclisinə niyə getmişdin?

- Necə yəni, niyə? Qəribə sual verirsiniz, ağayi-rəis! - deyə təəccübümü gizlətmədim, bir tərəfdən də düşündüm ki, yəqin mərhum nəsə bir səhv iş tutubmuş, mən də bundan xəbərsiz onun yasına getmişəm. Bircə o qalmışdı ki, bunu mənim onunla yaxın olmağımın sübutu kimi gözümə soxsunlar... Nə isə, tüpürcəyimi uddum, fikrimi topladım və çaşmamaq üçün etinasız halda:

- Hamı gedirdi, zati-aliləri, mən də getdim, - dedim.

Rəis arif adamlar kimi gülümsündü:

- Hamının getdiyini bilirəm. Amma onlar gediblər ki, mərhumun yaxınlarının dərdinə şərik olsunlar. Bəs sənin orda nə itin azmışdı? 

- Elə mən də ona görə getmişdim, - tərəddüdlə cavab verdim. - Bir də ki, mən başa düşmürəm, siz nəyi nəzərdə tutursunuz?

- Eybi yox, bu saat başa düşərsən, - rəis bir siqaret alışdırıb cavab verdi. Sonra masasının siyirtməsindən iki böyük karton qutu çıxarıb soruşdu:

- Hələ bir de görüm, sən ostandarın əleyhinə olmusan?

- Əleyhinə? Bu nə sözdü, əgər əleyhinə olmuş olsaydım, cənazəsini qəbiristanlığa kimi piyada yola salardımmı?

- Yaxşı, əgər düşməni olmamısansa, bəs niyə onun ölümünə sevinirdin?

- Kim, ağayi-rəis, mən sevinirdim?

- Bəs kim?

İşə düşmədik, sən Allah? Deyəsən, söhbətimizin axırı heç yaxşı qurtarmayacaqdı. Dil-dodağım qurudu, ürəyim aramsız döyünməyə başladı. Amma, bununla belə, həm də sevindim ki, rəhmətlik ən azından, özünü heç nəylə ləkələməyib. Bir də hiss olunurdu ki, yeddinci bölmənin rəisi onun pərəstişkarlarındandı...

- Ağayi rəis! - dedim. - Bu nə sözdü danışırsınız? Heç mən ostandarın ölümünə sevinə bilərəmmi? Bir də ki, ümumiyyətlə, kiminsə ölümünə deyib-gülmək olarmı?!

Bunu eşidən rəis həzrətləri karton qutunu açdı, bir dəstə fotoşəkilin arasından birini çıxarıb mənə uzatdı:

- Al, bax, tanıdın kimdi? - dedi.

Mən şəklə baxdım. Mərhumun yas mərasimindən bir görüntü idi. Bütün şəhər camaatı, adlı-sanlı həmvətənlərimiz kədər, üzüntü içərisində idilər, elə bil doğma atalarını itirmişdilər. Və tək bircə nəfərin üzü gülürdü, o da mən külbaşın.  

- Bəli, tanıyıram, - dedim. - Odey, o soldakı sizin bəndeyi-həqirinizdi.

Rəis fotonu masanın üstünə qoyub digərini mənə uzatdı. Bu şəkildə də ağzım qulaqlarımın dibindəydi!

Bir sözlə, üç yüz şəklin hamısında hamı ağlayırdı, mənsə gülürdüm.

Ağayi rəis şəkilləri göstərib qətiyyətlə dedi:

- Yaxşı, daha buna nə sözün? Yəni bundan sonra da boynuna almayacaqsan? Əgər rəhmətliklə düşmənçiliyin olmayıbsa, onda səni başqa nə vadar eləyə bilərdi ki, onun ölümünə sevinəsən, hə? Budu, burda beş dənə kino lenti də var, onlarda sənin necə sevindiyin, gülməkdən uğunub getdiyin açıq-aydın görünür!

Bəli də, indi gəl bu zibildən qurtar görüm, necə qurtarırsan! Nə qədər yalvar-yaxar eləsəm, Allahı şahid gətirsəm də, rəisi inandıra bilmədim ki, heç nədən gic gülmək tutmuşdu məni, ona görə gülürdüm. 

...Bu hadisədən iki il keçdi. Günlərin bir günü şəhərə səs yayıldı ki, təzə ostandar qızını öz müavininə ərə verir. Tezliklə bu şayiə təsdiqini tapdı və bir çoxlarına toy dəvətnamələri də göndərildi. Dəvətlilərin arasında mən də vardım.

Dəvəti alan kimi o saat yadıma iki il əvvəl məsciddə mərhum ostandarımızın yas məclisində başıma gələn hadisə düşdü və tərəddüd içində düşündüm ki, necə eləyim, görəsən toya gedim, ya getməyim?

“Əgər getməsəm, - düşündüm, - bədxahlarım ağayi ostandara deyəcəklər ki, filankəs sənə hörmət eləmədiyi üçün toya da gəlməyib, yox, durub getsəm, hardan bilim ki, yenə də bənzər bir hadisəylə üzləşməyəcəyəm?”

Ən son ana kimi tərəddüd edirdim. Axırda – “eh, nə olur olsun”, - deyib getməyi qərara aldım.

Toy günü  ertədən gedib saçımı kəsdirdim, üzümü təraş elətdirdim, axşam da geyinib-kecinib toya yollandım. Pah, toy nə toy! Hər tərəf gül-çiçəklə bəzədilmişdi, rəngbərəng işıqlardan gözlər qamaşırdı. Süfrəyə cürbəcür meyvələr, şirniyyat, şərbətlər düzülmüşdü. Hələ qonaqlar! Xanımlar və ağalar gözəllikdə, kübarlıqda sanki yarışa girmişdilər. Zarafatdı bəyəm, o boyda ostandar qızını ərə verirdi!

Mən salonun uzaq küncündə, şamlı torşerin yanında oturub ətrafa baxmağa başladım. Gördüm ki, hamı deyib-gülür. Mən də çalışdım ki, təbəssüm üzümdən əskik olmasın.

Şərbət paylanıb içiləndən sonra əlində hündür badələr düzülmüş məcməyi olan ofisiant mənə yaxınlaşdı:

- İçmək istəyirsiniz?

Fikirləşdim ki, əgər “yox” desəm, yaxşı düşməz, gedib ostandara çatdırar ki, qızınızın toyunda filankəs onun sağlığına badə qaldırıb içmək istəmədi... Yenə də zibilə düşəcəyəm.

- Məmnuniyyətlə, - dedim.

Badəni başıma çəkdim. Qaytarıb yerinə qoymağa macal tapmamış, qarşımda, yerdən çıxmış kimi, əlində məcməyi ilə ikinci ofisiant peyda oldu:

- İçirsiniz? - soruşdu.

- Təşəkkür edirəm, canla-başla! - dedim.

İkinci badəni də boşaltdım və dərhal da canıma xoş bir istilik yayıldığını hiss elədim. Başım gicəlləndi, qulaqlarımda uğultu əmələ gəldi. Hər tərəfdə fotoqraflar fırfıra kimi fırlanır və belə tədbirlərdə olduğu kimi, aparatlarını sağda, solda şaqqıldadırdılar.

Yavaş-yavaş məni yuxu basmağa başlayırdı. Melanxolik kimi gözlərimi şamın xəfifcə əsən şöləsinə və odda yanmış pərvanəyə dikmişdim. Onun qaralmış qanadları məni çox təsirləndirmiş, gözlərimi yaşartmışdı: - ”Atəşə aşiq olan zavallı pərvanə! Sən axı nəyə görə yandın?” Və şam atəşinə vurğun pərvanə haqqında bildiyim şeirləri pıçıltıyla deməyə başladım...

Məni bürümüş kədərdən xəyalımda müxtəlif üzücü hadisələr canlandı. Əmoğlumun faciəli ölümünü xatırladım və gözlərimdən gildir-gildir yaşlar axmağa başladı. Xülasə, mən sanki başqa bir aləmə düşmüşdüm və təzədən yerə qayıtmağa heyim qalmamışdı...

Gecəyarısından sonra, qonaqlar artıq dağılışmağa başlamışdı. Mən də dərin iztirablar içində küçəyə çıxdım.

Üstündən heç bir həftə keçməmişdi ki, elə həmənki müvəkkil yenə gəlib başımın üstünü aldı.

- Hə, yenə gəldin? Xeyir ola?

- Xeyir olub-olmadığını sizə yeddinci bölmənin rəisi özü deyəcək! - deyib məni qabağına qatdı.

Ay Allahım, deyəsən, bu yeddinci bölmə məxsusi olaraq məndən ötrü yaradılmışdı.

Otağa daxil olan kimi artıq mənə tanış ağanı gördüm. O, masa arxasında əyləşib növbəti bir “işin” səhifələrini vərəqləyirdi. Məni görən kimi ağaya elə bil od qoydular:

- Yaramaz! Nə deyirsən, indi biz səninlə neyləyək? - bağırdı.

- Noolub ki, ağayi rəis? Bəyəm mən yenə də, Allah eləməmiş, gülüb-eləmişəm?

- Kaş elə güləydin! - səsini başına atdı. - Sən... sən satqınlıq eləmisən! Başa düşdün? Xainin yekəsisən!

- Nə danışırsınız, mən kimə xəyanət eləmişəm axı? Mən axı kiməm ki, xəyanətkar olum?

- Sən istənilən hakimiyyətin, istənilən ostandarın, istənilən hökumətin düşmənisən! Bildin?

- Bildim, bildim... Ancaq axı nəyə görə, hə? Bu hardan ağlınıza gəldi? Əgər mən ostandara düşmənəmsə, heç sabaha sağ çıxmayım! Allaha and olsun ki, vergiləri vaxtı-vaxtında ödəyirəm, bütün qanunlara sözsüz əməl eləyirəm. Axı əlinizdə nə kimi sübutunuz var ki, mən ostandarın düşməniyəm?

O, siyirmədən şəkil qutusunu çıxardı və əlinə keçən bir şəkli götürüb mənə uzatdı.

Bəli, ostandarın qızının toy şəkliydi. Qonaqların üzündən sevinc yağır. Təkcə mən bədbəxt, bir sifətdəyəm ki, elə bil gəmilərim batıb, elə bil toyda yox, yasdayam. İkinci şəkildə də eyni mənzərədi: hamı deyir-gülür, mənsə elə bil indicə ən axırıncı əzizimi itirib yetim qalmağımın acısını çəkirəm.

- Nədi, bundan sonra da xain olduğunu boynuna almayacaqsan? Heç oyan-buyanı yoxdu, sən ağayi ostandarın düşməni olduğun üçün onun balasının xoşbəxtliyini həzm eləyə bilmirsən! Biləsən ki, bu şəkilləri ona göstəriblər, o da göstəriş verib ki, biz sənin üstündən gözümüzü çəkməyək. 

Mən yenə nə qədər and-aman eləyib: - “Vallah, göz yaşlarıma səbəb heç də ostandara düşmən olmağım deyil, şamın odunda yanıb kül olan biçarə pərvanədi, əmim oğlunun faciəli ölümüdü”, - desəm də rəisi inandırmaq mümkün olmadı.

Onun yanından çıxandan sonra dərin düşüncələrə daldım: bütün ömrüm bu şəhərdə keçib. Buna görə elə hər gün yas mərasiminə, yaxud toy şənliyinə dəvət oluna bilərəm... Əgər hər on məclisdən, çox demirəm, cəmi ikisində iştirak eləmiş olsam da, sonradan bölmələrə gedib niyə burda gülüb, orda ağladığımı başa salmağa onsuz da nə vaxtım var, nə də hövsələm. Yaxşı, onda bəs mən neyləyim? Bu vəziyyətdən necə çıxım? Düşünüb-daşınıb tapdım...

İki il əvvəl bir cərrahın yanına getdim və o, mənə plastik əməliyyat etdi.

İndi sifətimin bir tərəfi həmişə gülür, o biri tərəfi isə sanki ağlayır.

Farscadan tərcümə edən Bəhlul SEYFƏDDİNOĞLU