Elektron ədəbiyyat və sənət portalı

Kentavrlar və təkbuynuzlar kimdir?

Bölmə: Elm 18.03.2016

Əjdahalar əslində olubmu?

Dəhşətli əjdahalar planetimizin bütün güşələrində yaşayan xalqların nağılları, əfsanələrində mövcud olan bir personajdır. Onları təsvir edəndə nəhəng, ilanabənzər, dəhşətli məxluqlar qiyafəsində çəkirlər ki, görkəmlərindən adamın canına üşütmə düşür. Əjdahalar alov püskürür, onların ağız-burunlarından qara tüstü çıxır, nərələri isə o qədər güclü olur ki, səslərindən yer titrəyir. Qədim yunan miflərindən birindəki əjdaha – doqquzbaşlı Hidranın şöhrəti geniş yayılıb. O, Herakl tərəfindən öldürülənədək, saysız-hesabsız gözəl qızın qənimi idi.

Qədim yunanların təsvir etdiyi başqa bir ağzından od püskürən dəhşətli məxluq Ximera idi. Onu Peqas adlı qanadlı atının köməyiylə gənc döyüşçü Bellerfon öldürür. Rus xalq nağıllarında da çox məşhur bir əjdaha var – Zmey Qorınıç. Əfsanəvi əjdahaların çoxu saysız-hesabsız sərvətlərin keşiyində dururdu. Azərbaycan nağıllarındakı əjdahalar adətən çayın qabağını kəsib xalqdan istədiyini alırdı. Qızıl qoyun dərisini isə başqa bir əjdaha – yüzgözlü nəhəng qoruyurdu. Əjdahalar bir qayda olaraq, nağıllarda şər qüvvələrin bir aləti kimi təsvir olunur. Lakin bəzi nağıllarda əjdaha insanların tərəfinə keçib onları bəladan qoruyur.

Qədim zamanlarda döyüşçülər əjdaha şəkillərini qalxanlarının üzərinə çəkirdilər ki, düşmənlərinin canlarına qorxu salsınlar. Qeyd etmək lazımdır ki, insanlar bəzən əjdahaların reallığına həqiqətən inanırdılar. Kolumbaqədərki dənizçilər tanımadıqları okeanlara səfər etməkdən məhz suyun dərinliklərində yaşayan, gəmiləri uda bilən, quyruğunun hərəkətiylə dəhşətli dalğalar qaldıra bilən nəhənglərə görə çəkinirdilər.

Təbii ki, onlar səhv edirdilər. Belə ki, əjdahalar yalnız əfsanə və nağıllarda olur. Yaxşı, bəs onda niyə insanlar əsrlər boyu onları real varlıq sayıb? Mümkün izahların biri budur ki, bir zamanlar yer üzündə həqiqətən nəhəng yırtıcı, vəhşi məxluqlar yaşayıb. Onların ən dəhşətliləri dinozavrlar ailəsinə aid idi. Lakin bu məxluqlar yer üzündə insan yarananadək məhv olmuşdu. Amma ola bilər ki, mağara adamlarının vaxtında Yer kürəsində müxtəlif nəhəng sürünənlər hələ də qalırdı və nağıllardakı əjdahaların həyatdakı real prototipi elə onlar olub.

 

Dinozavrlar niyə məhv oldu?

Təxminən 180 milyon il qabaq bizim planetimizdə sürünənlər, yaxud başqa sözlə desək, reptiliyalar hakimi-mütləq idi. Onların sayı o qədər çox idi və o qədər güclü idilər ki, həmin dövr “kələzlər dövrü” adıyla tanınır. Alimlər isə o dövrə mezozoy dövrü deyirlər. Reptiliyalardan ən böyüyü dinozavrlar idi. Onların bəzi növləri yer üzündə nə zamansa yaşayan canlıların ən nəhəngi sayılır. Lakin nəhayətsiz güclərinə baxmayaraq, təxminən 60 milyon il qabaq dinozavrlar məhv oldu, çünki kəskin şəkildə dəyişən həyat şəraiti onların mövcudiyyətinə son qoydu.

İlk dinozavrlar yəqin qazdan böyük deyildi və yeriyərkən elə qaz kimi iki ayaq üstə gəzirdilər. Amma zaman keçdikcə onlar böyüyür, ağırlaşırdılar və nəhayət, elə bir gün gəlib çatdı ki, artıq ayaqları onların quruda yaşamasını təmin edə bilmirdi. Odur ki, dinozavrlar vaxtlarının çox hissəsini çaylarda, bataqlıqlarda keçirməyə başladılar.

Su onların nəhəng bədənlərini saxlayarkən ağırlığın əsas hissəsini öz üzərinə götürürdü.

Kələzlərdən ən irisi brontozavr idi. Bu canlıların boyu 20-25 metrə, çəkisi 38 tona çatırdı. Lakin kələzlərin çox hissəsi yenə də quruda qalmışdı.

Məsələn, uzunluğu 14 metr, hündürlüyü 8 metr olan tiranozavrın ağır və güclü quyruğu, nəhəng, dəhşətli ağzı vardı. Çox güman ki, tiranozavr planetimizin bütün tarixi ərzində ən yırtıcı canlı olub. Bəzi dinozavrlar uçmaq, digərləri üzmək öyrənir. Lakin onların heç birinin beyni kifayət qədər böyümədi. Bəlkə də elə buna görə dinozavrlar yer üzündən silinib getdilər, çünki onların ağlı yeni şəraitə uyğunlaşmaq üçün bəs etmirdi.

Alimlərin çoxu bu fikirdədir ki, məhz iqlimin qlobal dəyişikliyi nəhəng kələzlərin məhvinə səbəb olub. Bataqlıqlar tədricən quruyurdu, dinozavrlar isə daim quruda yaşamağa uyğunlaşa bilmirdilər. Üstəlik, yenicə əmələ gələn dağ silsilələri onların yolunu kəsir, yem tapmaq üçün daha uzaqlara getmələrinə mane olurdu. Bundan başqa iqlimin dəyişməsi bitki örtüyünü də dəyişirdi və dinozavrların əksəriyyəti bitki mənşəli qida ilə keçindiyindən, sadəcə acından ölürdü!

 

Dinozavrların görünüşünün necə olduğunu hardan bilirik?

Alimlər deyir ki, dinozavrlar yer üzündə 150 milyon il qabaq yaranıb, 60 milyon il qabaq isə kökləri kəsilib. Beləliklə, onlar planetdə indi yayılmış növlərin əksəriyyəti – itlər, dovşanlar, atlar, meymunlar, fillər, adamlardan xeyli qabaq yaşayıblar. Yaxşı, bəs onda biz bu nəhəng kələzlər barədə hardan öyrənə bilərik? Bizim bu sahədə biliklərimizin əksəriyyətinin mənbəyi yalnız daşlaşmış qalıqlardır. Yəni biz bu heyvanların xarici görünüşü haqda ancaq onların qalıqlarına əsasən fikir yürüdürük. Bu daşlaşmış qalıqlar cürbəcür ola bilər.

Bədənin sərt hissələrinin qalıqları daha tez-tez tapılır – sümüklər, dişlər və drqnaqların. Onları tədqiq edən alimlər uzun zəhmətdən sonra dinozavrın bədənini ilkin vəziyyətində bərpa edə bilirlər! Bəzən dərinin, vətərlərin daşlaşmış parçaları tapılır və bu, alimlərin böyük marağına səbəb olur. Heyvanların quyruğuna, pəncələrinin qum, yaxud gil üzərində qoyduğu izlərə də rast gəlmək mümkündür. Bu izlərə əsasən dinozavrların iki, yoxsa dörd ayaq üstə yerimələri haqda fikir yürütmək mümkündür.

Daşlaşmış qalıqların ən nadiri dinozavr yumurtasıdır. Beləliklə, görürsünüz ki, bizim əlimizdə qədim dövrlərin dəhşətli canlılarının ölçüləri və xarici görünüşü, onların həyat tərzi və davranışı haqda fikir yürütmək üçün üsullar var. Biz artıq bilirik ki,  20 metrlik brontozavr bataqlıqda yaşayır və yalnız bitkilərlə qidalanırmış. Onu da bilirik ki, iti dişləri və güclü caynaqları olan başqa dinozavr – allozavr, brontozavrları və başqa otyeyən dinozavrları yeyirmiş. Alimlər bunu brontozavrın qırıq-qırıq olmuş sümükləri arasında allozavrın sınmış dişini tapanda biliblər!

 

Bitki və heyvanlar səhrada necə yaşaya bilir?

Səhraların çox növü var. Onların bəzilərində ilboyu dözülməz istilər olur və bu istinin təsirindən hətta qumlar da qovrulur.

Qobi səhrasına bənzəyənlərdə isə qaynar yayın yerinə çox soyuq qış gəlir. Lakin istənilən səhrada yalnız müəyyən canlı orqanizmlər yaşaya bilir. Çünki yalnız onlar həmin səhranın şəraitinə uyğunlaşıb. Məsələn, Meksika səhralarının hamıya yaxşı tanış olan “sakinlərinin” – kaktusların yarpaq əvəzinə  qalın, ətli gövdələri və tikanları olur. Ümumiyyətlə, səhralarda yaşayan kolların yarpaqları ya çox xırda olur, ya da heç olmur. Yarpaq sahəsinin kiçikliyi bitkidən buxarlanan mayenin miqdarını azaldır.

Bir çox səhra bitkilərində tikanlar, iynələr var. Bitki onu yemək istəyən heyvanlardan bu yolla qorunur. Quraqlıq zamanı, yaxud soyuq mövsümlərdə bitki, bir qayda olaraq “dinclik dövrünü” yaşayır, ya da belə mövsümlərə dözümlü olan toxum yetişdirir. Böyümə zamanı çatanda toxumlar cücərir, onlardan yeni bitkilər əmələ gəlir, çiçəkləmə dövrü sürətlə keçir və bitki yeni toxum məhsulu verir. Bir neçə həftədən, yaxud aydan sonra bitki yenə dinclik dövrünə qədəm qoyur.

Səhralarda yaşayan bütün heyvan və bitkilər üçün əsas şərt uzun müddət susuz keçinə bilmək, yaxud bir-birindən kifayət qədər uzaqda yerləşən su mənbələrinə catmaqdır.

Səhrada həyat üçün uyğunlaşmış heyvanlara ən gözəl nümunə dəvələrdir.

Onların pəncələrində - közərmiş qumsallıqlarda rahat gəzmək üçün  xüsusi balışcıqları olur, mədəsi kifayət qədər su ehtiyatı yaratmağa imkan verir. Dəvə uzun səyahət zamanı sərf edəcəyi enerjini belindəki hörkücündə yığılmış piydən alır. Onun qum tufanları zamanı dənəciklərin ağ ciyərlərə düşməsinə imkan verməyən burun pərələri var.

Səhranın bir çox balaca sakinləri isə, ümumiyyətlə, su içmir. Onlar suyu bitkilərin şirəsindən və yarpaqlar, daşlar üzərində toplanan şehdən alırlar.

 

Kentavrlar kimdir, yaxud nədir?

Təsəvvür edin ki, siz keçmişdə yaşayırsınız və hələ bircə dənə də at görməmisiniz. Birdən görürsünüz ki, atın belinə sanki yapışmış bir süvari yarğanların, çəpərlərin üzərindən asanlıqla sıçrayır, sizdən sürətlə, dördnala uzaqlaşır. Çox güman, ağlınıza gələcək ki, atla süvarinin ikisi bir məxluqdur! İlk dəfə süvari ispan konkistadorlarını görən hindular da belə fikirləşirdi.

Qədim zamanlarda Yunanıstanın Fessaliya dağlarında at belində vəhşi öküz ovlayan adamlar yaşayırdı. Onlar elə gözəl çaparlar idi ki, ətraf əyalətlərin sakinləri qonşularını qəribə məxluqlar – yarıat-yarıadam sayırdılar. Kentavrlar barədə mif də elə burdan yarandı. Kentavrlar qədim yunan mifologiyasında Fessaliya və Arkadiya dağlarında yaşayan “insan-at”lardır. Onlar azad, vəhşi həyat yaşayırdılar. Elə buna görə də dahi yunan şairi Homer onları “vəhşi heyvan” adlandırırdı. Yunan miflərinin personajlarının başına daim qəribə macəralar gəlirdi və kentavrlar bu baxımdan heç də istisna deyildi.

Əfsanələrdən biri çar Pirifoydan söz açır. Çar, Deydamiya adlı bir qızla toy edir. Toyun ortasında sərxoş Evrition gəlini oğurlamaq istəyir. Nəticədə çarın döyüşçüləri ilə kentavrlar arasında dava başlanır. Bu döyüşdə kentavrlar məğlub olurlar. Qeyd etmək lazımdır ki, qədim yunan miflərində kentavrlar özlərini çox vaxt elə bu cür aparırdılar. Daha sonralar heykəllərdə və təsvirlərdə kentavrları şərab allahı Dionisin arabasına qoşulu vəziyyətdə, yaxud məhəbbət allahı Erosun altında təsvir edirdilər.

 

Təkbuynuz kimdir?

Qədim zamanlarda uzaq ellərə səyahət çox uzun sürür, təhlükəli olurdu. Buna cəsarəti çatanlar və evlərinə sağ-salamat dönənlər uzaq ölkələrdə gördükləri qəribə şeylər, başlarına gələn maraqlı hadisələr haqda danışırdılar. Çox vaxt söhbət dəhşətli mifik heyvanlardan gedirdi. Bu hekayətlər ağızdan-ağıza yayılaraq bir az da maraqlı, bir az da cəlbedici olurdu. Dənizçilər uzunluğu 60, qalınlığı 6 metr olan, parlaq mavigözlü, adamyeyən dəniz ilanlarından; dənizlərdə yaşayan, yolunu azmış dənizçiləri səsləyərək dibsiz girdablara çəkən, uzun, yaşıl saçlı, parlaq pullarla örtülü quyruğu olan su pərilərindən söhbət açırdılar.

Səyyahların bəziləri israr edirdi ki, olduqları uzaq ölkələrdə çox qəribə bir məxluqa – təkbuynuza rast gəliblər. Bu heyvanın başı və bədəni at imiş, üzündəki saqqal keçi saqqalına, quyruğu şir quyruğuna bənzəyirmiş!

Ən maraqlısı isə onun alnında bir uzun, burma buynuz varmış və bu buynuz tilsimli imiş. Danışırdılar ki, guya həmin buynuzun köməyiylə mayedə zəhər olduğunu təyin etmək mümkün imiş deyə, onu ələ keçirmək üçün hamı lap çoxdan çalışırmış.

Aydındır ki, bu axtarışlar heç bir nəticə verməmişdi, çünki insanların inancına baxmayaraq, təkbuynuzlar heç vaxt olmayıb. Uzun müddət reallığı şübhə doğurmayan başqa mifik heyvan qrifon idi – şirlə qartalın qarışığı. Yunanlar yarıadam-yarıat olan kentavrlar haqda saysız-hesabsız rəvayətlər danışırdılar. Dəhşətli, alovpüskürən əjdahalara inam çox geniş yayılmışdı. Müasir alimlər çoxdan bəri aydınlaşdırmağa çalışırlar ki, görən bu mifik varlıqların real prototipi hansı heyvanlar olub. Niyə insanlar əjdahanın, qrifonun, kentavrın, su pərisinin varlığına inanıb? Bunu kimsə bilmir. Yeri gəlmişkən, maraqlıdır ki, təkbuynuzun şəkli qədim rus toplarında həkk olunmuşdu və həmin ağır topların özlərini də rus ordusunda “təkbuynuz” adlandırırdılar.

 

Heyvanlar niyə duzu xoşlayır?

Duzlu yeməyə həm insanlarda, həm də heyvanlarda meyil canlı təbiətin ən maraqlı sirlərindən biridir. Biz bilirik ki, minillər ərzində insan duzu yüksək qiymətləndirib və ondan, yemək hazırlayarkən daim istifadə edib. Qədim Meksikada duz o qədər vacib ərzaq sayılırdı ki, hər il duz allahına bir gözəl qızı qurban verirdilər.

Bu gün elm aləminə duz barədə maraqlı faktlar bəllidir. Məsələn, həbsxanada olan məhbusa uzun müddət tam duzsuz yemək verəndə onda hətta ağıl pozğunluğu da müşahidə olunur. Orqanizmimizdə dövr edən maye əslində duz məhluludur. Bizim bədənimiz özündəki suyu müxtəlif yollarla çıxardığından, onunla bir yerdə orqanizm duzunu da itirir və bu itkinin yeri mütləq dolmalıdır. Yer üzündə duz ehtiyatlarının çox böyük miqdarı okean suyunun tərkibindədir, quruda duz nisbətən azdır.

Bitkilərdə çox az miqdarda duz olur, torpaqdan isə onu yağış suları yuyub çaya, ordan da dənizlərə, okeanlara aparır. İndi quruda yaşayan heyvanlar da bir zamanlar dəniz məxluqlarından törəyib. Onların bədənlərindəki şirə öz tərkibinə görə elə əcdadlarının bədənlərindəki şirə kimidir və dəniz suyuna bənzəyir! Bitkilərin və torpağın onlara kifayət qədər duz verə bilməməsinə görə quruda yaşayan bütün canlılar istənilən duzlu qidanı həvəslə yeyirlər. Yalnız ətyeyən heyvanlar, yəni başqa heyvanların ətiylə dolananlar duzlu yeməyə o qədər də meyil etmirlər: onlar orqanizmlərinə lazım olan duzu öz qurbanlarının ətindən alırlar. Əksinə, otyeyən heyvanların böyük əksəriyyəti duzu çox sevir.

 

Heyvanlar saymağı bacarırmı?

Ola bilər ki, siz sirk tamaşalarında sadə riyazi hesablamaları apara bilən heyvanları – suiti, ayı, it, pişikləri görmüsünüz. Adama elə gəlir ki, bu heyvanlar əməlli-başlı saya bilirlər. Amma əslində qəti belə deyil. Sadəcə olaraq bu itlər, pişiklər öz təlimçilərindən “işarə” alırlar. “Beş çıx iki neçə eləyər?” sualına üç dəfə hürən it təlimçisindən tamaşaçıların hiss etmədiyi işarəni alan kimi səsini kəsir. Təbii ki, heyvanlar ətrafdakıların az-çoxluğunu fərqləndirə bilməz. Amma onların çoxu içində beş tikə və altı tikə yemək olan iki zənbildən ikincisini, yəni daha çox yemək olanını seçir.

Elə eyni sözü rəqəmlər barədə təsəvvürü olmayan körpə uşaqlar haqda da söyləmək olar. Lakin azla çoxu fərqləndirməklə saymağı bacarmaq eyni şey deyil. Amma alimlər belə güman edir ki, bəzi heyvanlar və quşlar bu bacarığa həqiqətən malikdirlər. Bu mülahizənin isbatı üçün keçirilən təcrübələrin birində göyərçinə yemək üçün hər dəfə bir buğda verirdilər. Özü də hər dəfə altı dənə əla buğdadan sonra, ona xarab, yemək mümkün olmayan yeddincisini verirdilər.

Bir müddətdən sonra göyərçin altıya kimi saymaq öyrəndi və yeddinci buğda dənəsini verəndə artıq imtina edir və heç dadına da baxmırdı!

Başqa bir təcrübədə şimpanzeyə yerdən bir, iki, üç, dörd, beş saman çöpü götürüb adama verməyi öyrətdilər. Özü də təlimçi neçə dənəsini istəyirdisə, meymun da o qədər saman çöpü verirdi. Amma saman çöplərinin sayı beşdən çox olanda, şimpanze dolaşıq salıb çaşmağa başlayırdı.

 

Heyvanlar niyə danışa bilmir?

Heyvanların “insan kimi” danışa bilməməsinin, yəni fikirlərini sözlərin köməyiylə ifadə etməməsinin əsaslı bir səbəbi var. Heyvanların şüurlu hərəkətlərinin çoxu onlara irsən keçən davranışlardır. Bu, adi, onlar üçün normal sayılan şəraitdə belə olur. Lakin tamam başqa vəziyyətlərə düşəndə heyvanlar bir qayda olaraq, nə edəcəklərini bilmirlər. Bu halda əgər yeni vəziyyət heç olmasa, bir müddət davam edirsə, heyvanlar təcrübə və səhv addımlar yoluyla özlərini aparmağı öyrənməyə çalışırlar. Nə bu, nə o biri “davranış” üsulu onların danışmasına səbəb ola bilməz, çünki bu bacarıq sözlərdən real ideyanı, yaxud əşyanı əks etdirən rəmzlər kimi istifadə etməkdən ibarətdir.

Məsələn, “ev” sözü bizim qohumlarımızla bir yerdə yaşadığımız, yatıb-durduğumuz, yemək yediyimiz yerdir. Lakin heyvanlar rəmzlərdən insan kimi istifadə edə, onlardan müxtəlif kombinasiyalar qura bilmir. Bunun səbəbi onların baş beyninin kifayət qədər inkişaf etməməsidir. Körpə uşağın “ana” sözünü deməyi necə öyrəndiyinə göz qoysanız, danışmağın nə qədər çətin bir iş olduğunu görəcəksiniz. Əvvəlcə körpə hər yeni görüşdə anasını tanımağı öyrənir. Bu vərdiş möhkəmlənəndən sonra ana, barmağı ilə özünə işarə edərək “ana” sözünü tez-tez təkrar edir.

Körpə bu səslər toplusunu hər dəfə eşitdikcə, onu yadda saxlayır. Sonralar o, anasının gəlişi ilə “ana” sözü arasında əlaqəni anlayır və bu sözün nə demək olduğunu başa düşür. Onda ana bu sözü necə tələffüz etmək lazım olduğunu göstərir. O, anasının hərəkətlərini təkrar etməyə başlayır və axırda həmin sözü deməyi öyrənir. Körpə “ana” deməyə o qədər cəhd göstərir ki, onun səs telləri və üzünün əzələləri buna uyğun şəkildə hərəkət etsin. Nəhayət, sonuncu hazırlıq mərhələsi başa çatanda, çoxdan intizarında olduqları gün yetişir. Və budur, körpə anasını görən kimi onu tanıyır, sözü xatırlayır və sözlə əlaqəli bütün əzələlərinin buna uyğun şəkildə işləməsini təmin edərək deyir: “Ana!”